Azərbaycan elmi: real vəziyyət, problemlər və
perspektivlər
Son illərdə Azərbaycan elminin dünyada
tanınmasında daha çox addımlar atılır,
uğurlar əldə olunur. Həmçinin gənclər beynəlxalq
müsabiqələrdə Azərbaycanı təmsil etməklə
Azərbaycan elminin inkişafına töhflər verirlər.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)
prezidenti, akademik İsa Həbibbəyli
çıxışılarının birində Azərbaycan
elminə inamı formalaşdırmağın AMEA-nın əsas
məqsədlərindən biri olduğunu vurğulayıb:
“AMEA əvvəllər beynəlxalq elmi təşkilatlara
üzv deyildi, amma indi üç nüfuzlu beynəlxalq elmi təşkilatın
üzvüdür”.
Ümumiyyətlə bu gün Azərbaycan elminin vəziyyəti
necədir, problemlər və perspektivlər nədən ibarətdir?
“Elm adamlarımız bütün gücü ilə fəaliyyət
göstərir”
Əməkdar elm xadimi, akademik Nizami Cəfərov Azərbaycanda
elmin inkişafında ciddi bir problemin olmadığını
qeyd edib: “Çünki müxtəlif elm sahələrində
bizim elm adamlarımız bütün gücü ilə fəaliyyət
göstərir. Bu, elmi intellektual səviyyənin də
yüksəkliyi ondan bilinir ki, məsələn, texniki elmlər
və ya təbiət elmləri sahəsində bizim hətta gənc
təqdiqatçılarımız belə dünya
miqyasında hər hansı bir mühitə düşürlərsə,
orada özlərini çox ciddi bir tədqiqatçı kimi
göstərə bilirlər. Yaxşı nailiyyətlər
var. Məsələn, beynəlxalq səviyyədə
nüfuzlu jurnallar Azərbaycanda həm nəşr olunur, həm
get-gedə sayları artır, həm də dünyanın
harasında nəşr olunmasından asılı olmayaraq həmin
beynəxalq jurnallarda azərbaycanlılar yaxşı çap
olunur. Bu, beynəlxalq bir elmi ehtiyacdır. Dilçilik, ədəbiyyatşünaslıq,
tarixşünaslıq və s. sahələrlə
bağlı isə onu deyə bilərəm ki, bunlar elə
elmlərdir ki, burada azərbaycanlı alimlərin mövqeyi hər
şeyi həll edir. Əgər azərbaycanlı alimlər bu
sahədə lazımi səviyyə, miqyas, analitik
düşüncə göstərməsələr, onda bu sahələr,
ümumiyyətlə, geri qalardı”.
“Azərbaycanda elmin müxtəlif sahələrində
böyük irəliləyişlər var”
Akademik vurğulayıb ki, bizim həm dillərin, məsələn,
ana dilinin, türk dillərinin öyrənilməsində, həm
ədəbiyyatların, tarixin öyrənilməsində
yaxşı ənənələrimiz var: “Düzdür,
çoxlu problemlərimiz də var. Bu problemlərin də əksəriyyəti
vaxtilə Azərbaycanda müstəqil milli dövlətçilik
olmamasından və buna da uyğun olaraq milli dövlətçilik
şüurunun olmaması ilə bağlı idi. Yəni məsələn
etnogenez problemi. Bu elə problemdir ki, həm dilə, həm ədəbiyyata,
həm tarixə metodoloji təsir göstərir. Amma keçən
əsrin sonlarından bu sahədə ciddi müzakirələr
gedib. XXI əsrdə artıq keçmiş, o qədər də
milli olmayan və ya sovet ideologiyası mövqeyindən irəli
sürülmüş mülahizələr indi aydın
faktlarla, inandırıcı dəlillərlə aradan
qaldırılır. Həmçinin tədqiqatın
miqyası da genişlənir, eləcə də ümumi
türkoloji miqyas əmələ gəlib. Vaxtilə Azərbaycanın
türk dünyasına çıxmasına imkan vermirdilər.
Bütün sadaladıqlarım hamısı bizim humanitar sahədəki
mütəxəssislərimizə onların
qarşısında çox geniş meydanlar açır və
yalnız gənc nəsil deyil, həm də yaşlı nəsil
çox ciddi nailiyyətlər qazanıb. Bu da imkan verir ki,
bizim xalqımız özünü mənəvi, ideoloji
baxımdan dünyanın heç bir xalqından
aşağı hiss etməsin”.
N.Cəfərov əlavə edib ki, ölkədə
gedən proseslərdə, dövlət səviyyəsində
aparılan siyasətdə, ölkənin ərazi
bütövlüyünün təmin olunması uğrunda
ciddi mübarizənin başlanması bunların hamısı
humanitar sahəyə çox böyük dəstəkdir və
onu metodoloji baxımdan istiqamətləndirir: “Yəni bizdə
elmin ən müxtəlif sahələrinin – texniki, təbiət,
ictimai, humanitar hər birində böyük irəliləyişlər
var. Bu irəliləyişlər də təsadüfi deyil,
sistemli, ardıcıl xarakter daşıyan irəliləyişlərdir”.
“Azərbaycanın gələcəyi elmin və
innovasiyanın inkişafına bağlıdır”
Təhsil eksperti Kamran Əsədov bildirib ki, Azərbaycanda
elm sahəsi son illərdə müəyyən irəliləyişlərə
nail olsa da, ümumi vəziyyət hələ də kifayət
qədər problematikdir: “Elmi-tədqiqat sektorunun
inkişafı üçün bəzi addımlar atılsa
da, beynəlxalq arenada Azərbaycan elminin mövqeyi zəif
qalmaqda davam edir. Dünya universitetləri və elmi
institutları ilə müqayisədə Azərbaycan elminin təsir
gücü və istinad sayı hələ də arzulanan səviyyədə
deyil. Buna baxmayaraq, müəyyən sahələrdə bəzi
uğurlar qeyd olunur, lakin sistemli problemlər bu inkişafın
davamlı olmasını çətinləşdirir. Elm sahəsində
problemlərin əsas səbəblərindən biri elmi fəaliyyətin
stimullaşdırılmaması və maliyyələşmənin
aşağı səviyyədə olmasıdır. Hazırda
Azərbaycanda elmi-tədqiqat institutlarının maliyyələşməsi
əsasən dövlət büdcəsindən təmin olunur.
Ancaq ayrılan vəsait dünya ölkələri ilə
müqayisədə çox aşağıdır. Dünyada
ÜDM-in 2-3%-i elmə yönəldildiyi halda, Azərbaycanda bu
göstərici 0.2%-dən də azdır. Bu, elmi tədqiqatlar
üçün infrastrukturun yetərsiz olması və beynəlxalq
səviyyədə elmi araşdırmaların rəqabət
aparmasının qarşısını alır”.
“Azərbaycan alimləri qrant almaqda çətinlik
çəkir”
K.Əsədov digər ciddi problemin Azərbaycan elminin
qlobal bazarda tanınmaması olduğunu deyib: “Azərbaycanda
çalışan alimlərin məqalələrinin beynəlxalq
elmi bazalarda yayımlanması aşağı səviyyədədir.
Son 5 ildə Azərbaycan alimlərinin “Scopus” və “Web of
Science” kimi beynəlxalq indeksli elmi jurnallarda yayımlanan məqalələrinin
sayı artsa da, hələ də dünya reytinqlərində
yer alan ölkələrlə müqayisədə geridə
qalır. 2023-cü ildə Azərbaycandan olan alimlərin top
10% sitat gətirilən məqalələrdə payı 11.2% təşkil
edib, bu isə inkişaf etmiş ölkələrlə
müqayisədə çox aşağı göstəricidir.
Beynəlxalq elmi arenada uğur qazanmaq üçün Azərbaycan
alimlərinin dünya universitetləri və elmi tədqiqat
institutları ilə əməkdaşlığı
genişləndirilməlidir. Hazırda Azərbaycanın bir
çox elmi-tədqiqat institutları və universitetləri
beynəlxalq qrant və layihələrə müraciət etsələr
də, bu sahədə real nəticələr hələ zəifdir.
Dünyada elmi tədqiqatların böyük hissəsi qrantlar
hesabına aparılır, lakin Azərbaycan alimləri qrant
almaqda çətinlik çəkir. Bunun əsas səbəblərindən
biri elmi işlərin keyfiyyətinin beynəlxalq tələblərə
tam cavab verməməsi və xarici dil biliyinin kifayət qədər
olmamasıdır”.
“Gənc alimlərin yetişdirilməsi və onlara dəstək
verilməsi vacibdir”
Ekspert son illərdə Azərbaycan elminin bəzi sahələrdə
diqqətəlayiq irəliləyişlər əldə
etdiyini də bildirib: “Xüsusilə, neft-kimya, nanomateriallar,
alternativ enerji və biotexnologiya sahələrində bir
sıra yeni tədqiqatlar aparılıb. Azərbaycan Milli Elmlər
Akademiyası (AMEA) və bəzi universitetlər bu sahələrdə
beynəlxalq əməkdaşlıqlar qurmağa
başlayıb. Lakin bu cür inkişaflar hələ də
sistemli deyil və daha çox fərdi təşəbbüslərlə
bağlıdır. Elmin inkişafı üçün gənc
alimlərin yetişdirilməsi və onlara dəstək verilməsi
vacibdir. Azərbaycanda elmi kadrların sayı azalma
tendensiyası göstərir. Hazırda elmi işçilərin
orta yaşı 55-dən yuxarıdır. Gənc alimlərin
sayının az olması gələcəkdə Azərbaycan
elminin inkişafını sual altına qoyur. Çünki
elmi araşdırmalar aparmaq üçün gənc nəslin
elmi fəaliyyətə cəlb edilməsi və onlara dəstək
göstərilməsi əsas şərtlərdən biridir.
Son 10 ildə Azərbaycanda elmlər doktoru dərəcəsi
alanların sayı 30%-dən çox azalıb, bu da elmi
kadrların yetişdirilməsində ciddi problemlərin
olduğunu göstərir”.
“Elmi araşdırmalar yönündə maliyyələşdirmə
artırılmalıdır”
K.Əsədov qeyd edib ki, Azərbaycan elminin beynəlxalq
səviyyədə tanınması üçün elmi
araşdırmalar yönündə maliyyələşdirmə
artırılmalı, elmi institutlarda və universitetlərdə
müasir laboratoriyalar qurulmalı, gənc alimlər
üçün qrant proqramları genişləndirilməli,
elmi tədqiqatlar sənaye və biznes sektorları ilə əlaqələndirilməli,
beynəlxalq elmi jurnallarda məqalə çap etmək
üçün alimlərə dəstək verilməlidir:
“Əgər bu addımlar atılmazsa, Azərbaycan elmi beynəlxalq
səviyyədə rəqabət aparmaq iqtidarında olmayacaq və
elmi inkişaf yalnız kağız üzərində qalacaq.
Elm olmadan nə texnologiya inkişaf edə bilər, nə də
ölkənin iqtisadi gücü artar. Azərbaycanın gələcəyi
elmin və innovasiyanın inkişafına bağlıdır.
Əgər bu sahəyə real sərmayə qoyulmasa, ölkə
uzun illər ərzində dünya elmi arenalarında kənarda
qalacaq”.
“Məqalələrin sayı 1800-dən 2382-yə
yüksəlib”
Təhsil eksperti Rizvan Fikrətoğlu son illərdə
Azərbaycanda elm sahəsində irəliləyişlər
müşahidə olunduğunu deyərək əlavə edib
ki, 2024-cü ilin ilk 8 ayında azərbaycanlı alimlərin
"Scopus" elmmetrik verilənlər bazasında dərc
etdikləri məqalələrin sayı 1800-dən 2382-yə
yüksəlib: “Bu məqalələrin 11.2%-i dünyanın ən
çox istinad alan 10% elmi işi arasında yer alıb. Eyni
zamanda, sahə üzrə istinad təsiri (FWCI) göstəricisi
1.97-ə çatıb. Bu da dünya üzrə orta həddi
(1.0) keçərək elmi işlərin öz sahəsi
üzrə ortalama 97% daha çox istinad
aldığını göstərir. 2024-cü ildə Azərbaycan
alimlərinin "Scopus"da dərc etdikləri məqalələrin
sayı 4000-ə çatıb. Bu da ötən illə
müqayisədə 40%-lik artım deməkdir. "Web of
Science" bazasında isə məqalə sayı 52.9% artaraq
2882-ə yüksəlib”.
“Beynəlxalq əməkdaşlıq sahəsi”
R.Fikrətoğlu beynəlxalq əməkdaşlıq
sahəsində də irəliləyişlər olduğuna
diqqət çəkib: “2024-cü ilin ilk 8 ayında beynəlxalq
əməkdaşlıq çərçivəsində dərc
olunan elmi işlərin sayı 1594-ə (67%) yüksəlib
ki, bu da ötən ilin eyni dövründə 856 (47%) idi.
2024-cü ilin sentyabr ayında Azərbaycan Respublikası
"Beynəlxalq Etimad Kral Elmlər Akademiyası" (RASIT) tərəfindən
1 il müddətinə (sentyabr 2024 – sentyabr 2025) "Elmdə
Qadın və Qızların Dünya Paytaxtı" elan
edilib. Bu müddət ərzində ölkəmizdə
qadın və qızların elmi-tədqiqat
bacarıqlarının artırılması üçün
müxtəlif layihələrin həyata keçirilməsi,
elm sahəsində olan müxtəlif tədqiqat qrant və təqaüdləri
barədə universitet tələbələrinin məlumatlandırılması
və regionlarda təhsil alan qızların elm sahəsinə
yönləndirilməsi üçün müxtəlif tədbirlərin
həyata keçirilməsi nəzərdə tutulur”.
“Bu nailiyyətlər Azərbaycanın elm sahəsində
mövqeyinin güclənməsinə töhfə verir”
Ekspert bildirib ki, bundan əlavə, Azərbaycan Milli
Elmlər Akademiyası beynəlxalq elmi əməkdaşlığa
xüsusi önəm verməkdədir: “AMEA-nın beynəlxalq
təşkilatlarla əməkdaşlığı çərçivəsində
birgə araşdırmaların maliyyələşməsi,
elmin təşviqi və tanınmış alimlərə dəstək
kimi prioritetlər müəyyən edilib. Bu əməkdaşlıqlar,
xüsusilə Avropa İttifaqının "Horizon"
proqramı çərçivəsində, elmi tədqiqatların
keyfiyyətinin artırılmasına və beynəlxalq səviyyədə
tanınmasına şərait yaradır. Eyni zamanda, Azərbaycan
universitetləri xarici təhsil təsisatları ilə əməkdaşlıq
təşəbbüsləri həyata keçirir. Bu əməkdaşlıq
çərçivəsində birgə tədqiqatlar, elmi əsərlərin
hazırlanması, beynəlxalq elmi konfransların təşkili
və gənc alimlərin inkişafına yönəlmiş
proqramlar planlaşdırılır”.
Sonda o vurğulayıb ki, bütün bu nailiyyətlər
Azərbaycanın elm sahəsində beynəlxalq səviyyədə
tanınmasına və mövqeyinin güclənməsinə
töhfə verir.
Röya İsrafilova
Xalq Cəbhəsi .- 2025.- 20 mart(¹11).- S.13