14 mart - Beynəlxalq Çaylar Günüdür
14 mart - Beynəlxalq Çaylar Günü və ya
Çaylar üçün Beynəlxalq Hərəkat
Günüdür. Həmin ekoloji təqvim 1998-ci ildə təsis
edilib. Bu gün dünyada Bəndlər əleyhinə Beynəlxalq
Fəaliyyət Günü kimi də tanınır.
Bu günün qeyd edilməsi təşəbbüsü
ilk dəfə ABŞ-ın Kaliforniya ştatında yerləşən
“Beynəlxalq Çaylar” ekoloji təşkilatı tərəfindən
irəli sürülüb.
Beynəlxalq Çaylar Günü su hövzələri,
onların problemləri barədə cəmiyyəti maarifləndirilmək
məqsədi daşıyır. Hər il bu günlə əlaqədar
müxtəlif tədbirlər və aksiyalar keçirilir. Fəalların
çay hövzələrində ekoloji vəziyyətin
yaxşılaşdırılması istiqamətində
atdığı addımlar sırasında ABŞ-da 60 metr
hündürlüyündə iki bəndin sökülməsini
və İsveçdə 15 metrdən hündür bəndin
tikilməsinə qadağa qoyulması haqqında qanunun qəbul
edilməsini nümunə göstərmək olar.
1998-ci ildə təsis edilmiş bu günün qeyd
edilməsi təşəbbüsü ilk dəfə
ABŞ-nin Kaliforniya ştatında yerləşən “Beynəlxalq
Çaylar” ekoloji təşkilatı tərəfindən irəli
sürülüb. Beynəlxalq Çaylar Günü su
hövzələri, onların problemləri barədə cəmiyyəti
maarifləndirilmək məqsədi daşıyır.
İşğaldan azad olunmuş ərazilərdə
müşahidələrin bərpası üçün
2022-ci ildən başlayaraq Tərtərçay,
Tutqunçay, Köndələnçay, Quruçay, Həkəriçay,
Zabuxçay, Bərgüşadçay, Oxçuçay, Bəsitçay,
Araz çaylarında 11 müasir avtomat hidroloji stansiya
quraşdırılıb.
Böyük Qafqaz ərazisindən axan
Əlicançay, Türyançay, Qarasuçay, Qaraçay,
Vəlvələçay və Qudyalçay çayları
üzərində daha 6 avtomat hidroloji stansiya
quraşdırılıb.
Ümumilikdə 40 avtomat hidroloji stansiyadan fasiləsiz
daxil olan informasiya Milli Hidrometeorologiya Xidmətinin Situasiya mərkəzində
serverə daxil olur və monitorda daimi vizuallaşır. Bu isə
çayların sululuğunun dəqiq uçotunun
aparılmasına və sudan səmərəli istifadəyə
zəmin yaradır.
Avtomat stansiyalar çaylarda su ehtiyatlarının vəziyyətini
istənilən an qiymətləndirməklə yanaşı,
təhlükə yarada bilən hidroloji hadisələrin izlənilməsi,
intensivliyinin müəyyən edilməsi, eyni zamanda gün ərzində
çayda baş vermiş dəyişiklikləri
quraşdırılmış videokamera vasitəsilə də
izləmək imkanı verir.
Mövzu ilə bağlı “Xalq Cəbhəsi”nə
danışan “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə
İctimai Birliyinin sədri Elman Cəfərli deyib ki,
çaylar gündəlik həyatımızda mühüm rol
oynayır. Çayların, su hövzələrinin əhəmiyyətinə,
suya qənaətin vacibliyinə diqqət çəkmək
üçün hər il martın 14-də Beynəlxalq
Çaylar Günü qeyd olunur. Bu ekoloji təqvim 1998-ci ildə
təsis edilib. Hər il bu günlə əlaqədar müxtəlif
tədbirlər və ekoloji aksiyalar keçirilir. Yaxşı
olar ki, 14 mart Beynəlxalq Çaylar Günündə Azərbaycanın
ekoloji fəalları da müxtəlif aksiyalar keçirsin,
beynəlxalq ictimaiyyətin diqqətini azalan su
resurslarımıza yönlətsin. Diqqət mərkəzinə
çıxarılası əsas məsələ Xəzərdə
suyun azalması, dəniz səviyyəsinin aşağı
düşməsi, əsas içməli qaynağımız
olan Kür çayının quruması və nəhayət
Ermənistanın dağ-mədən sənayesi müəssisələri
tərəfindən Araz çayının, Arpa
çayının və işğaldan azad edilmiş
Qarabağ və Şərqi Zəngəzur iqtisadi
rayonlarında çaylarımızın ağır metallarla
zəngin sənaye tullantıları ilə çirkləndirilməsidir.
Qeyd edək ki, bu günün təsis edilməsi ilə
həm də çaylar üzərində
saysız-hesabsız bəndlərin inşa olunmasına da
etiraz edilir. Beynəlxalq ekoloji təşkilatların, ekofəalların
apardığı mübarizə ABŞ-da 60 metr
hündürlüyündə iki bəndin sökülməsi
ilə nəticələnib. İsveçdə isə 15 metrdən
hündür bəndin tikilməsi yasaqlanıb: “Azərbaycan
su ehtiyatları az olan ölkələr sırasındadır.
Ölkəmizin çay şəbəkəsi 8350-dən
çox çaydan ibarətdir. Bunlardan 2 çayın
uzunluğu 500 kilometrdən çox, 22 çayın
uzunluğu 101-500 kilometr, 324 çayın uzunluğu 11-100
kilometr arasında dəyişir, əksər çayların
uzunluğu isə 10 kilometrdən azdır. Ölkədə
mövcud olan çaylar Xəzər dənizi hövzəsinə
aiddir.
İşğaldan azad olunmuş ərazilərimiz su
ehtiyatları baxımından çox zəngin bölgədir.
Azərbaycanda formalaşan su ehtiyatlarının təqribən
20 faizi məhz işğaldan azad olunan ərazilərin
payına düşür.
2020-ci ilin dekabrından transərhəd
çaylarından analizlər götürülür.
Çaylardan 158 su nümunəsi, 180 dib
çöküntüsü nümunəsi
götürülüb.
Analizlər həm ölkə daxilində, həm də
xaricində yoxlanılıb. Su nümunələrində təhlillər
göstərib ki, çirkləndiricilər normadan yüksəkdir.
Təhlillərə görə, mis, qurğuşun, dəmir və
digər elementlər normadan dəfələrlə yüksəkdir.
Bəsitçayda, Bərgüşad və Araz
çaylarında da nəticələr yolverilən
qatılıq həddindən yüksəkdir. Çay
ağır metallarla çirkləndirir. Ən narahatedicisi
budur ki, Oxçuçayın tərkibində olan ağır
metallar və digər kimyəvi maddələr artıq qrunt
sularına da, yeraltı sulara da keçir. Araşdırmalara
görə, transərhəd çaylarımız normadan 5-7 dəfə
çirklənməyə məruz qalır. Çayın
şiddətli çirkləndirilməsi yerli əhaliyə,
Araz, Kür çaylarının və Xəzər dənizinin
bioresursları və ekosisteminə ciddi təhdid yaradır.
Zəngilan rayonu ərazisindən keçən
Oxçuçayda aparılan monitorinqin nəticələri dəhşətlidir.
Monitorinq zamanı 500-dən çox farel və digər
balıqların məhv olduğu məlum olub. Çaydan
götürülmüş su nümunələrində mis,
molibden, manqan, dəmir, sink, xrom və s. kimi ağır
metalların miqdarının normadan dəfələrlə
artıq olduğu müəyyən edilib. Xatıladım ki,
çay hövzəsi Ermənistan ərazisindəki Qacaran
mis-molibden zavodu və Qafan mis filiz saflaşdırma
kombinatının toksiki tullantıları ilə çirkləndirilir”.
E.Cəfərli onu da vurğulayıb ki, Ermənistan mədən
sənayesi müəssisələrinin fəaliyyətinin
monitorinq olunması hələ də arzu olaraq qalır. Halbuki
bununla bağlı Azərbaycanın vətəndaş cəmiyyəti
fəalları tərəfindən beynəxalq təşkilatlara
dəfələrlə müraciətlər olunub. Bundan
başqa biz 1992-ci ildə imzalanmış Helsinki
konvensiyasına qonşu dövlətlərin qoşulmasına
nail olmalıyıq. Bu konvensiyada transərhəd
çaylarının ehtiyatlarından transit ölkələr
tərəfindən bərabər istifadəni nəzərdə
tutan maddələr var. Lakin təəssüf ki, hazırda bir
sıra qonşu dövlətlərin bu konvensiyanı imzalamaq
istəmirlər. Nəticədə əsas içməli su
qaynağımız olan Kür çayı quruyur, bəzən
mənsəbinə-Xəzər dənizinə gedib
çatmır. Volqa çayı üzərində su bəndlərinin
tikilməsi Xəzər dənizində suyun azalmasına, səviyyənin
aşağı düşməsinə gətirib
çıxarır: “Qlobal iqlim dəyişikliyinin nəticələrinin
yumşaldılması istiqamətində atılacaq
mühüm addımlardan biri də su ehtiyalatından səmərli
istifadəni təşviq etməkdir. Ekspertlər yaxın gələcəkdə,
xüsusilə Yaxın Şərqdə su müharibələrinin
ola biləcəyini proqnozlaşdırırlar. Artıq bunun
ilkin əlamətləri görünür. Dəfələrlə
İranla Əfqanıstan arasında su mübahisəsi
silahlı toqquşmaya səbəb olub. Qeyd edək ki,
Əfqanıstanın su resursları ildə 70 milyard kubmetr təşkil
edir. Onun yalnız 20 faizi daxili ehtiyaclar üçün istifadə
olunur, 80 faizi isə İran, Pakistan və Orta Asiyaya
ötürülür. Əfqanıstan son dövrlərdə
Hilmənd çayı üzərində bir neçə su
anbarı və bənd inşa edib ki, bu da İran və
Əfqanıstan arasında mübahisələrə səbəb
olub.
Qeyd edək ki, qonşu Gürcüstan su
ehtiyatlarının bolluğuna görə, Avropada
üçüncü yerdədir. Gürcüstan ərazisində
ümumi uzunluğu 60 min kilometr olan 26 min çay axır. Bu
çaylardan biri də Kür çayıdır.
Əsas içməli su qaynağımız olan
Kür çayı Cənubi Qafqazda ən böyük
çaydır və öz mənbəyini Türkiyədən
alaraq üç ölkənin ərazisindən keçməklə
Xəzər dənizinə tökülür. Kür
çayının Gürcüstan hissəsində uzunluğu
390 kilometrdir. Kür çayı Tbilisi və Rustavi kimi iri sənaye
şəhərlərindən keçir. Acı həqiqət
budur ki, hər iki şəhərin sənaye və kanalizasiya
suları təmizlənmədən Kürə
axıdılır. Bu çay, eyni zamanda, ölkəmizin ərazisində
Xrami çayını qəbul edir. Bolnisi rayonunun ərazisində
yerləşən Madneuli dağ-mədən müəssisəsində
işlədilmiş sianid tullantıları Maşaveri
çayı vasitəsilə Xrami çayına
axıdılır. Onun vasitəsilə də zəhərli
maddələr Kürə qarışır”.
QHT sədri xatırladıb ki, su resurslarımız əsasən
Ermənistan tərəfindən çirklənməyə məruz
qalır. Ermənistanın Alaverdi dağ-mədən müəssisəsinin
tullantıları da təmizlənmədən Debet
çayına axıdılır.
Son dövlərdə qlobal iqlim dəyişiklikləri
ciddi fəsadlar verib. Yeni mərhələdə su
resurslarının düzgün idarə olunması
günün vacib tələbidir. Su resurslarına qənaət
əsas tələb olmalıdır: “Azərbaycan Cənubi
Qafqazın ən az su ehtiyatlarına malik ölkəsidir.
Ölkəmiz gələcəkdə su stresi yaşayan
dövlətlər sırasına düşəcək. Bunun
üçün də mövcud su ehtiyatlarının
düzgün idarə olunması vacib şərtdir.
İşğaldan azad olunmuş bölgələrdəki
su anbarlarının restavrasiyası, bəndlərin gücləndirilməsi
vacib şərtdir. Sovetdənqalma su kanallarının əksəriyyəgtinin
səthi torpaqdır. Müasir dünyada bu metoddan artıq
istifadə olunmur. Su ya beton səthli kanllarla, ya da plasmas
borularla daşınır. Yeni su kanallarının çəkilməsi
zamanı bu nüansa diqqət yetirilməliir.
Paytaxt Bakıda və iri sənaye şəhərlərində
tullantı sularının təkrar emalı şəbəkəsi
yaradılmalıdır. Yağış sularının
depolanması layihələri icra edilməlidir. Bu sudfan
yaşıllaşdırmada, avtomobil yumada istifadə
olunmalıdır. İsçməli suya maksimum qənat etmək
üçün kənd təsərrüfatında damcı
suvarma üsulunun tətbiqi genişləndiurilməlidir.
Qeyd edək ki, damci ilə suvarma üsulu dünyada
geniş yayılıb və özünü doğruldub. Damci
ilə suvarma ekoloji, vəsait qoyuluşu, keyfiyyətli suvarma və
suvarma suyuna qənaət baxımından xüsusilə
effektlidir. Bu üsulla həm suya, həm də işçi
qüvvəsinə qənaət olunur. Torpağın humus
qatı qorunur. Damcı ilə suvarmada suvarma suyuna 2-5 dəfə,
1.5-2.5 dəfə elektrik enerjisinə, gübrələrin
suvarma suyu ilə lokal şəkildə verilməsi
baxımından 20-50 % gübrəyə qənaət olunur”.
Cavid
Xalq Cəbhəsi .- 2025.- 13 mart(¹10).- S.14.