“Biz istəyirik ki, hər
şey daha yaxşı olsun”
Qüdrət Həsənquliyev: “Parlamentin
formalaşdırılması ilə bağlı fərqli
düşüncələrimiz var”
Ədalət, Hüquq və Demokratiya (ƏHD)
Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik
və korrupsiya ilə mübarizə komitəsinin sədr
müavini Qüdrət Həsənquliyev İqtisadiyyat.az-a
müsahibə verib. O, müsahibəsində həm VII
çağırış parlamentin, siyasi partiyaların fəaliyyətindən,
qonşu dövlətlərlə münasibətlərdən,
Ermənistanla sülh gündəliyindən və s. məsələlərdən
danışıb.
Müsahibəni təqdim edirik:
- Qüdrət müəllim, VII
çağırış Milli Məclisi fəaliyyətinin
ilk ilini başa vurdu və deputatlar tətilə
buraxıldı. Bu dövr ərzində parlamentin fəaliyyətini
necə qiymətləndirirsiniz?
- Mən müxalifət partiyasını təmsil edirəm.
Ona görə də biz hər zaman diqqətimizi daha çox
problemlərə yönəldirik və istəyirik ki, hər
şey daha yaxşı olsun. Bizim parlamentin
formalaşdırılması, parlamentin işinin təşkili
ilə bağlı fərqli düşüncələrimiz
var. Ümumilikdə, parlament hakimiyyətin bir qanadı kimi
öz missiyasını yerinə yetirir və ümid edək
ki, gələcəkdə hər şey daha yaxşı
olacaq. Öz fəaliyyətim haqqında deyə bilərəm
ki, bacardığımı və mümkün olanı edirəm.
Gələcəkdə konstitusiya islahatları aparılsa və
ölkəmiz yeni inkişaf mərhələsinə keçsə,
ümid edirəm ki, onda gözləntilərim
özünü doğruldar, parlament hüquqi dövlət
quruculuğuna daha çox töhfə verər, hakimiyyətin
qanadları qarşılıqlı olaraq bir-birinə nəzarət
edər.
- Qeyd etdiyimiz kimi, deputatlar artıq tətilə
buraxılıb. Bəs siz tətili necə keçirməyi
düşünürsünüz, istirahət
üçün harasa getmək planlarınız var?
- Ola bilsin ki, ailə üzvlərimlə
Naxçıvana səfər edək. Hələ ki, başqa
planlarım yoxdur.
- Bəs ölkə xaricinə getmək niyyətiniz
yoxdur?
- Hələlik elə bir qərarımız yoxdur. Ola
da bilər. Sözün düzü, Bakıdan kənara
çıxanda da bir həftədən çox qala bilmirəm
və maksimum bir həftədən sonra Bakıya geri
dönürəm.
- Bakıdan kənarda bir həftədən çox
qala bilməməyinizin səbəbi nədir, işin
çoxluğu yoxsa?
- Ümumiyyətlə, hər hansı bir yerdə
olanda adətən üç gün keçir və
dördüncü gün artıq Bakıya dönmək istəyirəm.
Bunun səbəbini bilmirəm, amma Vətənə
qayıtmaq istəyirəm.
- Qüdrət müəllim, bu yaxınlarda partiya sədrlərinin
Ağdama səfəri təşkil olundu. Orada görülən
işləri necə qiymətləndirirsiniz?
- Bəli, səfər etdik. Orada görülən
işləri çox yüksək qiymətləndirirəm.
Xüsusilə Ağdamda. Bilirsiniz, bərpa işləri
çox böyük əmək və milyardlarla vəsait tələb
edir. Azərbaycana da heç bir beynəlxalq təşkilat,
böyük, güclü iqtisadiyyata malik ölkələr
köməklik göstərmirlər. Azərbaycan bu problemi
özü həll edir, hətta Azərbaycan özü
başqalarına kömək edir, özünün bu qədər
problemləri ola-ola. Əlbəttə, biz istərdik ki, orada
işlər daha sürətlə getsin və həm də bu
işləri tək dövlət görməsin. Hesab edirəm
ki, Qarabağın və Şərqi Zəngəzurun bərpası
üçün xalq səfərbər olunmalıdır.
İndi bu işləri yalnız dövlət görür.
Özəl sektor kifayət qədər cəlb olunmayıb. Vətəndaşlar
da bu prosesə cəlb olunmalıdırlar. Ağdamdan,
işğaldan azad edilmiş digər ərazilərdən
çox zəngin insanlar var. Onları cəlb etmək
lazımdır, onlar özləri də bunu istəyirlər.
Artıq 5 ilə yaxındır torpaqlarımız azad edilib.
Bu 5 il ərzində çox böyük işlər
görülüb, amma hesab edirəm ki, çox böyük
işlər də görülməlidir və bunun
üçün də hesab edirəm ki, bütün xalq bərpa
və quruculuq işlərinə cəlb olunmalıdır. Amma
hər halda orada bu işlərin görülməsi
qürurvericidir. Biz Ağdama müasir qatarla getdik, çox
rahat idi. Yollar bərpa olunsa və yeni relslər qurulsa,
Ağdama çox qısa bir müddətdə qatarla getmək
olar. Ümid edirəm ki, gələcəkdə bunlar da
baş verəcək.
- Yeri gəlmişkən, azad edilmiş ərazilərin
minalardan təmizlənməsi də xeyli vəsait və vaxt tələb
edir. Elə deyilmi?
- Bəli, bu, çox böyük bir xərcdir. Mənim
bildiyimə görə, bir hektarın təmizlənməsinə
təqribən 1 milyon manat pul lazımdır.
- Ermənsistan da mina xəritələrini təqdim
etməkdən imtina etdi, təqdim edilən bəzi xəritələr
də düzgün olmadı.
- Ermənilərin bizə olan nifrəti artıq
patoloji nifrətdir, genetik xarakter alıb, onlar gecə-gündüz
türklərə qarşı nifrət aşılayıblar.
Ona görə də onların mina xəritələrini
düzgün verməməsi tamamilə gözlənilən
idi.
- Qüdrət müəllim, ölkəmizdə siyasi
partiyaların fəaliyyətini necə dəyərləndirirsiniz?
Sizcə, ümumilli məsələlərdə bütün
siyasi partiyalar birləşməyi bacarırmı?
- Əlbəttə, siyasi partiyaların fəaliyyəti
çox yaxşıdır. Partiyalar arasında əməkdaşlıq
olanda ümummilli məsələlərdə onların dərhal
bir araya gəlməsi mümkün olur. Partiyalar arasında
münasibətlər siyasi mübarizə yox, düşmənçilik
xarakteri daşıyanda, o zaman bir partiyanın digərinə
qalib gəlməsi üçün bəzən qurşaqdan
aşağı zərbə vururlar, qeyri-əxlaqi mübarizə
üsullarından istifadə edirlər, bəzən xarici
dövlətlərdən dəstək almağa
çalışırlar. Bu da dövlətçilik
üçün, cəmiyyətin inkişafı
üçün çox təhlükəlidir. Bu baxımdan,
şükür Allaha ki, bizdə bu problem artıq yoxdur.
Ümummilli məsələlərdə bir yerdə
olmalıyıq. Parlamentdə ölkə həyatı ilə
bağlı tənqidi çıxışlarım daha
çoxdur, amma elə məsələlər var ki, tənqidə
yer yoxdur. Məsələn, Azərbaycan dövlətinə təzyiqlər
olanda və s. Rusiya ilə gərginlik yarananda bir çox
xaricdən yayımlanan internet televiziyaları vasitəsilə
Azərbaycan əleyhinə böyük bir kampaniya
aparıldı ki, Azərbaycan nəyə görə Rusiya ilə
münasibətləri gərginləşdirir. Halbuki Azərbaycan
gərginləşdirmir, sadəcə baş vermiş hadisəyə
münasibət bildirib, cinayət törədənlərin cəzalandırılmasını
istəyir. Bu, sivil dünyada qəbul olunmuş bir qaydadır.
Amma xaricdən özümüzünkülər öz
hökumətimizə qarşı qalxdılar ki, siz oradakı
2 milyon insanı nəzərə almırsınız, Rusiya ilə
münasibətləri məqsədyönlü şəkildə
gərginləşdirirsiniz. Yəni belələri də var,
onlar marginallaşmış qruplardır, onların xalqdan ciddi
dəstəyi yoxdur. Görürsünüz, onlar
çağırışlar edirlər, xalq onların
çağırışına heç bir
qarşılıq vermir.
- Regionumuzda da təhlükəli hadisələr
baş verir, xüsusilə İran-İsrail münaqişəsi
və digər hadisələr. Bütün bunların fonunda
Azərbaycanın xarici siyasətini necə qiymətləndirirsiniz?
- Azərbaycanın bugünki xarici siyasəti Heydər
Əliyev siyasi kursunun davamıdır: bütün
qonşularla problemsiz həyat. Biz çalışırıq
ki, İranla da münasibətlərimiz yaxşı olsun.
İranda çox təəssüf ki, Azərbaycan dövlətinin
mövcudluğunu İranın bütövlüyünə təhdid
kimi qəbul edənlər var. Gərginliyi yaradan o qüvvələrdir.
Biz Rusiya ilə də dost olmaq istəyirik, amma Rusiyada da Azərbaycana
yuxarıdan aşağı baxan, Azərbaycanı Rusiyanın
bir quberniyası sayan, münasibətlərimizi pozmaq istəyən
insanlar var, yəni problem yaradan onlardır. İnanıram ki,
gec-tez onlar vəzifələrindən
uzaqlaşdırılacaqlar, Rusiya zəruri addımları
atacaq və münasibətlərimiz bərpa olunacaq. Biz
bütün qonşularımızla dostluq, bərabərlik,
qarşılıqlı hörmət şəraitində
yaşamaq istəyirik və o istiqamətdə də xarici
siyasətimizi yürüdürük. Əlbəttə,
münasibətlərdə zaman-zaman gərginliklər olub,
olacaq da, amma hesab edirəm ki, strateji baxımdan bütün
qonşu ölkələr başa düşürlər ki,
qonşularla dalaşmaq yox, sülh və əmin-amanlıq
şəraitində yaşamaq lazımdır. Harada sülh
varsa, orada inkişaf var, əməkdaşlıq var.
- Söylədiyiniz fikirlər əsasında Ermənistanla
münasibətlərə də toxunmağınızı istərdik.
Bu gün Ermənistanla sülh müqaviləsinin
imzalanması məsələsi gündəmdədir. Bu prosesi
necə dəyərləndirirsiniz?
- Mən zamanında da söyləmişdim ki, ikinci
Qars müqaviləsinin imzalanmasına ehtiyac var. Əlbəttə,
o müqavilənin eynisini yox, amma dörd ölkə -
Türkiyə, Rusiya, Azərbaycan və Ermənistan belə
bir sülh müqaviləsi imzalaya bilər. Bu zaman Ermənistandakı
revanşist qüvvələr başa düşərlər
ki, bu sülh müqaviləsinin təminatı təkcə Azərbaycan
dövləti deyil, həm də Türkiyə və
Rusiyadır və bu da sülhə, təhlükəsizliyə
böyük töhfə verə bilər. Ona görə mən
belə bir təşəbbüslə çıxış
etmişdim. 44 günlük Vətən müharibəsindən
sonra da Azərbaycan regional əməkdaşlıq
üçün “3+3” formatını irəli
sürmüşdü. Azərbaycan, Ermənistan,
Gürcüstan, Türkiyə, Rusiya və İran
formatında bir əməkdaşlıq platorması təklif
etmişdi. Hesab edirəm ki, regionun çiçəklənməsi
həm də bundan keçir. Bu dövlətlər bir-birinin
daxili işlərinə müdaxilə etmədən əməkdaşlıq
yolu tuta, daha sıx inteqrasiya olmaq, mədəni, humanitar əlaqələrin
daha da genişləndirilməsi üçün səy
göstərə bilərlər. Bu da sülhə və təhlükəsizliyə,
iqtisadi inkişafa böyük töhfə verər. Hesab edirəm
ki, Azərbaycan bu xətti davam etdirməlidir.
- Ermənistan həm də sülh müqaviləsinin
imzalanması üçün konstitusiyasından Azərbaycana
qarşı ərazi iddialarını
çıxarmalıdır. Elə deyil?
- Bəli, Azərbaycan sülh müqaviləsinin
imzalanması üçün Ermənistan
konstitusiyasının dəyişməsini şərt kimi irəli
sürüb. Paşinyan isə istəyir ki, konstitusiyanı dəyişmədən
seçkiyə qədər Azərbaycanla hansısa bir sənəd
imzalasın və xalqa desin ki, mən Ermənistana sülh gətirirəm.
Yəni seçkiyə qədər istənilən imzalanan sənəd
Paşinyanın mövqeyini gücləndirəcək. Azərbaycan
da sülh sazişi imzalanmayana qədər Paşinyanın
mövqeyinin güclənməsində maraqlı
olmamalıdır. Ona görə də sülh müqaviləsinin
imzalanmasını problematik görürəm. Həm də
ona görə ki, Azərbaycan Zəngəzur dəhlizi ilə
bağlı Ermənistandan istədiyini ala bilmir. Daha
doğrusu kənar qüvvələr Ermənistana imkan vermir
ki, bu istiqamətdə öhdəliklərini yerinə yetirsin.
Hesab edirəm ki, Ermənistan sülh sazişinin imzalanması
üçün indikindən daha konstruktiv mövqe
nümayiş etdirməlidir. Birincisi, Zəngəzur dəhlizi
ilə bağlı daha aydın mövqe ortaya qoymalı və
konstitusiyasını dəyişməlidir.
Xalq Cəbhəsi .- 2025.- 24 iyul(¹27).-S.3.