Böyük
qayıdış sürətlənir
Prezident İlham Əliyevin
tapşırığına uyğun olaraq, işğaldan azad
edilmiş ərazilərə Böyük Qayıdış
davam etdirilir. 30 il həsrətində olan
soydaşlarımız doğma yurdlarına qayıdırlar.
Ötən günlər növbəti köç karvanı
Ağdamdan Xocalı rayonunun Ballıca kəndinə yola
salınıb. Köç karvanı 95 nəfər olmaqla 22
ailədən ibarətdir. Bununla da Ballıcaya
köçürülən ailələrin sayı 112-ə
çatıb.
Ağdərə rayonuna da köç edilib. Həsənriz
kəndinə ilk köç edənlər ölkənin
müxtəlif yerlərində, əsasən yataqxanalarda,
sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış
ailələrdir. İlk mərhələdə kəndə 25
ailə - 91 nəfər köçürülüb.
Doğma yurda qayıdışın sevincini yaşayan
Ağdərə rayonunun Həsənriz kənd sakini Pakizə
Sadıqova deyib ki, yenidən doğma kəndə
qayıtmağın sevincini sözlə ifadə etmək
çox çətindir.
O, məcburi köçkün həyatı
dövründə yurd həsrəti ilə
yaşadıqlarını vurğulayıb:
“Təqribən otuz üç il çox əziyyət
çəkdik, inanılmaz çətinliklərdən
keçdik. İşğal dövründə ermənilərin
babamın və atamın kəndimizdəki evlərində
yaşadıqlarını təsəvvür etdikcə,
çox böyük sıxıntı keçirirdik. Doğma
evimizə qayıtmaq üçün hər zaman Allaha
yalvarır və dualar edirdik.
Şükür, bu gün artıq doğma kəndimizə
qayıdırıq, sevincimizi sözlə ifadə etmək
çox çətindir. Allahdan şəhidlərimizə rəhmət
diləyir, ordumuzun daim güclü olmasını
arzulayırıq. Ölkə başçısına
xüsusi minnətdarlığımızı bildiririk. Bu
sevinci yaşadığımız üçün çox
xoşbəxtik".
Kəndə köçürülən ailələrə
mənzillərin açarları təqdim olunub.
Təqdimat mərasimində Xankəndi şəhərində,
Ağdərə və Xocalı rayonlarında Azərbaycan
Respublikası Prezidentinin xüsusi nümayəndəsi
Elçin Yusubov, Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin rəsmiləri, mətbuat nümayəndələri
iştirak ediblər.
Ailələri qarşılayan Xankəndi şəhərində,
Ağdərə və Xocalı rayonlarında Azərbaycan
Respublikası Prezidentinin xüsusi nümayəndəsi
Elçin Yusubov bildirib ki, Prezident İlham Əliyevin
tapşırığına uyğun olaraq, işğaldan azad
edilmiş ərazilərə Böyük Qayıdışa
dair I Dövlət Proqramına əsasən, yenidən qurulan
Ağdərə rayonunun Həsənriz kəndinə
respublikanın müxtəlif ərazilərində yataqxana,
sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış
ailələr doğma torpaqlarına mərhələli şəkildə
köçürüləcək. Bu gün Ağdərənin
Həsənriz kəndinə ilk köç həyata
keçirilib.
Doğma yurda qayıdan keçmiş məcburi
köçkünləi dövlət qayğısı ilə
əhatə olunduqlarına görə Prezident İlham
Əliyevə və Birinci vitse-prezident Mehriban xanım
Əliyevaya təşəkkür ediblər.
Onlar, həmçinin torpaqlarımızı
işğaldan azad edən Azərbaycan Ordusuna, qəhrəman əsgər
və zabitlərə minnətdarlıqlarını bildirib, bu
yolda canlarından keçən şəhidlərə rəhmət
diləyiblər.
Onu da bildiririk ki, kənd elektrik enerjisi, içməli
su və təbii qazla təmin edilib.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi
Zəngəzurda, ora köçürülən
keçmiş məcburi köçkünlərlə
yanaşı, bu bölgədə aparılan layihələrin
icrasında çalışan, həmçinin
ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində
xidməti vəzifələrini yerinə yetirən, yenidən
fəaliyyətə başlamış səhiyyə, təhsil,
mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində
işləyən, ümumilikdə, 40 minə yaxın insan
yaşayır.
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Əlisahib Hüseynov "Xalq Cəbhəsi"nə deyib ki,
işğaldan azad edilmiş ərazilərə Böyük
Qayıdış uğurla davam edir. Ağdərə rayonunun
yenidən qurulan Həsənriz kəndi də ötən
gün özünün daimi sahiblərinin, daimi sakinlərinin
ilk qrupunu qəbul etdi. Belə ki, martın 3-də
respublikanın müxtəlif ərazilərində yataqxana,
sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış
ailələrdən ibarət ilk köç karvanı Ağdərə
rayonuna yola salındı. 25 ailə olmaqla, 91 nəfər
keçmiş məcburi köçkün bu gün öz
doğma yurd-yuvasına qovuşdu. Onların bəziləri
Ağdərə rayonundan 5 yaşında, 8 yaşında ikən
köçkün düşüblər: "Məsələn,
Həsənriz kəndinə qayıdan Kəmalə Həsənova
adlı sakin müxbirlə söhbətində deyib ki, o,
Ağdərə rayonundan köçkün düşəndə
5 yaşı varmış. Dağyunus Nəbiyev adlı
başqa bir sakin isə deyib ki, uşaq vaxtı tərk etdiyi Həsənriz
kəndindəki ata-baba torpağına bu gün 42
yaşında geri dönüb.
Təcavüzkar Ermənistan onların ömürlərinin
30 ilini oğurlayıb. Bu soydaşlarımız öz
uşaqlıq illərini uşaq kimi yaşamaqdan məhrum
olublar. Ancaq Prezident və Ali Baş Komandanımız İlham
Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun
44 günlük Vətən müharibəsində qazandığı
parlaq Qələbə nəticəsində
torpaqlarımızın işğaldan azad edilməsi
yarımçıq talelərin, həyat hekayələrinin
qaldığı yerdən davam etməsinə zəmin
yaratdı. Ona görə də bu gün Həsənriz kəndinin
sakini Kəmalə Həsənova Prezidentimizə, Ordumuza
güvənərək əminliklə deyir ki, “mən
uşaqlığımı Qarabağda yaşaya bilməsəm
də, övladlarım burada böyüyəcəklər".
Bəli, bu əminlik, bu inam bu gün Qarabağdan,
Şərqi Zəngəzurdan olan bütün keçmiş məcburi
köçkünlərin sözündə,
davranışında hiss olunur. Doğma yurdlarına - Ağdərənin
Həsənriz kəndinə qayıdan və evlərinin
açarlarını təhvil alan sakinlər də hərtərəfli
dövlət qayğısı ilə əhatə
olunduqlarına görə Prezident İlham Əliyevə və
Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür
ediblər. Onlar, həmçinin torpaqlarımızı
işğaldan azad edən rəşadətli Azərbaycan
Ordusuna, qəhrəman əsgər və zabitlərimizə
minnətdarlıqlarını bildirib, bu yolda canlarından
keçən şəhidlərimizə rəhmət diləyiblər".
Ə.Hüseynov onu da vurğulayıb ki, beləliklə,
“Böyük Qayıdış proqramı”nın icrası
2025-ci ilin prioriteti kimi davam edir. Qarabağa və Şərqi
Zəngəzura qayıdan soydaşlarımızın sayı
getdikcə artır. Hazırda azad edilmiş ərazilərdə
40 minə yaxın insan yaşayır, çalışır.
2025-ci ilin sonuna qədər təbii ki, oraya qayıdacaq vətəndaşlarımızın
sayı əhəmiyyətli dərəcədə artacaq.
Yaxın üç ildə “Böyük Qayıdış”a
dair I Dövlət Proqramı çərçivəsində
Qarabağa və Şərqi Zəngəzura daha 140 min
insanın köçürülməsi
planlaşdırılır. İşğaldan azad edilmiş ərazilərdə
şəhərlərin və kəndlərin bərpası
sürətlə davam etdirilir. Nəhəng vəsait və
qüvvə tələb edən bu işləri təbii ki, Azərbaycan
öz imkanları hesabına həyata keçirir. Öz
torpaqlarının işğaldan azad etməklə Cənubi
Qafqazda yeni reallıqlar yaradan Azərbaycan, 30 illik
işğalın ağır nəticələrini öz
gücünə aradan qaldırmaq potensialına, qüdrətinə
malikdir. Bu gün öz yurdlarına qovuşan
soydaşlarımız Qələbənin və
Qayıdışın sevincini, qürurunu yaşayırlar.
Vətəndaş Cəmiyyəti Naminə Maarifləndirmə
İctimai Birliyinin sədri Füzuli Kərimov deyib ki, Azərbaycan
hökuməti "Böyük Qayıdış"
proqramını uğurla həyata keçirir: "Cənab
Prezidentin rəhbərliyi ilə Qarabağ və Şərqi
Zəngəzur gündən-günə abadlaşır,
inkişaf edir, dirçəlir, sakinlərini
qarşılamağa hazırdır. Fevralın 19-da Xocalı
rayonunun Ballıca kəndində fərdi evlərin və
infrastrukturun bərpası sahəsində görülən
işlərlə tanış olan, sonra kəndə
köçən bir qrup sakinlə görüşən Cənab
Prezidentimiz deyib ki, vaxtilə işğal altında olmuş
bütün şəhər və kəndlərimizi indi bərpa
edirik: “Ballıca kəndi 10-cu yaşayış məntəqəsidir
ki, işğaldan sonra biz artıq bu kəndi də bərpa
etdik. Mənə verilən məlumata görə, artıq 460
keçmiş köçkün burada yerləşib, 137 ev bərpa
edilib və əlavə təqribən 60-a yaxın ev də bərpa
olunacaq. İndi 460 insan artıq bu kənddə yerləşib,
şərait də yaxşıdır. Evlər bərpa edilib,
yenidən tikilib. Burada rahat yaşamaq üçün
bütün şərait, imkanlar var. Bildiyiniz kimi, Ballıca kəndini
biz 2023-cü ilin sentyabrında azad etdik.
Torpaqlarımızın işğaldan azad edilməsi mərhələli
yollarla təmin olunmuşdur. İkinci Qarabağ müharibəsi
və ondan sonra antiterror əməliyyatı ərazi
bütövlüyümüzün, suverenliyimizin tam bərpa
edilməsinə gətirib çıxardı,
separatçıların kökü kəsildi. Azərbaycan ərazisində
separatizmin kökü tam kəsilmişdir və Azərbaycan vətəndaşları
öz doğma torpağına qayıda bilirlər. İndi hər
yerdə quruculuq, bərpa işləri aparılır. Dünən
mən Ağdam rayonunda idim. Ağdam şəhəri
sıfırdan inşa edilir və gözəl şəhər
olacaq. Xankəndini də biz bərpa edəcəyik və
vaxtilə burada yararsız vəziyyətə
düşmüş binalar indi sökülür, yeni binalar
inşa edilir və ediləcək. Bildiyiniz kimi, Qarabağ
Universiteti artıq fəaliyyət göstərir və bu il
yeni korpuslar inşa olunacaq. Artıq orada mindən çox tələbə
oxuyur. Ona görə hər cür şərait var - ali məktəb
var, orta məktəblər var, xəstəxanalar, ictimai yerlər,
iş yerləri. Bu gün mən tikiş fabrikinin fəaliyyəti
ilə tanış oldum. Artıq 200-dən çox
işçi var. Özü də əksəriyyəti, demək
olar ki, mütləq əksəriyyəti qadınlardır.
Qadınlar üçün də iş yerləri
yaradılıb. Əsas odur ki, indi tikinti-bərpa işləri
sürətlə getsin. Bunun üçün bütün
gücümüzü səfərbər etmişik, o cümlədən
Ballıca kəndinin bərpası da artıq son mərhələdədir”.
QHT sədri qeyd edib ki, Azərbaycan heç bir dövlətin
dəstəyi olmadan Qarabağ və Şərqi Zəngəzurda
bərpa, quruculuq işlərini aparır. Bu dövlətimizin
iqtisadi gücünün, vətəndaşına olan
qayğı və diqqətin göstəricisidir: “Biz
inanırıq ki, Qarabağ və Şərqi Zəngəzur
yaxın illərdə cənnətə çevriləcək,
dünyanın diqqət mərkəzində olacaq. Vətəndaşlarımız
doğma yurdlarına qayıdıacaqlr, işlə təmin olunacaqlar,
bölgənin bütün infrasturukturu yenidən qurulacaq.
İşğaldan azad olunmuş ərazilərin yenidən
qurulmasında qabaqcıl texnologiyalardan istifadə edilir. Belə
ki, bərpa işlərinin həyata keçirilməsində
"ağıllı" texnologiyalar tətbiq olunur,
“ağıllı şəhər”, “ağıllı kənd”
konsepsiyaları həyata keçirilir. Prezident tərəfindən
işğaldan azad edilmiş ərazilərdə
"yaşıl enerji zonası"nın yaradılması məsələsi
qarşıya vəzifə kimi qoyulub”.
Cavid
Xalq Cəbhəsi .- 2025.- 6 mart(¹9).- S.9.