Zərdabi ənənələrini qoruyan Azərbaycan
mətbuatı - 150
Görkəmli Azərbaycan ziyalısı Həsən
bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi
“Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan
Milli Mətbuatı iyunun 22-də özünün 150 illiyini
qeyd edir. Bu illər ərzində mətbuatımız həqiqət
carçısı olmuş, cəmiyyəti
düşündürən problemləri, dövrün mütərəqqi
ideyalarını əks etdirmiş, xalqımızın maariflənməsində,
milli və bəşəri dəyərlərin təbliğində
mühüm rol oynayıb.
Mətbuatımızın qaranquşu olan
"Əkinçi” Azərbaycan dilində əsl milli
demokratik və xalq mətbuatının ilk təməl
daşını qoydu, cəmi 56 nömrəsi çıxan qəzet
millətin aynası oldu, Azərbaycan jurnalistikasının
bayraqdarına çevrildi. Qəzet xalqımızın milli
oyanışında, milli birliyinin möhkəmlənməsində
böyük əhəmiyyət daşıyıb. Əsasən
maarifçilik missiyasını üzərinə
götürmüş “Əkinçi” az müddətdə həm
ziyalı təbəqə, həm də sadə insanlar
arasında çox məşhurlaşıb.
Sonrakı illərdə görkəmli ziyalılar tərəfindən
nəşr edilən "Ziya”, "Kəşkül”,
"Şərqi-rus”, "İrşad”, "Molla Nəsrəddin”,
“Həyat”, “Açıq söz”, “Azərbaycan” kimi demokratik
ruhlu, milli qayəli qəzet və jurnallar
"Əkinçi”nin ənənələrini davam etdirdi. Bu
mətbuat orqanlarının əsas hədəfi cəhalətə,
haqsızlığa qarşı mübarizə, maarifləndirmə
idi.
Dövrünün görkəmli ziyalıları və
qələm sahibləri qəzetlə əməkdaşlıq
edib, müntəzəm məqalələrlə
çıxış ediblər. XX əsrin əvvəllərində
isə Cəlil Məmmədquluzadə, Məhəmməd
Ağa Şahtaxtinski, Seyid Hüseyn, Ömər Faiq Nemanzadə,
Üzeyir Hacıbəyli və başqaları yeni demokratik mətbuatın
yaranması uğrunda mübarizə aparıblar.
Sovetlər dönəmində çox böyük təzyiqlərə
baxmayaraq Azərbaycan mətbuatı milli
varlığını qoruyub saxlaya bilib, respublikanın
ictimai-siyasi həyatında fəal şəkildə təmsil
olunub. Bu dövrdə ölkədə qəzet və
jurnalların şəbəkəsi genişlənib.
Azərbaycan Respublikası Prezidentinin 5 iyul 1991-ci il
tarixli Fərmanı ilə Azərbaycanın ilk milli qəzeti
olan «Əkinçi» qəzetinin birinci nömrəsinin
çapdan çıxdığı gün - 22 iyul Azərbaycan
jurnalistikası günü elan edilib. Müstəqilliyin əldə
edilməsindən sonra Azərbaycanda KİV-lərin sayında
önəmli ölçüdə irəliləyiş
baş verib. Bu gün ölkədə 5 mindən çox
media subyekti var. Ölkədə informasiya
texnologiyalarının inkişafı Azərbaycan mətbuatını
qlobal informasiya şəbəkəsinin bir hissəsinə
çevirilib. Artıq Azərbaycan mətbuatı həm kəmiyyət,
həm də keyfiyyət baxımından region ölkələrini
qabaqlayır. Bir çox demokratik ölkələrdə
olduğu kimi, Azərbaycanda da Mətbuat Şurası
yaradılıb və "Mətbuat haqqında" qanun qəbul
edilib.
Ulu Öndər Heydər Əliyev və Prezident
İlham Əliyev bütün dövrlərdə mətbuatın
inkişafına prinsipial diqqət ayırmışlar. Mətbuat
işçiləri ilə mütəmadi təşkil olunan
görüşlər, habelə institusional təşəbbüslər
mətbuatın davamlı inkişafına səbəb
olmuşdur. Milli Mətbuatın inkişafına göstərilən
dəstəyə görə Ulu Öndər Heydər
Əliyev 2002-ci ildə, Prezident İlham Əliyev 2010, 2013,
2017 və 2018-ci illərdə “Ruh” Azərbaycan Jurnalistləri
Müdafiə Komitəsi tərəfindən təsis
olunmuş “Jurnalistlərin dostu” mükafatına layiq
görülmüşlər.
Prezident İlham Əliyevin "Azərbaycan mətbuat
işçilərinin sosial müdafiəsinin gücləndirilməsi
haqqında” Sərəncamı isə jurnalistlərə yeni əhval-ruhiyyə
gətirib, böyük rəğbətlə
qarşılanıb. KİV-lərə birdəfəlik
yardımların göstərilməsi, mətbuat
işçilərinin sosial müdafiəsinin gücləndirilməsi
tədbirləri, həmçinin milli mətbuatın
inkişafındakı xidmətlərinə görə
jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında
sərəncamlar mətbuata və mətbuat işçilərinə
qayğının göstəricisidir. Mətbuat
işçilərinin mənzil-məişət şəraitinin
yaxşılaşdırılması və onlar
üçün yaşayış evlərinin tikilməsi məqsədilə
Prezidentin ehtiyat fondundan ayrılan vəsait hesabına
çoxmərtəbəli yaşayış binaları
inşa edilərək jurnalistlərin istifadəsinə
verilib. Eyni zamanda, Mətbuat Şurası üçün yeni
binanın ayrılması və onun müasir avadanlıqla təmin
edilməsi ölkəmizdə azad mətbuatın
inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən
biri olmasının sübutudur.
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar
tarixli Fərmanı ilə Medianın İnkişafı
Agentliyi yaradılıb. Bu gün Agentlik tərəfindən
ölkəmizdə çap və onlayn medianın
inkişafı, media orqanlarının maliyyə müstəqilliyinin
gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi,
mütərəqqi layihələrin davamlı dəstəklənməsi
məqsədilə müxtəlif tədbirlər həyata
keçirir. Əminik ki, yeni yaranmış bu Agentlik üzərinə
düşən missiyanı layiqli şəkildə yerinə
yetirəcək, problemlərə konseptual yanaşma ortaya
qoyacaq.
44 günlük Vətən müharibəsində və
müharibədən sonrakı dövrdə Azərbaycan həqiqətlərinin
dünyaya çatdırılmasında ölkə mətbuatının
rolu və jurnalistlərin fəaliyyəti çox
mühüm əhəmiyyət kəsb etmişdir. Jurnalistlərimizin
fədakarlıq və çeviklik sayəsində dünya
ictimaiyyətinə müharibə ilə əlaqədar, o
cümlədən rəsmi İrəvanın törədiyi hərbi
cinayətlər haqqında dolğun məlumatların
çatdırılması təmin edilib. Eyni zamanda xeyli
jurnalist Vətən müharibəsinin
iştirakçısı olmuş, müxtəlif dövlət
mükafatları ilə təltif edilmişlər. Öz
peşə vəzifələrinin icrası zamanı Kəlbəcər
rayonu ərazisində iki jurnalistin – Məhərrəm
İbrahimov və Sirac Abışovun minaya düşərək
həlak olması faktı isə beynəlxalq jurnalistlər
birliyinin sərt reaksiyasına səbəb olmuşdur. Bu
günə qədər fasiləsiz davam edən informasiya
müharibəsində mətbuat işçiləri öz
peşəkarlığı və vətənpərvərliyi
ilə daim fərqlənirlər.
Azərbaycan Konstitusiyasında söz və mətbuat
azadlığının təməl prinsip olaraq əksini
tapması ölkədə medianın azad və güclü
bir cəmiyyət institutu kimi formalaşmasına təkan
verib. Sözsüz ki, bütün bu proseslərin əsas
iştirakçıları, əldə olunan nəticələrin
əsas səbəbkarları Azərbaycan jurnalistləridir.
Hazırda media məkanında sürətli qloballaşma
prosesi gedir, mətbuatın bütün sahələrdə
funksionallığı sürətlə artır. Bu gün
jurnalistlərin, milli mediamızın qarşısında cəmiyyəti
daha obyektiv, daha peşəkar şəkildə məlumatlandırmaq
missiyası durur. Bu baxımdan mövcud qanunvericiliyin təkmilləşdirilməsi
zamanın qarşısıalınmaz tələbidir. 2022-ci il
dekabrın 14-də söz və mətbuat azadlığı
sahəsində dövlətin yeni hədəflərini müəyyənləşdirməyə,
onun iqtisadi bazasını, kadr potensialını və peşəkarlıq
səviyyəsini artırmağa, KİV sahəsində
suverenliyimizi qorumağa xidmət edəcək “Media
haqqında” Qanun layihəsi dekabrın 30-da qəbul edilib.
Ümid edrik ki, bu Qanun mətbuatımızın
inkişafına öz müsbət töhfələrini verəcəkdir.
Ölkənin ictimai-siyasi həyatında mühüm əhəmiyyət
daşıyan yubileylə bağlı Azərbaycan Prezidenti
İlham Əliyev "Azərbaycan Milli Mətbuatının
150 illik yubileyinin keçirilməsi haqqında" Sərəncam
imzalayıb. Sərəncama əsasən, Milli Mətbuatın
Azərbaycanın ictimai-siyasi və mədəni həyatındakı
yerini, mədəniyyətin, maarifçiliyin inkişafında
rolunu, müasir cəmiyyət quruculuğu və ölkəmizin
beynəlxalq nüfuzunun daha da yüksəldilməsi sahəsində
töhfələrini nəzərə alaraq, Azərbaycan Milli
Mətbuatının 150 illik yubileyi ölkəmizdə
geniş qeyd olunur. Azərbaycan Respublikası Prezidentinin
Administrasiyası Azərbaycan Respublikası Medianın
İnkişafı Agentliyi və Azərbaycan Mətbuat
Şurası ilə birlikdə ölkə ərazisində
yubiley tədbirlərinin keçirilməsini təmin edirlər.
Əlamətdar peşə bayramı ərəfəsində
bütün ölkə mediasını, bütün jurnalistlərimizi
22 İyul - Milli Mətbuat və Jurnalistika günü
münasibəti ilə ürəkdən təbrik edir, onlara
yeni-yeni yaradıcılıq yğurları arzulayıram.
İsrafil Kərimov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Xalq Cəbhəsi .- 2025.- 17 iyul(¹26).-S.5.