“Avropa
İttifaqının təxribat xarakterli mövqeyi ABŞ ilə
geosiyasi qarşıdurmadan qaynaqlanır”
Asif Nərimanlı: “Bu, ümumilikdə bölgənin
təhlükəsizliyinə risklər yarada bilər”
Hazırda dünyada kifayət qədər gərgin və
riskli proseslər cərəyan edir. Ukrayna ilə bağlı
qeyri-müəyyən vəziyyət, Avropa İttifaqı və
Britaniyanın müharibənin davam etdirilməsinə
çalışması, Rusiyanın işğal niyyətlərindən
geri çəkilməməsi, ABŞ-nin isə prosesə
loyal münasibəti vəziyyətin mürəkkəb
xarakter almasına şərait yaradır. Bir sıra mütəxəssislər
isə bunu dünya üçün ciddi risk hesab edir və
üçüncü dünya müharibəsinə gətirib
çıxaracağını istisna etmirlər. Təbii ki,
proseslər bölgəyə də təsirsiz ötüşə
bilməz.
Siyasi analitik Asif Nərimanlı “Xalq Cəbhəsi”nə
müsahibəsində Ukrayna və regional bağlı bir
sıra məsələlərə aydınlıq gətirib.
- Ukrayna ətrafında davam edən diplomatiya əsas
ziddiyyətli məqamlar hansılardır?
- Burada iki əsas ziddiyyətli məqam olduğu
görünür. Birincisi, Ukraynaya təhlükəsizlik zəmanətinin
verilməsidir. Rəsmi Kiyev NATO-ya üzvlük məsələsini
irəli sürsə də, bu faktiki olaraq gündəmdən
çıxdı. Daha sonra müharibə bitdikdən sonra
yaranacaq təmas xəttində Avropa qoşunlarının yerləşdirilməsi
gündəmdə idi ki, Rusiya tərəfi bunu qəbul etmir.
Ən önəmli məqam isə odur ki, ABŞ Ukraynaya
güzəştlər qarşılığında təhlükəsizlik
qarantı vermir.
İkinci məsələ ərazilərlə
bağlıdır. Rusiya Ukraynanın Donbası tamamilə tərk
etməsini istəyir, ABŞ da bu tələbi dəstəkləyir.
Kiyev isə haqlı olaraq öz ərazilərini təhvil vermək
niyyətində deyil. Ukrayna onsuz da Rusiyanın işğal
etdiyi ərazilər üzərində de-fakto nəzarətini
qəbul edir, üstəlik, özünün nəzarət
etdiyi ərazilərdən çıxmaq təslim olmaq deməkdir.
Bu iki ziddiyyətli məqamdan birinin – təhlükəsizliyin
təmin edilməsinin Berlin danışıqlarında
böyük ölçüdə
razılaşdırıldığı haqda məlumatlar var.
Məlumatlara görə, Avropa ölkələri Ukraynanın
təhlükəsizliyini təmin etmək məqsədilə
“çoxmillətli qüvvə” yaradacaq ki, bu da faktiki olaraq,
Avropa ordusu deməkdir. ABŞ da atəşkəsə nəzarət
monitorinqini həyata keçirəcək və Rusiyanın
mümkün hücumları qarşısında qalxan rolunu
oynayacaq. Bu, Ukraynaya imkan verir ki, mövcud sülh planı ilə
razılaşaraq, daha sonra ərazilərini azad etmək
imkanı qazansın və bu planda Avropa qoşunlarının
dəstəyindən istifadə etsin. Lakin ABŞ-nin təhlükəsizlik
zəmanətində əsas şərtlərdən biri
münaqişənin hərbi yolla həllinin istisna edilməsidir
ki, bu da müharibə dayandıqdan sonra münaqişəni
dondurulmuş mərhələyə keçirəcək.
ABŞ bunu Ukrayna ilə razılaşdırıb,
növbəti mərhələdə Rusiya ilə
danışıqlar aparmalıdır. Buna qədər
Vaşinqton Kiyevi Donbas məsələsində də razı
salmağa çalışır, Mayamidə
planlaşdırılan danışıqların əsas
mövzusu bu olacaq. Belə görünür ki, Vaşinqton
Moskvaya ərazilərlə bağlı “müjdə” apararaq,
Rusiyanın Ukraynanın təhlükəsizliyi şərtlərinə
razı salmaq niyyətindədir.
- Ukrayna bununla razılaşacaqmı, ümumiyyətlə
Kiyevin addımları necə ola bilər?
- Zelenski Donbası de-fakto və de-yure Rusiya ərazisi
kimi tanımayacaqlarını elan edib, fikrimcə, Kiyev sona qədər
dirəniş göstərəcək. Lakin bu, hər şeyin
həlli demək deyil. Hər şey ABŞ
administrasiyasının mövqeyindən asılıdır.
İstisna deyil ki, Ukrayna təhlükəsizliklə
bağlı istədiklərini alarsa, Donbas məsələsində
geri çəkilə, qoşunlarını nəzarət
etdiyi ərazilərdən çıxararaq, buranı de-fakto
Rusiya ərazisi kimi qəbul edə bilər. Ukrayna bununla ərazilərindən
imtina etməyəcək, ərazilərinin azad edilməsini
müəyyən müddətə təxirə salacaq. Lakin
bu son variantdır, Zelenski buna qədər müxtəlif
yollarla vəziyyəti dəyişməyə
çalışır. Avropanın dəstəyi burada önəmlidir.
- ABŞ olmadan Avropa Ukraynaya Rusiya ilə müharibəni
davam etdirməsi üçün lazım olan dəstəyi təmin
edə bilərmi?
- Bu, çətin görünür. Birincisi,
Avropanın resursaları buna imkan vermir. İkincisi, ABŞ
prosesdən kənarlaşarsa, Rusiya Ukraynaya verilən dəstəyin
kəsilməsi üçün Avropanın təhlükəsizliyini
təhdid edəcək addımlar atacaq, daha öncə edilən
dron hücumları belə nümunələrdəndir.
Üçüncüsü, ABŞ Avropanın geri çəkilməsi
üçün təzyiqlərini artıra bilər. Buna
görə Avropa daha çox ABŞ-nin mövqeyinə təsir
etməyə və Ukrayna üçün daha məqbul
planın qəbuluna çalışır.
- Ukrayna ərazilər məsələsində
razılaşmasa və ABŞ-nin sülh planını pozarsa,
Vaşinqton hansı addımları ata bilər?
- ABŞ-nin geri çəkiləcəyi, yaxud
mövqeyinin dəyişəcəyi çətin
görünür. Çünki Rusiya ilə Ukraynada
anlaşmaq Vaşinqtonun geosiyasi planlarına, xüsusilə
Çinlə rəqabətə görə vacib görünür.
Bu baxımdan, ABŞ mövqeyində israr edə və Kiyevin
qəbul etməsi üçün müxtəlif yollara əl
ata bilər. Bu addımlardan biri Avropaya təzyiq edərək,
Ukraynaya dəstəyin kəsilməsidir. Digər addım kimi
Ukraynada son korrupsiya faktı kimi Zelenskinin mövqelərini zədələyəcək
əməliyyatlar həyata keçirilməsi, eyni zamanda, yeni
seçkilərin keçirilməsinin zəruriliyi kimi məsələləri
irəli sürülməsi ola bilər. Ukrayna da anlayır ki,
vəziyyət böhranlıdır, buna görə Zelenski
prosesdən maksimum daha az ziyanla çıxmağa
çalışır.
- ABŞ və Rusiya Ukraynada anlaşarsa, Moskvanın Cənubi
Qafqaz siaysəti necə dəyişə bilər?
- Rusiya Ukraynaya görə Cənubi Qafqaza diqqəti
azaltmışdı və bu dövrdə regionda təsir
imkanlarının müəyyən hissəsini itirdi. Moskva təbii
ki, Ukraynada istədiyini alarsa, bizim regionda mövqelərini tam
bərpa etməyə çalışacaq, lakin artıq belə
imkanları zəifdir. Xüsusilə Azərbaycan və Ermənistanın
Vaşinqton anlaşmasından sonra Rusiyanın
geridönüş rıçaqları azaldı. Fikrimcə,
Rusiya ilk növbədə regiondakı mövcud imkanlarını
qorumağa çalışacaq, misal üçün, Ermənistandakı
hərbi bazasını və s. Eyni zamanda, Zəngəzur dəhlizi
də daxil olmaqla regional kommunikasiyada iştirak imkanı
qazanmaq istəyəcək. Yəni Rusiyanın təzyiq
potensialı azaldığı üçün daha çox əməkdaşlıq
müstəvisində hərəkət edə bilər. Digər
tərəfdən, Rusiya ABŞ-nin Zəngəzur dəhlizinə
girişini həm də Ukrayna məsələsində
sövdələşmə imkanı olaraq görür. Buna
görə Moskva Vaşinqtonla anlaşıb mövqelərini
qorumaq istiqamətində işləyə bilər.
- Zəngəzur dəhlizinin açılmasına
hansısa maneələr qalıbmı?
- Belə maneələr artıq görünmür.
Rusiya və İran belə bundan sonrakı dövrdə dəhliz
layihəsinin əleyhinə siyasi bəyanatlar versə də,
praktikada nəticəyə təsir imkanları zəif
görünür. Fikrimcə, TRİPP layihəsi - Zəngəzur
dəhlizinin reallaşması perspektivi güclüdür.
- İranın dini liderinin müşaviri Vilayətinin
Zəngəzur dəhlizinə qarşı son
açıqlamasını necə oxumaq olar?
- Vilayəti Ermənistanın Tehrandakı səfiri ilə
görüşdə bildirdi ki, “Tramp marşrutu” əslində
Zəngəzur dəhlizi ilə eynidir və Tehran buna
qarşıdır”. Bu açıqlamanın İranın
xarici işlər naziri Abbas Əraqçının Bakıya
səfərindən sonra verilməsi təsadüfi deyil.
Fikrimcə, bu İranın siyasi elitasındakı ziddiyyətlərdən
qaynaqlanan məsələdir. Çünki Pezeşkian
administrasiyası Zəngəzur dəhlizini İrana
qarşı iddia edildiyi kimi təhlükə olaraq
görmür. Əraqçının səfəri də
regiondakı mövcud şərtlərdə - tranzit layihələri
və siyasi-təhlükəsizlik arxitekturasında
İranın maraqlarının nəzərə
alınması ətrafında Azərbaycanla müzakirələr
aparmağa hesablanmışdı. Vilayətinin Ermənistan səfiri
ilə görüşü Əraqçının Bakı səfərinə
qarşı demarş kimi görünür. Məqsəd
mühafizəkarların Pezeşkian komandasının siyasətini
qəbul etmədiyini nümayiş etdirmək və dəhlizin
reallaşmasını istəmədiklərin
çatdırmaqdır. Mümkündür ki, mühafizəkarlar
bundan sonra İranın rəsmi mövqeyini bütövləşdirmək
məqsədilə daxildə Pezeşkian administrasiyasına təzyiqlərin
artırılması, İran-Azərbaycan münasibətlərində
normallaşma prosesini pozmağa hesablanmış
addımların atılması, Ermənistanla təmasları
sıxlaşdıraraq, rəsmi İrəvanın mövqeyinə
təsirin edilməsi, Zəngəzur dəhlizinə
qarşı Rusiya ilə birlikdə hərəkətin edilməsi
kimi cəhdlər edə bilər. Lakin fikrimcə, nəticəyə
təsir edə bilməyəcəklər.
Birincisi, daha öncə dəhliz məsələsində
Tehranla eyni cəbhədən çıxış edən
Paşinyan hakimiyyətinin mövqeyi 180 dərəcə dəyişib.
İkincisi, İranın qarşısında artıq
Azərbaycan və Ermənistan yox, ABŞ var.
Üçüncüsü, Ukraynada istədiyini
almağa çalışan Rusiya Cənubi Qafqazda
ABŞ-ın planlarını nəzərə alacaq.
İrandan Zəngəzur dəhlizi haqda verilən bəyanatların
ritorikadan uzağa getməyəcəyi görünür.
- Dekabrın 2-də Avropa İttifaqı və Ermənistan
arasında imzalanan sənəddə “Dağlıq Qarabağ”
ifadəsi yer alır. Bu nə deməkdir, Avropa
İttifaqının regionda sülh prosesinə qarşı
planı varmı?
- Fikrimcə, Avropa İttifaqının təxribat
xarakterli mövqeyi ilk növbədə ABŞ ilə geosiyasi
qarşıdurmadan qaynaqlanır. Avropa ölkələri
bununla Vaşinqtonun regiondakı planlarını poza biləcəkləri
mesajını verirlər. Digər tərəfdən, Avropa
İttifaqı Bakıya mesaj verir, Azərbaycanla münasibətlərdə
əlini gücləndirməyə çalışır.
Ermənistanın sənəddə “Dağlıq
Qarabağ” ifadəsinin yer almasında öz maraqları var.
Ermənistan “Dağlıq Qarabağ ermənilərinə
sosial dəstək” kimi Avropa İttifaqından
aldığı maliyyənin davamlı olmasını təmin
etmək istəyir. Bununla yanaşı, İrəvan
“Dağlıq Qarabağ ermənilərini” Bakı ilə
danışıqlarda, xüsusilə Qərbi Azərbaycanlıların
qayıdışı tələbinə qarşı hələ
də kart kimi saxlamağa çalışır.
Lakin bu cür təxribat xarakterli ifadələr
regionda yeni qurulmağa başlanılan sülh
arxitekturasını və etimad quruculuğunu dağıda,
regional layihələrin icrasını tormozlaya, ümumilikdə
bölgənin təhlükəsizliyinə risklər yarada bilər.
Röya İsrafilova
Xalq Cəbhəsi .- 2025.- 18 dekabr (¹47).- S.6.