"Prezidentin Milli Məclisə
göndərdiyi amnistiya aktını
alqışlayırıq"
Ədalət, Hüquq, Demokratiya (ƏHD)
Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev
partiyanın mətbuat xidmətinin sorğusunu
cavablandırıb.
-Qüdrət bəy, Prezident tərəfindən
amnistiya aktı barədə qərar layihəsi Milli Məclisə
göndərilib. Rəsmi məlumatda amnistiya aktı əsasında
azadlıqdan məhrumetmə növündə cəza çəkən
təqribən 5 min nəfər məhkumun azadlığa
çıxacağı qeyd olunur. Fikrinizi bilmək istərdik...
-Biz, ƏHD Partiyası olaraq, Prezidentin Konstitusiya və
suverenlik ili ilə əlaqədar Milli Məclisə göndərdiyi
amnistiya aktını alqışlayırıq. Məhkəmələrin
sərt cəzalar tətbiq etməsi səbəbindən
ölkəmizdə azadlıqdan məhrumetmə növündə
cəza çəkənlərin sayı hər 100 min nəfərə
görə inkişaf etmiş Qərbi Avropa ölkələri
ilə müqayisədə 5 dəfə çoxdur. Cinayətkarlığa
qarşı mübarizədə effektivliyi sərt cəzalar
yox, törədilmiş cinayətə görə cəzanın
labüdlüyü təmin edir. Ölkəmizdə məhkəmə-hüquq
islahatlarının genişləndirilməsinə
böyük ehtiyac var.
Cəzaçəkmə müəssisələrində
çarpayı çatışmazlığına görə
dustaqlar döşəmədə yatır, sıxlıq
normadan xeyli çoxdur. Ona görə amnistiya aktı ilə
daha çox insanın azadlığa çıxmasını
istərdim. Keçmiş təcrübəyə əsaslansaq,
amnistiya aktı çox qüsurlu tətbiq olunur. Qərarda
amnistiya aktının hansı maddələrə şamil
olunmadığı ayrıca qeyd olunur. Bu zaman parlamentdəki
hakim çoxluq azadlığa çıxmasını istəmədiyi
məhkumun ittiham olunduğu maddəni, yaxud maddələri
amnistiyanın tətbiq olunmadığı maddələrin
sırasına daxil edir. Bu həm ədalətsizdir, həm də
bu halda 1-2 nəfərə görə eyni maddələrlə
ittiham olunmuş digər məhkumlara da amnistiya aktı
şamil olunmur. 24 fevral 1994-cü ildə qəbul olunmuş
"Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması
haqqında" qanunla
Azərbaycan Respublikasının suverenliyinə və ərazi
bütövlüyünə qarşı törədilən
cinayət əməlləri ilə mübarizəni gücləndirmək,
təqsirli şəxslərin real məsuliyyətə cəlb
olunmalarını, ölkənin müdafiə qabiliyyətinin
möhkəmləndirilməsini təmin etmək məqsədilə
1990-cı il yanvarın 19—20-də Bakı şəhərinə
sovet qoşunlarının qanunsuz yeridilməsi ilə əlaqədar
törədilmiş cinayətlərdə, Xocalı
soyqırımının baş verməsində, Azərbaycan
Respublikası torpaqlarının erməni silahlı qüvvələri
tərəfindən işğal edilməsində təqsirli
olan şəxslər haqqında amnistiya aktlarının tətbiq
olunması qadağan edilir.
Digər məhkumlara amnistiya aktı şamil oluna bilər
və olunmalıdır. Cinayət Məcəlləsinin 81-ci
maddəsinə görə, amnistiya aktı fərdi qaydada
müəyyən edilməyən şəxslər barəsində
Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən
qəbul edilir.
81-ci maddənin 2-ci hissəsinə görə, cinayət
törətmiş şəxslər amnistiya aktı ilə
cinayət məsuliyyətindən azad edilə bilərlər.
Cinayət törətməyə görə məhkum
olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər,
yaxud onlara təyin olunmuş cəzanın müddəti
azaldıla bilər və ya belə şəxslərin cəzasının
çəkilməmiş hissəsi daha yüngül cəza
növü ilə əvəz edilə bilər və yaxud belə
şəxslər əlavə cəzadan azad edilə bilərlər.
Amnistiya aktı ilə cəzasını çəkmiş
şəxslərin məhkumluğu götürülə bilər.
Bizim cinayət qanunvericiliyində cəzaçəkmə
müəssisələrində məhkumları qanunlara ciddi əməl
etməklə, vicdanlı davranışa stimullaşdırmaq
üçün məhkəmələrin məhkumları cəzadan
şərti olaraq vaxtından əvvəl azadetmə və cəzanın
çəkilməmiş hissəsini daha yüngül cəza
ilə əvəzetmə hüququndan məhrumetmə səlahiyyəti
nəzərdə tutulmayıb. Bəzi ölkələrdə
bu əlavə cəza növü kimi nəzərdə
tutulur.
Məhkum olunmuş şəxslərə ədalətli
və tərəfsiz yanaşmanı təmin etmək
üçün amnistiya aktında onun tətbiq olunduğu
maddələr göstərilməməlidir. Amnistiya aktı
Cinayət Məcəlləsinin 15-ci maddəsinə uyğun
olaraq cinayətlərin təsnifatına əsaslanmalıdır.
Məsələn, yazılmalıdır ki,
1. Xüsusilə ağır cinayətlərə (12
İldən artıq müddətə) görə, müddətli
azadlıqdan məhrumetmə növündə cəzaya məhkum
olunmuş, cəzanın çəkilməsinin başa
çatmasına bir il qalmış məhkumlar azad olunur.
Xüsusilə ağır cinayətlərə görə
müddətli azadlıqdan məhrumetməyə məhkum
olunmuş, cəza müddətinin başa çatmasına
bir ildən artıq qalan məhkumların cəzası 1 il
azaldılsın.
2.Ağır cinayətlər (7 ildən 12 İlə
qədər) törətmiş və cəzalarının
başa çatmasına iki il qalmış məhkumlar azad
olunsun. Bu kateqoriyadan olan cinayətlər törətmiş cəzanın
başa çatmasına 2 ildən çox qalan məhkumların
cəzası iki il azaldılsın.
3.Az ağır (2 ildən 7 ilə qədər) cinayətlərə
görə məhkum olunmuş şəxslər cəzalarının
başa çatmasına 3 il qalırsa, azad edilsin. Bu
kateqoriyadan olan məhkumların 3 ildən artıq cəzası
qalırsa, çəkilməmiş cəza 3 il
azaldılsın.
4.Yüngül cinayət törətmiş (2 ilə qədər)
şəxslər cinayət məsuliyyətindən və cəzadan
azad olunsun.
5.İqtisadi sahədə cinayətlər
kateqoriyasına aid olan cinayətləri törətmiş
şəxslər vurulan ziyanı tam ödəyərlərsə,
təyin olunmuş cəzanın çəkilməmiş
müddəti 5 ildən çoxdursa, həmin müddət 5
il azaldılsın.
Bundan başqa, müəyyən imtiyazlı şəxslər
üçün, məsələn, vətən müharibəsi
iştirakçılarına, yaşı 65-dən yuxarı
olan şəxslərə, cinayət törədərkən
yetkinlik yaşına çatmayanlara amnistiya aktının daha
geniş tətbiqini nəzərdə tutmaq olar.
Bu cür yanaşma ədalətli olmaqla, cinyət
hüququnun, cəza siyasətinin və amnistiya aktının
fəlsəfəsinə daha uyğun olardı.
Ömürlük azadlıqdan məhrum edilmiş şəxslər
istisna olmaqla, amnistiya aktı dövlət humanizminin təcəssümü
kimi bütün digər məhkumlara şamil olunardı.
Bizdə amnistiyanın tətbiq olunmadığı
maddələrin sırasına bəzən azadlıqdan məhrumetmə
növündə cəza nəzərdə tutulmayan maddələr
də daxil edilir ki, adam bunu izah etməyə söz tapa bilmir .
Xalq Cəbhəsi .- 2025.- 18 dekabr (№47).- S.3.