Azərbaycana ət idxalı artıb: səbəb nədir?
Bir müddət öncə dabaq xəstəliyi ilə
bağlı respublikanın bir neçə rayonunda
heyvandarlıq fermalarının fəaaliyyəti
dayandırıldı. Bu da ət məhsullarının
qıtlığına və eyni zamanda bahalaşmasına gətirib
çıxarıb. Rəsmi məlumatlara istinadən deyə
bilərik ki, bu boşluqların aradan qaldırılması ilə
bağlı ölkəmizə xaricdən ət idxalı
prosesi sürətləndirilir.
“Xalq Cəbhəsi” məsələ ilə
bağlı iqtisadçıların fikirlərini öyrənib.
“Subsidiyalaşma layihələrinə yenidən
baxılmalıdır”
İqtisadi Resursların Öyrənilməsi İctimai
Birliyinin (İRÖİB) sədri Ruslan Atakişiyev söyləyib
ki, ölkədə son dövrlər iribuynuzlu və
xırdabuynuzlu mal qaranın kənd təsərrüfatı
sahəsində yerli tələbatı ödəyə bilməməsi
səbəbi ilə müxtəlif xarici ölkələrdən
idxal həyata keçirilir: “Bu əsasən Belarusiya,
Hindistandır. Həmçinin hazır qida məhsulları da
çeşidli şəkildə digər ölkələrdən
idxal olunur. Ümumiyyətlə, Azərbaycanda daxildə
istehsalla, maldarlıqla bağlı yem ehtiyatlarının qiymətlərinin
bahalaşması və bunun çox zaman kəndlilərə
sərf etməməsi, örüş yerlərinin
azalması, o cümlədən heyvana baxımla bağlı,
məsələn, onun xəstəliyi, dərmanı bu kimi məsələlər
kiçik ev təsərrüfatlarında heyvanların
sayının azalmasına gətirib çıxarır. Məhz
bu səbəbdən də gələcəkdə bu sektorun
inkişaf etdirilməsi üçün subsidiyalaşma ilə
bağlı layihələrə yenidən
baxılmalıdır. Daha dərindən
araşdırılıb müvafiq tədbirlər həyata
keçirilməlidir”.
“Heyvanların sayında azalma var”
İqtisadçı ekspert Xalid Kərimli söyləyib
ki, idxal ona görə artır ki, ətin qiymətləri
daxili bazarda yüksəlir və buna görə də
idxalçılar idxalı sərfəli görürlər:
“Yəni baxırlar ki, bu qiymətə idxal edib, alıb gətirsələr,
sata bilərlər. Ətin bahalaşması idxalı
stimullaşdırır. Yerli heyvandarlıq hesabına indiki
göstəricilərlə tələbatı ödəmək
mümkün deyil. Hətta idxal olmasa, qiymətlər daha da
bahalaşa bilər. Yəni əgər ət idxalı olmasa,
ilkin məqamda qiymətlər ən azı 40-50 faiz daha baha
ola bilər və sonra da bahalaşma davam edər.
Çünki ölkədə saxlanılan heyvanların
sayında azalma müşahidə olunur. Son 10 ildə həm
iribuynuzlu, həm də xırdabuynuzlu heyvanların sayında
kəskin azalma var. Əhalinin tələbatı isə
artır. Əhalinin ətə olan tələbatı
artır, baxmayaraq ki, qiymət artır. Görünür ki,
insanların gəlirləri də artır deyə ət kəsiminə
olan tələbat artır. Yəni bu nüans var. Ona görə
də ət bahalaşır, saxlanılan heyvanların sayı
azalır, ətə olan tələbat artır. Ona görə
də idxal artır. İdxal olmasa, daha da baha olar.
İnsanların ətə əlçatımlığı
daha da aşağı düşər. Qiymətlər indiki
qiymətlərdən 50-60 faiz ilkin dövrdə daha baha olar”.
“Heyvandarlıq inkişaf etməlidir”
X.Kərimli bildirib ki, ölkə
heyvandarlığı inkişaf etdirsə, əhalinin tələbatını
ödəmək mümkündür: “Amma çox təəssüf
ki, heyvandarlıq sahəsində son dövrlər tənəzzül
müşahidə edirik. Əgər 2016-2017-ci ildə ölkədə
8,8 milyon baş qoyun keçi saxlanılırdısa, indi bu
düşüb 7 milyondan aşağı, 6,8 milyona və əhalinin
də tələbatı 10 ildə 25 faiz artıb.
Görünür, qoyunların sayı 2 milyon aşağı
düşüb, amma tələbat əksinə 25 faiz
artıb. Maldarlıqda da bu var. Təqribən son 5 ildə 10
faizə qədər azalma var, amma yenə də əhalinin tələbatında
yüksəlmə var. Heyvandarlıq inkişaf etməlidir.
Heyvandarlığın inkişaf etməsində qiymətlərin
qalxması buna müsbət təkan verir. Sahibkar baxır ki,
qiymətlər yüksəkdir, pul qazanmaq mümkündür
o zaman bu sahəyə investisiya qoyacaq. Amma ümumi şəkildə
qiymətlər artacaq. Çünki boş otlaq sahələri
demək olar ki, yoxdur. Qarabağ və Şərqi Zəngəzur
qayıdanda ümidlər vardı ki, orada heyvandarlıq
inkişaf edəcək, boş sahələr çoxdur. Amma
digər ərazilərdə boş sahələr yoxdur, ya da
azdır. Ya əkinçilik, bostançılıq,
bağçılıq var və yaxud da şoran
torpaqlardır. Torpaqların yarısı şoran vəziyyətdədir”.
Liberal İqtisadçılar Mərkəzinin sədri
Akif Nəsirli qeyd edib ki, Azərbaycanda son illər mal və
qoyun ətinin idxalının artmasının əsas səbəbi
yerli istehsalın daxili tələbatı tam ödəyə
bilməməsidir: “Heyvandarlıq sahəsində problemlər
uzun müddətdir mövcuddur və bu, ət bazarında
özünü daha qabarıq göstərməyə
başlayıb. İlk növbədə iribuynuzlu və
xırdabuynuzlu heyvanların sayında azalma müşahidə
olunur. Otlaq sahələrinin daralması, torpaqların bir hissəsinin
kənd təsərrüfatından kənar istifadəyə
verilməsi, suvarma və yem bazası ilə bağlı
çətinliklər fermerlərin heyvan saxlamaq
imkanlarını məhdudlaşdırır. Yem məhsullarının
bahalaşması da heyvandarlığın maya dəyərini
artırır və bir çox təsərrüfat
üçün bu sahəni rentabelsiz edir”.
O deyib ki, digər mühüm amil kənd yerlərindən
şəhərlərə miqrasiyadır: “Əmək qabiliyyətli
insanların kənd təsərrüfatından
uzaqlaşması heyvandarlıqla məşğul olanların
sayını azaldır. Nəticədə, həm
heyvanların saxlanması, həm də onların
artırılması zəifləyir. Bu da yerli ət
istehsalının həcminə birbaşa təsir edir”.
Onun sözlərinə görə, eyni zamanda, əhaliyə
düşən ət istehlakı azalmaq əvəzinə stabil
qalır, bəzi hallarda isə artır: “Əhali sayı və
şəhərləşmə prosesi fonunda bazarda ətə
tələbat yüksək olaraq qalır. Yerli istehsal bu tələbi
qarşılaya bilmədikdə isə boşluğu idxal
hesabına doldurmaq zərurəti yaranır. Bu səbəbdən
həm diri mal-qara, həm də hazır ət məhsullarının
ölkəyə gətirilməsi artır. Mövcud şəraitdə
yerli istehsalla daxili tələbatı tam ödəmək
çətindir. Bunun üçün heyvandarlıqda məhsuldarlığın
artırılması, yem istehsalının genişləndirilməsi,
fermerlərə real və davamlı dəstək mexanizmlərinin
qurulması vacibdir. Bu addımlar atılmadığı
müddətdə idxaldan asılılıq qalacaq və ət
bazarında qiymət təzyiqləri davam edəcək”.
Röya İsrafilova
Xalq Cəbhəsi .- 2025.-
25 dekabr(¹48).- S.13.