Azərbaycan Ordusu –
sülhün və təhlükəsizliyin qarantı
Bu gün Azərbaycan Silahlı Qüvvələr
Günüdür
Hərb tariximizin şərəfli səhifəsi olan
26 iyun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qərarı
ilə ilk nizami hərbi hissə – Əlahiddə Azərbaycan
Korpusu yaradıldı. Müsəlman Korpusunun adının dəyişdirilməsi
və Əlahiddə Azərbaycan Korpusu kimi
adlandırılması milli silahlı qüvvələrin
yaradılması istiqamətində mühüm addım oldu.
Lakin 1920-ci il 28 aprelində Sovet imperiyasının təcavüzü
nəticəsində Xalq Cümhuriyyəti süqut etdi. Bundan
sonra ölkəmizdə ordu quruculuğu prosesi dayandı.
Yalnız Milli Ordu quruculuğunda əsaslı dönüş
Ümummilli Lider Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə
gəlişindən sonra onun müstəsna xidmətləri
sayəsində ölkəmizdə hərbi kadrların
hazırlanması prosesi başlandı. Heydər Əliyev
1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda
hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə
Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi
liseyin yaradılmasına nail oldu. Bundan sonra Ulu Öndər
Heydər Əliyevin fədakarlığı sayəsində
azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş
Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində
oxuması, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə
güzəştli şərtlərlə qəbul olunması
mümkün olub.
Dövlət müstəqilliyi bərpa edildikdən
sonra 1993-cü ilin yayında ölkədə yaranmış
hakimiyyətsizliyi bərpa etmək üçün
Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə
yenidən hakimiyyətə gətirildi. Xalqın səsinə
səs verən Ulu öndər Heydər Əliyev növbəti
dəfə siyasi hakimiyyətə qayıdışından
sonra ordu quruculuğu istiqamətində mühüm
addımlar atıldı.
Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il Sərəncamına
əsasən, Əlahiddə Azərbaycan Korpusunun
yarandığı gün - 26 iyun Azərbaycan
Respublikasının Silahlı Qüvvələr Günü
elan olundu və hər il bu tarix rəsmi dövlət
bayramı kimi qeyd edilir.
Ordu quruculuğu dövlətin prioritet məsələsi
kimi daim ölkə Prezidenti cənab İlham Əliyevin nəzarətində
saxlanılıb. Otuz ilə yaxın bir müddətdə Azərbaycanın
ərazi bütövlüyünün pozulması və Ermənistanın
işğalçı siyasətinin dünyada
tanıdılması istiqamətində uğurlu diplomatik
iş aparan Müzəffər Ali Baş Komandan cənab
İlham Əliyev 2020-ci il 27 sentyabrda əks hücum əməliyyatı
ilə başlayan 44 günlük Vətən müharibəsində
düşmən üzərində qələbə
çalaraq tarixi nailiyyətə imza atdı.
Mövzu ilə bağlı qəzetimizə
danışan Əfqanıstan və Qarabağ mühabələrinin
veteranı, Azərbaycan Respublikası Beynəlmiləlçi
Döyüşçülər Fondunun prezidenti Sərraf
Orucov deyib ki, 2020-ci il 8 noyabr böyük tarixi qələbəylə
hərb tariximizə qızıl həriflərlə
yazılıb. Artıq tarixə qovuşan Vətən
müharibəsi Azərbaycan xalqı üçün istər
siyasi, istər diplomatik, istərsə də digər sahələr
üzrə uğurlarla yadda qaldı:
“Azərbaycan Prezident və Azərbaycan Silahlı
Qüvvələrinin Ali Baş Komandanı cənab İlham
Əliyevin “Qarabağ Azərbaycandır!” şüarı ilə
başladığımız ümumxalq savaşında igidlərimiz,
Müzəffər ordumuzun, qəhrəman
oğullarımızın göstərdikləri igidlikləri,
sücaətləri dillər dastanı olacaq. Bu, Azərbaycan
Ordusunun gücünü, qüdrətini, döyüş əzmini,
qələbə ruhunu təsdiqlədi. Vətən müharibəsi
Azərbaycan Ordusu ilə xalqın birliyinin qələbəsi
kimi tarixləşdi. Bu qəhrəmanlar və həmin həlledici
günlərdə ayağa qalxaraq ordusu ilə birgə
olduğunu göstərən, cəbhəyə axışan
xalqımız dünyaya göstərdi ki, biz
torpaqlarımızı düşmən işğalından
azad etməyə qadirik. Bu gün xalqımız xususilə də
gənclərimiz vətən müharibəsinin şəhidləri
və qəhramanları ilə qürur duyur. Bu gün hər
birimizin qəlbi yüksək iftixar hissi ilə doludur.
Çünki Vətən müharibəsi döyüşlərində
Azərbaycan əsgəri nəyə qadir olduğunu bir daha
sübut etdi. Böyük iftixar hissi ilə bildirirəm ki, 31
ilin həsrətini 44 günlük Vətən müharibəsində
Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan
Silahlı Qüvələrinin Müzəffər Ali Baş
Komandanı Cənab İlham Əliyevin qətiyətli rəhbərliyi
ilə və şəhidlərimizin qəhrəmanlığı,
qanları bahasına işğal olunmuş torpağlarını
ermənilərdən qeyri-şərtsiz azad edilərək, Azərbaycanın
ərazi bütövlüyü bərpa olundu. Bu gün xalq
ordusuna inanır, ona güvənir, ordu da xalqa arxalanır.
Ekspert Əkrəm Bəydəmirli iusə deyib ki,
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti müstəqilliyə
nail olmaqla, 114 min kv. km ərazini dünyaya tanıtmaqla
müasir dövlətçiliyimizin əsasını qoyub. Bəlkə
də həmin AXC qurulmasaydı Azərbaycan sonrakı
dövrlərdə Rusiyanın hansısa muxtar vilayəti kimi
qala bilərdi. Və o böyük şəxsiyyətlər həmin
ağır dönəmdə dərhal ordu quruculuğuna start
verdilər. Dünyada baş verən son müharibələr,
davam edən geosiyasi və geoiqtisadi proseslər göstərir
ki, gücsüz oldun müstəqiliyin təhlükə
altına düşür. Xüsusilə qeyri sabit bölgə
olan Cənubi Qafqazda sabitlik yaratmaq, davamlı təhlükəsizliyi
qoruyub saxlamaq üçün peşəkar ordu çox zəruridir:
“Düşünürəm ki, Azərbaycan bu missiyanı
çox uğurla yerinə yetirdi. Modern ordu quruculuğu,
qardaş Türkiyə ilə bigə hərbi təlimlərin
davamlı həyata keçirilməsi, ən yeni silahların
alınıb ölkəmizə gətirilməsi, bütün
hərbi hissələrdə təchizat sisteminin lazımı
şəkildə təmin edilməsi hədəflər
sırasında olub. Ordumuzun keçdiyi döyüş yolunun
zirvəsində möhtəşəm Qarabağ Zəfəri
dayanır. Azərbaycanın milli maraqlarına
hesablanmış düzgün siyasət, dünyada və
regionda gedən proseslərin çox ustalıqla nəzərə
alınması və digər məqamlar tarixi qələbəmizi
şərtləndirən amillərdir. Gerçəkdən,
Şuşanın azad olunması ilə Azərbaycan müasir
hərb tarixində çox mühüm yeniliklərə imza
atdı. Bütün bunlar çağdaş
tarixşünaslıqda öyrəniləsi və qürur
duyulası məqamdır. Ordumuzun şərəfli
döyüş yolu gələcək nəsillər
üçün örnəkdir. Biz də millət olaraq, həm
hərb tariximizi, həm də bu qədər üzləşdiyimiz
fəlakətlərin səbəbini, mahiyyətini öyrənməliyik.
Nəhayət, sonda onu da qeyd edim ki, güclü olmaq yalnız
çoxlu puldan, modern silahlardan, texnoloji inkişafdan və s.
ibarət deyil. Bu, həm də əhalinin həyat səviyyəsindən,
vətəndaş məmnunluğundan və digər məqamlardan
asılıdır”.
Milli Məclisin deputatı Mahir Süleymanlı deyib
ki, şanlı tariximizin mühüm səhifələrindən
birini təşkil edən bu əlamətdar gün Milli
Ordumuzun gücünü, qətiyyətini və milli ruhunu təcəssüm
etdirir: “1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini
bərpa etsə də, qarşıda duran problemlər
arasında ən mühüm məsələlərdən biri
güclü, peşəkar və nizami ordunun olmaması idi.
Ermənilərin hərbi təcavüzü nəticəsində
torpaqlarımızın bir hissəsi işğal olunmuş,
ölkənin ərazi bütövlüyü pozulmuşdu. Bu
faktorlar müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın
müdafiə qabiliyyətini zəiflətmişdi. 1993-cü
ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə
qayıdan Ulu Öndər Heydər Əliyev bu sahədə əsaslı
dönüş yaratdı. Ümummilli Lider sabitliyi təmin
etməklə yanaşı, ordu quruculuğunu da milli təhlükəsizlik
siyasətinin prioritet istiqamətinə çevirdi.
Dahi Lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanı
ilə 26 iyun tarixi rəsmi şəkildə Silahlı
Qüvvələr Günü kimi təsis edilib. Bu addım
sadəcə tarixi hadisənin qeyd olunması deyil, həm də
dövlətin öz ordusuna olan etimadı və hərb sahəsinin
milli ideologiyada önəminin ifadəsi idi. Ulu Öndərin
siyasi kursunu layiqincə davam etdirən Prezident İlham
Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı
Qüvvələri mühüm güc mərkəzinə
çevrildi. Onun reallaşdırdığı hərbi
islahatlar nəticəsində ordu texniki və taktiki
baxımdan ciddi şəkildə yeniləndi. Kadr
islahatları nəticəsində ordu daxilində peşəkarlıq
səviyyəsi yüksəldi”.
O, qeyd edib ki, Prezident İlham Əliyevin göstərdiyi
ali diqqət və ardıcıl islahatlar nəticəsində
Azərbaycan Silahlı Qüvvələri qısa müddət
ərzində regionun ən qüdrətli ordusuna çevrilib.
Təsadüfi deyil ki, nüfuzlu “Global Fire Power” analitik mərkəzinin
illik hesabatında Azərbaycan Ordusu Cənubi Qafqazda birinci yerə
çıxaraq, dünyada 50 ən güclü ordu
sırasına daxil edilib. Bu reytinq ölkəmizin hərbi
potensialının beynəlxalq səviyyədə
tanınmasının bariz göstəricisidir: “Bütün
bunlarla yanaşı, ölkəmizdə hərbi sənaye
kompleksinin yaradılması da Prezident İlham Əliyevin
strateji baxışının mühüm nəticələrindən
biridir. Hazırda Azərbaycanda mindən artıq adda hərbi
təyinatlı məhsul istehsal olunur. Bu məhsullar
dünyanın aparıcı beynəlxalq sərgilərində
nümayiş etdirilərək ölkəmizin hərbi sənaye
imkanlarını dünya ictimaiyyətinə təqdim edir. Bu
imkanlar sayəsində Azərbaycan Ordusu özünü zəruri
silah, sursat və hərbi texnika ilə təmin etmək
gücündədir ki, bu da ordunun döyüş qabiliyyətini
əhəmiyyətli dərəcədə artırır.
2020-ci il sentyabrın 27-də başlayan və 44
gün davam edən Vətən müharibəsi Azərbaycan
Ordusunun illər boyu keçdiyi inkişaf yolunun real nəticəsi
oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə şanlı ordumuz
torpaqlarımızı azad etdi. 5 şəhər, 4 qəsəbə
və 300-dən çox kəndin döyüş
meydanında azad olunması, Şuşanın strateji əməliyyatla
geri qaytarılması, Ermənistanın kapitulyasiya etməsi
ölkəmizin tarixinə parlaq Zəfər kimi
yazıldı. Azərbaycan xalqı bu müharibədə
xalq-ordu birliyinin gücünü bütün dünyaya
nümayiş etdirdi.
2023-cü ilin sentyabrında Qarabağda
keçirilmiş lokal xarakterli antiterror tədbirləri Azərbaycanın
suveren hüquqlarının tam bərpasına yönəlmiş
mühüm addım oldu. Cəmi 23 saat 43 dəqiqə ərzində
Ermənistanın qanunsuz silahlı birləşmələri zərərsizləşdirildi
və separatçılıq fəaliyyətlərinə son
qoyuldu. Bu əməliyyat Azərbaycanın milli təhlükəsizlik
strategiyasının effektivliyini, Silahlı Qüvvələrin
çevik və yüksək dəqiqliklə işləyə
bilən hərbi sistemə malik olduğunu göstərdi.
Azərbaycan dövləti ordu quruculuğunda gələcəyin
tələblərinə cavab verən islahatları həyata
keçirir. Komando qüvvələrinin yaradılması,
texnologiyaya əsaslanan idarəetmə sistemlərinin tətbiqi,
Milli Müdafiə Universitetinin fəaliyyətə
başlaması bu strategiyanın əsas elementlərindəndir.
Yeni nəsil zabit və əsgərlərin hazırlanması,
süni intellektə və hərbi elmin inkişafına
yönəlmiş proqramlar Azərbaycanın müasir və
çevik ordu modelinə keçidini təmin edir.
Azərbaycan Silahlı Qüvvələri bu gün təkcə
ölkənin müdafiəsini təmin edən bir struktur
deyil, həm də xalqın milli birliyi, dövlətin siyasi
iradəsi və tarixi Zəfərin
daşıyıcısıdır. Xalqımız ölkəmizin
ərazi bütövlüyü uğrunda vuruşmuş qəhrəman
oğulları ilə hər zaman fəxr edir, döyüş
ruhunu yaşadır və gələcəyə inamla
baxır. Güclü ordu güclü dövlət deməkdir,
bu prinsip əsasında Silahlı Qüvvələrimiz daha
böyük nailiyyətlərə doğru inamla irəliləyir”.
...Xalqımıza tarixində ən böyük Qələbə
hissini yaşadan Azərbaycan Silahlı Qüvvələri
bundan sonra da ölkəmizin müstəqilliyinin, ərazi
bütövlüyünün qorunmasına öz töhfəsini
verəcək. Ümummilli Liderimiz Heydər Əliyevin də
dediyi kimi: “Ordu ölkəmizin, millətimizin, dövlətimizin
müstəqilliyinin dayağıdır!”
Cavid
Xalq Cəbhəsi .- 2025.- 26 iyun(¹23).-S.8.