Milli
Kitabxanada “Əməkdar elm xadimi, professor Xəlil Yusifli – 90”
adlı virtual və ənənəvi kitab sərgiləri
istifadəçilərə təqdim olunub
Milli Kitabxanada klassik ədəbi irsimizin görkəmli
tədqiqatçısı Əməkdar elm xadimi, professor Xəlil
Yusiflinin yubileyi münasibətilə “Əməkdar elm xadimi,
professor Xəlil Yusifli – 90” adlı virtual və ənənəvi
kitab sərgiləri istifadəçilərə təqdim
olunub.
Virtual sərgidə rəsmi sənədlər,
professorun tədqiqatları, fotolar, alimin
yaradıcılığı haqqında dövri mətbuatda
çap edilən məqalələr və ədəbiyyatlar
nümayış olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər
https://anl.az/el/vsb/Xelil_Yusifli/index.html
linkindən istifadə edə
bilərlər.
Ənənəvi sərgidə
isə alimin əsərləri, fundamental elmi tədqiqatları,
dəyərli, sanballı monoqrafiyaları, dərslik və dərs
vəsaitləri, transliterasiya və tərçümələri,
elmi redaktor, tərtibçi və ön sözün müəllifi
olduğu kitablar, həyatı və zəngin elmi
yaradıcılığından, ədəbiyyatşünaslıq
elminin inkişafındakı xidmətlərindən bəhs edən ədəbiyyatlar nümayiş
olunur.
Qeyd edək ki, Xəlil Həmid oğlu Yusifli 17 iyul
1935-ci il tarixində Qazax rayonunun Əli Bayramlı (indiki Aslanbəyli)
kəndində anadan olub. O, 1945-1955-ci illərdə Əli
Bayramlı (Aslanbəyli) kənd orta məktəbində,
1955-1960-cı illərdə Azərbaycan Dövlət
Universitetinin Filologiya fakültəsində təhsil alıb.
Əmək fəaliyyətinə 1961-ci ildən Nizami
adına Ədəbiyyat və Dil İnstitutunda laborant kimi
başlayıb, 1962-1965-ci illərdə həmin İinstitutun
Qədim və orta əsrlər ədəbiyyatı
şöbəsinin aspirantı olub, 1967-ci ildə “Nizaminin
lirikası” mövzusunda namizədlik dissertasiyasını,
1987-ci ildə “Nizami Gəncəvi və Şərq
İntibahı” mövzusunda doktorluq dissertasiyasını
müdafiə edib, 1989-cu ildə professor elmi adını
alıb.
Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının
əsas tədqiqatçılarından biri olan Xəlil
Yusiflinin elmi fəaliyyətinin böyük bir hissəsini
Nizamişünaslıq təşkil edir. Onun çoxsaylı
elmi məqalələri, “Nizaminin lirikası” (1968), “Şərqdə
intibah və Nizami Gəncəvi” (1982) və “Nizami Gəncəvi:
sələflər və xələflər” (2011) adlı monoqrafiyaları bu məhsuldar
əməyin mükəmməl nəticəsidir. O, Nizaminin
“Xosrov və Şirin” əsərini fars dilindən ana dilimizə
poemanın bəhrini qorumaqla bədii tərcümə edib, “Xəmsə”yə
daxil olan əsərlərin yeni təfəkkür
işığında öyrənilməsi istiqamətində
yorulmadan fəaliyyət göstərib.
“Orta əsrlər Azərbaycan şeirində janrlar və
bədii ifadə vasitələri”, “Qədim və orta əsrlər
Azərbaycan ədəbiyyatı”, “Dünya ədəbiyyatı
tarixi. Antik dövr”, orta məktəblər üçün
“Ədəbiyyat” və s. dərsliklərin müəllifidir.
Professor Xəlil Yusiflinin klassik ədəbiyyat
nümunələrinin tərcüməsi və tərtibi sahəsində
gördüyü işlər sırasında Marağalı
Əvhədinin “Cəmşidin camı” (1970, 1986, 2004 –
Q.Beqdeli ilə birgə), Xaqani Şirvaninin “Seçilmiş əsərlər”
(2004), Arif Ərdəbilinin “Fərhadnamə” (2007), Mirzə
Şəfi Vazeh və İvan Qriqoryevin “Kitabi-türki” dərsliyinin
adlarını qeyd etmək vacibdir.
Xəlil Yusiflinin elmi və pedaqoji fəaliyyəti
dövlətimiz tərəfindən də yüksək qiymətləndirilib,
o, Azərbaycanda təhsil, elm və jurnalistikanın
inkişafındakı xidmətlərinə görə 12
aprel 2009-cu il tarixli, 241 ¹-li sərəncamı ilə “Əməkdar
elm xadimi” fəxri adına, 4 may 2015-ci il tarixli, 1202 ¹-li sərəncamı
ilə N.Gəncəvi irsinin tədqiqi və tədrisində
uzunmüddətli səmərəli fəaliyyətinə
görə “Şöhrət” ordeninə layiq
görülüb.
Xalq Cəbhəsi .- 2025.- 17 iyul(¹26).-S.15.