Startap layihələri
– sənayenin dirçəliş ümidi...
Son illər ən çox müzakirə edilən
mövzulardan biri qeyri-neft sənayesinin inkişaf etdirilməsidir.
Rəqabətqabiliyyətli, ixrac yönümlü qeyri-neft sənayesi
qurmaq üçün isə innovasiyalara ehtiyac var. Azərbaycanda
çatışmayan da məhz budur. Yəni, sənayedə
xarici bazaralara çıxara biləcəyimiz yeni innovativ sənaye
məhsullarımız yoxdur. Bu yolda sıçrayışa
nail olmaq üçün isə startap layihələrindən
başlamaq lazımdır. Hər halda bu sahədə müyyən
addımlar atılır.
“Startap” şəhadətnaməsinin verilməsi
üzrə Kiçik və Orta Biznesin İnkişafı
Agentliyində (KOBİA) yaradılmış Ekspertlər
Şurasının sonuncu iclasında KOB subyektlərindən
daxil olmuş 29 müraciətə baxılıb və onlardan
18-nə “Startap” şəhadətnaməsinin verilməsi barədə
qərar qəbul edilib. Bununla da “Startap” şəhadətnaməsi
almış KOB subyektlərinin sayı 238-ə çatıb.
“Startap” şəhadətnamələri
"OpenConnect" MMC-nin startap investor platforması,
"LULLA" MMC-nin uşaqlar və valideynlər
üçün nəzarət funksiyalı interaktiv mobil tətbiqi,
"İMYEN" MMC-nin tibbi radiologiya sahəsində süni
intellekt funksiyalı proqram təminatı, "Vebtypely"
MMC-nin “no-code” əsaslı vebsaytların hazırlanması
üçün onlayn platforması, "JSM Solutions"
MMC-nin biznes üçün CRM tətbiqi, "Yolüstü
Service" MMC-nin müxtəlif istiqamətlər və
marşrutlar üzrə nəqliyyat axtarış və
sifariş sistemi, "Parkhub" MMC-nin parkinq yerlərinin
axtarışı və istifadəsi üçün mobil tətbiqi,
"Bishir" MMC-nin yemək həvəskarlarını birləşdirən
sosial şəbəkə platforması, "Time Agency" MMC-nin
tədbirlərin təşkili üçün mobil tətbiqi,
fərdi sahibkarlar Bayram Süleymanovun aqrar xidmətlərin
axtarışı və sifarişi üçün rəqəmsal
platforması, Cəfər Hüseynovun rəqəmsal təhsil
platforması, Ağa Əlislamovun virtual sərgilər,
konfranslar və şəbəkələşmə tədbirləri
üçün onlayn platforması, Arif Babayevin süni
intellektə əsaslanan avtomatik proqramlaşdırma
üçün onlayn platforması, “Sale 365" MMC-nin əməkdaş
motivasiyası və biznesin inkişafı üçün rəqəmsal
platforması, "Onvey" MMC-nin onlayn ticarət və
çatdırılma xidməti üçün platforma və
mobil tətbiqi, "Kinobox" MMC-nin onlayn kinoteatr,
"İşgüzar Group" MMC-nin müxtəlif xidmətlər
üçün onlayn marketpleysi və "SETM" MMC-nin
pirotexniki vasitələrin və partlayıcı
qurğuların məsafədən idarəolunması
üçün proqram-aparat kompleksi layihələri
üçün təqdim edilib.
“Startap” şəhadətnaməsi KOB subyektlərini
şəhadətnaməni aldıqları tarixdən etibarən
innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər
üzrə mənfəət və gəlir vergisindən 3 il
müddətinə azad edir. Layihələri inkişaf mərhələsində
olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap”
şəhadətnaməsi üçün KOBİA-ya
müraciət edə bilərlər.
Qeyd edək ki, qloballaşma və rəqəmsallaşmanın
sürətlənməsi müasir sənaye sistemlərində
köklü struktur dəyişikliklərinə səbəb
olub. Ənənəvi sənaye modelləri getdikcə
çevik, innovativ və texnologiya yönümlü
yanaşmalarla əvəz olunmaqdadır. Bu transformasiyada
startaplar mühüm rol oynayaraq sənaye müəssisələrinin
innovasiya potensialının artırılmasında, rəqabət
qabiliyyətinin yüksəldilməsində və
dayanıqlı iqtisadi inkişafın təmin edilməsində
aparıcı qüvvəyə çevrilib.
Startap anlayışı innovativ ideyaya əsaslanan,
yüksək artım potensialına malik və qeyri-müəyyən
bazar şəraitində fəaliyyət göstərən
müəssisələri ifadə edir. Sənaye sahəsində
fəaliyyət göstərən startaplar əsasən
yüksək texnologiyalar, rəqəmsal həllər və
proses innovasiyaları üzərində fokuslanır. Onlar
istehsalın avtomatlaşdırılması, resurslardan səmərəli
istifadə, məhsul keyfiyyətinin artırılması və
yeni biznes modellərinin formalaşdırılması
baxımından sənaye müəssisələri
üçün strateji əhəmiyyət kəsb edir.
Startapların sənayedə rolu bir neçə əsas
istiqamət üzrə qruplaşdırıla bilər. İlk
növbədə, startaplar texnoloji innovasiyaların tətbiqini
sürətləndirir. Süni intellekt, Əşyaların
İnterneti, böyük verilənlər və rəqəmsal
əkizlər kimi texnologiyalar məhz startaplar vasitəsilə
sənaye müəssisələrinə inteqrasiya olunur. Bu isə
istehsal proseslərinin optimallaşdırılmasına və qərarvermə
mexanizmlərinin təkmilləşdirilməsinə şərait
yaradır.
İkinci mühüm funksiya əməliyyat səmərəliliyinin
artırılmasıdır. Startaplar istehsal xərclərinin
azaldılması, enerji səmərəliliyinin yüksəldilməsi
və logistika proseslərinin optimallaşdırılması
üçün innovativ həllər təklif edir. Nəticədə
sənaye müəssisələri bazar dəyişikliklərinə
daha çevik reaksiya vermək imkanı qazanır.
Üçüncü istiqamət rəqabət mühitinin
gücləndirilməsi ilə bağlıdır.
Startapların bazara daxil olması böyük sənaye
şirkətlərini innovasiyaya məcbur edir, texnoloji
inhisarçılığın qarşısını
alır və yeni bazar seqmentlərinin formalaşmasına səbəb
olur.
Beynəlxalq təcrübə göstərir ki,
startapların sənaye sisteminə uğurlu inteqrasiyası əsasən
əməkdaşlıq modelləri vasitəsilə həyata
keçirilir. Bu modellərə korporativ akselerator
proqramları, açıq innovasiya platformaları, vençur
kapital mexanizmləri və sənaye müəssisələrindən
yaranan spin-off startaplar daxildir. Xüsusilə açıq
innovasiya modeli sənaye müəssisələrinin
startapların çevikliyindən və texnoloji biliklərindən
faydalanmasına imkan yaradır.
ABŞ təcrübəsi startap–sənaye əlaqələrinin
ən inkişaf etmiş nümunələrindən biri hesab
olunur. Silikon Vadisi sənaye texnologiyaları sahəsində fəaliyyət
göstərən startapların formalaşması
üçün əlverişli ekosistem yaratmışdır.
Burada universitetlər, vençur kapital fondları və iri sənaye
şirkətləri arasında sıx əməkdaşlıq
mövcuddur. Almaniya təcrübəsində isə startaplar
“Sənaye 4.0” konsepsiyası çərçivəsində
istehsal klasterlərinə inteqrasiya olunur. Dövlət dəstəyi
və sənaye–startap tərəfdaşlığı
Almaniyada rəqəmsal istehsal texnologiyalarının sürətlə
yayılmasına imkan vermişdir.
Çin modeli startapların kütləvi istehsala və
qlobal bazarlara sürətli çıxışı ilə
xarakterizə olunur. Dövlətin fəal iştirakı və
sənaye parklarının yaradılması startapların
qısa müddətdə miqyaslanmasını təmin edir.
İsrail təcrübəsi isə elmi-tədqiqat və
müdafiə sənayesində yaranan innovasiyaların mülki
sənaye sahələrinə
kommersiyalaşdırılması ilə seçilir. Bu ölkədə
startaplar yüksək texnoloji biliklərə əsaslanaraq
qlobal sənaye bazarlarında mühüm mövqelər
qazanmışdır.
Startapların sənayedə fəallaşması
iqtisadi inkişaf baxımından mühüm nəticələr
doğurur. Onlar yüksək ixtisaslı iş yerlərinin
yaradılmasına, ixrac potensialının genişlənməsinə
və milli iqtisadiyyatın texnoloji
asılılığının azalmasına töhfə
verir. Eyni zamanda, startaplar dayanıqlı və “yaşıl” sənaye
modellərinin formalaşmasını sürətləndirərək
uzunmüddətli iqtisadi sabitliyi təmin edir.
Aparılan təhlil göstərir ki, startaplar
müasir sənaye sisteminin əsas innovasiya mənbələrindən
biridir. Beynəlxalq təcrübə sübut edir ki, startapların
uğurlu fəaliyyəti üçün dövlət, sənaye
müəssisələri və innovasiya ekosistemi arasında
koordinasiyalı əməkdaşlıq zəruridir. Bu
baxımdan startapların sənayedə rolunun gücləndirilməsi
iqtisadi inkişaf strategiyalarının mühüm tərkib
hissəsi kimi qiymətləndirilməlidir.
Son illərdə Azərbaycanda sənayenin şaxələndirilməsi
və qeyri-neft sektorunun inkişafı dövlət iqtisadi
siyasətinin prioritet istiqamətlərindən birinə
çevrilmişdir. Bu kontekstdə startaplar sənaye
innovasiyalarının tətbiqində mühüm mexanizm kimi
çıxış edir. Xüsusilə Sumqayıt Kimya Sənaye
Parkı, Pirallahı Sənaye Parkı, Mingəçevir Sənaye
Parkı və Ağdam Sənaye Parkı kimi sənaye
zonalarında fəaliyyət göstərən müəssisələrdə
startap əsaslı texnoloji həllərə maraq
artmaqdadır. Müşahidələr göstərir ki, sənaye
parklarında fəaliyyət göstərən müəssisələrin
bir qismi istehsalın avtomatlaşdırılması, enerji sərfiyyatının
azaldılması və keyfiyyətə nəzarət sistemlərinin
qurulması üçün yerli startaplarla əməkdaşlıq
etməyə başlamışdır.
Azərbaycanda startapların sənayedə rolunun
genişlənməsinə baxmayaraq, bir sıra problemlər
qalmaqdadır. Onlara misal olaraq sənaye müəssisələrinin
innovasiya risklərinə ehtiyatla yanaşmasını,
startapların maliyyə resurslarına çıxış
imkanlarının məhdudluğunu, elmi-tədqiqat nəticələrinin
kommersiyalaşdırılmasında zəiflik, universitet–sənaye–startap
əməkdaşlığının kifayət qədər
inkişaf etməməsini göstərmək olar. Bu problemlər
startapların sənayedə genişmiqyaslı tətbiqini
müəyyən qədər məhdudlaşdırır.
Startaplar Azərbaycan sənayesində hələ formalaşma
mərhələsində olan, lakin yüksək potensiala malik
innovasiya subyektləridir. Sənaye parkları və texnoparklar
bu inteqrasiyanın əsas platformaları kimi
çıxış edir. Beynəlxalq təcrübə ilə
müqayisədə Azərbaycan modelinin əsas fərqi
dövlətin təşəbbüskar və tənzimləyici
rolunun daha güclü olmasıdır.
Mahir Həmzəoğlu
Xalq Cəbhəsi .- 2025.- 18 dekabr (¹47).- S.12.