Artan qiymətlər və dəyişməyən
faizlər
Azərbaycan Respublikası Mərkəzi
Bankının İdarə Heyətinin qərarı ilə
uçot dərəcəsi 7.25%, faiz dəhlizinin
aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi
isə 8.25% səviyyəsində dəyişməz
saxlanılıb. Qərar faktiki inflyasiyanın proqnoz inflyasiya
trayektoriyasına uyğunluğu, proqnozlaşdırılan
inflyasiyanın hədəflə (4±2%) müqayisəsi, son
qlobal iqtisadi proseslərin mümkün təsirləri, daxili
makroiqtisadi vəziyyət, həmçinin pul siyasəti qərarlarının
ötürücülüyü nəzərə alınmaqla
qəbul edilib.
Mərkəzi Bankda hesab edirlər ki, illik inflyasiya
proqnozlaşdırılan trayektoriya ilə hərəkət
edir. 2025-ci ilin aprelində 12 aylıq inflyasiya 6.3%, aylıq
inflyasiya isə 0.3% təşkil edib. İllik qiymət
artımı ərzaq malları və xidmətlər üzrə
7.6%, qeyri-ərzaq malları üzrə isə 2.7% təşkil
edib. İllik baza inflyasiya isə 4.8% olub.
Son aylarda inflyasiyaya təsir edən xarici amillər
üzrə qeyri-müəyyənliklər yüksək olaraq
qalır. Beynəlxalq Valyuta Fondunun məlumatına görə
2025-ci ilin mayda əmtəə qiymətləri indeksi aylıq
1%, illik isə 4.6% azalıb. Ticarət tərəfdaşlarının
orta çəkili illik inflyasiyası cari ilin aprelində
ötən ilin eyni ayına nəzərən 9.6% olub.
Manatın qeyri-neft-qaz sektoru üzrə nominal effektiv məzənnəsi
2025-ci ilin may ayında ötən ilin eyni ayı ilə
müqayisədə sabit qalıb.
Xarici sektor göstəriciləri əlverişli olaraq
qalır. Dövlət Gömrük Komitəsinin məlumatına
görə 2025-ci ilin 4 ayında da xarici ticarət
balansında müsbət saldo qeydə alınıb. 2025-ci və
2026-cı illərin yekunu üzrə tədiyə
balansının cari hesabının profisitli olacağı
proqnozu dəyişməz qalır.
Pul siyasəti alətləri maliyyə bazarlarında
gedən proseslər və bank sisteminin likvidlik mövqeyindəki
dəyişikliklər nəzərə alınmaqla tətbiq
edilir. Təminatsız pul bazarında faizlər Mərkəzi
Bankın faiz dəhlizi daxilində hərəkət edir. AZIR
indeksinin orta günlük səviyyəsi mayda və iyunun
ötən dövründə 6.7% olub. Mərkəzi Bank
banklararası pul bazarında gedən proseslərin təhlilini
və qabaqcıl beynəlxalq təcrübəni nəzərə
alaraq Avropa Yenidənqurma və İnkişaf Bankının
ekspertləri ilə sıx əməkdaşlıq çərçivəsində
AZIR indeksinin hesablanmasının yeni və daha təkmil
qaydalarını hazırlayaraq təsdiq etmişdir. Aprel
ayından başlayaraq Maliyyə Nazirliyi tərəfindən
vahid xəzinə hesabının sərbəst
qalığının kommersiya banklarında yerləşdirilməsi
məqsədilə keçirilən depozit hərracları nəticəsində
bank sektorunda likvidliyin artması AZIR indeksinə azaldıcı
təsir etmişdir. Xatırladaq ki, ötən ilin ikinci yarısının
bir çox aylarında hökumət hesabları
qalığının artımı qısamüddətli
faizlərə artırıcı təsir edirdi. Bu şəraitdə
Mərkəzi Bank açıq bazar əməliyyatlarını
intensivləşdirmiş, artan likvidliyin əhəmiyyətli
hissəsi Mərkəzi Bankın əsas alətinə
çevrilməkdə olan 1 həftəlik əməliyyatlarla
sterilizasiya olunmuşdur. Sterilizasiya yönümlü
açıq bazar əməliyyatlarının effektivliyini
artırmaq üçün pul siyasətinin əməliyyat
çərçivəsində dəyişiklik edilmiş, 7
günlük repo əməliyyatı 7 günlük depozit əməliyyatı
ilə əvəzlənmişdir. Pul bazarında aktivlik
yüksək olaraq qalır. 2025-ci ilin 5 ayında ötən
ilin müvafiq dövrünə nəzərən təminatsız
bazarda əqdlərin həcmi 1.6 dəfə, sayı isə
1.8 dəfə artmışdır.
İnflyasiyanın risk balansında dəyişikliklər
əsasən xarici mühitlə əlaqədardır. Qlobal
ticarətdə baş verən proseslər əmtəə və
maliyyə bazarlarında dalğalanmaları gücləndirir.
Bu şəraitdə əsas ticarət tərəfdaşı
olan ölkələrdə inflyasiyanın yüksəlməsi,
dollar indeksinin azalması və nominal effektiv məzənnənin
aşağı templə möhkəmlənməsi xarici risk
faktorlarındandır. İnflyasiyanı artıra biləcək
daxili risk faktorları kimi isə xərc amilləri ilə
yanaşı məcmu tələbin izafi artımı qeyd oluna
bilər. Həmçinin kredit aktivliyinin məcmu tələbə
və qiymətlərə mümkün təsirləri daim
diqqətdə saxlanılır. Ümumilikdə,
2025-2026-cı illər üzrə inflyasiya proqnozlarında
daxili amillərin payı aşağı qiymətləndirilir.
Baza ssenariyə əsasən 2025-ci və 2026-cı ildə
illik inflyasiyanın hədəf daxilində olacağı
proqnozu dəyişməz qalır.
Ümumilikdə, mövcud pul siyasəti
inflyasiyanın hədəf daxilində saxlanılmasına və
inflyasiya gözləntilərinin sabitləşməsinə
yönəlib. İnflyasiyanın xarici mühitində
qeyri-müəyyənliklərin azalması növbəti
iclasda uçot dərəcəsinin azaldılması
üçün zəmin yarada bilər. Faiz dəhlizinin parametrləri
ilə bağlı növbəti qərarlar faktiki və
proqnozlaşdırılan inflyasiya, xarici və daxili risk amillərinin
dinamikasından asılı olaraq veriləcək. Mərkəzi
Bank bundan sonra da qiymət sabitliyini təmin etmək
üçün sərəncamındakı bütün vasitələrdən
istifadə edəcək.
Bunlarla yanaşı, Azərbaycanda manatla verilən
kreditlərin bahalaşması, yəni ktredit faizlərində
artım müşahidə olunur. Belə ki, 2025-ci ilin yanvar
ayında Azərbaycanda milli valyutada yeni verilmiş kreditlər
üzrə orta illik faiz dərəcəsi 17.75% təşkil
edib. Mərkəzi Bankın məlumatlarına görə,
manatla yeni verilmiş kreditlərin orta faiz dərəcələri
əvvəlki ayla müqayisədə 1.19 faiz bəndi, ötən
ilin müvafiq dövrü ilə müqayisədə isə
1.75 faiz bəndi artıb.
Qeyd edək ki, 2025-ci il fevral ayının 1-nə Azərbaycanda
bankların kredit portfelinin həcmi 27 milyard 514.7 milyon manata bərabər
olub. Kredit portfelinin 14 milyard 709.9 milyon manatı biznes kreditləri,
8 milyard 551.7 milyon manatı istehlak kreditləri, 4 milyard 253.1
milyon manatı isə ipoteka kreditləri təşkil edib.
Ölkədə ktredit faizlərinin artması fonunda
ona təsir göstərə biləcək əsas amillərdən
biri kimi Mərkəzi Bank uçot dərəcəsini azalda
da bilərdi. Lakin MB yuxarıda qeyd olunan amilləri nəzərə
alaraq hələlik uçot dərəcəsini dəyişmək
fikrində deyil. Bu isə kreditlərin
ucuzlaşmayacağından xəbər verir. Mikro, kiçik və
orta sahibkarlıq subyektlərinin
dayanıqlığının və inkişafının təmin
edilməsi üçün onların aşağı faizli,
daha ucuz maliyyə resurslarına çıxışı
mühüm əhəmiyyət kəsb edir. Bunlarla
yanaşı, sahibkarların kreditlərə, investisiya
qoyuluşları üçün dah çox vəsaitə
ehtiyacları var. Əslində Azərbaycanda qeyri-neft sektoru
böyük istehsal və ixrac imkanlarına malikdir. Bu
potensialdan səmərəli istifadə edilməlidir. Bunun
üçün yerli istehsalın və ixracın
stimullaşdırılması vacibdir. Bu baxımdan sahibkarlara əlverişli
maliyyə-kredit resursları lazımdır.
İnvestisiya qoyuluşunda daxili yatırımlar
üstünlük təşkil edir, əsas sərmayəçi
dövlətdir. Ona görə də, iqtisadiyyata sərmayə
yatırımlarının artırılmasına ehtiyac
olduğu bir zamanda real sektora sahibkarların vəsitlərinin
cəlb edilməsi, bu prosesin stimullaşdırılması
mühüm əhəmiyyət kəsb edir. Xüsusən də
işğaldan azad olunmuş Qarabağın
iqtisadiyyatının yenidən qurulmasında çox
böyük həcmdə sərmayələrə ehtiyac var.
Qarabağda iqtisadiyyatın yenidən qurulması sahəsində
məqsəd həm də sahibkarları və onların sərmayələrini
regionun iqtisadi inkişafına cəlb etməkdir. Əslində
pul qazanmaq marağında olan sahibkarlar da Qarabağda fəaliyyət
göstərməyə həvəsli görünürlər.
Hətta artıq onların əlində konkret layihələr
də var. Belə ki, Azərbaycan Kiçik və Orta Biznesin
İnkişafı Agentliyinə (KOBİA) erməni
işğalından azad edilmiş ərazilərdə biznesin
təşkili üçün sahibkarlardan yüzlərlə
müraciət daxil olub.
Aydın məsələdir ki, davamlı iqtisadi
artıma nail olmaq üçün investisiya qoyuluşları
mühüm amildir. Azəzrbaycanda daxili investisiyalar yüksək
paya malikdir ki, bu da işğaldan azad olunmuş ərazilərdə
bərpa və yenidənqurma işlərinə böyük həcmdə
dövlət investisiyalarının yatırılması ilə
əlaqədardır. İndiyədək işğaldan azad
olunmuş ərazilərin bərpası və yenidən
qurulmasına 20 milyard manat vəsait xərclənib. Əsas
infrastruktur qurulduqdan sonra özəl səramayələr və
biznes üçün imkanlar artacaq. Dövlətin
yaratdığı əlverişli biznes mühiti, bir sıra
vergi güzəştləri, eləcə də infrastrukturun bərpası
istiqamətində görülən işlər özəl
sektoru da bu ərazilərdə iş görməyə
sövq edəcək.
Azərbaycanda biznes mühitinin
yaxşılaşdırılması, sahibkarlığın
inkişafına dəstək göstərilməsi dövlətin
iqtisadi siyasətinin prioritet istiqamətlərindəndir.
Dövlət müxtəlif iqtisadi yollarla
sahibkarlığın inkişafını təşviq edir.
Çünki sahibkarlıq fəaliyyətinə iqtisadi
artımın əsası kimi baxılır.
Mahir Həmzəoğlu
Xalq Cəbhəsi .- 2025.- 12 iyun(№21).-S.12.