Dövlət büdcəsi, neftin qiyməti və
gözləntilər
2025-ci ilin ilk iki ayı geridə qaldı. İlin ilk
ayları hansı sosial-iqtisadi göstəricilərlə
xarakterik oldu? İlk öncə onu qeyd edək ki, proqnozlar
özünü doğruldur, neftin qiymətləri əlverişlidir,
dövlət büdcəsinin icrasında hər hansı
problemlər müşahidə olunmur.
Maliyyə Nazirliyinin açıqlamasına əsasən,
2025-ci ilin fevral ayında dövlət büdcəsinin gəlir
və xərclərinin icrası proqnozları üstələyib.
Belə ki, fevral ayında dövlət büdcəsinin gəlirləri
2,686 milyard manat təşkil edib ki, gəlirlərin icrası
aylıq proqnozdan 3,04 milyon manat və ya 0,1 faiz çox olub. Gəlirlərdə
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin
xətti ilə daxilolmalar 863,2 milyon manat, Dövlət
Gömrük Komitəsindən 530,6 milyon manat, Əmlak Məsələləri
Dövlət Xidmətindən 4,2 milyon manat, Dövlət Neft
Fondundan transfert isə 1,207 milyard manat təşkil edib.
Dövlət büdcəsindən maliyyələşən təşkilatların
ödənişli xidmətlərindən daxilolmaları 40,6
milyon manata, sair daxilolmalar isə 40,7 milyon manata bərabər
olub.
Büdcə gəlirlərindəki dinamikaya uyğun
olaraq xəzinədarlıq orqanları tərəfindən
bütün xərc sifarişlərinin tam həcmdə və
vaxtında icrası təmin olunub. Belə ki, fevral ayında
dövlət büdcəsinin xərcləri 3,026 milyard manat təşkil
edib ki, bu da aylıq proqnozdan 65,4 milyon manat və ya 2,2 faiz
çoxdur.
Bununla belə, ilin ilk ayında iqtisadi geriləmə
qeydə alınıb. 2025-ci ilin yanvar ayında ölkədə
9,430 milyard manatlıq və ya əvvəlki ilin eyni
dövrü ilə müqayisədə 0,9 faiz az ümumi
daxili məhsul istehsal olunmuşdur. İqtisadiyyatın neft-qaz
sektorunda əlavə dəyər 4 faiz azalıb, qeyri neft-qaz
sektorunda isə 1,0 faiz artıb. ÜDM istehsalının 39,9
faizi sənaye, 10,3 faizi ticarət; nəqliyyat vasitələrinin
təmiri, 7,1 faizi nəqliyyat və anbar təsərrüfatı,
4,2 faizi tikinti, 3,1 faizi kənd təsərrüfatı,
meşə təsərrüfatı və
balıqçılıq, 2,0 faizi turistlərin yerləşdirilməsi
və ictimai iaşə, 1,9 faizi informasiya və rabitə sahələrinin,
20,7 faizi digər sahələrin payına
düşmüş, məhsula və idxala xalis vergilər
ÜDM-in 10,8 faizini təşkil edib. Əhalinin hər nəfərinə
düşən ÜDM 922,1 manata bərabər olmuşdur.
İlk ayda ÜDM-də azalma olsa da, sonrakı aylarda artım
gözlənilir. Hökumətin proqnozlarına görə, bu
il ÜDM 3-4 faiz artacaq. Hətta qeyri-neft sektoru üzrə
iqtisadi artım proqnozu 5,2 faiz müəyyən edilib.
2024-cü ildə isə ölkədə 126,3 milyard
manatlıq və ya əvvəlki illə müqayisədə
4,1 faiz çox ümumi daxili məhsul istehsal olunub.
İqtisadiyyatı neft-qaz gəlirlərindən
asılı olan ölkə üçün dünya
bazarında onun qiymətlərinin necə dəyişməsi
həmişə prioritet və gündəmdə olan məsələdir.
Mərkəzi Bank tərəfindən bu il
proqnozlaşdırılan neftin orta qiyməti 77,3 dollar, təbii
qazın orta qiyməti isə 349 dollardır. Dünya
birjalarında isə neft ucuzlaşır. Londonun ICE
(“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı
neftin bir barelinin qiyməti 0,27 dollar azalaraq 70,77 dollar olub.
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light”
markalı neftin bir barelinin qiyməti isə 0,61 dollar azalaraq
67,65 dollar təşkil edib. Bu qiymətlər ölkəmiz
üçün əlverişlidir. 2025-ci ilin dövlət
büdcəsi hesablanarkən neftin qiyməti 70 dollar nəzərdə
tutulub. ABŞ-ın yeni prezidentinin yeni siyasəti, yəni təbii
enerji resursları istehsalının artırılması niyyətləri
dünya bazarında qiymətlərin enməsini
stimullaşdıra bilər. Amma kəskin ucuzlaşma gözlənilən
deyil. Oona görə də, bu ilin büdcə gəlirlərinin
və xərclərinin, sosial layihələrin icrasında hər
hansı problem gözlənilmir.
“Əsrin müqaviləsi”nin imzalanması ilə
1999-cu ildən fəaliyyətə başlayan Azərbaycan
Dövlət Neft Fondu karbohidrogen gəlirlərinin səmərəli
idarəsinin və gələcək nəsillər
üçün maliyyə sabitliyinin təminatçısına
çevrilmiş, vəsaitlərin uzunmüddətli
investisiyalara, inkişaf layihələrinə və insan
kapitalının inkişafına yönəldilməsini təmin
etmişdir. Dövlət Neft Fondunun hazırkı aktivləri
60 milyard ABŞ dollarını keçərək, ölkə
iqtisadiyyatının təxminən 80 faizinə bərabər
olmuşdur. Bununla yanaşı, Fondun vəsaitlərinin idarə
edilməsindən əldə olunan gəlirlər artıq 15
milyard ABŞ dollarını ötüb. Bu rəqəmlər
Dövlət Neft Fondunun uğurlu fəaliyyət modelinə,
strateji yanaşmasına və beynəlxalq standartlara əsaslanan
risk idarəetmə mexanizminə söykənən investisiya
siyasətinə dəlalət edir. Fond, təkcə maliyyə
nəticələrini yaxşılaşdırmaqla kifayətlənmir,
eyni zamanda, Azərbaycanın qlobal iqtisadi müstəvidə
mövqeyini möhkəmləndirən layihələrə
investisiya qoymaqla, davamlı inkişafa və gələcək
nəsillərin mənafeyinə xidmət edən əsas
maliyyə dayaqlarından biri kimi çıxış edir. Mərkəzi
Bankın da valyuta rezervlərini nəzərə alsaq, bu
gün Azərbaycanın bütün valyuta
ehtiyatlarının həcmi 70 milyard dollara
çatmışdır.
Ölkəmizdə son illərdə neft hasilatı
azalmağa, qaz istehsalı isə artmağa başlayıb. Belə
ki, Azərbaycanda neft istehsalı 2010-cu ildə pik həddə
çatıb və 50,8 milyon ton təşkil edib. 2011-ci ildən
etibarən “qara qızıl” hasilatı azalmağa
başlayıb 2011-ci il də 45,6 milyon, 2015-cu ildə 41,6
milyon, 2020-ci ildə 34,5 milyon, 2021-ci ildə 34,6 milyon,
2024-cü ildə 29,1 ton təşkil edib. Əvəzində
isə qaz hasilatı artıb.
2024-cü ildə respublikada 50,3 milyard kubmetr təbii
qaz hasil edilib. Qazın 13,3 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”,
27,8 milyard kubmetri “Şahdəniz”, 1,5 milyard kubmetri “Abşeron”
yatağı, 7,7 milyard kubmetri isə SOCAR üzrə hasil
olunub. 2023-cü ilin müvafiq dövrünə nisbətən
2 milyard kubmetr artımla qaz istehsal olunub. Hesabat dövründə
xaricə qaz satışı 25,2 milyard kubmetr təşkil
edib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə
müqayisədə 5,8 faiz çoxdur. Bunun 12,9 milyard kubmetri
Avropaya, 9,9 milyard kubmetri Türkiyəyə, 2,4 milyard kubmetrdən
çoxu isə Gürcüstana satılıb. Türkiyəyə
TANAP-la bu müddətdə 5,6 milyard kubmetr qaz nəql olunub.
“Qara qızıl” hasilatının azalmasından
itirdiklərimizi “mavi yanacaq” istehsalının və
ixracının artırılması əvəzləyir.
İndiyə kimi ixraca yönləndirilmiş 170 milyard kubmetr
qaz üçün bazarlar Cənub Qafqaz Boru Kəməri,
Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) və Trans-Adriatik Qaz Boru
Kəməri (TAP) vasitəsilə daha da şaxələndirilib.
Proqnozlara görə, yaxın illər ərzində dünya
bazarında qaza təlabatın artması gözlənilir ki,
bu da növbəti illərdə qaz hasilatını və
ixracını əhəmiyyətli dərəcədə
artıracaq Azərbaycanın iqtisadi maraqlarına çavab
verir. Neft hasilatının azaldığı, qiymətlərin
kövrək olduğu bir vaxtda qazla bağlı belə nikbin
proqnozlar lap yerinə düşür, “qara qızıldan”
itirdiklərimizi “mavi yanacaq” ixracının
artırılması əvəzləyə bilər. Təbii
qazın 2025-ci ilədək qlobal enerji səbətində
kömürü üstələyəcəyi və 2047-ci ildə
ən çox istifadə olunan enerji mənbəyinə
çevriləcəyi gözlənilir. Qaz İxrac Edən
Ölkələr Forumunun (GECF) hesabatında bildirilir ki, bir
çox ölkə tərəfindən təbii qaza təmiz
enerji növü kimi daha çox üstünlük veriləcək.
Bundan əlavə, təbii qaz bazarı regional bazar olmaqla
yanaşı, ölkələr arasında əlaqələrin
qurulmasında daha böyük rol oynayacaq. Elektrik enerjisi
istehsalı və sənayedə istifadə təbii qaz tələbatındakı
artımda əsas amil olacaq.
Azərbaycanın xarici borcları da idarə olunan həcmdədir.
1 oktyabr 2024-cü il tarixi vəziyyətinə xarici dövlət
borcu 5.3 milyard dollardır və ya Ümumi Daxili Məhsulun
(ÜDM) 7,4 faizini təşkil edir. Cəlb edilən vəsaitlər,
yerinə yetirilən əsas borc öhdəlikləri, habelə
xarici valyuta məzənnələrində baş vermiş dəyişikliklər
nəzərə alınmaqla, xarici dövlət borcu ilin əvvəli
ilə müqayisədə mütləq ifadədə 1,162
milyard ABŞ dolları və ya 18 faiz azalmışdır.
Xarici dövlət borcunun valyuta tərkibi
aşağıdakı kimi olmuşdur: XBH (Beynəlxalq Valyuta
Fondunun Xüsusi Borcalma Hüquqları) – 3,7 faiz, valyutalar
üzrə isə ABŞ dolları ilə – 86,1 faiz, avro – 6,1
faiz, yapon yeni – 3,4 faiz, digər valyutalar – 0,7 faiz. Dəyişkən
faiz dərəcəsi ilə olan öhdəliklər xarici
borc məbləğinin 48,3 faizini, sabit dərəcə ilə
olanlar isə 51,7 faizini təşkil etmişdir. Xarici dövlət
borcunun 48,5 faizi 5 ilə qədər olan müddətdə,
44,5 faizi 5 ildən 10 ilə qədər olan müddətdə,
7,0 faizi isə 10 ildən yuxarı olan müddətdə
kreditorlara qaytarılmalıdır. Xarici dövlət borcu beynəlxalq
maliyyə institutlarından infrastruktur layihələri və
maliyyələşmə proqramları üçün cəlb
edilmiş kreditlər, həmçinin beynəlxalq maliyyə
bazarlarında yerləşdirilmiş dövlət qiymətli
kağızları üzrə hesabat tarixinə faktiki istifadə
olunmuş vəsait üzrə ödənilməmiş
qalıq vəsaitdən ibarətdir.
Mahir Həmzəoğlu
Xalq Cəbhəsi .- 2025.- 6 mart(¹9).- S.12.