Ölüm- ölənlərə
bir sakit ada…
Dərdlərin də gözəli, çirkini olur. Dərdin
gözəli insanı şükr etməyə, onunla
barışmağa çağırır. İnsana çətinliklərə
sinə gərməyi öyrədir, onu paklaşdırır.
Dərd də var ki, çirkindir, insanın
rahatlığını əlindən alır, qəlbini
göynədir, həyat nizamını pozur, onu
sarsıdır. Və bütün dərdlərin də, bir təsəllisi
var- Şükür Yaradnın məsləhətinə!..
Bu qəddar, amansız, fani dünyadan,
Köçənlər qovuşur Haqqa, nə dərdi?
Ölüm- ölənlərə bir sakit ada,
Ölüm- qalanlara ən ağır dərddir…
Bəli, bu dəfə sizə bir vaxtlar AMEA
Əlyazmalar İnstitutunda təsəvvüf ədəbiyyatını
araşdıran, artıq bir neçə aydır ki, haqqa
qovuşan Nəzakət Məmmədlidən danışmaq
istəyirəm…
Rəfiqəsi, filologiya üzrə fəlsəfə
doktoru, Səadət Şıxıyeva onun haqqında
yazır: “Təsəvvüf ədəbiyyatının, orta
çağ bəlağət elminin tədqiqatçısı
və təbliğatçısı Nəzakət
xanımın qəfil vəfatı nəinki onu yaxından, hətta
uzaqdan tanıyan hər kəsin qəlbini göynətdi,
içdən sızlatdı. Kim idi Nəzakət Məmmədli?
Bu suala dolğun cavab vermək üçün gərək məqalələr
toplusu, xatirələr kitabı yazıla. Yoxsa ki, kiçik
bir yazıda bir elm fədaisinin, bir bədii söz sərrafının
gerçək portretini yaratmaq olduqca çətindir. Rəsmi
təqdimatlara baxılarsa, Nəzakət Məmmədli
AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda
baş elmi işçisi, filologiya elmləri doktoru, dosent, Xəzər
Universitetinin Mövlana Ədəbi-Fəlsəfi
Araşdırmalar İnstitutunun direktoru idi. İlk
baxışda o, həmin vəzifələrdə işləyən
onlarla elmi əməkdaşdan biri kimi görünəcək.
Amma Nəzakət xanımı bu rəsmi adları
daşıyan digərlərindən – onlarla baş elmi
işçi, filologiya elmləri doktoru, dosent, direktor və
s.-dən fərqləndirən bir özəlliyi vardı ki,
bu da onun elmi fəaliyyətinə təkcə əqli-məntiqi
imkanları ilə deyil, ruhi-hissi varlığı ilə də
bir rəng qata bilməsi idi. O, tədqiq etdiyi mətni öncə
ruh gözüylə görüb daha sonra məntiqi ilə dəyərləndirərək
təqdim etməyi bacardığından özünün fərdi
və fərqli üslubunu formalaşdıra bilmişdi…”
Güclü xarakteri vardı. Milli dəyərlərə,
adət-ənənələrimizə bağlı xanım
idi. Mehriban rəftarı, mədəni davranışı ilə
seçilirdi. Əliaçıq və səxavətliydi.
Öz işini çox sevirdi. Çalışmaqdan zövq
alırdı…
Deyirdi ki:- “Nizamini təsəvvüf baxımından təhlil
etmək üçün ilk növbədə onun əsərlərini
orijinaldan oxumaq, təsəvvüfi terminologiyaya, simvol və məcazlara
bələd olmaq, digər sufi şairlərin əsərləri
ilə tanış olmaq lazımdır. Nizaminin “Xosrov və
Şirin” əsəri ilə ən çox üstə-üstə
düşən məqamların müşahidə edildiyi əsər
Əttarın “Xosrovnamə” məsnəvisidir. Əttar bu əsərin
əvvəlində bir dostunun xahişi ilə özünə
xas olan tərzdə, yəni aşiqanə dastan, mənzum
roman şəklində əsər yazdığını qeyd
edir. Əttarın “Xosrovnamə”sini bəzən, onun təsəvvüfi
olmayan yeganə əsəri kimi qiymətləndirsələr
də, əslində bu əsər də təsəvvüfi məzmundadır.
Lakin bu mənzum eşq dastanında təsəvvüf,
Əttarın digər əsərlərində olduğu kimi
qabarıq şəkildə görünmür, Nizaminin əsərlərindəki
kimi, daha dərin qatlarda, daha gizli və simvolik şəkildə
ifadə edilir. Nizami, Makedoniyalı İskəndəri “Allah və
peyğəmbər” dinini yayan, təbliğ edən bir şəxs
kimi verməklə, eləcə də Xosrovun yuxuda Həzrət
Məhəmmədi görərək islamı qəbul etməsini
təsvir etməklə dövrünün təsəvvüfi
görüşlərinə uyğun olaraq Nuri-Məhəmmədiyyə
və Həqiqəti-Məhəmmədiyyə
ideyalarını təsdiqləmiş olur…”
Səadət Şıxıyeva daha sonra yazır: “Nəzakət
Məmmədli Azərbaycandan başqa bir çox ölkələrdə-
Türkiyə, İran, Yaponiya, Hindistan, Kıbrıs, Rusiya,
Özbəkistan, Qazaxıstan və s. təşkil olunan
konfranslarda erudisiyası, elmi hazırlığı, gözəl
nitqi, fitrətində olan yapışıq və nəzakəti
ilə Azərbaycanı ləyaqətlə təmsil edirdi, həm
özünə, həm də ölkəmizə çox sayda
dostlar qazandırmışdı. Olduğu ölkələrdə
türk, fars. ingilis və rus dillərində təqdim etdiyi
çıxışlarının mətnini hər zəhmətə
qatlaşaraq özü hazırlayar, gözəl qiraətlə
oxuduğu şeir haşiyələri ilə elmi
çıxışlarına canlılıq qatmağı və
cazibə verməyi bacarırdı. Nəzakət xanım illərdən
bəri üzərində işlədiyi, vaxtsız yetişən
əcəlin natamam qoyduğu əsərləri də var: Mir
Həmzə Seyid Nigarinin farsca
divanı və “Həştbehiştnamə”sinın tərcüməsi,
Mövlananın “Məsnəvi”sinin farscadan tərcüməsi,
Fəridəddin Əttarın farsca “Pəndnamə”sini
eyniadlı əsərlərlə müqayisə etdiyi
monoqrafiya və s..”
Nəzakət xanım 25 dekabr 1971-ci ildə Sabirabad
rayonunda anadan olmuşdu. 1989-cu ildə orta məktəbi
medalla, 1994-cü ildə isə Bakı Dövlət
Universitetinin filologiya fakültəsini fərqlənmə
diplomu ilə bitirmişdi. Elə həmin il də AMEA Nizami
adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil
olmuşdu. 2002-ci ildə AMEA-nın Əlyazmalar İnstitutunun
Türkdilli əlyazmaların tədqiqi şöbəsində
elmi işçi kimi işə başlamışdı.
2010-cu ildən böyük elmi işçi, 2012-ci ildən isə
aparıcı elmi işçi vəzifəsində
çalışırdı. 2000-ci ildə “Füzulinin “Leyli
və Məcnun” əsərində təsəvvüf və
onun bədii ifadə sistemi” mövzusunda namizədlik,
2023-cü ildə “Fəridəddin Əttar və Azərbaycan
ədəbiyyatı” mövzusunda doktorluq
dissertasiyalarını müdafiə etmişdi…
“Sufilərə görə, Əqli-Küll bir nurdur
ki, buna “Nuri-Məhəmmədiyyə” deyirlər. “Həqiqəti-Məhəmmədiyyə”
bütün kamal sifətlərinin cəmidir. Məşhur bir
hədisə görə, Allah-Taala ilk olaraq Məhəmməd
Peyğəmbərin nurunu yaradıb, ondan sonra mərhələ-mərhələ
peyğəmbərlərin, övliyaların və digər məxluqatın
ruhunu xəlq edib. Həzrət Məhəmmədin peyğəmbərliyi
Həzrət Adəmin peyğəmbərliyindən daha
öncə mövcud olub.”- söyləyirdi.
Bəli, haqqında söhbət
açdığım filologiya elmləri doktoru, dosent Nəzakət
Məmmədli 2025-ci ilin fevral ayında qəfil ürəktutmadan
vəfat edib. Onun ölümü nəinki doğmaları, əzizləri
üçün bir dərd, Azərbaycan elminə bir itgi olub…
Ruhu şad olsun!
Dərin hüznlə,
Elman Eldaroğlu
Xalq Cəbhəsi .- 2025.- 12 iyun(¹21).-S15.