Tanınmış maarifçi və
ziyalı Həbib bəy Mahmudbəyovun 160 illik yubileyi qeyd
olunub
Bakı Kitab Mərkəzində Azərbaycanın təhsili
və mədəniyyətinin inkişafında misilsiz xidmətləri
olan, maarifçi və ziyalı Həbib bəy Mahmudbəyovun
160 illik yubileyi qeyd edilib.
"Report"un məlumatına görə, Həbib
bəy Mahmudbəyovun adını daşıyan 2 nömrəli
Texniki Humanitar liseyin təşkilatçılığı
ilə keçirilən yubiley tədbirində ölkənin
tanınmış ziyalıları, elm və mədəniyyət
xadimləri, təhsil işçiləri, Milli Məclisin
deputatları, liseyin məzunları və pedaqoji kollektivinin
üzvləri iştirak ediblər.
Əvvəlcə Həbib bəy Mahmudbəyovun həyatı
və pedaqoji-maarifçi fəaliyyətlərindən bəhs
edən videoçarx nümayiş etdirilib.
Tədbirdə AMEA-nın Riyaziyyat və Mexanika
İnstitutunun direktoru Misir Mərdanov, Azərbaycan Memarlar
İttifaqı İdarə Heyətinin sədri Elbay
Qasımzadə, Milli Məclisin Elm və Təhsil Komitəsinin
sədri Anar İsgəndərov, Xalq artisti Nurəddin
Mehdixanlı, Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin müdiri Nərminə Hüseynova, 2 nömrəli
Texniki Humanitar liseyin direktoru Turanə Məcidli, Həbib bəy
Mahmudbəyovun həyat və fəaliyyətinin tədqiqatçısı,
filologiya üzrə fəlsəfə doktoru Şərəf Cəlilli
çıxış ediblər.
Onlar çıxışlarında qeyd ediblər ki, Həbib
bəy Mahmudbəyovun həyat və fəaliyyəti yalnız
öz dövründə deyil, eyni zamanda bugünkü nəsillər
üçün də önəmli bir ilham mənbəyidir.
Natiqlər Azərbaycanın təhsili və mədəniyyətinin
inkişafında misilsiz xidmətləri olan, maarifçi və
ziyalı Həbib bəy Mahmudbəyovun irsinin təbliği və
tanınması istiqamətində gördükləri işlərə
görə dövlət başçısı İlham
Əliyevə və Birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını
bildiriblər.
Böyük şəxsiyyətin nəslinin nümayəndəsi
Eldar Əzizov ulu babası haqqında öz fikirlərini
iştirakçılarla bölüşərək yubiley tədbirinə
görə öz təşəkkürünü bildirib.
Tədbirdə əməkdar rəssam Rza Afşar
müəllifi olduğu Həbib bəy Mahmudbəyovun
portretini liseyin kollektivinə hədiyyə edib.
Eyni zamanda Həbib bəy Mahmudbəyovun ən sevdiyi əsərlərdən
biri olan "Hacı Qara" əsərindən kiçik bir
səhnə təqdim edilib, musiqiçilərin ifasında
klassik mahnılar səsləndirilib.
Xatırladaq ki, Həbib bəy Mahmudbəyov 1887-ci ildə
Sultanməcid Qənizadə ilə bir yerdə ilk rus-müsəlman
məktəbini yaradıb. Həyatı boyunca böyük
ictimai maarifləndirmə fəaliyyəti ilə məşğul
olan Həbib bəy Mahmudbəyov respublikada xalq təhsilinin
inkişafında yeni istiqamətlərin işlənib
hazırlanmasının fəal
iştirakçılarından olub. Bakı Şəhər
Dumasının qlasnısı və məktəb
komissiyasının üzvü olaraq 1906-cı ildə Azərbaycan
müəllimlərinin Birinci qurultayının
hazırlanması və keçirilməsində fəal
iştirak edərək qurultaya sədrlik edib. Bakıda Ali
Pedaqoji İnstitut yarandıqda onun direktor müavini, sonra isə
direktoru olub, həm də gecə kursları təşkil edib.
Həbib bəy Mahmudbəyov elm və təhsillə
yanaşı, Azərbaycanda teatrın inkişafında da
böyük xidmətlər göstərib, ilk peşəkar
teatr truppasının rəhbəri olub.
Xalq Cəbhəsi .- 2025.- 6 mart(№9).- S.15.