Paşinyan Kilsəyə
“hücum” edib
Kilsəsinin nümayəndələri də
Paşinyanı ittiham ediblər
Paşinyan-Kilsə münasibətləri yenidən kəskinləşib.
Paşinyan yenə Kilsənin bostanına daş atıb. Beləki,
Ermənistan Baş naziri Nikol
Paşinyan sosial şəbəkə hesabında erməni
katolikos II Qaregin haqda qeyd edib ki, o, könüllü olaraq
subaylıq andını pozub və övladı var. Bu
faktdır və əgər II Qaregin bunu inkar etməyə
çalışsa, mən bunu lazımi formatda sübut edəcəm.
“Buna əsasən, Erməni Apostol Kilsəsinin Kanon
Qanununa görə II Qaregin yepiskop, arxiyepiskop ola bilməz,
seçilə bilməz, katolikos ola bilməz. Ktriç Nersisyan
patriarxlığı boşaltmalıdır.
Erməni Apostol Kilsəsinin sadiq davamçısı
kimi, mənəvi irsimizin hər bir dəyərinə, hər
bir yadigarı, hər bir surətinə və daşına
hörmətlə yanaşan şəxs kimi qeyd edirəm: Erməni
Apostol Müqəddəs Kilsəsinin yeni seçilmiş katolikosu
olmalıdır, onun yaxşı davranışı katolikosluq
seçkilərinə qədər yoxlanılaraq təsdiqlənəcək.
Mən Erməni Apostol Müqəddəs Kilsəsinin
sadiq davamçılarını patriarxlığın məhəbbətlə
və xristian tərzdə azad edilməsi və bütün
erməni katolikosu olaraq həqiqətən müqəddəs
bir ruhanini seçmək gündəmi ətrafında birləşməyə
çağırıram”, - Paşinyan bildirib.
Qeyd edək ki, erməni mediası bu postu “Paşinyan
kilsəyə qarşı müharibəyə
çağırdı” başlığı ilə yayıb.
Bundan öncə Paşinyan kilsə xadiminin
“subaylıq andını” pozduğunu bildirsə də, onun
kimliyini açıqlamamışdı.
O, Qaregenin məsələyə açıqlama gətirməli
olduğunu deyib: “Qoy II Qaregin özü aydınlıq gətirsin:
o, subaylıq andını pozubmu və onun uşağı
varmı? Biz - onun mənsub olduğu kilsənin
ardıcılları - həqiqəti ondan eşitmək
hüququna malikik”.
Paşinyan bildirib ki, ölkə hakimiyyəti kilsəni
xalqa qaytarmalıdır.
Baş nazir bunu "Facebook" hesabında yazıb:
“Dövlət (hakimiyyət) xalqın mülkiyyətidir. Kilsə
xalqın mülkiyyətidir. Biz dövləti (hakimiyyəti)
xalqımıza qaytarmışıq. Kilsəni də
xalqımıza qaytarmalıyıq”, - Paşinyan qeyd edib.
Erməni Apostol Kilsəsinin nümayəndələri
də Paşinyanı həyat yoldaşı ilə nikaha girməməkdə
ittiham ediblər. Baş nazir onlara cavab olaraq belə status
paylaşıb: “Bəziləri mənim Anna Akopyanla rəsmi evli
olmadığımdan narahatdır. Bizim ruhani elitamızın
yarısı eyni vəziyyətdədir. Bu isə heç kimi
narahat etmir. Bəlkə də sual vermək lazımdır:
yepiskoplarımızdan neçəsi həqiqətən
subaylıq andına əməl edir?”.
O keşişləri öz yaxınlarının
arvadları ilə pozğun həyat
yaşadıqlarını yazaraq Apostol Kilsəsinin nümayəndələrini
sərt, alçaldıcı ifadələrlə ittiham edib.
Onu da qüyd edək ki, gələn il Ermənistanda
parlament seçkiləri keçiriləcək.
Paşinyanın başçılıq etdiyi blokun bu siyasi
kampaniyada uğur əldə etməsi kilsənin zərərsizləşdirilməsidir.
Politoloq Elşən Manafov "Xalq Cəbhəsi"nə
deyib ki, erməni apostol kilsəsinin müxalifətlə
iş birliyi seçki ərəfəsində Ermənistanın
seçki elektoratında səslərin parçalanmasına səbəb
ola bilər ki, bu da Paşinyan iqtidarını
düşündürür və adekvat addımlar atmaq məcburiyyəti
qarşısında qoyur. Erməni kilsəsi Paşinyanı
Azərbaycanla demarkasiya ətrafında danışıqlarda
güzəştli mövqe tutmaqda ittiham edir və bunun
perspektivdə erməni dövlətçiliyi
üçün ciddi fəsadlar törədəcəyini bəyan
edir. Gerçəkdə isə erməni kilsəsi
disporanın və erməni müxalifətinin seçkilərdə
Paşinyanın məglubiyyətinə hesablanmış
senarisində yer alıb, hərçənd özünün
də koprporativ maraqlarını unutmur: “Paşinyan kilsənin
müxalifətlə iş birliyində həm öz hakimiyyəti,
həm də bölgədə geosiyasi konfiqurasiyanın Qərbin
deyil, Rusiyanın xeyrinə dəyişəcəyi ilə
bağlı məqamları görür və ehtiyat tədbirləri
görərək hadisələrin məlum macəraya yönəlməsinin
qarşısını almağa çalışır.
Müxalifət tərəfindən olan təzyiqləri
azaltmaq üçün Paşinyan müxalifətin ideoloji
konteksdə istifadə etdiyi kilsənin fəaliyyətini
qanunvericiliklə nizamlamaq, əslində isə məhdudlaşdırmaq
istəyir, zira kilsə erməni xalqı üçün hələ
dövlətçiliyin olmadığı şəraitdə
təşkilatçı və yönləndirici qüvvə
kimi çıxış edib. Bunu nəzərə alan
Paşinyan kilsəni sivil və dünyəvi dövlət, fəaliiyyət
çərçivəsinə salmağa
çalışır. Parlamentdəki
çıxışında o, "Ermənistanda hakimiyyəti
xalqa qaytardığımız kimi, kilsəni də xalqa
qaytarmalıyıq" bəyanatı ilə kilsənin kənar
qüvvələr tərəfindən idarə edilməsi ilə
bağlı məqamlara diqqəti yönəldərək kilsənin
elektoral bazasında parçalanmaya , erməniləri isə
özünün "Real Ermənistan" konsepsiyası ətrafında
cəmləməyə çalışır”.
Politoloq Elxan Şahinoğlunun fikrincə, Ermənistanın
Baş naziri Nikol Paşinyanın kilsəyə qarşı sərt
ritorikasının səbəblərindən biri də Rusiya
ilə bağlıdır. Paşinyan Rusiyadakı dairələrin
erməni kilsəsi ilə əlaqələri genişləndirməsindən
və bu ittifaqın gələn il parlament seçkisində
ona qarşı istifadə edilə biləcəyindən narahatdır.
Buna görə də Paşinyan bu ittifaqı gözdən
salmaq kampaniyasına başlayıb.
“Paşinyan İkinci Qarabağ müharibəsindən
sonra müxtəlif əngəlləri aşıb. Birinci dəfə
ona qarşı silahlı qüvvələrin Baş Qərargah
rəisi Onik Qasparyan qiyam qaldırmaq istədi. Qasparyan
Paşinyana müraciət edərək, istefa verməsini tələb
etdi. Qasparyanın arxasında da Rusiyadakı qüvvələr
dayanırdı. Paşinyan Qasparyanı dərhal istefaya
göndərməklə onu neytrallaşdırdı.
Bundan sonra erməni kilsəsi Paşinyana qarşı
Baqrat Qalstanyan adlı keşişi irəli sürdü. O,
İrəvana yürüşə başladı,
çadırlar qurdu, etiraz mitinqləri təşkil etməyə
çalışdı. Ancaq keşiş erməni cəmiyyətindən
dəstək almadığına görə o da Paşinyana məğlub
oldu.
Bu dəfə Paşinyan gələcək rəqibinin
kim olacağını gözləmədən radikal müxalifətə
və kilsəyə qarşı mübarizəni gücləndirib.
Baş nazirin məqsədi aydındır. Parlament seçkiləri
yaxınlaşdıqca Paşinyan erməni cəmiyyətinə
seçim etməyi məsləhət görür: “Ya mənimlə
yola davam edəcəksiniz və bu, Azərbaycanla sülhü
gətirəcək, ya da müharibə istəyən radikal
müxalifəti və kilsəni dəstəkləyəcəksiniz,
bu halda həm müharibə, həm də ərazi itkisi ilə
üzləşəcəksiniz”, - politoloq vurğulayıb.
Yeri gəlmişkən, iyunun 7-də Ermənistanın
birinci prezidenti Levon Ter-Petrosyan Eçmiədzin kilsəsinə
gedərək katolikos II Qareginlə söhbət edib. Söhbət
zamanı eks-prezident katalikosu tam dəstəklədiyini
bildirib. Levon Ter-Petrosyan eyni zamanda Ermənistan hakimiyyətinin
Erməni Apostol Kilsəsinin keşişlərinə
qarşı açıqlamalarını pisləyib.
Cavab olaraq Ermənistan Baş naziri Nikol Paşinyan
ölkənin birinci prezidenti Levon Ter-Petrosyanın ötən
gün II Qareginlə görüşməsi və ona “tam dəstək”
ifadə etməsi haqda sosial şəbəkə hesabında
yazıb: “Levon Ter-Petrosyan Ermənistan Respublikasında
seçki saxtakarlığı praktikasının banisidir və
o, təbii ki, özü kimi populist fırıldaqçı
və fırıldaqçının yanında
olmalıdır” Bununla da o, Levon Ter-Petrosyana da “mühaibə”
elan edib.
Bu arada Ermənistanın etika məsələlərinə
də baxan Korrupsiyaya qarşı Mübarizə üzrə
Dövlət Komissiyası ölkənin Baş naziri Nikol
Paşinyanın din xadimləri haqda nalayiq postu ilə
bağlı araşdırmaya başlayıb.
Bu barədə komissiyanın rəhbəri vəzifəsini
icra edən Mariam Qalstyan məlumat verib.
“Biz yazı dərc olunduğu gün öz təşəbbüsümüzlə
işin araşdırılmasına başlamışıq”,
- o qeyd edib.
Qalstyan onu da bildirib ki, komissiya Paşinyanın bəyanatı
ilə bağlı vəkil Ara Zöhrabyanın şikayətinə
baxır və çox güman ki, iyunun 9-da prosesin
başlanıb-başlamaması barədə qərar verəcək.
Onun sözlərinə görə, Paşinyanın
etik normaları pozduğuna dair qərar qəbul olunarsa, o zaman
prosedura görə, o, ictimai şəkildə izahat verməli
olacaq. Lakin komissiya prokurorluğa müraciət edə bilməz,
çünki söhbət aşkar cinayətin əlamətlərindən
yox, etik normaların pozulmasından gedir.
Erməni politoloq Hrant Melik-Şahnazaryan sosial şəbəkə
hesabında yazıb ki, bu yaxınlarda dərc edilmiş və
mənə məlum olan bütün sorğular Nikolun
reytinqinin biabırçı şəkildə
aşağı düşdüyünü göstərir.
“Bu o deməkdir ki, sular çəkilir. Kütlə
yenidən xalqa çevrilir. Nikolayın hökuməti
üçün ölümcül təhlükə var”, - o
bildirib.
Şahnazaryan vurğulayıb ki, Nikolun kilsəyə
qarşı apardığı kampaniyadan az-çox hiddətlənənlər
artıq onun seçiciləri deyil. O, xalqın həmin təbəqəsinin
inamını dönməz şəkildə itirib:
“Cəmiyyətin digər təbəqələri də
Nikola etibar etmir. İtirəcək kiçik bir şeyi belə
olanların hamısı. Onlara daha Nikol lazım deyil. Ona
görə də Nikol kilsəyə hücum etməklə
heç bir reputasiya riski daşımır. Onun hesablamaları
çox praqmatikdir: əgər ictimaiyyətin müəyyən
hissəsinin dəstəyini qazanmaq mümkün deyilsə, onu
sadəcə olaraq neytrallaşdırmaq lazımdır.
Əminəm ki, bu gün şahidi olduğumuz şey
“Tuşonka-2” əməliyyatının debütüdür.
Mövzu artıq kifayət qədər “bişirilib”, yəqin
ki, tezliklə “ifşalar”, hökumətin təbliğatının
qurbanları, böyük məyusluq və qara kütlənin
sevinci olacaq. Yəni Nikolun 2026-cı il seçkilərində
bəhrəsini görəcəyi şərin qələbəsi.
Hadisələrin başqa inkişafı
mümkündürmü? Xeyr. Amma müxalifətimiz,
elitamız, siyasi və ictimai xadimlərimiz daha bir
çağırışa fərqli cavab versəydilər, ola
bilərdi. Ən azından, məsələn, Nikolun
yazılarını yaymaqda bu qədər canfəşanlıq
etməməli idilər. Sosial şəbəkələr
Nikolun əxlaqsız fikirlərini əks etdirən
skrinşotlarla doludur. Onu yayanların da əksəriyyəti
müxalifətçilərin özləridir. Biz
özümüzü “dalanda” qoymuşuq və o “dalandan”
çıxa bilmirik”.
Cavid
Xalq Cəbhəsi .- 2025.- 12 iyun(¹21).-S.8.