İsrail-İran müharibəsi: nəticə necə
olacaq?
İyunun 13-də İsrail İrana qabaqlayıcı zərbə
endirdi və İranda fövqəladə vəziyyət elan
edildi. Bununla bağlı İsrailin Baş naziri Benyamin
Netanyahu bəyan edib ki, hərbi əməliyyatın məqsədi
İranın nüvə infrastrukturuna zərbə endirməkdir.
Daha sonra raketlər və pualarla
qarşılıqlı zərbələrlə davam etdirilib.
Hazırda vəziyyət gərgin olaraq qalır.
Netanyahu bildirib ki, hədəf həm də İran
rejimini devirməkdir. Analoji açıqlamalar İran rəhbərliyi
tərəfindən də İsrail hökuməti barədə
verilir.
Məsələ ilə bağlı millət vəkilləri
“Xalq Cəbhəsi”nə danışıb.
Milli Məclisin deputatı Müşfiq Cəfərov
qeyd edib ki, hazırda İsrail və İran arasında baş
verən hava hücumları yalnız bu iki ölkəni əhatə
edir: “İndi İsrail və İran arasında baş verən
silahlı qarşıdurma klassik mənada müharibə kimi dəyərləndirilmir.
Tərəflərin quru əməliyyatlar keçirməməsi
və aralarında birbaşa sərhəd
bağlantısının olmaması bu vəziyyəti
genişmiqyaslı müharibə olma şansını
azaldır”.
“Dağıdıcı ola biləcəyinə
inanmıram”
M.Cəfərov əlavə edib ki, bu müharibədə
konkret işğal və ya qələbə faktoru
müşahidə olunmur, əsas hədəf bir-birini iqtisadi
və siyasi baxımdan zəiflətməkdir: “Bütün
hallarda tərəflərin bəzən birbaşa mülki
obyektləri hədəfə alması, beynəlxalq ictimaiyyətdə
ciddi narahatlıq doğurmalı və hər iki ölkə
danışıqlara çağırılmaldır.
Düşünürəm ki, bu qarşıdurma da keçənilki
gərginliklərə bənzəyir və bu dəfə daha
uzunmüddətli və dağıdıcı ola biləcəyinə
inanmıram”.
“Dövlətimiz hər iki ölkəni sabitliyə və
sülhə çağırır”
Deputatın sözlərinə görə, müharibənin
hər iki tərəfin iqtisadiyyatına və sosial sabitliyinə
zərər vurması, ictimai narazılıqların
artması səbəbilə tezliklə razılaşmaya gələcəkləri
ehtimal olunur: “Əks halda, bu hal bölgədə yalnız
regional deyil, qlobal nəticələr doğuracaq proseslərin
başlandığıcı ola bilər. İran Azərbaycanın
qonşusudur. Bu ölkə milyonlarla etnik azərbaycanlının
vətənidir, İsrail isə Azərbaycanın tərəfdaşıdır.
Dövlətimiz hər iki ölkəni sabitliyə və
sülhə çağırır”.
“Azərbaycan bu münaqişədən narahatdır”
Milli Məclisin deputatı Ceyhun Məmmədov
dünyamızın növbəti bir münaqişənin,
müharibənin astanasında olduğunu deyərək əlavə
edib ki, bizim arzumuz ondan ibarətdir ki, müharibə olmasın
və bu, baş verən münaqişə ən qısa
vaxtda yekunlaşsın: “Müharibə insan itkisi deməkdir, biz
də müharibəni yaşamış xalqıq. Buna görə
də biz heç bir xalqa, heç bir dövlətə
müharibə arzulamırıq. Bildiyiniz kimi, Azərbaycan
Xarici İşlər Nazirliyi də məsələyə
öz mövqeyini bildirdi. Yəni Azərbaycan bu münaqişədən
narahatdır. Biz müharibənin ən qısa vaxtda bitməsini
arzulayırıq. Qeyd etdiyim kimi, müharibə itki deməkdir
və bu müharibənin uzun müddət davam etməsi
heç bir tərəfə, eyni zamanda, dünyamıza
yaxşı heçnə vəd etmir”.
“İsrail bizim müttəfiqimizdir”
Deputat İsrailin bizim müttəfiqimiz olduğunu,
bizim İsrail ilə hər zaman yaxşı münasibətlərimiz
olduğunu diqqətə çatdırıb: “Vətən
müharibəsi dövründə İsrail bizim
yanımızda oldu, Azərbaycanı müasir silahlarla təchiz
etdi. Eyni zamanda, İran da bizim yaxın qonşumuzdur. Son vaxtlar
münasibətlərimiz inkişaf edir. Həmçinin
İranda çox sayda azərbaycanlı yaşayır və
onların taleyi də insanlarımızı
düşündürür. Biz ona görə də
müharibənin ən qısa müddətdə
yekunlaşmasını arzu edirik. İnanırıq ki, tərəflər
razılığa gəlib münaqişənin bitməsi
üçün real addımlar atacaqlar”.
“ABŞ-nin müharibə ilə bağlı yeni
mövqeyi ortaya çıxacaq”
Milli Məclisin deputatı Hikmət Babaoğlu İran
ilə İsrail arasında baş verən qismi müharibənin
tammiqyaslı müharibə fazasına keçmədən bitəcəyinə
ümid etdiyini deyib.
Deputat əlavə edib ki, hazırda tərəflərin
ortaq bir nöqtəyə gəlməsi mümkün
görünmür və ABŞ-nin bu müharibə ilə
bağlı yeni mövqeyi ortaya çıxacaq:
“Çünki ABŞ Prezidenti Kanadada Böyük 7-lərin
(G7) tədbirindən vaxtından əvvəl ayrılaraq
ölkəsinə döndü və hazırda Yaxın Şərqdəki
vəziyyəti müzakirə etmək üçün
Trampın kabineti bir araya gəlməkdədir. Buradan
çıxan mövqe də, yəni ABŞ-nin ən yeni
mövqeyi də İran və İsrail arasında müharibənin
nə qədər davam edəcəyi və nə ilə bitəcəyi
haqqında yeni bir ipucları verəcək”.
“Konstruktiv meyillər formalaşa bilər”
H.Babaoğlunun bildirdiyinə görə, amma nə
olursa olsun, nəticə etibarı ilə müharibənin bitməsi
regionda yeni imkanlar yaradacaq: “Çünki bu vaxta qədər
regional inteqrasiyaya mane olan, sülh təşəbbüslərinə
qarşı çıxan və beləliklə də
özünü təcrid edən, yalnızlaşdıran bir
ölkədən söhbət gedir.
Düşünürük ki, müharibənin nəticəsində
daha konstruktiv meyillər formalaşa bilər. Bu isə
bütün region ölkələri, eyni zamanda, Cənubi
Qafqaz üçün də yeni sülh fürsətləri
yarada bilər”.
Röya İsrafilova
Xalq Cəbhəsi .- 2025.- 19 iyun(¹22).-S.4.