“Kənddən şəhərə”
yarmarkaları məqsədinə çatırmı?
“Kənddən şəhərə” yarmarkaları
fermerlərin məhsullarını birbaşa şəhər
bazarına çıxarıb satması və şəhər
əhalisinin ucuz, təzə ərzağa
çıxışını təmin etmək məqsədilə
tətbiq olunur. Kağız üzərində bu təşəbbüs
həm fermerlərin qazancını artırmalı, həm də
istehlakçılara daha sərfəli qiymətlər təqdim
etməlidir. Lakin praktika göstərir ki, yarmarkalarda fermerlərin
iştirakı real şəkildə təmin edilmir. Əksər
hallarda məhsulu bazarlardan tanınan alverçilər gətirir
və qiymətlər adi bazar səviyyəsindən fərqlənmir.
Bu vəziyyət layihələrin əsas
ideyasını puça çıxarır, həm fermerlərin
gəlirlərinə mənfi təsir göstərir, həm də
istehlakçının cibinə əlavə yük
yaradır. Fermer məhsulunu özü gətirib
satmadığı üçün vasitəçilərə
asılı qalır, nəticədə həm satış
qiymətləri ucuzlaşmır, həm də
istehlakçılar gözlədikləri sərfəli qiymətlərlə
məhsul əldə edə bilmirlər. Beləliklə, “Kənddən
şəhərə” yarmarkaları kağız üzərində
cəlbedici görünməsinə baxmayaraq, praktikada daha
çox formal xarakter daşıyan vitrin tədbirinə
çevrilir.
Yarmarkalar formal xarakter daşıyır
Məsələ ilə bağlı “Xalq Cəbhəsi”nə
açıqlama verən iqtisadçı ekspert Akif Nəsirli
qeyd edib ki, yarmarkalarda birbaşa fermerlərin iştirakına
real şərait yaradılmaması bu təşəbbüslərin
əsas ideyasını tamamilə puça
çıxarır.
Onun sözlərinə görə, kağız üzərində
“Kənddən şəhərə” yarmarkaları fermerlərin
məhsulunu vasitəçisiz satması, şəhər əhalisinin
isə daha ucuz və təzə ərzağa
çıxış əldə etməsi üçün nəzərdə
tutulur: “Amma praktikada bu yarmarkalarda fermerləri deyil, bazarlardan
tanınan alverçiləri görürük. Qiymətlər
də adi bazar qiymətlərindən ciddi şəkildə fərqlənmir.
Bu isə yarmarkaların formal xarakter
daşıdığını göstərir. Kənddən
şəhərə adı cəlbedici səslənsə də,
faktiki olaraq bu ad sadəcə simvolik etiketa çevrilib.Fermer məhsulunu
özü gətirib satmaq əvəzinə yenə də
vasitəçilərdən asılı vəziyyətdə
qalır. Onun şəhər bazarına birbaşa
çıxışı təmin edilmir.
İqtisadçı ekspertin sözlərinə
görə, bu vəziyyət həm fermerin qazancına, həm
də istehlakçının cibinə mənfi təsir
göstərir: “Vasitəçilərin çoxluğu qiymət
zəncirini uzadır. Nəticədə istehlakçı
ucuzluq gözlədiyi yerdə bahalaşma ilə üzləşir,
fermer isə məhsulunu layiqli qiymətə sata bilmir. Fermerlər
üçün nəzərdə tutulduğu iddia edilən
bu layihələrə ayrılan vəsaitlərin necə xərcləndiyi
ilə bağlı da ciddi suallar var.Kəndlinin real
iştirakı təmin olunmur, prosesin mərkəzində yenə
də alverçilər dayanır. Bu isə yarmarkaları əhalinin
rifahına xidmət edən mexanizm deyil, sadəcə
görüntü naminə təşkil olunan vitrin tədbirinə
çevirir”.
“Fermerin işi istehsaldır, satış yox”
İqtisadçı ekspert Xalid Kərimli isə deyib
ki, istər 8-ci kilometr bazarı olsun, istərsə də digər
kolxoz bazarları – bazarlarda ticarət yerləri təsadüfi
şəkildə dəyişmir. Alverçi gəlib öz
yerini tutur və satdığı məhsul bitəndə həmin
yeri başqa birinə verməyə məcbur deyil. Fermer gəlib
“yerindən çıx, mən satım” deyə bilməz. Bu
reallığı nəzərə alaraq, Kənd Təsərrüfatı
Nazirliyi fermerlər üçün ayrıca yarmarkalar təşkil
edib.
O qeyd edib ki, fermer üçün ildə cəmi bir
həftəlik bazar yeri götürmək səmərəli
deyil: “Fermer ya il boyu bazarda yer tutmalıdır – bu isə onun
üçün sərfəli deyil – ya da öz əsas
işi olan əkin-biçinə fokuslanmalıdır.
Heç kim fermeri sıxışdırmır, sadəcə
fermer təsərrüfatını düzgün
planlaşdırmalıdır.
Əmək bölgüsü prosesi tarixən
formalaşıb və kənd təsərrüfatında bu dəyişməz
prinsipdir. Əkən ayrıdır, biçən
ayrıdır, satan ayrıdır, daşıyan
ayrıdır. Bu model bütün dünyada mövcuddur. Kənd
təsərrüfatında da eyni mexanizm işləyir”.
Xalid Kərimli vurğulayıb ki, nazirliyin təşkil
etdiyi yarmarkalar bu problemi qismən həll etməyə
çalışsa da, bu format hər zaman fermer
üçün yüksək səmərə vermir...".
Günel Elxan
Xalq Cəbhəsi .- 2025.-
25 dekabr(¹48).- S.14.