Mərkəzi Elmi
Kitabxanada yeni fəaliyyət: “MEK könüllüləri” hərəkatı
Hüseyn Hüseynov: “Kitabxana xidmətlərimizin daha
dinamik olmasına çalışırıq”
Könüllülük hərəkatı indiki
dövrdə gənclərin istər öz sahələri, istərsə
də onlar üçün maraqlı olan sahələrdə
irəliləmələri, öz bacarıqlarını
nümayiş etdirmələri üçün dəstək
olur. Onlar gənc yaşda hər hansısa bir qurumda
könüllü fəaliyyət göstərərək
könüllülük müddətində həm
çalışdıqları quruma fayda verirlər, həm də
sonradan iş mühitində daha aktiv, çevik,
gördükləri işdə onlardan tələb
olunanları artıq mənimsəmiş olurlar.
Respublikamızda artıq illərdir davam edən bu hərəkat
öz faydasını verir və onun əhatə dairəsi
zaman keçdikcə çoxalır.
Onu da vurğulamaq lazımdır ki, ölkə
Prezidenti İlham Əliyevin 2020-ci ili “Könüllülər
ili” elan etməsi bir çox gənc üçün təkanverici
amil, dəstək olub. Eləcə də Azərbaycanda mütəmadi
olaraq Azərbaycan könüllülərinin həmrəylik
forumları keçirilir və hər dəfə bu
forumların iştirakçılarına Azərbaycan
Prezidenti müraciət ünvanlayır.
Könüllülük hərəkatı artıq Azərbaycan
Milli Elmlər Akademiyasında (AMEA) da tətbiq edilir. Hətta
AMEA sistemində ilk dəfə olaraq keçirilir. Belə ki,
ötən il AMEA-nın Mərkəzi Elmi Kitabxanasında
başlayan “MEK könüllüləri” hərəkatında
müsbət nəticələr əldə olunub. İndi isə
Mərkəzi Elmi Kitabxanada bu hərəkatın ikincisi
başlayıb.
Mərkəzi Elmi Kitabxananın “MEK könüllüləri”
hərəkatı haqqında qurumun direktoru texnika elmləri
doktoru Hüseyn Hüseynov “Xalq Cəbhəsi”nə
danışıb.
-Hüseyn müəllim, rəhbəri olduğunuz Mərkəzi
Elmi Kitabxanada başlayan könüllülük hərəkatı
haqqında ümumi məlumat verərdiniz.
-Bildirim ki, “MEK könüllüləri” hərəkatı
9 iyun 2009-cu il tarixli “Könüllü fəaliyyət
haqqında” Azərbaycan Republikasının Qanunu əsasında
ötən ildən fəaliyyətə başlayıb. Məqsədimiz
gənclərə kitabxana işi sahəsində praktiki bilikləri
öyrətməklə onların peşəkar
kitabxanaçı kimi formalaşmasına tövhə vermək,
kitabxana işinin effektivliyinin yüksəldilməsində gənclərin
iştirakını yaxından təmin etməkdir. Qeyd edim ki,
könüllülərin seçimi müsabiqə əsasında
həyata keçirilir. Seçimdə intizamlılıq,
işgüzarlıq, operativlik, kompüter və dil biliyi, eləcə
də ixtisas uyğunluğuna önəm verilir.
Seçilmiş könüllülər proqram çərçivəsində
müxtəlif sosial bacarıqların və əmək vərdişlərinin
inkişafına yönəlmiş təlimlərdə
iştirak edirlər. Proqramı müvəffəqiyyətlə
yekunlaşdıran könüllülərə Azərbaycan
Milli Elmlər Akademiyasının Mərkəzi Elmi
Kitabxanası tərəfindən sertifikat və birillik oxucu
bileti təqdim olunur. Xüsusi aktivliyi ilə seçilən
könüllülərə isə əlavə olaraq
tövsiyə məktubu verilir.
-Bəs Mərkəzi Elmi Kitabxanada budəfəki
könüllülük hərəkatı ilə ötən
dəfəki arasında nə kimi fərqlər olacaq?
-Əvvəla, onu deyim ki, ötən ildən
könüllülərin Mərkəzi Elmi Kitabxananın fəaliyyətinə
cəlb edilməsi kitabxana xidmətlərini daha geniş
auditoriyaya təqdim etmək, ictimaiyyətlə daha sıx əlaqə
qurmaq baxımından əhəmiyyətli oldu. Bu il də
çalışacağıq ki, könüllülərin
iştirakı ilə kitabxana xidmətlərimiz daha dinamik,
sosialyönümlü olsun. Budəfəki
könüllülük proqramında gənclərin daha
çox layihələrdə iştirakını nəzərdə
tutmuşuq. Əvvəlki proqramda əsasən ümumi
kitabxana fəaliyyəti idisə, bu dəfə könüllülər
əlavə olaraq elmi, mədəni və sosial layihələrdə
də iştirak edəcəklər. Xüsusilə, elmi
seminarlarda, kitab təqdimatlarında könüllülərin
rolu artırılacaq. Biz elmi məlumat bazaları ilə
işləmə bacarıqlarını artırmağa və
kitabxana xidmətlərini daha effektiv təşkil etməyə
kömək edəcək interaktiv təlimlərin
keçirilməsinə önəm verəcəyik. Bir
sözlə, cari ildə könüllülər
üçün təlim proqramı daha da genişləndiriləcək.
-İkinci, yəni budəfəki
könüllülük proqramı nə qədər vaxtı
əhatə edəcək?
-Cari ildə də Mərkəzi Elmi Kitabxanada
könüllülük proqramı üç ay müddətinə
təşkil ediləcək. Könüllülər artıq
martın 3-dən etibarən gündəlik üç
növbədə - birinci növbə saat 10:00-dan 13:00-dək,
ikinci növbə saat 14:00-dan 17:00-dək və
üçüncü növbə isə saat 18:00-dan 21:00-dək
olmaqla fəaliyyətə başlayıb. İnanıram ki, bu
il də Mərkəzi Elmi Kitabxananın
könüllülük proqramı gəncləri elm, mədəniyyət
və sosial xidmət sahələrində aktiv şəkildə
iştirak etməyə kömək edəcək. Qeyd edim ki,
könüllülük proqramı Mərkəzi Elmi Kitabxanada
mütəmadi olaraq təşkil ediləcək. Fürsətdən
istifadə edib, gəncləri növbəti
könüllülük fəaliyyətimizdə iştirak etməyə
dəvət edirik.
-Çox sağ olun, Hüseyn müəllim, fəaliyyətinizdə
uğurlar diləyirik.
-Təşəkkür edirəm, siz də sağ olun.
Röya İsrafilova
Xalq Cəbhəsi .- 2025.- 6 mart(¹9).- S.13.