Qarmonun şirmayi dillərində süzən
barmaqlar...
Ənvər Sadıqov- 59
Sadıqov soyadlı mahir ifaçılar çox
olub:-pianoçu Çingiz Sadıqov, opera sənətçisi
Rəsmiyyə Sadıqova, qarmonçalan Abutalıb
Sadıqov, milli nəfəs və simli alətlər
ifaçıları Həsənağa Sadıqov,
Çoşqun Sadıqov, tarzən Elman Sadıqov, cazmen Vaqif
Sadıqov və s...
Bu gün sizə onlardan biri- virtuoz qarmon
ifaçısı Ənvər Sadıqov barədə
söhbət açmaq istəyirəm...
Deyir ki, “valideynlərimin söylədiyinə görə
uşaqlıqda musiqiyə çox diqqətli olmuşam.
Baxmayaraq ki, indiyədək rəqs edə bilmirəm, amma ritmi
tutmağı bacarırdım. Böyük bacılarım
musiqi məktəbinə gedirdilər, onlar məşğul
olanda mən harada səhv etdiklərini hiss edirdim, pianoya
yaxınlaşıb lazımi notu basırdım. Bir qədər
böyüdükdən sonra mağazada qarmon gördüm və
özümü saxlaya bilməyib valideynlərimdən tələb
etdim ki, mənə qarmon alsınlar, vəssəlam! Valideynlərim
bunun qəti əleyhinə idilər, gəl bir olmasınlar- hər
ikisi riyaziyyatçıdır, atam MDU-da oxuyub, təbii ki,
öz yeganə oğlunun da taleyini başqa cür görmək
istəyərdi. Ümumiyyətlə məni ciddi nizam-intizamla
böyüdürdülər, indi belə tərbiyənin
bütün müsbət cəhətlərini aydın
görürəm, yeri gəlmişkən, öz
övladlarıma da tətbiq edirəm, əlbəttə ki,
başqa nəsil olduğuna görə bir qədər fərqli...”.
Məktəbdə pis oxumayıb. Yaddaşı
yaxşı olduğundan dərslərə elə tənəffüslərdə
hazırlaşıb girirdi. Amma musiqiyə olan həvəsi onu
rahat buraxmırdı. Bir tərəfdən valideynlərinin
verdiyi tərbiyə, digər tərəfdən musiqiyə
aludə olmağı onu küçənin mənfi təsirindən
mümkün qədər təcrid edirdi. Baxmayaraq ki,
uşaqlarla futbol da, bilyard da oynayıb, lakin ziyanlı şeylərdən
uzaq olub. Onu yalnız musiqi maraqlandırırdı...
Ənvər Sadıqov 30 aprel 1966-cı ildə
Bakı şəhərində ziyalı ailəsində anadan
olub. 1978-ci ildə o, "Bakı Fəhləsi" mədəniyyət
evində "Azərbaycan qarmonu" sinfinə daxil olur, orada
müəllimi Tağı Tağıyevdən qarmonun sirrlərini
mənimsəyib. 1979-cu ildən başlayaraq, bir çox
özfəaliyyət musiqi kollektivlərində qarmon
ifaçısı kimi fəaliyyət göstərib.
1983-cü ildə 254 nömrəli orta məktəbi bitirdikdən
sonra Hacı Zeynalabdin Tağıyev adına klubda "Azərbaycan
qarmonu" dərnəyinin rəhbəri kimi fəaliyyətə
başlayıb. 1984-1986 cı illəri hərbi xidmətdə
keçirib. Qayıtdıqdan sonra yenə də həmin klubda
müəllim kimi çalışıb və musiqiyə 2 il
fasilə verdiyinə baxmayaraq yenə də musiqiçi və
aranjimançı kimi öz fəaliyyətini davam etdirib...
“Həmyaşıdlarım məndən fərqli
olaraq çox dəcəl idilər və mən
özümü məhlə uşaqlarının yanında
rahat hiss etmirdim. Tədricən onlardan uzaqlaşıb həyat
baxışlarımız oxşar olan insanlarla dostluq etməyə
başladım. Yeri gəlmişkən, onların da
çoxuna yolunu azmağa imkan vermədim. Məsələn,
yaşıdlarımın saatlarla blokun qarşısında
çöməlib oturduğunu görürdüm,
yaxınlaşıb klubda mənimlə birgə məşq
etməyi təklif edirdim. Beləliklə, tədricən
öz əhatə dairəm yaranırdı və musiqini onlara
aşılaya bildim. Musiqi narkotik kimidir, amma xeyirli narkotik. Aludə
oldunsa geriyə yol yoxdur.”- söyləyir...
O, professional səhnədəki fəaliyyətini
1990-cı ildən Rəşid Behbudov adına Dövlət
Mahnı Teatrında başlayıb. 1994-cü ildən
2006-cı ilə qədər xalq artisti Brilliant
Dadaşovanın ansamlında musiqiçi və
aranjimançı kimi fəaliyyət göstərib. 2000-ci
ildən özünün rəhbərlik etdiyi
"Qaytağı" instumental ansamblını yaradıb. Həmin
ansambl 2012-ci ildən Azərbaycan Dövlət Televiziyası və
Radiosunun nəzdində bugünədək fəaliyyət
göstərir. Bütün bu illər ərzində Ənvər
Sadıqov bir sıra xarici ölkələrdə musiqi
proqramları ilə çıxış edib.
Xalq musiqisi ifaçı sənətinin əsasıdır,
onu mənimsəmədən uğurlu musiqiçi olmaq
mümkün deyil. Prinsipcə, incəsənətdə qəbul
olunmuş standartlar var, qalan hər şey törəmədir.
Buna görə də, ifaçıdan ilk növbədə
xalq musiqisinə əsaslanan xətti və
orijinallığı qoruyub saxlamaq tələb olunur...
Deyir ki, “ümumiyyətlə, hesab edirəm ki, istənilən
ailədə ən azı bir xalq aləti olmalıdır ki,
uşaq onu görsün, daha yaxşısı isə
eşitsin. Qarmon muğam ahəngi ilə həm diapazonuna, həm
də səslənməsinə görə yaxşı
uzlaşır. Və konkret olaraq bu, mənim üçün
az oldu, nə isə daha çox şey istəyirdim, daim
axtarışda idim. Paralel olaraq "Eagles", "ABBA", "Imagination",
"Shakatak", Vaqif Mustafazadənin musiqisini dinləyirdim.
Sonuncu məni valeh edirdi, həmişə
düşünürdüm ki, onun erkən ölümü təbiidir,
çünki o, mümkün olan hər şeyi edib.
İmprovizasiya- ayrıca bir incəsənətdir, uzaqlara
aparan, düşünməyə vadar edən bir incəsənət.
Baxmayaraq ki, “qarmon” “harmoniya” sözündən əmələ
gəlib, mənə elə gəlir ki, harmoniyanı bu alətdə
ilk olaraq məhz mən tətbiq etmişəm, nə qədər
təvazökarlıqdan uzaq olsa da. Harmoniya mənim nail ola
bildiyim bir şeydir, musiqiyə mənim öz
yanaşmamdır. Gündüz başqa musiqini dinləyirdim,
axşam toylarda çalırdım, hər dəfə hiss
edirdim ki, mənim çalğım ümumi fonda fərqlənir.
Mənə qulaq asmağa başladılar…
Valeri Koftunu dinləyirdim və ciddi-cəhdlə
akkordeon ifasını qarmona keçirməyi bacarırdım,
bu isə kifayət qədər çətindir. Nəticədə
o, təsadüfən mənim ifamı dinlədi və 2001-ci
ildə “Exo Moskvı” radiosunda bir saatlıq verilişi mənim
yaradıcılığıma həsr etdi...”.
Ənvər Sadıqov 2001-cı ildə Azərbaycan
Demokratik Tələbə Gənclər Təşkilatının
"Zirvə Mükafatı"na, 2006-cı ildə
"Bakılı" Beynəxalq Mədəniyyət Cəmiyyətinin
"HUMAY" mükafatına layiq görülüb. Təhsilinin
davamı olaraq o, 2006-cı ildə Azərbaycan Dövlət
Pedaqoji Universitetinin Musiqi fakültəsinə daxil olub,
oranı bitirdikdən sonra 2015-2017-ci illərdə Azərbaycan
Milli Konservatoriyasının xalq çalğı alətləri
fakültəsində təhsilini davam etdirərək magistr dərəcəsinə
yiyələnib. 2017-ci ildən konservatoriyada müəllim vəzifəsində
çalışır, 2019-cu ildən isə
konservatoriyanın “İnstrumental-muğam" kafedrasında Azərbaycan
qarmonu aləti üzrə ixtisas-muğam fənnindən
baş müəllim kimi dərs deyir...
Bu yerdə yadıma ABŞ-da yaşadığım
illər düşdü. Və mən Ənvərlə
bağlı o hadisəni belə xatırlayıram...
Bəli, do, re, mi, fa, sol, lya, si- ilk baxışdan adi
görünən bu sıralama səsə çevriləndə
ilahi möcüzə yaradır. Yeməkxanada əyləşib
nahar etməyə hazırlaşırdım. Telefonumu əlimə
götürüb, "YouTube"də Ənvər
Sadıqovun "Təəssürat" adlı konsertinin
videosunu seçdim. Düyməni basıb videonu hərəkətə
gətirdim. Qulaqcıqdan istifadə etməyi
xoşlamadığımdan ecazkar musiqi sədası
altında qarşımda olan təamlardan dadmağa başladım.
Yaxınlıqdakı masada 7-8 gənc amerikalı əyləşmişdi.
Gənclər deyib gülə-gülə nahar edirdilər.
Birdən həmin masaya qəribə bir sükut
çökdü. Hiss etdim ki, onlar musiqiyə diqqət kəsiliblər.
Bir qədər sonra gənclərdən biri mənə
yaxınlaşıb xahiş etdi ki, telefonun səsini
ucaldım. Səsin zəif olduğunu görüb, başqa
birisi bel çantasından çox da böyük olmayan səsgücləndiricini
çıxarıb, telefonu "Bluetooth" vasitəsi ilə
ona qoşmağı xahiş etdi. Və musiqi sədaları
yeməkxananın salonuna yayıldı. Hamı Ənvərin
barmaqlarının yaratdığı səsin sehrinə
düşmüşdü. Arada məndən soruşdular ki,
bu hansı ölkənin musiqisidir, ifaçı kimdir?
Birtəhər anlatdım ki, Azərbaycan adlı
keçmiş sovet ölkələrindən birinin musiqisidir,
ifaçı da Ənvər Sadıqovdur. Sən demə, həmin
gənclər Miçiqan Dövlət Universitetinin musiqi fakultəsinin
tələbələri imiş. 1 saat 45 dəqiqəlik
konserti böyük həvəslə dinləyib, sonda
hamısı, yəni yeməkxananın həmin hissəsində
olan 20-30 adam ayağa qalxaraq, ölkəmizin adını
yarıdüz, yarısəhv- "Long live Azerbaijan!"- deyə,
alqışlamağa başladılar. Kaş o mənzərəni
siz də görəydiz, qürur hissi qəhərə
dönüb necə boğazımda ilişib
qalmışdı. Sevincdən gözlərim
yaşarmışdı. Amerkalıların Azərbaycan
musiqisinə verdikləri bu dəyər və
yaşadığım bu hadisə iki gün idi ki, məni
rahat buraxmırdı. Ənvərə təşəkkürümü
bildirmək, ona “var ol, qardaş, barmaqların var olsun”,- deməyə
tələsirdim. Nə yaxşı ki, belə sənətkarlarımız
var, onlar öz ifaları ilə möcüzə yaradıb Azərbaycan
musiqisinin nə qədər gözəl olduğunu dünyaya
çatdıra bilirlər. Musiqisi gözəl olan xalqın mənəviyyatı
da gözəldir. Bəli, yaşasın, var olsun, Azərbaycan!
Aprelin 30-u Azərbaycan Respublikasının xalq artisti,
"Qaytağı" instrumental ansamblının bədii rəhbəri,
ustad musiqiçi Ənvər Sadıqovun ad günüdür,
59 yaşını qeyd edəcək. Onu bu münasibətlə
təbrik edir, möhkəm can sağlığı
arzulayıram.
Çox yaşa, Ənvər!
Elman Eldaroğlu
Xalq Cəbhəsi .- 2025.-1 may(¹16).- S.15.