Yaradıcılığının
əsas xəttini Türk dünyası ədəbiyyatının
öyrənilməsinə həsr edən professor...
Elman Quliyev- 67
Deyir ki, “artıq 30 ilə yaxındır çoxəsrlik
tarixə malik özbək ədəbiyyatı problemlərinin
tədqiqi ilə məşğulam.
Araşdırmalarımın nəticəsi olaraq özbək ədəbiyyatının
qədimliyini və qədim olduğu qədər də zənginliyini,
bu ədəbiyyatın nəinki Orta Asiya məkanında, eyni
zamanda Yaxın və Orta Şərqdə böyük ədəbi-mənəvi
hadisə tipində təsdiq və qəbulunu müşahidə
etmişəm. Xüsusi olaraq 50 min misralıq türkcə 4
divan, 10 min misralıq farsca 1 divan, 25620 beytlik türkcə “Xəmsə”,
20 elmi-fəlsəfi əsər müəllifi kimi tanınan
Əlişir Nəvai yaradıcılığını
özündən sonrakı 500 illik bir dövrdə müxtəlif
ədəbi mərhələlərin formalaşma və
inkişafı üçün əhəmiyyətli ədəbiyyat
və mənəviyyat hadisəsi hesab edirəm. Lakin
bütün bunların fonunda çoxəsrlik tarixə malik
Azərbaycan-özbək ədəbi-mədəni əlaqələrinin
mövcudluğu problemlərinə xüsusi diqqət
ayıraraq, bu istiqamətdə müəyyən
araşdırmalar aparmışam. Nəvainin “Xəmsə”yə
daxil etdiyi poemalarında Nizamiyə, Marağalı Əşrəfə,
“Məcalisin-nəfais” təzkirəsində Şah Qasım
Ənvara olan münasibətindən tutmuş müasir mərhələdə
Zülfiyyənin Səməd Vurğuna olan dərin
ehtiramına qədərki 500 illik zaman aralığında
özbək mənəviyyatında Azərbaycan ruhuna olan
hörmət və sevgini izləyə bildim. Təbii ki, bu
cür əlaqə və yaxınlıq digər türk
xalqları arasında da mövcuddur. Çünki kökü
eyni olan türk xalqları müxtəlif ərazi, region, hətta
mühitdə yaşasalar belə, onlar eyni ruhi və mənəvi
dəyərlərdən, eyni bədii təfəkkür və
düşüncədən heç vaxt uzaq olmayıblar...”
Ünsiyyətdə nəzakətli və mədəni
davranışa önəm verir. Ani dəyişikliklərdən
xoşu gəlmir, təsadüflərdən uzaq durmağı
üstün tutur. Rahat və mehriban xarakteri onu bir dost kimi dəyərli
edir. Planlı və düşüncəli şəkildə
hərəkət etməyi xoşlayır. İntuisiyasına
çox güvənir və başqalarının görə
bilmədiklərini tez hiss edir. Dostluqda dərin emosional
bağlılıq axtarır. O, azadlıq aşiqidir və məhdudlaşdırılarkən
çox narahat olur. Nəinki öz problemlərini, həm də
ətraf mühitin haqsızlıqlarını açıq
şəkildə görür və bunlara qarşı
mübarizə aparmaqdan çəkinmir. İnsanları sevən,
lakin çoxluqdan uzaq olmağa çalışan bir
insandır. Həyatında sülh və ədalət axtaran,
buna görə daim çalışqan və məqsədyönlü
şəxsdir. Onun həyatında yalnız ağıllı və
bacarıqlı insanlar yer alır, çünki o, özü
kimi zəkalı şəxslərlə ünsiyyət
qurmağa üstünlük verir. Yalanı sevmir və həmişə
də doğru danışmağa çalışır...
“1991-ci ildə Azərbaycan və Özbəkistanda
milli müstəqilliyin bərpası iki qardaş xalqın
bütün sferalarda olduğu kimi, ədəbi mühitdə
də əlaqələrinin genişlənməsinə təkan
verdi. Min illər boyu eyni bədii zövqün, eyni mənəviyyatın
yolçuları olan Azərbaycan və özbək
yazarları hər iki xalqın ruhi-mənəvi birliyinin
möhkəmlənməsi naminə işlər gördülər.
Xüsusi olaraq, 1988-ci ildən sonra Azərbaycanın üzləşdiyi
Qarabağ problemləri zamanı yurd-torpaq itkilərimizə,
didərginlik fəryadımıza, bir milyonluq
qaçqın-köçkün harayımıza və s. məsələlərə
münasibətdə bir çox özbək yazarının
içdən gələn duyğularını qardaş təəssübkeşliyinin
ən bariz göstəricisi hesab etmək olar. Bu prosesin
davamlı olması 30 illik Qarabağ haraylarımızın
özbək ədəbiyyatında bu və ya digər dərəcədə
yer alması üçün mühüm rol oynayıb.
Türk milli təəssübkeşliyi və qardaşlıq
münasibətlərinin nəticəsi olaraq özbək
yazarları bədii yanaşmada Azərbaycanın 30 il müddətində
üzləşdiyi faicələri kədər, dərd hissi
ilə, 44 günlük müharibə
uğurlarımızı, qələbə zəfərimizi isə
böyük sevinc duyğusu ilə ifadə etdilər. Azərbaycanın
dərdini dərd, sevincini sevinc kimi yaşayan özbək
şairləri öz poetik mühakimələri ilə üzərlərinə
düşən işin öhdəsindən layiqincə gələ
biliblər.”- söyləyir.
Haqqında söhbət açdığım Elman
Quliyev 1958-ci ildə Lerik rayonu, Zuvand mahalının Kələxan
kəndində anadan olub. 1991-ci ildən Azərbaycan Dövlət
Pedaqoji Universitetdə işləyir. 2004-cü ildə “M.
Şəhriyar yaradıcılığının təkamülü
(milli problemlər kontekstində)” mövzusunda doktorluq
disertasiyası müdafiə edərək filologiya elmləri
doktoru alimlik dərəcəsinə yiyələnib.
Hazırda ADPU-nun Azərbaycan ədəbiyyatı tarixi
kafedrasının professoru, “Türk odası” və “Türk
araşdırmaları” elmi-tədqiqat mərkəzinin rəhbəridir.
Xidmətlərinə görə 2012-ci ildə “Tərəqqi”
medalı ilə təltif edilib. AMEA-nın Nizami adına
Ədəbiyyat İnsitutu və AMEA-nın akademik Z.
Bünyadov adına Şərqşünaslıq İnsitutu nəzdində
fəaliyyət göstərən Dissertasiya
Şuralarının, həmçinin Azərbaycan
Yazıçılar Birliyinin üzvüdür...
ADPU-nun kafedra müdiri, filologiya elmləri doktoru,
professor Himalay Qasımov onu belə xarakterizə edir: “Təkcə
Azərbaycanda yox, türk dünyasında tanınan,
seçilən alim yazdığı əsərləri,
kitabları və sonsuz sayda məqalələri,
ümumtürk ədəbiyyatşünaslıq elminin
inkişafı üçün gördüyü işlərlə
elmi-ədəbi mühitin sevgisini, sayğısını
qazanıb. Elman müəllim mənə Azərbaycan Dövlət
Pedaqoji Universitetində həm bakalavr, həm də magistr pillələrində
dərs deyib. Onun qədim dövrdən müasir zamana kimi
türk xalqları ədəbiyyatını müqayisəli
şəkildə öyrətməsi, dərsi bütün ruhu
ilə keçməsi, düşündüklərini tələbəyə
çatdırmaqdan ötrü sözünü əsirgəməməsi
heç yadımdan çıxmır. Bu mənada müəllimim
haqqında hər şeydən əvvəl onu deməliyəm
ki, o, qətiyyən qısqanc deyil, özündən
sonrakı nəsilə də, həmkarlarına qarşı
da səxavətlidir. Bildiklərini öyrətməyə,
bölüşməyə, əlindən gələn köməyi
etməyə hər an hazırdır və elmə yeni-yeni gələn
bir çox gənclər məhz bundan, Elman müəllimin səxavətindən
pay götürüblər. Rəhbəri olduğu
"Türk araşdırmaları" elmi-tədqiqat mərkəzində
gördüyü səmərəli işlərlə, təşkil
etdiyi tədbirlər və konfranslarla Elman müəllim bir
çox gənclərin yetişməsinə, elm yoluna qədəm
qoymasına səbəb olub.”
Professor Elman Quliyev bir çox elmi tədqiqat əsərlərinin
müəllifidir. Onun indiyə qədər “Mirzə
İbrahimov: Ədəbi-estetik görüşlər və sənətkarlıq
məsələləri”, “Seyid Məhəmmədhüseyn
Şəhriyar”, “Müasir özbək ədəbiyyatı
tarixi”, ““Heydərbabaya salam” necə varsa”, “Türkiyə
türk ədəbiyyatı”, “Şəhriyar poeziyası və
milli təkamül”, “Şəhriyar poetikası”, “Özbək
ədəbiyyatı”, “Türk xalqları ədəbiyyatının
yaradıcılıq problemləri”, “Orta əsrlər türk
xalqları ədəbiyyatı”, “Şərq xalqları ədəbiyyatı”
2 cilddə, “Qədim və orta əsrlər türk
xalqları ədəbiyyatı”, “Türk xalqları ədəbiyyatı”
və başqa kitabları işıq üzü görüb.
Hətta kitablarının bir qismi xaricdə də nəşr
olunub. Bu sırada “Türk halkları edebiyatı” (Almaniya,
2019) və “Abay Kunanbayev” (Ankara, 2020) adlı
araşdırması xüsusi yer tutur...
Akademik İsa Həbibbəyli "Ədəbiyyatşünaslıq
elmində bəlli bir sima" adlı məqaləsində
yazır: "Elman Quliyev yeni epoxanın geniş
dünyagörüşüna malik, ciddi
araşdırmaların və ümumiləşdirmələrin
müəllifi olan yüksək hazırlıqlı, peşəkar
türk ədəbiyyatı mütəxəssisi kimi diqqəti
cəlb edir. Elman Quliyevi Azərbaycan elmində yeni
dövrün ədəbiyyat ağırlıqlı
türkologiyasının yaradıcılarından biri hesab etmək
olar. Professor Elman Quliyevin Azərbaycan ədəbiyyatına
dair tədqiqatları da həm ölkə ədəbiyyatşünaslığında,
həm də ümumtürkoloji ədəbiyyatşünaslıq
mühitində xüsusi çəkiyə malikdir".
Göründüyü kimi professor Elman Quliyevin ədəbiyyatşünaslıq
sahəsindəki araşdırmaları daha çox Azərbaycan
ədəbiyyatının çağdaş mərhələsini
əhatə edir. Xüsusilə, Cənubi Azərbaycanda yaranan
ədəbi prosesin bəzi görkəmli şəxsiyyətlərinin
yaradıcılığının öyrənilməsi bu
baxımdan diqqəti çəkir. Lakin onun
yaradıcılığının əsas xəttini Türk
dünyası ədəbiyyatının öyrənilməsi
təşkil edir. Ən qədim dövrlərdən tutmuş
çağdaş dönəmədək ayrı-ayrı
Türk xalqlarının ədəbiyyatının keçib
gəldiyi yolun elmi-nəzəri mənzərəsinin
yaradılması, görkəmli şəxsiyyətlərinin
tanıdılması onun araşdırmalarının əsasında
dayanır...
İyulun 23-ü professor Elman Quliyevin növbəti ad
günüdür, 67 yaşı tamam olur. Onu bu münasibətlə
təbrik edir, möhkəm can sağlığı
arzulayıram. Çox yaşasın!
Hörmətlə, Elman Eldaroğlu
Xalq Cəbhəsi .- 2025.- 24 iyul(¹27).-S.15.