Yağış və qar sularından istifadə:
dağ rayonlarında su anbarlarının tikilməsi
mümkündürmü?
Bir çox ölkələrdə yağış və
qar suları su anbarlarına yığılaraq onlardan məişətdə,
sənayedə və s. sahələrdə istifadə olunur.
Bu, həmçinin qardaş Türkiyədə də tətbiq
edilir. Bununla əhalinin su ehtiyacını müəyyən qədər
qarşılamaq mümkün olur.
Xüsusilə dağ rayonlarında kiçik dağ
çaylarından da bu məqsədlə istifadə oluna bilər.
Bu istiqamətdə Azərbaycanda vəziyyət nəcədir?
Bu təcrübənin Azərbaycanda, xüsusilə ölkənin
dağ rayonlarında tətbiq edilməsi
mümkündürmü?
Mövzu ətrafında millət vəkilləri,
mütəxəssislər fikirlərini “Xalq Cəbhəsi” ilə
bölüşüb.
“Kiçik və orta ölçülü su
anbarlarının yaradılması məqsədəuyğundur”
Milli Məclisin Aqrar siyasət komitəsinin sədr
müavini Razi Nurullayev söyləyib ki, Türkiyənin təcrübəsi
göstərir ki, yağış və qar sularının su
anbarlarında toplanması su qıtlığının
qarşısının alınmasında son dərəcə
effektiv mexanizmdir: “Bu model həm içməli su təminatında,
həm kənd təsərrüfatında suvarma
imkanlarının genişləndirilməsində, həm də
ekoloji tarazlığın qorunmasında mühüm rol
oynayır. Azərbaycanda da su ehtiyatlarının azalması
artıq real və ciddi problemdir. Xüsusilə iqlim dəyişiklikləri
fonunda çayların sululuğunun azalması, yeraltı
suların səviyyəsinin düşməsi bu məsələyə
daha strateji yanaşmanı zəruri edir. Bu baxımdan dağ və
dağətəyi rayonlarda – o cümlədən
Yardımlı, Gədəbəy, Lerik, Daşkəsən kimi
ərazilərdə yağış və qar sularının
yığılması üçün kiçik və orta
ölçülü su anbarlarının, bəndlərin
yaradılması tam mümkündür və məqsədəuyğundur”.
“Digər ölkələrin uğurlu təcrübəsi
öyrənilməlidir”
Deputatın sözlərinə görə, hazırda
Azərbaycanda bu istiqamətdə müəyyən layihələr
mövcuddur, lakin etiraf etməliyik ki, görülən işlər
problemin miqyası ilə müqayisədə yetərli deyil:
“Daha sistemli, uzunmüddətli və elmi əsaslara söykənən
dövlət proqramlarına ehtiyac var. Su ehtiyatlarının
idarə olunması yalnız texniki məsələ deyil, bu, həm
də milli təhlükəsizlik, ərzaq təhlükəsizliyi
və regionların sosial-iqtisadi inkişafı məsələsidir.
Hesab edirəm ki, Türkiyə və digər ölkələrin
uğurlu təcrübəsi öyrənilməli, yerli
coğrafi və iqlim şəraitinə
uyğunlaşdırılaraq tətbiq edilməlidir.
Xüsusilə kənd təsərrüfatı ilə məşğul
olan dağ rayonlarında bu cür layihələr həm su
qıtlığını azaldar, həm də əhalinin yerlərdə
məşğulluğunu və yaşayış
imkanlarını gücləndirər. Bu məsələ
dövlətin diqqət mərkəzində olmalı və gələcək
illər üçün prioritet istiqamətlərdən biri
kimi müəyyənləşdirilməlidir”.
“Şirin su resurslarından səmərəli istifadə
çox vacibdir”
Milli Məclisin Aqrar siyasət komitəsinin
üzvü Azər Badamov bildirib ki, Azərbaycanın şirin
su mənbələri əsasən ölkə
hüdudlarından kənarda yerləşir: “Bu da hər zaman
şirin su ilə bağlı müəyyən çətinliyin
yaranmasına səbəb ola bilər. Həm də biz
dünyada su qıtlığı ilə qarşılaşmaq
təhlükəsi gözlənilən ölkələr
sırasında yer alırıq. Son illər iqlim dəyişiklikləri
nəticəsində şirin su mənbələrində su
axınlarının azalması da müşahidə olunur. Bu
baxımdan şirin su resurslarından səmərəli istifadə
olunması çox vacib məsələlərdən biridir.
Bu, ilk növbədə şirin sudan istifadə olunması ilə
bağlı qənaət olunmasıdır. Yəni suyun
israfçılığın qarşısının
alınması istiqamətində tədbirlər görülməlidir.
Digər vacib məsələ isə yağış və
qar sularının düzgün idarə olunmasıdır.
Düzdür, bundan ölkəmizdə hələ də
istifadə olunmur. Amma Türkiyədə yağış və
qar suları xüsusi su anbarlarında yığılır və
sonra da istifadə olunur. Ölkəmizdə şəhərlərdə
yağış və qar sularının
yığılması üçün xüsusi infrastruktur
qurulmalıdır. Məsələn, Bakının
özündə xüsusi drenaj sistemləri qurulmaqla
yağış və qar sularını xüsusi anbarlara
yığmaq mükündür”.
“Qabaqlayıcı tədbirlər görülməlidir”
A.Badamovun sözlərinə görə, anbarlarda
yığılmış yağış və qar suyundan
ilkin mərhələdə texniki məqsədlər
üçün istifadə etmək olar: “Anbarlarda
yığılmış yağış və qar
sularını yaşıllıqların suvarılmasında,
avtomobil yuma məntəqələrində, sənaye müəssisələrində
istifadə etmək olar. Bu məqsədlər
üçün böyük həcmlərdə içməli
su istifadə olunur. Bu da nəticədə şəhərdə
suyun verilməsində fasilələrin yaranmasına səbəb
olur. Xüsusilə yay aylarında su qıtlığı meydana
gələ bilər. Təbii ki, gələcəkdə ehtiyac
yaranacağı təqdirdə xüsusi filtirlərdən
keçirməklə içməli su kimi də vermək
mümkündür. Bu baxımdan yağış və qar
sularının idarə edilməsi üçün şəhərlərdə
müvafiq infrastrukturun yaradılması vacibdir. Bu gün biz şirin
su qıtlığını o qədər də hiss etməsək
də bir neçə ildən sonra bu, böyük problemə
çevrilə bilər. Təbii ki, qabaqlayıcı tədbirlər
görülərsə, biz indidən gələcəkdə
yarana biləcək problemlərin qarşısını
almış olarıq”.
“Bu istiqamətdə addım atılmadı”
Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmli
bildirib ki, Azərbaycan həm də Gürcüstandan, Ermənistandan
gələn Kür-Araz çaylarının suyundan
asılı vəziyyətdədir: “Daxildə təxminən
10 milyard kub metr formalaşır. O da bizi tam təmin edəcək
həcmdə deyil. Qar və yağış sularının
yığılması ilə bağlı təkliflər
vermişdik. Onu da deyim ki, 2021-ci ildə Meliorasiya və Su Təsərrüfatı
Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyi dəyişəndə
4 süni gölün yaradılması nəzərdə
tutulmuşdu. Amma orada əlavə xərclər
yarandığı üçün göllərin
inşası dayandırılıb. Ondan sonra bu istiqamətdə
addım atılmadı. Süni göllərin
yaradılması və həmin göllərdə
yığılan suyun fermer təsərrüfatlarına, kəndli
təsərrüfatlarına borular vasitəsilə
ötürülməsi ilə bağlı təkliflər
vermişik”.
“Bunun bir o qədər xərci yoxdur”
Ekspert deyib ki, digər ölkələrdən fərqli
olaraq Azərbaycanın relyefi elədir ki, bir tərəfdən
Kiçik Qafqaz sıra dağları, digər tərəfdən
Böyük Qafqaz sıra dağları imkan yaradır ki,
dağətəyi rayonlarda çoxsaylı göllər
yaradılsın və həmin göllərə
yığılan su yay mövsümündə kəndli-fermer
və təsərrüfatlarına ötürülsün:
“Bu, mümkündür, bunun bir o qədər xərci yoxdur.
Sadəcə bunu müasir dövrün tələbinə
uyğun yaratmaq lazımdır. Yəni yığılan su
mütləq və mütləq itkiyə yol verməmək
üçün borular vasitəsilə ötürülməlidir.
Həmin sudan yalnız suvarmada deyil, içməli su kimi də
istifadə etmək olar”.
“Süni göllərin yaradılmasına ehtiyac var”
V.Məhərrəmli əlavə edib ki, bundan əlavə,
Xəzər dənizinin suyunun duzsuzlaşdırılması
ilə bağlı bir layihə də müzakirə olunurdu:
“Bu layihə ilə bağlı razılıq da
alınmışdı. İsrailli mütəxəssislər
gəlmişdi, onların şirkətləri bu işi yerinə
yetirəcəkləri ilə bağlı razılıq
almışdı. Biz indi görürük ki, bu, problem olacaq.
Xəzərin suyunun çəkilməsi, azalması ciddi bir
problem yaradacaq. Ona görə də süni göllərin
yaradılmasına ehtiyac var və olacaq. Bu, Azərbaycana imkan
verəcək ki, Azərbaycan özünün suya olan tələbatını
dayanıqlı ödəsin. Biz, illərdir təkliflər
veririk. Bu, bir o qədər da maliyyə resursu tələb
etmir, amma bizim bundan sonra 50-60 ilə suya olan
ehtiyacımızı təmin edə bilər”.
“Dağ regionlarımızda 10 yeni kiçik su
anbarının tikintisi gözlənilir”
Su məsələləri üzrə ekspert
Rövşən Abbasov qeyd edib ki, Azərbaycanda kifayət qədər
su anbarları var: “Yağış və qar suları o
anbarlara yığılır, quraqlıq vaxtlarında suvarmada
və içməli su sektorunda istifadə olunur. Azərbaycanın
ən böyük su anbarlarından Mingəçevir su
anbarını misal göstərə bilərəm. Kür
çayının yaz vaxtında artan suları bu su
anbarında yığılır, Qarabağ və Şirvan
kanalları vasitəsilə Şirvan, Qarabağ, Mil və
Muğan düzlərində suvarmaya sərf edilir. Bizdə bu
su anbarları ötən əsrin 50-ci illərində tikilməyə
başlayıb. Elə ən böyük anbarımız olan
Mingəçevir su anbarı faktiki olaraq 1953-cü ildə
istifadəyə verilib. Araz və Kür çayları üzərində
çoxsaylı su anbarlarımız var. Bu su
anbarlarının Azərbaycanda suvarma əkinçiliyində
əhəmiyyəti çox böyükdür. Kiçik su
anbarlarına gəlincə, Azərbaycan Prezidentinin əmri ilə
Azərbaycanın dağ regionlarında 10 yeni kiçik su
anbarının tikintisi gözlənilir. Bu su anbarları
kiçik dağ çayları üzərində olacaq və
o da yerli lokal miqyasda suvarma işlərinin aparılmasına,
su qıtlığının azaldılmasına töhfə
verəcək”.
“Yağış sularının toplanması və təkrar
istifadəsinin təşkili nəzərdə tutulub”
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən
(ADSEA) isə bildirilib ki, 10 oktyabr 2024-cü il “Su
ehtiyatlarından səmərəli istifadəyə dair Milli
Strategiya”da yer alan tədbirlərdən biri də
“Yağış sularının idarə olunması və
istifadəyə cəlb edilməsi”dir, hazırda
yağış sularının idarə olunması və
istifadəyə cəlb edilməsi tədbiri üzrə
birinci mərhələ - layihə sənədlərinin
hazırlanması mərhələsi icra edilib: “Bakı şəhərinin
baş planı – 2040” sənədində şəhər ərazisində
yağış drenaj boru xətləri ilə məişət
kanalizasiya xətlərinin bir-birindən ayrılması,
yağış sularının toplanması və təkrar
istifadəsinin təşkili nəzərdə tutulub. Layihəyə
uyğun olaraq müxtəlif səthlərdən
yağış suları mərkəzi sistemin borularına
yönləndirilərək borular vasitəsilə yeraltı
anbarlara toplanacaq. Daha sonra yağış suları filtrasiya və
sterilizasiya proseslərindən keçirilərək istehsal
sahələrində və suvarmada istifadəyə yönləndiriləcək”.
Röya İsrafilova
Xalq Cəbhəsi .- 2025.- 18 dekabr (¹47).- S.13.