Orta və kiçik biznesin inkişafında pərakəndə
sektorun rolu
Azərbaycanda kiçik və orta biznes
iqtisadiyyatın, xüsusən də ticarət və xidmət
sektorunun aparıcı qüvvəsidir. Ölkəmizdə
böyük rəqabət olan pərakəndə ticarətdə
kiçik və orta bizneslərin, şəbəkə marketlərinin
davamlı inkişafı diqqət çəkir. Ticarət
sektoru daha çox kiçik biznes subyektlərindən və fərdi
sahibkarlardan ibarət olsa da, bu seqmentdə orta biznes də əhəmiyyətli
mövqeyə malikdir. Onlar əhalini ərzaq və qeyri-ərzaq
məhsulları ilə təmin etməklə yanaşı, ərzaq
təhlükəsizliyi və müştəri məmnuniyyəti
kimi məsuliyyətli missiya da daşıyırlar. Bunlarla
yanaşı, şəbəkə marketləri yerli
istehsalın və tədarükçülərin
inkişafında xüsusi rol oynayır. Yəni həm öz
istehsal müəssisələrini qururlar, həm də yerli
fermerlərin yetişdirdikləri məhsulları almaqla ticarət
şəbəkələri vasitəsi ilə
istehlakçılara çatdırırlar. Bununla şəbəkə
marketləri həm də qısa və optimal ərzaq tədarükü
zəncirinin yaradılmasında mühüm rol almış
olurlar. Yerli bazarda belə aparıcı şirkətlərdən
biri də Veysəloğlu Şirkətlər Qrupudur.
Öncə onu qeyd etmək lazımdır ki, Azərbaycanda
pərakəndə ticarət şəbəkəsi kifayət
qədər diqqət çəkən və hər il
davamlı artan böyük dövriyyəyə sahibdir. Belə
ki, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin
məlumatlarına əsasən, 2024-cü ildə ölkəmizin
pərakəndə ticarət şəbəkəsində
istehlakçılara 62,2 milyard manatlıq, o cümlədən
34,1 milyard manatlıq ərzaq məhsulları, içkilər
və tütün məmulatları, 28,1 milyard manatlıq
qeyri-ərzaq malları satılmışdır. 2023-cü illə
müqayisədə pərakəndə ticarət dövriyyəsi
real ifadədə 3,9 faiz, o cümlədən ərzaq məhsulları,
içkilər və tütün məmulatları üzrə
2,1 faiz, qeyri-ərzaq malları üzrə 6,3 faiz
artmışdır.
2024-cü ildə alıcıların pərakəndə
ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi
vəsaitin 50,5 faizi ərzaq məhsullarının, 4,4 faizi
içkilər və tütün məmulatlarının, 14,5
faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların,
5,5 faizi avtomobil benzini və dizel yanacağının, 4,8 faizi
elektrik malları və mebellərin, 2,2 faizi əczaçılıq
məhsulları və tibbi ləvazimatların, 1,2 faizi
kompüterlər, telekommunikasiya avadanlıqları və
çap məhsullarının, 16,9 faizi isə digər qeyri-ərzaq
mallarının alınmasına sərf olunmuşdur. Özəl
sektorda fəaliyyət göstərən təsərrüfat
subyektləri tərəfindən satılmış
malların dəyəri əvvəlki illə müqayisədə
real ifadədə 3,9 faiz artaraq ümumi pərakəndə
ticarət dövriyyəsinin 99,7 faizini təşkil
etmişdir. Bu isə o deməkdir ki, pərakəndə ticarət
şəbəkəsində əsas bazar
iştirakçısı özəl biznes, sahibkarlardır.
2024-cü ildə əvvəlki ilə nisbətən pərakəndə
ticarət dövriyyəsi real ifadədə müəssisələr
üzrə 8,6 faiz, fərdi sahibkarlar üzrə 1,8 faiz, bazar
və yarmarkalarda isə 3,4 faiz artmışdır. Təsəvvür
edin ki, pərakəndə ticarət şəbəkəsində
əhalinin bir nəfəri orta hesabla ayda 508 manatlıq, o
cümlədən 278,8 manatlıq ərzaq məhsulları,
içkilər və tütün məmulatları, 229,2
manatlıq qeyri-ərzaq malları almışdır.
Bütün bu xidməti onlara göstərən isə ticarət
sahəsində fəaliyyət göstərən biznes,
kiçik və orda sahibkarlıq subyektləridir.
Müsbət haldır ki, ticarət sektorunda 2025-ci ildə
də davamlı artım meyilləri müşahidə olunur.
Bu isə bu sektordakı əlverişli biznes və investisiya
mühitindən xəbər verir. Belə ki, 2025-ci ilin
yanvar-mart aylarında isə pərakəndə ticarət
şəbəkəsində istehlakçılara 14,6 milyard
manatlıq, o cümlədən 8,1 milyard manatlıq ərzaq məhsulları,
içkilər və tütün məmulatları, 6,5 milyard
manatlıq qeyri-ərzaq malları satılmışdır.
2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə
ticarət dövriyyəsi real ifadədə 3,8 faiz, o cümlədən
ərzaq məhsulları, içkilər və tütün məmulatları
üzrə 1,7 faiz, qeyri-ərzaq malları üzrə 6,3 faiz
artmışdır. 2025-ci ilin yanvar-mart aylarında
alıcıların pərakəndə ticarət şəbəkəsində
aldıqları mallara xərclədiyi vəsaitin 51 faizi ərzaq
məhsullarının alınmasına sərf edilib. Pərakəndə
ticarət şəbəkəsində əhalinin bir nəfəri
orta hesabla ayda 475,3 manatlıq, o cümlədən 264,3
manatlıq ərzaq məhsulları, içkilər və
tütün məmulatları, 211,0 manatlıq qeyri-ərzaq
malları almışdır.
Ölkə iqtisadiyyatında muzdla işləyənlər
daha çox məhz ticarət sektorundadır. Belə ki,
2025-ci il fevralın 1-i vəziyyətinə ölkə
iqtisadiyyatında muzdla çalışan işçilərin
sayı 1,757 milyon nəfər nəfər olub, onlardan 879,5 min
nəfəri iqtisadiyyatın dövlət, 877,5 min nəfəri
isə özəl sektordadır. Muzdla işləyənlərin
18,7 faizi və ya 328,6 min nəfər ticarət sektorundadır
ki, bu da məşğulluq baxımından həmin sektorun nə
qədər əhəmiyyətli olduğunu göstərir.
Şəbəkə marketləri yeni iş yerlərinin
yaranmasında, xüsusən də qadınların və gənclərin
işlə təmin olunmasında aparıcı mövqeyə
malikdir.
Veysəloğlu Şirkətlər Qrupu Azərbaycanın
qeyri-neft sektorunda ölkə iqtisadiyyatına əhəmiyyətli
töhfələr verən ən iri işəgötürənlərindən
biridir. Gündəlik tələbat məhsulları (FMCG)
sektorunda ixtisaslaşan Şirkətlər Qrupuna distribusiya,
istehsalat və pərakəndə mağazaçılıq fəaliyyətləri
üzrə xidmət göstərən şirkətlər
daxildir. Veysəloğlu daim inkişafda olan, yeniliklərə
açıq, bazarın tələblərinə
uyğunlaşmağa bacaran, rəqabətə davamlı bir
şirkətdir.
Son 9 ildə 450 milyon manat investisiya yatırılan
şirkətin 25 minə qədər əməkdaşı
var. Hər il böyüyən şirkətdə ildə 2500
yeni iş yeri yaradılır, yaxın illər ərzində
bu rəqəmin 3000-nə çatdırılması hədəflənir.
Şirkətlər qrupu hər il öz imkanlarını
artırır, əhatə dairəsini genişləndirir, sərmayələrini
çoxaldır, ticarət şəbəkələrinə
yalnız tərəfdaşlarının deyil, həm də
özünün istehsal etdiyi məhsulları
çıxarır. Şirkətin missiyası müştəriləri
münasib qiymətə keyfiyyətli məhsullarla təmin etmək,
etibarlı tərəfdaşlıq edərək tədarükçülərimizin
inkişafına töhfə vermək, əməkdaşlarımız
üçün ədalətli və potensiallarını
reallaşdıracaqları iş mühiti yaratmaq, cəmiyyət
və ətraf mühit qarşısında öhdəliklərini
yerinə yetirməklə dayanıqlı inkişafı dəstəkləməkdir.
Şirkətlər Qrupu topdan satış və
distribusiya fəaliyyətinə “Veysəloğlu” dirstribusiya
şirkətini qurmaqla başlamışdır. Hazırda
Şirkətlər Qrupu dünyanın bir çox
tanınmış markalarının 4025 çeşiddən
çox məhsulunu ölkə üzrə
distribusiyasını həyata keçirir və qida məhsullarının
topdan və pərakəndə satışı üzrə
ölkədə aparıcı mövqeyə malikdir. Veysəloğlu
Şirkətlər Qrupuna daxil olan, hazırda Azərbaycanın
ən böyük logistika şirkəti olan “AVT logistics”
şirkətinin anbarı 50 min kv. metr ərazini əhatə
etməklə Qafqazda ən böyüyüdür. “AVT
logistics” ən müasir avadanlıqlarla təchiz olunub,
böyük imkanlara malikdir. Ticarət şəbəkləri
məhz bu anbardan məhsulla təmin olunur. Məhəmmədi
Logistika Mərkəzi hər gün ölkənin 4500 nöqtəsində
müştərilərə mal çatdırır.
Şirkətin Abşeron rayon Məhəmmədi qəsəbəsində
Logistika Mərkəzi və “Xonça” fabriki var. 2016-cı
ildə fəaliyyətə başlayan “Xonça” fabriki
ölkənin şirniyyat sahəsində milli brenddir. Fabrikin
hazırda “Araz” supermarketlər şəbəkəsinin 180
mağazasında bölməsi mövcuddur. 2019-cu ildə
bütün məhsulların donmuş formada istehsalı,
saxlanılması və satışına
başlanılıb. Beləliklə, “Xonça” Fabriki
bütün çörək, bulka və tort çeşidlərinin
donmuş formada təminatı gücünə malik olub.
Fabrikin yaradılması şirkətin bütün
satış sahələrində keyfiyyəti bir mərkəzdə
birləşdirərək standart keyfiyyət və
gigiyenanı təmin etmək məqsədi daşıyıb.
Bu məqsəddən çıxış edərək
marketlər daxilində məhsul istehsalı
dayandırılıb, yalnız mərkəzləşmiş
donmuş və bişmiş məhsul istehsalına nail olunub.
Fabrikin istehsal etdiyi məhsulların siyahısına müxtəlif
növ ətirli çörəklər, bulkalar, Şərq və
Avropa kulinariyasına məxsus tort və şirniyyatlar, paketli
hazır məhsullar daxildir. “Xonça” Fabrikindən donmuş
yarımfabrikat olaraq təmin edilən məhsullar mağazada
fermentasiya prosesini keçərək bişirilir və
müştərilərə təqdim edilir. “Xonça”
Fabrikində qida təhlükəsizliyi idarəetmə sistemi
mayalı və mayasız un-qənnadı və çörək-bulka
məmulatlarının, o cümlədən tortlar, milli
şirniyyatlar istehsalı sahəsində tətbiq edilib.
Şəbəkə mağazaçılıq
sektoruna 2011-ci ildə "Araz" supermarketlər brendini
yaradaraq daxil olan Şirkətlər Qrupu, daha sonra, 2014-cü
ildə ölkəyə ilk dəfə beynəlxalq pərakəndə
markasını - SPAR-ı gətirib. Ölkə əhalisinin
hər birinə xidmət göstərməyi hədəfləyən
Qrup, 2016-cı ildə yüksək endirimli (hard-discount)
mağazaçılıq modelini - "OBA" marketlər
şəbəkəsini açıb. O, 2017-ci ildə ölkənin
ilk supermarketlərindən olan "Favorit" şəbəkə
marketlərini satın alaraq pərakəndə ticarət
şəbəkəsini daha da genişləndirib. 2022-ci ildə
Almaniya brendi olan "Rossmann" mağazalar şəbəkəsini
yerli istehlakçılara təqdim edib. Bir sözlə,
hazırda ölkə üzrə 1600 saydan çox pərakəndə
satış nöqtəsi ilə əhaliyə xidmət
göstərən Şirkətlər Qrupu şəbəkə
marketçilik sahəsində ölkə üzrə qabaqcıl
mövqeyə malikdir, uğurlu inkişaf tarixinə malik
olmaqla gündəlik müştəri sayı 1 milyona
yaxındır. Bütün bunlar isə bir şirkətin
timsalında ölkədə biznesin inkişafında pərakəndə
ticarət sektorunun rolundan xəbər verir...
Cavid Şahverdiyev
Yazı Veysəloğlu Şirkətlər Qrupunun, Azərbaycan
Mətbuat Şurasının və Ticarət Şəbəkələrinin
İnkişafı İctimai Birliyinin “Orta və kiçik
biznesin inkişafında pərakəndə sektorun rolu”
mövzusundakı birgə müsabiqəsinə təqdim
olunur
Xalq Cəbhəsi .- 2025.-1 may(¹16).- S.12.