Xalidə Xalid- 60
“Başının altına yastıq qoyanlar,
Ayaq altına qumbara qoydu,
Nadanlar dünyanı qumara qoydu!
Mən belə dünyanın nəyindən
küsüm?”
Söhbətimə xalq şairi Məmməd Arazın
bu misraları ilə əbəs yerə başlamıram. Bu dəfə
sizə kəşməkeşli ömür yaşayan, həyatın
ağır sınaqlarından keçən bir xanımdan
danışmaq istəyirəm. Bir vaxtlar ölkə mətbuatında
gündəm olan Xalidə Xaliddən. Amma, gəlin əvvəlcə
onun ömür səlnaməsin vərəqləyək.
İsmayılova Xalidə Xalid qızı 24 dekabr 1965-ci ildə
Lənkəran şəhərində ziyalı ailəsində
anadan olub. Orta təhsilini Lənkəran şəhər 9
saylı Beynəlmiləl məktəbdə alıb. Orada
oxuyarkən şagird komsomol təşkilatı katibi vəzifəsini
daşıyıb. Sonra altı il Lənkəran Rayon Yerli Radio
Verilişləri Redaksiyasinda diktor işləyib. 1984-1989 illərdə
Azərbaycan Dövlət İncəəsənət
İnstitutunun Mədəni-maarif fakültəsində ali təhsilə
yiyələnib. Ali təhsil aldıqdan sonra dörd il Lənkəran
Uşaq Rəssamlıq Məktəbində İncəsənət
tarixi müəllimi kimi fəaliyyət göstərib. Eyni
zamanda həmin vaxt Lənkəran Şəhər Mədəniyyət
Şöbəsinin komsomol təşkilat katibi vəzifəsini
icra edib. 1993-1998-cə illərdə Lənkəran şəhər
4 saylı orta məktəbin müəllimi olub.1998-ci ildə
isə, onu Lənkəran Dövlət Universitetinə(LDU),
Pedoqogika və Psixologiya kafedrasının müdir müavini vəzifəsinə
təyin ediblər. Eləcə də LDU-nun Rəssamlıq
fakültəsində İncəsənət tarixi müəllimi
kimi dərs deyib. 1999-cu ildən 2000-ci ilin may ayina qədər
LDU-nun Mətbuat və İnformasiya Xidmətinin rəhbəri
vəzifəsində çalışıb. 2000-ci ilin iyun
ayından etibarən AMEA-nın Milli Münasibətlər
İnstitutunda elmi işçi, eləcə də, institutun mətbuat
xidmətinin rəhbəri kimi fəaliyyət gçstərib.
2003-cü ildə institutun bağlanmasi səbəbindən
AMEA-nın Fəlsəfə, sonra isə Nizami adına Ədədiyyat
institutunun elmi işçisi olub. 2007-ci ildə ədəbiyyat
institunda Xarişi Ölkələr Ədəbiyyati və
Ədəbi Əlaqələr şöbəsinə
keçirilib. 2009-cu ildə elmi işi ilə əlaqədar
onu həmin şöbənin nəzdində Türk
xalqları Ədəbiyyatı Şöbəsinə
köçürüblər. 2007-2014-cü illər ərzində
“Məhəmməd Hüseyn Şəhriyarın “Heydərbabaya
salam” mənzuməsi türk xalqları ədəbiyyatında”
adlı dissertasiya mövzusu üzərində
çalışıb. 2007-ci ildə Türkiyəli alim Yusif
Gədiklinin “Şəhriyar və bütün türkcə
şeirləri” adlı kitabını Azərbaycan türkcəsinə
uygunlaşdıraraq Türkiyənin Azərbaycandakı Səfirliyinin
mədəniyyət müşavirliyinin dəstəyi ilə nəşr
etdirib. 2014-cü ilə qədər AMEA-nın Nizami adına
Ədəbiyyat İnstitutunun Xarici Ölkələr ədəbiyyati
və Ədəbi Əlaqələr şöbəsində
elmi işçi olaraq işləyib. Mütəmadi olaraq Azərbaycan,
Türkiyə və digər ölkələrin mətbuatında
elmi, publisistik məqalələri, bədii yazıları ilə
çıxış edib. 2020-ci ildən qardaş Türkiyədə
yaşayır. Müstəqil araşdırmaçı-yazar
kimi Türkiyə mətbuatında elmi araşdırma və bədii
publisistik yazılarla çıxış edir. Azərbaycan və
Türkiyə mətbuatında yayimlanan, iki qardaş ölkə
şəhidlərinin həyat hekayələrindən bəhs
edən “Öncə VƏTƏN” layihəsinin ideya müəllifi
və rəhbəridir...
Deyir ki:- “Mətbuatımızın yaranmasının
bu il 150 illiyi tamam olur. Azərbaycan milli mədəniyyətinin
inkişafında geniş mənada mətbuatımızın
sayəsində təkamül illəri olub,
xalqımızın qabaqcıl fikir xadimləri məhz mətbuatımızın
səhifələrindən öz işıqlı
ideyalarını doğma xalqa aşılaya biliblər. Azərbaycan
ötən əsrin sonlarında dövlət müstəqilliyini
bərpa etdikdən sonra, həyatın bir çox sahələrində
olduğu kimi, mətbuatın inkişafında da
dönüş yaranıb, siyasi plüralizm və söz azadlığını
təmin etmək üçün mühüm tədbirlər
həyata keçirilib. Hələ Azərbaycan Xalq
Cümhuriyyəti illərindən sonra, rüşeym
halında inkişafını dayandırmış proseslər
yenidən dirçələrək demokratik mətbuatın
inkişafına xidmət etməyə başlayıb...”
O, 2000-2007-ci illərdə “Respublika”, “Azərbaycan
müəllimi”qəzetlərinin, 2000-2013-cü illər
arasında isə “Azərbaycan ordusu”qəzetində müxbər
olaraq fəaliyyət göstərib. 2000-ci ildən Azərbaycan
Jurnalistlər Birliyinin üzvüdür. 2015-ci ildə
“İnform.AZ" xəbər saytını qurub və sayta rəhbərlik
edib. Türkiyədə məskunlaşdığı
üçün 2020-ci ildən saytın fəaliyyətini
dayandırıb...
“Mən şəxsən mərhum Yusif Səmədoğlunun
“Qətl günü” əsərindən sonra ona tay ola biləcək
başqa bir əsərə rast gəlməmişəm. Kəmiyyətdən
danışmıram, keyfiyyətdən danışıram.
Sovet dövründə məğrur qədəmlərini atan ədəbiyyatımız
indi nə gündədir, nə üçün hətta iməkləyə
bilmir? Yaxşı tərcümə də qeybə çəkilib.
Nə edək, kimi oxuyaq, necə oxuyaq? Ən sərfəli yol
sosial şəbəkələrdir, onlarda da nə redaktor var,
nə korrektor, kim necə bacarır, elə də yazır. Nəşr
olunan kitablar da, maşallah olsun, qalaq-qalaq. Doğrudur, kitaba pis
demək olmaz, amma kitabyazan onu abırlı yazıb cəmiyyətə
təqdim etməlidir. Açıq etiraf etmək
lazımdır ki, bizim oxucular çap edilən kitabları
oxumurlar, az-çox maraqlananlar da “diaqonal” üzrə oxuyurlar.
Füzulini, Vaqifi, Səməd Vurğunu, Bəxtiyar Vahabzadəni,
İlyas Əfəndiyevi, Xətaini, Fərman Kərimzadəni
oxuyub həqiqi zövq almış oxucu indi birdən-birə bəzi
“xanəxarab” müəlliflərin yazılarından necə
faydalana bilərlər? Və yaxud bu qədər üzdəniraq
qəzet buraxınca, yüzlərlə eyni məqsədlə
yaradılan, lakin bu məqsədlərdən baş
çıxarılmayan saytlar yaradınca bir-iki
abırlısını işlət, deyim iş görürsən.
Çox təəssüf! Yaratdıqları, guya
postmodernizmdir, o da ki... Yazıçı və jurnalist olmaq
istəyənlər də həddindən ziyadədir. Gərək
adamın özündə insaf ola və hər kəs öz
işi-peşəsi ilə məşğul olmalıdır.
Bir kənddə ki, əhalinin hər on nəfərindən
biri müxbir, yaxud şairdir, buna nə deyəsən? Kimə
lazımdır bu? Yazarların sayı, internetdə cürbəcür
kanalların, portalların sayı vurub çıxıb kəlləçarxa,
bax buna təəssüflə yanaşıram. Eyni fikri, eyni
ifadəni, eyni mövzuda eyni sözləri nə qədər
təkrar etmək olar?”- söyləyir.
Məhəmməd Hüseyn Şəhriyarla
bağlı ciddi araşdırmalar aparıb çoxcildlik
kitab üzərində işləyir. Tədqiqat
apardığı vaxtlar hətta İranın hüquq
mühafizə orqanları tərəfindən saxlanılaraq
bir neçə günlük həbs olunub da. Ölkə rəhbəri
işə qarışandan sonra onu azad ediblər. Şəhriyarla
bağlı xeyli yanlışlıqları üzə
çıxarıb və əsl həqiqəti ortaya qoya
bilib...
Deyir ki:- “Mən həmişə demişəm, Şəhriyar
haqqında çox əsərlər yazılıb. Amma Şəhriyarı
Şəhriyar olaraq ortaya qoya bilməmişik. Alim işini
bilirsiniz də, onun haqqında yazılan bütün əsərləri
oxuyub, təhlil etmişəm. Bu əsərlərin
hamısında Şəhriyar barəsində məlumatlar
bir-birini təkrar edir. Amma mən İranda olan ərəfədə
görüşlərim oldu. Görüşdüyüm
insanlar onu daha yaxından tanımağıma
yardımçı oldu. Yekunda bir qərara gəldim, Şəhriyarı
Şəhriyar edən onun millətinə, dilinə,
insanlığa bağlılığıdır. O, fani
dünyaya, dünya malına bağlı biri deyildi, dəhşətli
dərəcədə kasıb yaşayıb. Amma ona çevrəsi,
şah, şahın yoldaşı tərəfindən
çox təkliflər olub. Şair isə heç birini qəbul
etməyərək kasıb, acı həyatına
tablaşıb və belə güclü-samballı əsərlər
ortaya çıxarıb. Mənim yaralı yerim Şəhriyarın
doğum tarixinin bugünədək düzgün
yazılmamsıdır. 1904, 1905, 1906, 1907-ci il yazanlar var. Mən
özüm də bugünədək 1906-cı il deyə
istinad edib yazmışam. Nəhayət, İran səfərimdə
Şəhriyarın şəxsiyyət doğum şəhadətnaməsini
gördüm; orada 1905-ci il martın 26-da doğulduğu
yazılır. Yəni bu tarixin düzgün
yazılmasını istərdim. Bir də Şəhriyar barədə
orta məktəb dərsliyində çox qısa bilgilərin
verilməsi məni narahat edir...”
Ölkədə, dünyada baş verən məsələlərlə
maraqlanmağı xoşlayan xanımdır. Gələcəklə
bağlı çox narahatdır. O, sanki güc mərkəzidir.
Onun enerjisindən, sərt xarici görkəmindən qorxmaq
lazım deyil. Əksinə, o, inanılmaz dərəcədə
həssas və emosionaldır. Ancaq özünü
düşünmür, hamıya yardımçı olmağa
tələsir...
“Bir məqamı da qeyd edim ki, mən ən əsası
xoşbəxt bir anayam. Peşman deyiləm ki, bu günə qədər
elmlər namizədi olmamışam, kitablarımı çap
etməmişəm. Maddi və mənəvi resurslarımı
iki övladıma sərf etmişəm ki, layiqli, intellektual gənc
kimi formalaşsınlar. İndi də onlar məndən tələb
edir ki, ana, kitablarını bitir. Bilirsiniz, insan çox qəribə
bir məxluqdur. Həyatda qarşısına nə qədər
çətinlik, mücadilə çıxır. Bunlara
dözmək, çətinliklərə sinə gərmək,
yenə də gülmək hər insana nəsib olmur.
Zamanında çox gözəl maddi imkanlarım olub. O
vaxtlarımda özümdən də çox çevrəmdə
ehtiyacı olan insanları düşünmüşəm.
Kimsə qapımdan peşman qayıtmayıb. Halal
xoşları olsun. Mən həyatımda özüm
üçün yaşamamışam. Hər zaman
başqaları üçün yaşamışam.”- söyləyir.
İnsanlara çox inanır. Dəfələrlə
aldansa da- "Məni birinci dəfə aldatsalar, aldadana
ayıb olsun, ikinci dəfə aldansam, mənim özümə
ayıb olsun"- kəlamını dilə gətirir.
Əliaçıq və səxavətli xanımdır.
Dostluqda mehribandır, rəfiqələri ilə yaxşı
anlaşa bilir. Milli adət-ənənələrə
çox bağlıdır. Hətta romantik düşüncələrində
belə reallıqdan uzaqlaşmır və
duyğularını adamların çoxundan daha real
yaşamağı bacarır...
...Bəli, dekabrın 24-ü Xalidə xanımın
60 yaşı tamam olur. Ona möhkəm can
sağlığı, yaradıcılıq uğurları
arzulayıram...
Elman Eldaroğlu
Xalq Cəbhəsi .- 2025.-
25 dekabr(¹48).- S.15.