Bənzərsiz rollar qalereyası ilə
bu gün də sənətsevərlərin qəlbində
yaşayan sənətkar
Bu gün Xalq artisti Hökümə Qurbanovanın
doğum günüdür
Bu gün Azərbaycan və SSRİ-nin Xalq artisti
Hökümə Qurbanovanın doğum günüdür.
İlahi gözəlliyə, zəngin mənəvi aləmə
malik aktrisanın yaradıcılığı teatr və kino
tariximizdə ayrıca bir mərhələni təşkil
edir. Qeyri-adi səhnə temperamentinə malik aktrisa qəhrəmanın
daxili aləmini tam şəkildə təqdim etməklə
tamaşaçıların qəlbinə və
düşüncəsinə hakim kəsilməyə həmişə
müvəffəq olub.
AZƏRTAC xəbər verir ki, anadan olmasının
112-ci ildönümü tamam olan görkəmli sənətkar
yaratdığı bənzərsiz rollar qalereyası ilə bu
gün də sənətsevərlərin qəlbində
yaşayır.
Hökümə Qurbanova 1913-cü ildə Bakıda
tacir Abbasəli Qurbanov və Məlikət Maqomayevanın ailəsində
dünyaya göz açıb. Məlikət xanım
tanınmış bəstəkar Müslüm Maqomayevin
doğma bacısı idi. Hökümə Qurbanova 1931-ci ildə
Bakı Pedaqoji Texnikumunu bitirib, 1931-1932-ci illərdə Azərbaycan
Dövlət Konservatoriyasında (indiki Üzeyir Hacıbəyli
adına Bakı Musiqi Akademiyası) təhsil alıb. Aktyorluq
fəaliyyətinə 1933-cü ildə “Azərbaycanfilm”
Kinostudiyasında başlayıb, C.Cabbarlının təşəbbüsü
ilə “Almas” filmində Yaxşı rolunda çəkilib. Bu
səssiz filmin kadrlarında gənc aktrisanın gözəl
çöhrəsi, düzgün üz cizgiləri, mənalı
gözləri, məsum və ürkək baxışları
sənətkarın obrazı dərindən duymasından xəbər
verir. Hökümə Qurbanova sonralar Azərbaycan teatr sənətinin
korifey sənətkarlarından birinə çevrilib. O, 1938-ci
ildən ömrünün sonunadək Azərbaycan Dövlət
Dram Teatrında çalışıb. Aktrisanın ilk rolu
“Vaqif” tamaşasında gürcü qızı Tamara olub.
Rejissorların diqqətindən heç vaxt kənarda
qalmayan Hökümə Qurbanova Abbas Mirzə Şərifzadə,
Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov
kimi görkəmli sənətkarlarla birgə işləyib.
Mehdi Məmmədov aktrisa haqqında “Onun sənət ulduzu”
monoqrafiyasını yazıb.
Hökümə Qurbanovanın zəngin obrazlar
qalereyasına romantik faciə, realist faciə, romantik-dramatik,
realist-dramatik, psixoloji-dramatik, tarixi-dramatik səpkili, lirik təmayüllü
psixoloji rollar, yumoristik dramatik rolların ən kamil nümunələri
daxildir. Onun yaratdığı Sona (C.Cabbarlının “1905-ci
ildə” tamaşası), Xuraman (S.Vurğunun “Vaqif”), Hermiona
(U.Şekspirin “Qış nağılı”), Xumar (H.Cavidin
“Şeyx Sənan”), Süsən (A.Şirvanzadənin “Namus”),
Basantasena (Y.Osnos və B.Binnikovun “Hind gözəli”)
obrazlarında lirizm, romantik vüsət güclüdür.
Görkəmli aktrisanın
yaradıcılığından danışarkən onun səsini
xüsusilə vurğulamaq lazımdır. Nitqinin ahəngində
duyulan qəribə titrəyiş və həyəcan həmişə
tamaşaçını riqqətə gətirib. Teatr
tariximizdə Hökümə Qurbanova kimi gözəl və məlahətli
səs variasiyaları ilə oynaya bilən ikinci qadın sənətkar
olmayıb. Yaradıcılığı dövründə,
demək olar ki, bütün dublyajların baş
rollarını o səsləndirib. O, bu gün də ekranlardan
düşməyən “Uzaq sahillərdə” filmində
Anjelikanı, “Ögey ana”da Dilarəni məharətlə səsləndirib.
Milli səhnəmizin misilsiz faciə aktrisası
neçə-neçə kraliça obrazı yaradıb. Onun
yaradıcılıq zirvəsində 1964-cü ildə rejissor
Tofiq Kazımovun quruluşunda səhnələşən
“Antoni və Kleopatra” tamaşası durur. Aktrisa ehtirası,
fikirləri, məhəbbəti, həyat kredosu müxtəlif
müstəvilərdə çarpazlaşan Kleopatra
obrazını məharətlə yaradıb. Həmin
tamaşadan lentə alınmış kadra baxarkən adama elə
gəlir ki, Hökümə Qurbanova məhz bu obrazı
yaratmaq üçün dünyaya gəlib.
Aktrisanın 1956-cı ildə Londonda qastrolda olarkən
ifası ingilis rejissorunu belə heyrətləndirib.
Hökümə Qurbanovanın “Bir ailə”, “Onu
bağışlamaq olarmı?”, “Əmək və
qızılgül”, “İnsan məskən salır” filmlərində
çəkildiyi rollar da dolğunluğu ilə yadda qalıb.
Neçə-neçə obrazları yaddaşlara əbədilik
həkk edən Hökümə Qurbanova görkəmli aktyor
Ələsgər Ələkbərov, bir qədər sonra
tanınmış rəssam Nüsrət Fətullayev ilə
evlilik həyatını, ayrılıq anlarını da
yaşamalı olub. Şəxsi həyatındakı
uğursuzluqdan bədbinləşməyən aktrisa
böyük bir coşqunluqla
yaradıcılığını davam etdirib.
Ömrünün ahıl çağında isə sevimli
qızı, görkəmli aktrisa Vəfa Fətullayevanı
itirməsi onun üçün ən böyük dərd
olub. Hökümə Qurbanova sevimli qızının
ölümündən 1 il sonra - 1988-ci il noyabrın 2-də
Bakıda vəfat edib. Aktrisa Fəxri xiyabanda dəfn edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin 2013-cü il 4
mart tarixli Sərəncamına əsasən Hökümə
Qurbanovanın 100 illik yubileyi dövlət səviyyəsində
qeyd edilib.
Azərbaycan mədəniyyətinin inkişafına dəyərli
töhfələr vermiş sənətkarın
yaradıcılığı bu gün də gənc nəsil
üçün məktəb olaraq qalmaqdadır.
Xalq Cəbhəsi .- 2025.- 12 iyun(¹21).-S.16.