Azərbaycanda innovasiya ekosistemi
İnnovasiya ekosisteminin qlobal müstəvidə təhlilini
aparan “StartupGenome” platforması 2025-ci il üçün
hesabatını açıqlayıb. Hesabatda Azərbaycanın
bir sıra innovativ texnologiyalar üzrə irəliləyiş
əldə etdiyi vurğulanır. İnnovasiya və Rəqəmsal
İnkişaf Agentliyindən (İRİA) bildirilib ki, ölkəmiz
İKT, dövlət idarəetməsində rəqəmsal
texnologiyaların tətbiqi və oyun sənayesi kimi sahələrdə
rəqabətqabiliyyətli göstəricilərə sahibdir.
Bundan əlavə, hesabatda bildirilir ki, Azərbaycan “Asiya
ekosistemində istedadların əlçatanlığı”
reytinqində ilk iyirmi beş ölkə arasında yer
alır.
“Startup Genome” hesabatında göstərilir ki, Azərbaycandakı
ekosistem dövlətin rəqəmsal transformasiya
yanaşması, kibertəhlükəsizlik və insan
kapitalının inkişaf təşəbbüsləri ilə
hərtərəfli dəstəklənir. Bu kontekstdə
İRİA-nın həyata keçirdiyi fəaliyyət
xüsusilə qeyd edilib. Agentliyin təşəbbüsü
sayəsində 2024-2025-ci illərdə startaplar
üçün “Microsoft”, “Viveka” və “Startup Wise Guys” kimi
qlobal səviyyədə tanınan şirkətlərin cəlb
edilməsi ilə bir sıra layihələr
reallaşdırılıb, rəqəmsal dövlət xidmətlərinin
spektri və miqyası genişləndirilib. Ölkədə,
həmçinin oyun sənayesinin inkişafı
strategiyasının bir hissəsi olaraq nüfuzlu “Xsolla”
şirkəti ilə oyun studiyaları üçün
inkubasiya proqramı keçirilir.
Hesabatda Azərbaycan texnoparklarının da yerli və
xarici texnologiya şirkətləri üçün əlverişli
olduğu qeyd edilib. Belə ki, texnoparklarda rezidentlik həm Azərbaycan,
həm də xarici şirkətlər üçün
müvafiq imtiyazlar təqdim edir. Xarici şirkətlər
coğrafi mövqeyi, vergi güzəştləri və
yüksək həyat standartlarının əlçatanlığına
görə məhz bizim ölkəni seçirlər.
İRİA-nın sədri Fərid Osmanovun ölkənin
rəqəmsal transformasiyası və innovativ ekosistemi
haqqında fikirləri hesabatda yayımlanıb: “Azərbaycanın
innovasiya ekosistemi rəqəmsal transformasiya, strateji
yatırımlar və dövlət-özəl tərəfdaşlıqları
əsasında inkişaf edir. Biz yerli insan kapitalını və
startapları yetişdirməklə effektiv texnoloji həlləri
bir araya gətirən, qlobal çağırışlarla
ayaqlaşan və dayanıqlı sahibkarlıq prinsipləri ilə
formalaşan regional texnologiya mərkəzini qururuq”.
“Startup Genome”un idarəedici ortağı Stefan Kuesser də
ölkəmizin startap ekosistemi haqqında fikirlərini
bölüşüb: “Azərbaycanın startap ekosistemi beynəlxalq
əlaqələri və dinamik texnologiya icmasının
inkişafı ilə regionda strateji əhəmiyyətə
sahibdir. İnnovasiya təşəbbüsləri dərinləşir
və bu da uzunmüddətli inkişaf üçün
fundamental imkanlar yaradır. Bizimlə tərəfdaş olan
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Azərbaycanda
innovativ sahibkarlığın inkişafı və ölkənin
regional innovasiya gücünə çevrilməsi istiqamətində
əhəmiyyətli işlər görür”.
Qeyd edək ki, “Startup Genome” builki hesabatında 65-dən
çox ölkənin innovasiya ekosisteminin təhlilini təqdim
edib. Platformanın son 10 ildə dərc edilmiş
hesabatlarında regionlar və ölkələr üzrə
innovasiya ekosisteminin əsas göstəriciləri, ekosistemin hərəkətverici
oyunçuları və strateji inkişaf hədəfləri
kimi məlumatlar yer alır.
Azərbaycanda innovasiya fəaliyyəti dövlət tərəfindən
müxtəlif mexanizmlər, xüsusən də vergi güzəştləri
vasitəsilə dəstəklənir. İnnovasiya fəaliyyəti
üzrə vergi güzəştləri almış mikro və
kiçik sahibkarlıq subyektlərinin sayı 213-ə
çatıb. “Startap” şəhadətnaməsinin verilməsi
üzrə Kiçik və Orta Biznesin İnkişafı
Agentliyində (KOBİA) yaradılmış Ekspertlər
Şurasının növbəti iclasında KOB subyektlərindən
daxil olmuş 8 müraciətə baxılıb və onlardan
3-nə “Startap” şəhadətnaməsinin verilməsi barədə
qərar qəbul edilib.
“Startap” şəhadətnamələri "Cool
Bears" MMC-nin mobil və veb oyunların tərtibi və
istehsalı, "Multi Solutions" MMC-nin sürücülər
və daşıyıcılar üçün balans idarəetmə
və ödəniş sistemi, "Noteservice" MMC-nin xidmətlər
üçün veb platforma və mobil tətbiq layihələri
üçün təqdim edilib. “Startap” şəhadətnaməsi
KOB subyektlərini şəhadətnaməni aldıqları
tarixdən etibarən innovasiya fəaliyyətindən əldə
etdikləri gəlirlər üzrə mənfəət və
ya gəlir vergisindən 3 il müddətinə azad edir. Layihələri
inkişaf mərhələsində olan mikro və kiçik
sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi
üçün KOBİA-ya müraciət edə bilər.
Vergi güzəşti almış layihələr kənd
təsərrüfatı, aqrar biznes, fintek, “yaşıl
iqtisadiyyat” və elektron ticarət sahələrində
innovativ həllərdir. 2024-cü ildə 104-ü mikro və
5 kiçik sahibkarlıq subyekti olmaqla “Startap” şəhadətnaməsi
almaq üçün Kiçik və Orta Biznesin
İnkişafı Agentliyinə (KOBİA) ümumilikdə 109
müraciət daxil olub. Müraciətlərə “Startapın
müəyyən olunması meyarları”na əsasən
Ekspertlər Şurası tərəfindən baxılıb və
65 KOB subyektinə “Startap” şəhadətbaməsi verilib.
Şəhadətnamə almış sahibkarların 52-si
hüquqi, 13-ü fiziki şəxs olmaqla, 62-si mikro və
3-ü kiçik sahibkardır. “Startap” şəhadətnaməsi
almış layihələr kənd təsərrüfatı,
aqrar biznes, fintek, “yaşıl iqtisadiyyat” və elektron ticarət
sahələrində innovativ həlləri özündə
birləşdirir.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi
(KOBİA) tərəfindən təmin edilən dövlət
dəstəyi mexanizmlərindən yararlanmış
sahibkarların və biznesə başlamaq istəyən şəxslərin
əhəmiyyətli hissəsi gənclərdir. Təkcə
2024-cü ildə Agentliyin biznes üzrə bilik və
bacarıqların artırılmasına dair təlim, məsləhət
və biznes planın hazırlanması xidmətlərindən
faydalananların 40%-ni gənclər təşkil edib. Biznes
subyektini vergidən azad edən "Startap" şəhadətnaməsi
almış KOB-ların 30%-dən çoxu, qrant dəstəyindən
yararlanmış sahibkarların isə 30%-i gənc sahibkarlar və
startaplardır.
KOBİA gənclərin sahibkarlıq fəaliyyətinə
təşviqi və bu sahədə onların təşəbbüslərinin
dəstəklənməsi üçün peşə və
ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq
edir. Bu əməkdaşlıq çərçivəsində
Agentliyin biznes üzrə mütəxəssisləri müxtəlif
peşə və ali təhsil müəssisələrinin tələbələri
ilə görüşərək sahibkarlıq fəaliyyəti,
bu sahədə dəstək alətləri üzrə ilkin məlumat
verir, gənclərin suallarını cavablandırırlar. Həmçinin,
biznes fəaliyyətinə marağı olan tələbələr
üçün təlimlər təşkil edilir.
Eyni zamanda KOBİA və tərəfdaş
qurumların birgə təşkilatçılığı
ilə gənclərin biznes təşəbbüslərinə
dəstək məqsədilə müxtəlif layihə və
proqramlar həyata keçirilir. Gənclərin biznesə
başlaması üçün ilkin dəstəyi təmin edən
“Gənclərin biznes emalatxanası” və biznes
ideyalarının maliyyələşdirilməsinə töhfə
verən “Bizdən biznəsə” layihələrindən 60 gənc
faydalanıb.
Agentliyin “KOB könüllüləri” proqramı da
idarəetmə, biznes və menecment ixtisasları üzrə təhsil
alan tələbə və magistrların sahibkarlıq sahəsində
ilkin biliklərə yiyələnmələri
üçün faydalıdır. Bugünədək 700-dən
çox gənc proqramı uğurla başa vurub. Onlar
arasında özəl sektorda çalışan gənclər
xüsusilə seçilir.
2024-cü ildə KOBİA-nın biznes biliklərinin və
bacarıqlarının artırılması üzrə dəstək
və xidmətlərindən 13 mindən çox sahibkar,
startap və biznesə başlamaq istəyən şəxs
faydalanıb. Ötən il KOB subyektlərinin biznes sahəsində
bilik və bacarıqlarının
yaxşılaşdırılması, sahibkarlığa dair məlumatlılıq
səviyyəsinin yüksəldilməsi məqsədilə
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi
(KOBİA) tərəfindən 1047 təlim təşkil olunub.
Təlimlər KOB-ların təlim ehtiyaclarına uyğun
olaraq, satış, marketinq, mühasibatlıq, işçi
heyətinin idarə edilməsi, brendləşmə, biznesdə
innovasiyaların tətbiqi, biznes planın hazırlanması,
layihələrin idarə olunması, “yaşıl iqtisadiyyat”
və digər mövzuları əhatə edib. 41 sahibkar və
menecer beynəlxalq təcrübəyə yiyələnməsi
üçün “Almaniya ilə biznes əməkdaşlığı”
Proqramı çərçivəsində Almaniyada
ixtisasartırma kursu keçib.
KOBİA-nın video təlim platformasındakı
onlayn təlim videolarından ödənişsiz olaraq 618
sahibkar və biznesə başlamaq istəyən şəxs
faydalanıb. KOBİA tərəfindən satış
kanallarına çıxış, marketinq, biznesin
planlaşdırılması, mühasibatlıq, hüquqi məsələlərlə
bağlı 2473 sahibkara və biznesə başlamaq istəyən
şəxsə məsləhət xidməti göstərilib.
Agentlik 2024-cü ildə kənd təsərrüfatı,
istehsal, xidmət və digər istiqamətlərdə 1137
biznes planın ödənişsiz olaraq hazırlanmasına dəstək
verib. Ümumilikdə, 2024-cü ildə Agentliyin KOB subyektlərinin
biznes biliklərinin və bacarıqlarının
artırılması istiqamətində göstərdiyi dəstək
və xidmətlərdən 13 mindən çox KOB subyekti,
startap və biznesə başlamaq istəyən şəxs
yararlanıb.
Regionlarda biznesə başlamaq və ya sahibkarlıq fəaliyyətini
inkişaf etdirmək istəyən iş adamları dəstək
üçün KOBİA-nın struktur bölmələrinə
müraciət edə bilərlər. Regionlarda mövcud biznes
potensialının reallaşdırılması, yeni KOB subyektlərinin
yaradılması və sahibkarlıq fəaliyyətinin
genişləndirilməsi, eləcə də iş
adamlarının investisiya təşəbbüslərinin dəstəklənməsi
məqsədilə Kiçik və Orta Biznesin
İnkişafı Agentliyinin (KOBİA) geniş infrastruktur
şəbəkəsi mövcuddur.
Mahir Həmzəoğlu
Xalq Cəbhəsi .- 2025.- 19 iyun(¹22).-S.12.