“Azərbaycanda məzuniyyət
sisteminin dəyişdirilməsi nəzərdə tutulur”
Vüqar Bayramov: “Bu dəyişikliklərdən biri də
atalara 14 günlük məzuniyyətin verilməsidir”
Uşağı doğulan kişilərə 14 gün
ödənişli məzuniyyət veriləcək. Bu məsələ
Milli Məclisin Regional məsələlər komitəsinin
iclasında müzakirəyə çıxarılan Əmək
Məcəlləsinə təklif edilən dəyişiklikdə
əksini tapıb.
Layihəyə əsasən uşağının
dünyaya gəlməsi ilə əlaqədar kişilərə
tibb müəssisəsinin arayışı əsasında
doğuşdan əvvəl və sonra olan dövrdə 14 təqvim
günü müddətində ödənişli məzuniyyət
veriləcək.
“Xalq Cəbhəsi” məsələ ilə
bağlı millət vəkilləri və
hüquqşünasların fikirlərini öyrənib.
“Təkliflər plenar iclasa tövsiyə edildi”
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin
üzvü Vüqar Bayramov söyləyib ki, Beynəlxalq
Əmək Təşkilatının tövsiyələrinə
uyğun olaraq Azərbaycanda məzuniyyət sisteminin dəyişdirilməsi
nəzərdə tutulur: “Bununla bağlı təkliflər
artıq Milli Məclisin Əmək və sosial siyasət komitəsində
müzakirə olunub və birinci oxunuşda qəbul olunaraq
plenar iclasa tövsiyə edildi. Bu dəyişikliklərdən
biri də məhz atalara 14 günlük məzuniyyətin
verilməsidir”.
“Bu, anaların məzuniyyət hüququna təsir
göstərməyəcək”
Deputat qeyd edib ki, söhbət ödənişli məzuniyyətdən
gedir: “Belə bir hüquq əksər inkişaf etmiş
ölkələrdə var və bu, anaların məzuniyyət
hüququna təsir göstərməyəcək. Yəni
analar əvvəlki qaydalarla məzuniyyət götürmək
hüququna malikdirlər və bu, davam etdiriləcək”.
“Atalar ödənişli məzuniyyətə
çıxa biləcək”
V.Bayramovun sözlərinə görə, yeni qaydalar
imkan verəcək ki, atalar bu məzuniyyətdən istifadə
etməklə ödənişli şəkildə məzuniyyətə
çıxa bilsinlər: “Bu da həm gender baxımından, həm
də Azərbaycan qanunvericiliyinin beynəlxalq standarta
uyğunlaşdırılması baxımından vacib
addım hesab olunur”.
“Mütləq şəkildə ödənişli əsasla
məzuniyyətin verilməsi şərtdir”
Hüquqşünas Ramil Süleymanov bildirib ki, bununla
bağlı zaman-zaman müzakirələr gedib, amma ilkin təkliflər
ondan ibarət idi ki, atalıq məzuniyyəti deyilən bir
anlayış əgər Əmək Məcəlləsinə
əlavə olunacaqdısa, bu, ödənişli
olmayacaqdı: “Amma sonra bununla bağlı müzakirələr
zamanı bildirildi ki, burada hər hansı bir
ayrı-seçkiliyin olunması yol verilməzdir.
Çünki bir halda ki, əgər cəmiyyətin özəyini
ailə institutu təşkil edir və ailə də
konstitusion olaraq dövlətin qoruması altındadır, o
zaman vətəndaş atalıq məzuniyyətindən
istifadə etmək istədikdə ona mütləq şəkildə
ödənişli əsasla məzuniyyətin verilməsi
şərtdir”.
“14 gün kifayət qədər az müddətdir”
Hüquqşünas hesab edir ki, 14 gün kifayət qədər
az müddətdir: “Atalıq məzuniyyətinin 7 gün
doğuşdan öncə və yaxud birdəfəlik 21
gün və ya 1 ay müddətində ödənişli əsaslarla
verilməsi daha doğru olar. Bu səbəbdən də bir
müddətdən sonra hətta bu hüquqdan istifadə etməkdən
imtina edən valideynlərə belə istifadə etmədiyi məzuniyyət
müddətinin ödənişinin verilməsinin qanunvericiliyə
əlavə olunması şərtdir. Eyni zamanda, vətəndaşın
atalıq hüququndan istifadəsini onun ümumi əmək məzuniyyəti
ilə birgə götürülməsi barədə də
qanunvericiliyə əlavənin və ya düzəlişin
olunmasını bir hüquqşünas olaraq məqbul hesab
edirəm”.
“Bu, sahibkarlıq subyektləri üçün əlavə
bir yükə çevrilə bilər”
Vətəndaşların Əmək
Hüquqlarının Müdafiəsi Liqasının sədri
Sahib Məmmədov söyləyib ki, layihədə ödənişli
məzuniyyət üçün ödənişin kim tərəfindən
həyata keçirilməsi göstərilmir: “Yəni
qadınlar doğuşa və hamiləliyə görə məzuniyyətə
getdikdə, qismən ödənişli sosial məzuniyyətə
çıxdıqda onlar üçün bu vəsaiti Dövlət
Sosial Müdafə Fondu ödəyir. İndi bu halda hansı
fond və haradan ödəniləcək? Əgər bu, işəgötürənlərin
üzərinə qoyulacaqsa, layihədən də belə
görünür ki, məhz belə olacaq, o zaman bu,
sahibkarlıq subyektləri üçün əlavə bir
yükə çevrilə bilər. Çünki indi
araşdırmaya görə həmin 14 gün ödənişsizdir
və bundan çoxları istifadə etmir”.
“Lüzum oldu-olmadı bu məzuniyyətdən istifadə
ediləcək”
S.Məmmədov əlavə edib ki, amma ödənişli
olandan sonra lüzum oldu-olmadı, evində uşaqlara baxan
oldu-olmadı, hamı bu məzuniyyətdən istifadə edəcək:
“Əslində, bu məzuniyyətin nəzərdə
tutulması nəyə görə lazımdır? Elə ailələr
var ki, evdə körpə uşaqları var, digər ailə
qayğıları var. Qadın doğuşa gedərkən
evdə olan körpə uşaqlara baxmaq zərurəti
yaranır. Uşaqları məktəbə aparmaq və s. digər
məişət işlərini görmək tələb
olunur. Bu zaman ailədə başqa kəs yoxdursa, ər
müvafiq arayışı təqdim etməklə bu məzuniyyət
hüququndan istifadə edə bilər”.
Röya İsrafilova
Xalq Cəbhəsi .- 2025.- 18 dekabr (¹47).- S.14.