Aqrar sektorun inkişafı: problem və perspektivlər
Hazırda dünyada prioritet istiqamətlərdən
biri aqrar sektorla bağlıdır. Bu gün dünya
mediasında müzakirə olunan mövzulardan biri
dünynın qida çatışmazlığı problemi ilə
üzləşmə riskidir. Mütəxəssislər hesb
edirlər ki, iqlim problemi qida
çatışmazlığına yol açma ehtimalı
yüksəkdir.
Azərbaycanda isə aqrar sektorun müxtəlif problemləri
mövcuddur. Bir çox mütəxəssislər qeyd edir ki,
suvarma problemi, texniki avadanlıqlarla təminatın
aşağı səviyyədə olması, yüksək
texnologiyaların tətbiq edilməməməsi və s. kimi
çatışmazlıqlar bu sahənin inkişafını
ləngidir. Həmçinin bu sahədə beynəlxalq təcrübədən
yararlanmaqla problemləri aradan qaldıraraq irəliləyiş
əldə etməyin mümkün olacağını söyləyənlər
də var.
“Xalq Cəbhəsi” aqrar sektorda olan problemlərin və
sözügedən sahənin inkişafının ləngiməsinin
səbəbi ilə bağlı ekspertlərin fikirlərini
öyrənib.
İqtisadçı ekspert Akif Nəsirli Azərbaycanda
aqrar sahənin müxtəlif problemləri olduğunu
vurğulayıb: “Ölkədə su problemi var, su idarə
edilmir. Həmçinin fermerlərin subsidiya təminatında
problemlər mövcuddur. Subsidiya verilir, amma o səmərəsizdir.
Üstəlik subsidiyanın məbləği kifayət qədər
aşağıdır. Fermerlərin maarifləndirilməsi
aşağı səviyyədədir. Bölgələrdə
kifayət qədər mütəxəssis
qıtlığı var. Əslində mütəxəssislər
var, amma fermerlərin onlara pul verib işlətməyə
imkanları yoxdur. Amma bütün bu şəraitdə məhsul
yetişdirilir və o məhsulun bazara
çıxarılmasında ciddi problemlər var”
“Fermer məhsulunu bazara çıxara bilmir”
A.Nəsirli fermerlərin bazar problemi
yaşadığını bildirib: “Fermer öz məhsulunu
özü bazara çıxara bilmir. Fermerdən məhsulu
qapıda su qiymətinə dəllallar alır və aparıb
iri şəhərlərdə özlərinin ödənişli
tutduqları bazarlarda satırlar. Yəni ölkənin
Bakı, Gəncə kimi böyük şəhərlərinin
ətrafında pulsuz topdan satış mərkəzləri belə
yaradılmayıb. Bakı kimi 5 milyon əhalisi olan şəhərin
bir dənə topdan satış bazarı – Meyvəli
bazarı var. Ondan başqa fermerlər heç bir yerə
getmir. Orada da növbə var, ödənişlidir və
ödənişi də kifayət qədər çoxdur”.
“Aqroparklar məhsuldarlığı yüksəldə
bilmir”
Ekspert həmçinin fermerlərin avadanlıqlarla təminatının
da aşağı səviyyə olduğuna diqqət çəkib:
“Heç bir fermer öz gücü, təşəbbüsü
ilə böyük texnika ala bilmir. Meyvə-tərəvəz
anbarı tikə və ala bilmir. Eləcə də anbar tikmək
üçün kreditlər də hər fermerə verilmir.
Halbuki, ölkədə mini meyvə-tərəvəz
anbarı artıq satışdadır. Sadəcə olaraq hər
bir fermerin özünün mini meyvə-tərəvəz
anbarı təşkil edilməlidir. Həm də bazarda
inhisarçılıq var. Son illər aqroparklar
yaradılır, aqroparklar özəl sektoru inzibatı vasitələrlə
sıxışdırır, onların torpaqlarında
onların imkanlarından istifadə edərək
yaradılır, amma məsələ burasındadır ki, o
aqroparklar da məhsuldarlığı yüksəldə
bilmirlər”.
“Kənd təsərrüfatının ciddi problemləri
var”
İqtisadçı ekspert Xalid Kərimli Azərbaycanın
bir sıra məhsullarla təminat səviyyəsinin tam olmasa
da müəyyən dərəcədə kənd təsərrüfatı
hesabına təmin olunduğunu deyərək kənd təsərrüfatının
ciddi problemləri olduğunu qeyd edib: “Suvarma problemi, su
çatışmazlığı, su təminatının pis
olması problemi var ki, sahibkarlar, təsərrüfat sahibləri
bundan çox əziyyət çəkir. Ölkədə su
qıtlığı ciddi problemdir. İkinci məqam kənd
təsərrüfatının bazarı ilə əlaqədar
problemdir. Daxili bazarı çıxmaq şərti ilə bir
ixrac bazarından asılıyıq”.
“Bir bazardan asılılıq ciddi siyasi risklər
yaradır”
X.Kərimlinin sözlərinə görə, Rusiya
bazarından çox asılıyıq, bu da kənd təsərrüfatının
dayanıqlı inkişafına mane olur və bir bazardan da
asılılıq ciddi siyasi risklər yaradır: “Bu, kənd
təsərrüfatının ən böyük problemidir.
Artım səviyyəsi çox aşağıdır. Mən
sizə bu 5 aylıq iqtisadi artımı deyim. Bu artım 1,5
faizdir. Kənd təsərrüfatında keçən ilin 5
ayında iqtisadi artım 3,1 faiz idi. Yəni böyümə
sürəti də aşağı düşüb, kənd təsərrüfatı
ümümdaxili məhsulun ölkədə cəmi 4 faizini
verir. Baxmayaraq ki, məşğulluğun 3-də 1-i təqribən
bu sektor hesabına təmin olunur, amma iqtisadiyyatın,
ümumdaxili məhsulun cəmi 4 faizini verir”.
“İntensiv yollara əl atmalıyıq”
Ekspert həmçinin deyib ki, inkişaf
üçün ciddi potensial var: “İnkişaf da
ağıllı idarəetmə, kənd təsərrüfatı
sahəsində yüksək texnologiyaların tətbiqi ilə
mümkündür. Burada çox yaxşı Hollandiya,
İsrail, Avropa təcrübəsi var ki, kənd təsərrüfatını
inkişaf etdirmək istəyiriksə, bu cür intensiv yollara əl
atmalıyıq. Çünki Azərbaycanda ekstensiv yolla
mümkün deyil. Torpağı da azdır və
torpağın əhəmiyyətli hissəsi də dəmyə
təsərrüfatına yararsızdır. Buna görə də
inkişaf ancaq ağıllı idarəetmə və yüksək
texnologiyanın tətbiqi vasitəsilə mümkün ola bilər”.
“Böyük təsərrüfatlar yaranmalıdır”
İqtisadçı ekspert Emin Qəribli aqrar sahənin
ləngiməsinin bir neçə səbəbi olduğunu qeyd
edib: “Son dövrlər iqlim dəyişiklikləri nəticəsində
su ehtiyatları azalıb, torpaqların şoranlaşması
var və s. Özəlləşdirmə keçirildi və
insanlara torpaqlar verildi. Problemlərdən biri də odur ki, bu
gün də o torpaqlar səmərəli istifadə olunmur. Bəzən
görürük ki, insanlar o torpaqlardan istifadə etmir və
təkbaşına istifadə etmək bacarıqları yoxdur
və ya bir il istifadə edirlər və o məhsulun qiyməti
azalırsa, görürlər ki, səmərəli deyil və
ikinci il istifadə etmirlər. Çox hallarda, məsələn,
pandemiya dövründə gördük ki, insanlar gəlib
şəhərdə yaşayır, torpaqları var heç
ondan istifadə etmirlər”.
“Miqyas effekti rol oynayır”
E.Qəribli İsrail təcrübəsindən
danışaraq kənd təsərrüfatında
çalışanların icmalar
formalaşdırdığını bildirib: “İsrail təcrübəsində
belədir ki, bir neçə kiçik sahibkarlar və ya kənd
təsərrüfatında çalışanlar icmalar
formalaşdırır və bir kənd bir icma formasında məhsul
istehsal edir, becərir. Burada miqyas effekti rol oynayır. Onda maya
dəyəri aşağı düşür və birgə
olanda yük daha az düşür. Amma bizdə hər kəs
fərdi formada həyata keçirir. Suvarması çox baha
başa gəlir. Düzdür, dövlət bu sahədə də
yardımlar göstərir. Ancaq yenə deyirəm burada miqyas
effekti də rol oynayır”.
Ekspert deyib ki, bütün dünyada ixrac
yönümlü kənd təsərrüfatı məhsullarını
çox vaxt böyük şirkətlər, təsərrüfatlar
qurur: “Bizdə belə böyük təsərrüfatlar nisbətən
azdır. Yəni ki, burada çıxış yolu ya
böyük təsərrüfatlar yaranmalıdır ki, səmərəli
olsun, ya da ki, müəyyən eksperimentlər icma
formasında keçirilməlidir. Ona görə hesab edirəm
ki, kiçik fərdi formada effekt verməyəcək. Ola bilər
müəyyən bölgələrdə əsl sahibkarlar gəlib
digər insanlardan torpaq icarəyə götürüb və
ya sonradan alıb böyük təsərrüfat quraraq səmərəliliyi
təmin edə biləcəklər. Bir sözlə, bu sahədə
beynəlxalq təcrübə də çoxdur. Onları tətbiq
etmək olar. Kənd təsərrüfatı bütün
dünyada subsidiya tələbi olan bir sahədir. Hər yerdə
bu məsələ həssasdır. Bu barədə fikirləşmək
lazımdır”.
Röya İsrafilova
Xalq Cəbhəsi .- 2025.- 10 iyul(¹25).-S.8.