Qarabağ və Şərqi Zəngəzur cənnətə
dönür
İşğaldan azad olunan ərazilərin bərpası
üçün 2025-ci il də daxil olmaqla 21.6 mlrd. manat vəsait
ayrılıb
Prezident
İlham Əliyevin tapşırığına uyğun
olaraq, işğaldan azad edilmiş ərazilərə
Böyük Qayıdışa dair I Dövlət Proqramı mərhələ-mərhələ
həyata keçirilir. Ötən ayın sonunda daha bir qrup
sakin dogma torpağına qovuşub. Beləki Laçın
rayonunun yenidən qurulan Bəylik kəndinə respublikanın
müxtəlif ərazilərində yataqxana, sanatoriya və
inzibati binalarda müvəqqəti məskunlaşmış
ailələrdən ibarət növbəti köç karvanı
Bakı şəhərinin Qaradağ rayonundan yola
salınıb.
Bu mərhələdə
Bəylik kəndinə 38 ailə - 153 nəfər
köçürülüb.
Doğma
yurda qayıdan sakinlər hərtərəfli dövlət
qayğısı ilə əhatə olunduqlarına görə
Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban
xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin
torpaqlarımızı işğaldan azad edən rəşadətli
Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə
minnətdarlıqlarını bildirib, bu yolda canlarından
keçən şəhidlərimizə rəhmət diləyiblər.
Beləliklə,
bu köç də nəzərə alınmaqla
Laçın rayonunun Bəylik kəndinə cəmi 89 ailə
(363 nəfər) köçürülüb.
Qeyd
edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda,
ora köçürülən keçmiş məcburi
köçkünlərlə yanaşı, bu bölgədə
aparılan layihələrin icrasında çalışan, həmçinin
ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində
xidməti vəzifələrini yerinə yetirən, yenidən
fəaliyyətə başlamış səhiyyə, təhsil,
mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində
işləyən, ümumilikdə, 43 mindən çox insan
yaşayır.
Bu
ayın ikinci ongünlüyündə isə doğma yurduna
yola salınan köç karvanı Ağdam rayonunun Kəngərli
kəndinə çatıb.
Bu mərhələdə
köçürülən 154 nəfərdən ibarət 40
ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin
açarları təqdim edilib.
Mərasimdə
Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan
Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin,
Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsinin
nümayəndələri iştirak ediblər.
Ötən
gün isə Ağdərə rayonunun Həsənriz kəndinə
və Ağdam rayonunun Sarıcalı kəndlərinə yola
salınan növbəti köç karvanı artıq bu kəndlərə
çatıb, açarlar təqdim olunub.
Açarların
təqdim edilməsi mərasimində Xankəndi şəhərində,
Ağdərə və Xocalı rayonlarında Azərbaycan
Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları,
Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri
iştirak ediblər.
Bu mərhələdə
Həsənrizə 40 ailə (146 nəfər),
Sarıcalıya isə 1 ailə (4 nəfər)
köçürülüb.
Bununla
da Həsənrizə köçürülən ailələrin
sayı 130-a (452 nəfər), Sarıcalıya
köçürülən ailələrin sayı isə
186-ya (775 nəfər) çatıb.
Doğma
yurd-yuvalarına qovuşan sakinlərimizin sevincinin həddi-hüdudu
yoxdur, 30 ilin həsrətindən sonra dogma torpağına
qovuşan Ağdərə rayonunun Həsənriz kənd
sakini Almaz Həşimova doğma yurda qayıdacaqlarına həmişə
inandıqlarını deyib.
O,
illər sonra doğulub-böyüdüyü kəndə
dönəcəyi üçün çox həyəcanlı
olduğunu bildirib: “Torpaqlarımız işğal altında
olduğu dönəmdə yenidən doğma Həsənrizə
qayıdacağımıza ümid və inamımızı
heç vaxt itirmədik. Budur, artıq kəndimizə gedirik.
Ötən illər ərzində kəndimizin mənzərəsini,
saf-təmiz havasını unutmadım.
Əşyalarımızı
axşamdan toplayaraq yola çıxacağımız saatı
gözləyirdik. İndi çox həyəcanlıyam, Həsənrizə
tez çatmaq üçün səbirsizlənirəm.
İnanın, hər saat mənə bir il qədər uzun gəlir.
Vətən
torpaqlarının azadlığı uğrunda canından
keçərək bizlərə sevinc yaşadan şəhidlərimizin
ruhu qarşısında baş əyirik, dövlətimizin
daim qüdrətli, bayrağımızın hər zaman uca
olması üçün dualar edirik”.
Vətəndaş
Cəmiyyəti Naminə Maarifləndirmə İctimai
Birliyinin sədri Füzuli Kərimov deyib ki, Azərbaycan
Ordusunun 44 günlük Vətən müharibəsində
şanlı və tarixi qələbəsi ilə
torpaqlarımız işğaldan azad edildikdən sonra həmin
ərazilərin tezliklə bərpası və yenidən
qurulması, məcburi köçkünlərin öz
yurdlarına qayıtması və məskunlaşdırılması,
regionun gələcək sosial-iqtisadi inkişafı hazırda
əsas müzakirə mövzsudur. Bütün bunlar isə
olduqca çətin və yüksək məbləğdə
vəsait tələb edən prosesdir. Bu işə dövlətin
imkanlarının səfərbər olunması ilə
yanaşı, digər maliyyə mənbələrinin də cəlb
edilməsi vacib və arzu olunandır. Lakin Azərbaycan
heç bir kənar qüvvənin dəstəyi olmadan
Qarabağ və Şərqi Zəngəzurda quruculuq, bərpa
işlərini sürətlə aparır. F.Kərimov əlavə
edib ki, ümumilikdə, Qarabağ və Şərqi Zəngəzurda
yüksək temp və keyfiyyətlə bərpa işləri
həyata keçirilir. Bu isə ilk növbədə
güclü düşünülmüş siyasət, daha
sonra maliyyə resursları və peşəkar kadr
potensialı hesabınadır: “Bu gün həmin bölgə
böyük inkişaf prosesindədir. Qarabağın
dirçəldilməsi prioritetinə uyğun olaraq,
işğaldan azad edilən ərazilərin bərpası,
regionun sənaye potensialının
reallaşdırılması, ölkə iqtisadiyyatına
reinteqrasiyası, əhalinin məşğulluğunun təmin
edilməsi məqsədilə Azərbaycan Respublikası
Prezidentinin müvafiq fərmanları ilə Ağdam şəhərində
Ağdam Sənaye Parkı, Cəbrayıl rayonunda isə “Araz
Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb.
İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət
göstərən sənaye parklarında sahibkarlar
üçün stimullaşdırıcı tədbirlər tətbiq
olunur. İşğaldan azad edilən ərazilərdə
genişmiqyaslı tikinti-quruculuq işlərinin həyata
keçirilməsi, şəhər və kəndlərin yenidən
qurulması, “ağıllı kənd” və
yaşayış məhəllələrinin salınması,
infrastruktur layihələrinin icrası, istehsal və digər
iqtisadi obyektlərin yaradılması keçmiş məcburi
köçkünlərin Qarabağ və Şərqi Zəngəzura
qayıdışına və əzəli
torpaqlarımızda layiqli yaşayışına
hesablanıb. Hər iki iqtisadi rayonda aparılan tikinti-quruculuq
işlərinin nəticəsidir ki, həm Şərqi Zəngəzura,
həm də Qarabağa Böyük Qayıdış sürətlənib.
Yeni iş yerlərinin açılması, yolların çəkilməsi,
bir neçə su elektrik stansiyası inşa edilərək
istismara verilməsi, Qarabağ və Şərqi Zəngəzur
iqtisadi rayonlarında “yaşıl enerji” zonasının
yaradılması ilə əlaqədar dağ-mədən
layihələrinin icrasına başlanılması, iqtisadi və
sosial sahələrdə islahatların davam etdirilməsi və
s. onu deməyə əsas veirir ki, Qarabağ və Şərqi
Zəngəzur iqtisadi inkişafımızın yeni istinad
nöqtəsi olacaq. Bütövlükdə, azad edilən
torpaqlarımızın həm istehsal, həm də kənd təsərrüfatı
potensialı böyükdür. Bu baxımdan, bərpa işlərindən
sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi
rayonları Azərbaycanda iqtisadi inkişafa xüsusi töhfə
verəcək, inkişafın yeni lokomotivinə çevriləcək”.
Yeri
gəlmişkən, Azərbaycanın Baş naziri Əli
Əsədovun sədrliyi ilə “2027–2030-cu illərdə
sosial-iqtisadi inkişaf Strategiyası”və “Böyük
Qayıdışa dair II Dövlət Proqramı”nın
hazırlanması ilə bağlı yaradılan
Komissiyanın ilk iclası keçirilib.
İclasda
Baş nazirin müavinləri - işçi qrupların rəhbərləri,
hökumət üzvləri və müvafiq qurumların nümayəndələri
iştirak ediblər.
Baş
nazir Əli Əsədov bildirib ki, Azərbaycan 44
günlük müharibə və pandemiyadan sonra yaranan vəziyyətə,
yeni şərtlərə və resurslara əsaslanaraq
2021-2030-cu illəri əhatə edən strateji hədəflər
müəyyənləşdirib. Bu strateji hədəflər
Prezident İlham Əliyevin imzaladığı Sərəncamda
5 Milli Prioritet kimi öz əksini tapıb. Milli Prioritetlərin
həyata keçirilməsi məqsədilə dövlət
başçısının 2022-ci ildə
imzaladığı Sərəncamlarına əsasən
“2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”
və “Böyük Qayıdışa dair I Dövlət
Proqram”ı qəbul edilib.
Strategiyanın
həyata keçirilməsi üçün bugünədək
dövlət büdcəsindən 7 mlrd. manat vəsait
ayrılıb, nəzərdə tutulan tapşırıqlar təqribən
78% səviyyəsində icra olunub.
“Böyük
Qayıdışa dair I Dövlət Proqram”ının
ümumi icra faizi təqribən 79%-dir. Azad olunan ərazilərin
bərpası üçün 2025-ci il də daxil olmaqla 21.6
mlrd. manat vəsait ayrılıb. Azad olunmuş ərazilərdə
şəhər, qəsəbə və kəndlər üzrə
15 yaşayış məntəqəsinin ilkin mərhələdə
inşası tamamlanıb, əhalinin yaşayışı,
iqtisadi fəaliyyətə reinteqrasiyası təmin olunub.
Hazırda 27 yaşayış məntəqəsinin tikintisi,
25 yaşayış məntəqəsinin təmir-bərpası
həyata keçirilir. 21 yaşayış məntəqəsinin
isə təməli qoyulub.
İclasda
Komissiyanın iş reqlamenti müəyyənləşdirilib,
görüləcək işlər və yaxın perspektivdə
atılacaq addımlarla bağlı müzakirə
aparılıb. Prezidentin Sərəncamlarından irəli gələn
tapşırıqların maksimum səmərə və
keyfiyyətlə, vaxtında icra olunması, alt işçi
qrupların iclaslarının ayda 1 dəfədən az
olmayaraq keçirilməsi, mütəmadi olaraq işin
gedişi haqqında məlumat verilməsi
tapşırılıb.
İclasda
Strategiya və Dövlət Proqramının
hazırlanması və yekunlaşdırılması
üçün konkret vaxt qrafiki müəyyənləşdirilib.
Baş
nazir Əli Əsədov qeyd edib ki, Strategiya və Dövlət
Proqramı hazırlanarkən mövcud maliyyə imkanları nəzərə
alınmalı, hədəflərin realizasiyası
üçün nəzərdə tutulan tədbirlər real,
dəqiq və ölçülə bilən indikatorlara
söykənməli, Strategiya və Dövlət Proqramı
hazırlanarkən digər aidiyyəti sənədlər və
I-ci Dövlət Proqramında nəzərdə tutulan, daha
sonrakı müddətə optimallaşdırılan layihələr
nəzərə alınmalıdır.
Xatırladaq
ki, Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 may tarixli
611 nömrəli Sərəncamı ilə “2027–2030-cu illərdə
sosial-iqtisadi inkişaf Strategiyası”nın və
“Böyük Qayıdışa dair II Dövlət
Proqramı”nın 9 ay müddətində hazırlanması
üçün Nazirlər Kabinetinə tapşırıq
verilib.
Həmin
tapşırığın icrasının təmin edilməsi
məqsədilə imzalanmış Nazirlər Kabinetinin 18 iyun
2025-ci il tarixli Sərəncamına əsasən Strategiya və
Dövlət Proqramı üzrə layihələrin
hazırlanmasında aidiyyəti dövlət
orqanlarının fəaliyyətinin əlaqələndirilməsi
üçün Baş nazirin sədrliyi ilə Komissiya
yaradılıb və tərkibi təsdiq edilib.
“Azərbaycan
2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə əsasən,
son illərdə əldə olunmuş sosial-iqtisadi nailiyyətlərin
davamlı inkişafının təmin edilməsi, birbaşa
xarici investisiyaların cəlbinin genişləndirilməsi, əlverişli
biznes mühitinin daha da gücləndirilməsi,
iqtisadiyyatın bilik və texnologiya tutumunun
artırılması, eləcə də işğaldan azad
olunmuş ərazilərə Böyük
Qayıdışın davamlılığının təmin
olunması üçün məqsədyönlü siyasət
və islahat istiqamətlərinin müəyyənləşdirilməsi
vacib hesab olunur.
O da
vurğulanıb ki, azad olunan ərazilərdə şəhər,
qəsəbə və kəndlər üzrə 15
yaşayış məntəqəsinin ilkin mərhələdə
inşası tamamlanıb, əhalinin yaşayışı,
iqtisadi fəaliyyətə reinteqrasiyası təmin olunub.
Hazırda
27 yaşayış məntəqəsinin tikintisi, 25
yaşayış məntəqəsinin təmir-bərpası
həyata keçirilir. 21 yaşayış məntəqəsinin
isə təməli qoyulub.
Cavid
Xalq Cəbhəsi .- 2025.- 26 iyun(¹23).-S.9.