Azərbaycanın müasir siyasi sistemi məhz Ulu
Öndər Heydər Əliyevin adı ilə
bağlıdır
Mehdi Balabəyov: “Azərbaycan xalqı yeni əsrə
və yeni minilliyə məhz Heydər Əliyev zəkasının
işığında qədəm qoyub”
Düz 32 il əvvəl ulu öndər Heydər
Əliyev hakimiyyətə qayıdaraq Azərbaycan
xalqını, dövlətini və millətini
parçalanmadan xilas etdi.
Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən
iclasındakı çıxışında ulu öndər
Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək
inkişaf strategiyasını elan edib və bu gün Azərbaycan
tarixinə Milli Qurtuluş Günü kimi daxil olub, Azərbaycan
dövlətçiliyi yox olmaq təhlükəsindən
qurtulub.
Azərbaycan xalqının tələbi ilə ikinci dəfə
hakimiyyətə qayıdan Heydər Əliyev həmin gün
Ali Sovetin sədri seçilib. Bununla da uzun illər davam edən
gərginlik və qarşıdurma səngiyib və ölkə
vətəndaş müharibəsi və parçalanma təhlükəsindən
xilas olub. Milli qurtuluş fəlsəfəsi sözün
geniş mənasında Azərbaycanın mövcudluğunu,
onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini
təmin edir.
Əgər müstəqilliyi qazanmaq ilkin şərt
idisə, ikinci vacib məsələ suverenliyi qoruyub inkişaf
etdirmək idi və bu ümummilli liderin iradəsi sayəsində
reallığa çevrildi. O, Milli Azərbaycan dövlətçiliyi
konsepsiyasını yaratdı. Bütün maneələrə
baxmayaraq, ən qısa müddətdə ölkədə
ictimai-siyasi sabitlik bərpa olundu.
Heydər Əliyev 1993-cü il iyunun 20-də Azərbaycan
həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılması üçün yerli və xarici
jurnalistlər üçün brifinq keçirib, iyunun 21-də
isə bir sıra ölkələrin diplomatları ilə
görüşüb. Bu sahədə yürüdülən
siyasət respublikanı informasiya blokadasından
çıxartdı. Dünyada Azərbaycanla bağlı formalaşan
fikri müsbət yöndə dəyişdi. Məhz belə
bir mürəkkəb siyasi şəraitdə Heydər
Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin
qarantına çevrildi. Ümummilli liderin şəxsiyyəti,
onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti,
qətiyyəti və xarizması siyasi böhrana son qoydu və
Azərbaycanın dünya birliyinə inteqrasiyası
başlandı.
1997-ci ildə Milli Məclisin deputatları 15 iyun
tarixinin təqvimə Azərbaycan Respublikasının Milli
Qurtuluş Günü kimi salınması təklifi ilə
çıxış ediblər və parlament bu təklifi bəyənib.
Həmin vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə
qayıdışı Milli Qurtuluş Günü kimi qeyd
edilir.
Hazırda Silahlı Qüvvələrin Ali Baş
Komandanı, Prezident İlham Əliyev tərəfindən
davam etdirilən siyasət nəticəsində Azərbaycanın
ərazi bütövlüyü bərpa olunub.
Ata vəsiyyətini layiqincə yerinə yetirən
Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli
Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin
işğal altında saxladığı əzəli və əbədi
torpaqlarımızı azad edib.
Bununla da Azərbaycan dövləti Müzəffər
Ali Baş Komandanın rəhbərliyi ilə BMT-nin qətnamələrini
döyüş meydanında təkbaşına icra edib. Beləliklə,
30 ilə yaxın müddət ərzində düşmənin
işğalda saxladığı Azərbaycan torpaqları əsarətdən
qurtulub.
Milli Qurtuluş Günü ilə bağlı fikirlərini
qəzetimizə bölüşən YAP Şabran rayon təşkilatının
sədri Mehdi Balabəyov deyib ki, müstəqilliyimizin bərpasının
ilk illərində Azərbaycanda yaşanan durum hər kəsə
məlumdur. O illər tariximizin qara səhifəsi kimi daim vərəqlənir.
Dövlət başçısı İlham Əliyev bu
çağırışı edir ki, müstəqillik
tariximizin ayrı-ayrı mərhələləri müqayisəli
təhlil edilməli, gənc nəsil müstəqillik yolumuzun
heç də hamar olmadığını bilməlidir.
1993-2003-cü illərdə Azərbaycanın sürətli
inkişafı bugünkü reallıqların bünövrəsidir.
Həmin illərdə görülmüş işlər sayəsində
Azərbaycan inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə
daxili siyasətlə bağlı bütün məsələlərdə
öz prinsipial mövqeyini nümayiş etdirdi, dünyada
böyük hörmətə malik oldu. Ölkə daxilində
başlanan islahatlar dövlətimiz üçün həlledici
rol oynayıb: “Məhz bu gün böyük qürur hissi ilə
qeyd edirik ki, hazırkı Azərbaycan Ümummilli Lider Heydər
Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi
bütövlüyü təmin olunan Azərbaycandır. Məhz
Ulu Öndərin yaratdığı möhkəm təməl
Azərbaycana davamlı uğurlar qazandırır. Sabitlik təmin
edildi, normal biznes mühiti yaradıldı. Azərbaycan
qısa müddətdə böyük investisiyalar məkanına
çevrildi. Ordu quruculuğu istiqamətində
başladığı işlər və müəyyənləşdirdiyi
strategiya sayəsində bu gün Azərbaycan Silahlı
Qüvvələri dünyanın ən güclü 50 ordusu
sırasında yer alır, texniki təchizat baxımından
bir çox ölkələrin ordularını üstələyir.
Ümummilli Lider Heydər Əliyev güclü
xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və
dövlət xadimi idi. Onun ən böyük gücü dərin,
universal biliyində, qətiyyətində,
işgüzarlığında, qeyri-adi yaddaşında,
tükənməz səbrində, müsahibini təmkinlə
dinləmək bacarığında, uzaqgörənliyində,
qarşısına qoyduğu məsələni həyata
keçirmək qabiliyyətində, müdrikliyində, siyasətçi
keyfiyyətlərində, mahir diplomat olmasında idi. Zəngin
idarəçilik təcrübəsi sayəsində Azərbaycanın
dünyaya Günəş kimi doğmasını təmin
etdi. Bu gün Azərbaycanın sözünün imzası qədər
əhəmiyyətli olması da Heydər Əliyev siyasətinin
təntənəsidir”.
O, qeyd edib ki, ümummilli Lider Heydər Əliyev öz
xalqını zamanın mürəkkəb tarixi-siyasi
sınaqlarından uğurla çıxarmış və
ardıcıl mübarizə apararaq onu müstəqilliyə
qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan
xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər
Əliyev zəkasının işığında qədəm
qoyub. Davamlı yüksəliş yolunda inamla irəliləyən
müasir Azərbaycan Onun həyat amalının təntənəsidir:
“Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolu və
müstəsna fəaliyyətinin bütün mərhələləri
bir-birini tamamlayıb, öz xalqına sıx
bağlılığın, milli dövlәtçilik məfkurəsinə
sadiqliyin canlı təcəssümü olub. Geniş bilik və
dərin təfəkkür sahibi olan dahi şəxsiyyət
Heydər Əliyev düşünülən və cəsarətli
qərarları ilə təkcə müstəqillik
dövründə deyil, bütün dövrlərdə Azərbaycan
ictimaiyyətini ən ciddi şəkildə düşündürən
məsələləri uğurla həll edib. Ulu Öndər
cəmiyyət həyatının müxtəlif sahələri
arasında üzvi bağlılığı aydın görərək,
müəllifi olduğu milli inkişaf strategiyasında ictimai,
siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə
qarşıda duran vəzifələri düzgün müəyyənləşdirib
və məharətlə həyata keçirib.
Azərbaycanın müasir siyasi sistemi məhz Ulu
Öndər Heydər Əliyevin adı ilə
bağlıdır. 1992-ci ilin noyabrında Naxçıvanda
Yeni Azərbaycan Partiyasının yaradılması və
Ümummilli Lider Heydər Əliyevin partiyaya Sədr
seçilməsi faktiki olaraq Azərbaycanda müasir siyasi
sistemin yaranmasına səbəb oldu. Çünki Yeni Azərbaycan
Partiyası o vaxtkı antimilli iqtidara qarşı müxalifət
kimi yaranmışdır. Yeni Azərbaycan Partiyasının
yaranması Azərbaycanda böyük əks-səda doğurdu.
Azərbaycanın müxtəlif bölgələrindən
partiyaya üzv olmaq istəyənlərin axını
müşahidə edildi və qısa müddət ərzində
Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı
siyasi qüvvəsinə, ümumxalq partiyasına
çevrildi. Hazırda partiyanın sıralarında 750 minə
yaxın üzvün birləşməsi Ulu Öndər Heydər
Əliyev ideyalarına sədaqətin, Prezident İlham
Əliyevin siyasətinə inamın, dəstəyin ifadəsidir.
Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham
Əliyev partiyanın tarixi Zəfərimizin reallıqları
fonunda 2021- ci ildə keçirilən VII qurultayında bu əminliyi
ifadə etdi ki, YAP ənənələri olan partiyadır. YAP
bundan sonra da ölkəmizdə gedən bütün proseslərin
mərkəzində olacaq. Bu fikirlər Ümummilli Liderin Yeni
Azərbaycan Partiyasının gələcəyinə
inamının ifadəsi olan “YAP dünənin, bu günün
və gələcəyin partiyasıdır”
çağırışının davamıdır.
Qısa təhlil belə bir ümumiləşdirməyə
əsas verir ki, Ulu Öndər Heydər Əliyevin
qayıdışı ilə başlanan inkişaf, tərəqqi
bütün sahələri əhatə etməklə tarixi Zəfərimizi
şərtləndirdi. Bu gün azad Qarabağımız, azad
Şərqi Zəngəzurumuz cənnət məkana
çevrilir, soydaşlarımız doğma yurd-yuvalarına
qayıdaraq bu torpaqlara yeni nəfəs verirlər. Ərazi
bütövlüyü və suverenliyi tam bərpa edilən Azərbaycanın
qarşısında yeni üfüqlər açılır”.
Cavid
Xalq Cəbhəsi .- 2025.- 19 iyun(¹22).-S.9.