Sahibkarlara dəstək və
biznesin gözləntiləri
Bu ilin yanvar-iyun aylarında KOB evlərində
sahibkarlara 260 minə yaxın xidmət göstərilib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən
bildirilib ki, bu xidmətlərin 170 minə yaxını
“Bakı KOB evi”nin, 54 minə yaxını “Yevlax KOB evi”nin, 34
minə yaxını isə “Xaçmaz KOB evi” və onun Xudat
şəhərindəki xidmət mərkəzinin payına
düşür. Göstərilən xidmətlərin 232 mindən
çoxu dövlət qurumları (“G2B”), 24 mindən çoxu
isə biznes qurumları (“B2B”) tərəfindən göstərilib.
Sahibkarlar KOB evlərinə daha çox
yükdaşımaları həyata keçirmək
üçün icazə blankı, fərqlənmə
nişanı, mənşə sertifikatı, fiziki şəxsin
vergi uçotuna alınması, vergi, gömrük, kommunal xidmətlər
və s. üçün müraciət ediblər. Bu ilin I
yarısında KOB evlərində yeni xidmətlər də
sahibkarların istifadəsinə verilib. Sahibkarların KOB evlərində
göstərilən xidmətlərdən məmnunluq səviyyəsi
98 faiz təşkil edir.
Qeyd edək ki, KOB evləri sahibkarlara operativlik, şəffaflıq
və vətəndaş məmnunluğu prinsipləri əsasında
biznes xidmətlərinin göstərildiyi vahid məkandır.
Hazırda KOB evlərində biznesin qeydiyyatından
başlayaraq inkişaf etdirilməsinə qədər olan
bütün zəruri xidmətlər, o cümlədən
biznesin qeydiyyatı, lisenziya, icazə və digər sənədlərin
alınması, vergi və gömrük məsələləri,
güzəştli maliyyə vəsaitlərinə
çıxış, kommunal xidmətlərə qoşulma,
bank, sığorta, notariat və digər xidmətlər
göstərilir. Ümumilikdə Bakı, Xaçmaz və
Yevlax KOB evlərində sahibkarlara 50-yə yaxın dövlət
və özəl qurum tərəfindən sahibkarlıq fəaliyyəti
üçün zəruri olan 400-dən çox “G2B” və
“B2B” xidmətlər göstərilir. KOB evləri Kiçik və
Orta Biznesin İnkişafı Agentliyinin strukturuna daxildir.
Kiçik və orta biznesin əsas problemlərindən
biri əlverişli maliyyə resurslarına
çıxışdır. Hər halda az sayda layihələri
əhatə etsə də, dövlət qurumları bu sahədə
müəyyən addımlar atır. KOB subyektlərinin 30
layihəsinə 500 min manatdan çox qrant ayrılacaq. Mikro,
kiçik və orta sahibkarlıq subyektlərinin təhsil,
elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi
üçün elan edilmiş 7-ci qrant müsabiqəsinin nəticələri
açıqlanıb. Kiçik və Orta Biznesin
İnkişafı Agentliyi (KOBİA) tərəfindən
keçirilmiş müsabiqəyə təqdim edilmiş layihələrdən
30-na ümumilikdə 500 min manatdan çox qrant vəsaitinin
ayrılması barədə qərar qəbul olunub. Qalib layihələr
kənd təsərrüfatı, sənaye, alternativ enerji, ətraf
mühitin qorunması, xidmət, təhsil, maliyyə və s.
kimi sektorlarda yeni məhsul və xidmətlərin, rəqəmsal
həllərin yaradılması və təkmilləşdirilməsini,
tədqiqatların aparılmasını və digər istiqamətləri
nəzərdə tutur.
Layihələrin ekspertizası məqsədilə
yaradılmış Ekspert Komissiyasının bu gün
keçirilmiş iclasında qeyd edilib ki, 7-ci qrant müsabiqəsinə
KOB subyektləri tərəfindən 287 layihə təqdim
edilib. KOB subyektlərinə məxsus layihələrin 89-u
hüquqi, 198-i fiziki şəxslərə, o cümlədən
275-i mikro, 12-i kiçik sahibkarlıq subyektlərinə məxsus
olub. Müsabiqəyə təqdim olunmuş layihələrdən
85-i təhsil, 24-ü elm, 48-i tədqiqat, 130-u dəstək
layihələridir.
Qeyd edək ki, mikro, kiçik və orta sahibkarlıq
subyektlərinin təhsil, elm, tədqiqat və dəstək
layihələrinin maliyyələşdirilməsi
üçün elan edilmiş 7-ci qrant müsabiqəsinə
sənəd qəbulu 15 aprel – 14 may 2025-ci il tarixlərində,
layihələrin ekspertizası və qiymətləndirilməsi
isə 16 may 2025-ci il – 16 iyun 2025-ci il tarixlərində həyata
keçirilib. Ekspert Komissiyası tərəfindən layihələrin
qiymətləndirilməsi zamanı Nazirlər Kabinetinin 30
sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq olunmuş
meyarlara uyğun olaraq, onun mikro, kiçik və orta
sahibkarlığın inkişafına təsiri, innovativliyi, əsaslandırılmış
ideyasının olması, praktiki məqsədlər
üçün tətbiq imkanları, layihənin icrası
üçün lazımi təcrübənin və
maddi-texniki bazanın mövcudluğu və digər bu kimi
amillər əsas götürülüb. Qalib layihələrin
hər birinə maksimum 20 min manata qədər maliyyə vəsaiti
ayrılacaq.
KOBİA-nın təşkilatçılığı
ilə 2025-ci ilin yanvar-iyun ayları ərzində
sahibkarların və potensial biznes subyektlərinin
iştirakı ilə Bakıda və regionlarda 68 sahəvi və
maarifləndirici görüş keçirilib. 1400-dən
çox sahibkarın qatıldığı görüşlər
maliyyə resurslarına çıxış, turizm,
heyvandarlıq, çayçılıq, sənaye, reklam və
digər sektorlar üzrə biznesin aktual ehtiyaclarına həsr
olunub. Sahibkarların iştirak imkanlarını artırmaq məqsədilə
bəzi görüşlər onlayn formatda baş tutub. 2025-ci
ilin ikinci yarısında da sahəvi və maarifləndirici
görüşlər davam etdiriləcək.
Qeyd edək ki, müvafiq dövlət
qurumlarının iştirakı ilə təşkil olunan belə
görüşlər sahibkarlarla birbaşa ünsiyyətin
genişlənməsinə, onların ehtiyac və təkliflərinin
yerində öyrənilməsinə, mövcud dəstək
mexanizmləri barədə məlumatlandırılmasına,
eləcə də praktiki məsələlərin müzakirəsinə
imkan yaradır. Bu görüşlər, eyni zamanda,
sahibkarların bilik və bacarıqlarının
artırılması, şəbəkələşməsi,
dövlət-sahibkar əməkdaşlığının
gücləndirilməsi baxımından da əhəmiyyətlidir.
Görüşlərdə biznes subyektlərinin səsləndirdiyi
təklif və fikirlər gələcəkdə yeni dəstək
alətlərinin formalaşdırılması, qanunvericilik təşəbbüsləri
baxımından da önəmlidir.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi
(KOBİA) tərəfindən daha 2 KOB subyektinə “Startap”
şəhadətnaməsi verilib. Müvafiq sənədin
verilməsi üzrə KOBİA-da yaradılmış Ekspertlər
Şurasının növbəti iclasında 7 layihəyə
baxılıb və onlardan 2-nə “Startap” şəhadətnaməsinin
verilməsi barədə qərar qəbul olunub. “Startap” şəhadətnamələri
"İloyal" MMC-nin müştəri loyallığı
və rəqəmsal menyu idarəetmə platforması və fərdi
sahibkar Cəmil Muradovun qida və qeyri-qida məhsullarının
satışı üzrə onlayn “marketpleys” və
çatdırılma xidməti layihələri
üçün təqdim edilib. Ümumilikdə indiyədək
KOBİA tərəfindən 215 KOB subyektinə “Startap” şəhadətnaməsi
verilib. “Startap” şəhadətnaməsi KOB subyektlərini
şəhadətnaməni aldıqları tarixdən etibarən
innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər
üzrə mənfəət və ya gəlir vergisindən 3
il müddətinə azad edir.Layihələri inkişaf mərhələsində
olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap”
şəhadətnaməsi üçün KOBİA-ya
müraciət edə bilərlər.
Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin
dayanıqlığının və inkişafının təmin
edilməsi üçün onların aşağı faizli,
daha ucuz maliyyə resurslarına çıxışı
mühüm əhəmiyyət kəsb edir. Bunlarla
yanaşı, sahibkarların kreditlərə, investisiya
qoyuluşları üçün dah çox vəsaitə
ehtiyacları var. Əslində Azərbaycanda qeyri-neft sektoru
böyük istehsal və ixrac imkanlarına malikdir. Bu
potensialdan səmərəli istifadə edilməlidir. Bunun
üçün yerli istehsalın və ixracın
stimullaşdırılması vacibdir. Bu baxımdan sahibkarlara əlverişli
maliyyə-kredit resursları lazımdır.
İnvestisiya qoyuluşunda daxili yatırımlar
üstünlük təşkil edir, əsas sərmayəçi
dövlətdir. Ona görə də, iqtisadiyyata sərmayə
yatırımlarının artırılmasına ehtiyac
olduğu bir zamanda real sektora sahibkarların vəsitlərinin
cəlb edilməsi, bu prosesin stimullaşdırılması
mühüm əhəmiyyət kəsb edir. Xüsusən də
işğaldan azad olunmuş Qarabağın
iqtisadiyyatının yenidən qurulmasında çox
böyük həcmdə sərmayələrə ehtiyac var.
Qarabağda iqtisadiyyatın yenidən qurulması sahəsində
məqsəd həm də sahibkarları və onların sərmayələrini
regionun iqtisadi inkişafına cəlb etməkdir. Əslində
pul qazanmaq marağında olan sahibkarlar da Qarabağda fəaliyyət
göstərməyə həvəsli görünürlər.
Hətta artıq onların əlində konkret layihələr
də var. Belə ki, Azərbaycan Kiçik və Orta Biznesin
İnkişafı Agentliyinə (KOBİA) erməni
işğalından azad edilmiş ərazilərdə biznesin
təşkili üçün sahibkarlardan yüzlərlə
müraciət daxil olub.
Aydın məsələdir ki, davamlı iqtisadi
artıma nail olmaq üçün investisiya qoyuluşları
mühüm amildir. Azəzrbaycanda daxili investisiyalar yüksək
paya malikdir ki, bu da işğaldan azad olunmuş ərazilərdə
bərpa və yenidənqurma işlərinə böyük həcmdə
dövlət investisiyalarının yatırılması ilə
əlaqədardır. İndiyədək işğaldan azad
olunmuş ərazilərin bərpası və yenidən
qurulmasına 20 milyard manat vəsait xərclənib. Əsas
infrastruktur qurulduqdan sonra özəl səramayələr və
biznes üçün imkanlar artacaq. Dövlətin
yaratdığı əlverişli biznes mühiti, bir sıra
vergi güzəştləri, eləcə də infrastrukturun bərpası
istiqamətində görülən işlər özəl
sektoru da bu ərazilərdə iş görməyə
sövq edəcək. Bunlarla yanaşı, Azərbaycanda
manatla verilən kreditlərin bahalaşması, yəni ktredit
faizlərində artım müşahidə olunur. Ancaq biznesin
gözləntiləri əlcatan, ucuz və sərfəli maliyyə
resusrlarıdır...
Mahir
Xalq Cəbhəsi .- 2025.- 10 iyul(¹25).-S.12.