Varlığı ilə
bu dünyaya gözəllik qatan Əzizağa Elsevər…
“Kəndimizin baş tərəfindən bir çay
axırdı. Elə indi də axır. Qarayar çayı.
Uşaqlıq xatirələrimin sevgisi, beşiyi Qarayar
çayı. Yayda dili, topuğu quruyar, sahilləri bir-birinə
əl uzadardı. Sıza-sıza, korun-korun axıb gedərdi.
Yazda heç üzünü görmə. Kükrəyər,
sir-sifətini dəyişdirərdi. Yatağına
sığmaz, qarşısına çıxanı
yıxıb dağıdardı. Burovar sıra
dağlarının ətrini, çöllərin gül
qoxulu nəfəsini sinəsinə sığıb gətirərdi.
Bulanıq sular köpüklənər, dərədə
yığılıb burular, sonra da hirsini-hikkəsini
toplayıb üzüaşağı götürülərdi.
Darıxanda sahilinə qaçar, danışar,
pıçıltısını, nəğməsini dinləyər,
ürəyimi doyunca boşaldardım. Sanki çay da məni
duyar, içimdən keçəni oxuyardı. Ancaq heç
vaxt məndən inciməz, yorulub usanmazdı. İçimdə
bir hiss baş qaldırar, bir duyğu göyərərdi. Bu, nə
idi bilmirdim. Məni məndən alır, fikrimi, xəyalımı
çəkib uzaqlara aparırdı...”- söyləyir.
Çox duyğusal adamdır. Romantik düşüncə
tərzi var. Yaşı 70-i ötsə də uşaqlıq
xatirələri heç vaxt onu rahat buraxmır. Qarayar
çayının ecazkar səsi hələ də
qulaqlarından getmir. Unutmadığı çox məqamlar
var. Bu, onun mükəmməllik axtarışı və
detallara olan diqqətindən irəli gəlir. Hər bir vəziyyəti
dərinliklə təhlil edərək, ən yaxşı qərarı
qəbul etməyə çalışır...
Deyir ki:- “Anamın sözləri tez-tez yaddaşıma
tökülür, sonra qəfil gələn bu xoş, ilıq
hissin dumanında əriyirdi. Anam: “Çaya çox yaxın
getmə haa! Dilim qurusun, birdən yıxılarsan,
götürüb gedər.”-deyərdi. Sonra gözləri ilə
məni yeyə-yeyə: “Bəs onda mənim balam kim olar?”-
soruşardı. Anam arxayın olmadığını
görüb, qulağımı astaca çəkər,
yanımı yüngülcə şapalaqlayıb:” Bax, haa... məndən
deməkdir.”- söylərdi. Anama:”Yoox, daha getmərəm!..”-
desəm də, özümlə bacarmırdım. Elə bil
içimdə kimsə məni qıdıqlayır,
çağırırdı. O, nagahani səs qulağımda
cingildəyir, məni ovsununa, tilsiminə salırdı. Bir səhər
yenə getmişdim Qarayarçayın görüşünə.
Barmaqlarımı daraqlayıb bulanıq sularında
oynatmış, əllərimlə ovuclayıb
üzümü yumuşdum. Çay sevinmiş, suları
ayağıma döşənib, ayaqqabımı
yalamışdı. Qucağında gətirdiyi dağ
çiçəyini ərməğan etmişdi. Əyilib
çiçəyi götürmək istəyəndə,
ehtiyatsızlıq edib, sürüşüb suya
düşmüşdüm. Su məni axına itələmiş,
oynayırmış kimi dar bir keçiddən keçirib
geniş qoynuna salmışdı. Üzməyi bilmədiyimdən
əl-qol atır, çırpınır, sahilə can atırdım.
Çay dərin və aşağısı burulğanlı
olduğundan tez-tez batıb çıxır, “Kömək
edin!. Kömək edin!!.”- deyə
çığırırdım.”
O qədər saf-təmiz təbiəti var ki, onunla
ünsiyyətdə olanda adam uşaqlaşır, durulur.
Dünyanın dərd-sərindən, ağrı və əzablarından
uzaqlaşıb həyata yenidən başlamaq istəyir.
Bununla yanaşı o, çalışqan və çox məsuliyyətli
adamdır. Hər zaman öz üzərinə düşən
vəzifələri yerinə yetirmək üçün səy
göstərir. İşi planlı görməyi
xoşlayır və gözəl təşkilatçılıq
qabiliyyəti var...
O, 1952-ci ilin sentyabr ayının 10-da Cəlilabad
rayonunun Sabirabad kəndində dünyaya gəlib. Tam orta təhsilini
Cəlilabad şəhər 7 saylı məktəbdəfərqlənmə
ilə bitirərək həmin il Azərbaycan Dövlət
Pedaqoji Universitetinin tarix fakültəsinə qəbul olunub və
1975-ci ildə həmin universitetin tarix fakültəsində
ali təhsilə yiyələnib. 1975-1984-cü illərdə
Sabirabad kənd orta məktəbində tarix və ictimaiyyat
müəllimi vəzifəsində çalışıb.
1984-cü ildən 1997-ci ilədək indiki AMEA-nın “ Elm” nəşriyyatında
redaktor, böyük redaktor və 1-ci dərəcəli
redaktor vəzifələrində işləyib. 1997-ci ildə
AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın
Böyük Vətən müharibəsi və müharibədən
sonrakı dövr tarixi” şöbəsinə elmi
işçi vəzifəsinə
köçürülüb. 2001-ci ildə “Azərbaycan
avtomobil nəqliyyatının bərpa və inkişaf etdirilməsi
tarixi (1946-1960-cı illər)” mövzusunda tarix üzrə fəlsəfə
doktoru dissertasiyası müdafiə edib. O,akademik nəşr
olan çoxcildlik “Azərbaycan tarixi”nin VII cildinin müəlliflərindən
biridir. Hazırda “Azərbaycan SSR-nin Qazaxıstan və Mərkəzi
Asiya respublikaları ilə əlaqələri tarixi
(1946-1991-ci illər)” adlı doktorluq dissertasiyasını
tamamlamaq üzrədir...
Onun ən böyük güclərindən biri analitik
düşüncə tərzidir. O, problemləri tez bir zamanda
müəyyənləşdirə və bu problemləri həll
etmək üçün effektiv yollar tapa bilir. Həmçinin,
səmimi və etibarlı dost və əməkdaşdır.
Başqalarına kömək etməkdən xoşlanır və
bu səbəbdən də tez-tez etibarlı adam kimi
tanınır...
Şair, jurnalist, gəmi kapitanı Faiq Balabəyli onu
belə xarakterizə edir: “Kifayət qədər təəssübkeş
adamdır, alimdir, yazıçıdır. Orta məktəbdə
müəllimim olub və yaddaşımın heç vaxt
silinməyəcək yerində adını saxlamışam.
Deyim ki, müəllimimin sevimlişagirdlərindən biri
olmuşam, çətinlik çəkərəm, amma onun mənim
haqqımda yazdığı məqaləsində fikirlərini
oxumuşam və mənə çox xoş olub. Sən demə
müəlimim mənim heç də sıradan bir şagird
olmamağım qənaətində olub. Hələ biz orta məktəbdə
oxuyarkən onun- gənc müəllimimizin hekayələri
dövrü mətbuatda dərc olunurdu, kitabı
çıxmışdı və bu həqiqətən də
bütün kəndin, biz şagirdlərin ürəyincə
olan hadisələr idi...”
O, 1990-1991-ci illərdə “Azadlıq” qəzetində
korrektor, 1992-1995-ci illərdə Qərb Universitetinin “Menecer”
litseyində müəllim, sonra direktor, 1995-1996-cı illərdə
“Savalan”, 1996-1997-ci illərdə “Şəhriyar” qəzetlərində
ədəbiyyat şöbəsinin müdiri,1998-1999-cu illərdə
“Respublika” qəzetinin əməkdaşı, 1999-2001-ci illərdə
“Təzə həyat” qəzetinin redaktoru, 2001-2003-cü illərdə
Bakı şəhəri Yasamal rayon 21 saylı tam orta məktəbdə
fəaliyyət göstərən gecə məktəbində
tarix müəllimi, Xətai rayonundakı 147 saylı texniki
humanitar litseydə tarix-ictimaiyyat müəllimi, 2003-2005-ci illərdə
Kooperasiya Universitetində müəllim, 2003-2008-ci illərdə
Lənkəran Dövlət Universitetində müəllim
işləyib. Hazırda Bakı Qızlar Universitetində və
Azərbaycan Dövlət Pedaqoji Universitetində dosent kimi
pedaqoji fəaliyyət göstərməkdədir...
Deyir ki:- “Ömrümdən illər yarpaq-yarpaq
düşürdü. Məktəbi də, institutu da bitirdim.
Qardaşlarımın hərəsi bir tərəfdə, uzaq-uzaq
şəhərlərdə oxudu, bacılarım
nişanlandı. Valideyinlərim yaşlıydı. Daha əlləri
də iş tutmurdu. Ehtiyac, sıxıntı da elə bil ki,
bir tərəfdən bizi tanımışdı, heç
gözləyib eləmədən də, utanmadan tez-tez
qapımızı döyürdü. Aldıqlarımız da
qapıdan girməmiş, sanki pəncərədən
çıxırdı. Qayğılar qayğıları
üstələyirdi. İçimdən keçəni dilimə
gətirə bilmirdim. Bir də, danışmağa nə
üzlə danışacaqdım ki?! Qarayarçayın
yuxusuna şirin layla çaldığı kənddə
müəllim işləyirdim. Gəncliyimin
ucalığından sadəlövh
uşaqlığımın qayğısız günlərinə
hərdən həsrətlə baxırdım.
Öz-özümə gülümsəyir, arxada qalan o təmiz,
bəmbəyaz günlərimin şirinliyinə bürünmək,
ovsununda itmək istəyirdim. Günlər atını
çapıb gedirdi, mənimsə əllərim həsrətimin
ünvanında uzanıb qalırdı...”
Onun həmçinin, özünütəkmilləşdirmə
və öyrənmə səriştəsi var. Yeni biliklər
əldə etmək və öz bacarıqlarını
inkişaf etdirmək üçün daim
çalışır. Eyni zamanda sağlam həyat tərzinə
və fiziki rifaha böyük önəm verir. O, elmi-tədqiqat
və pedaqoji fəaliyyətlə bərabər, həm də
bədii-publisistik fəaliyyətlə də məşğul
olur. Onun 70-dən çox hekayəsi, 300-dən çox bədii-publisistik
yazıları müxtəlif qəzet və jurnallarda,
almanaxlarda çap edilib. Povest və hekayələrdən ibarət-
“ İki kölgə”, “ Əbədiyyət yolçusu” və
“ Anam üçün darıxmışam” kitablarının
müəllifidir...
Bəli, söhbət ədəbi aləmdə
Əzizağa Elsevər kimi tanınan, Əzizağa Bəhrəm
oğlu Ələkbərovdan gedir. Varlığı ilə bu
dünyaya gözəllik qatan insanlardan birindən...
Elman Eldaroğlu
Xalq Cəbhəsi .- 2025.- 19 iyun(¹22).-S.15.