Zərərlə
işləyən kredit ittifaqları: detallı
araşdırmaya ehtiyac var
Azərbaycandakı kredit ittifaqları bu ilin I
rübünü 0,2 milyon manat zərərlə başa vurub.
Qeyd edilir ki, bu, ötən ilin eyni dövrünə
nisbətən 77,5 % azdır.
Yanvar-mart aylarında kredit ittifaqlarının gəlirləri
0,6 milyon manat (illik müqayisədə 16,7 % çox), xərcləri
0,4 milyon manat (13,3 % çox), xüsusi ehtiyatlara
ayırmaları isə 0,5 milyon manat (54,55 % az) təşkil
edib.
Bu il aprelin 1-nə kredit ittifaqlarının aktivləri
12,5 milyon manat olub. Bu da 1 il əvvələ nisbətən 0,8
% azdır. Bunun 10,7 milyon manatı müştərilərə
verilmiş xalis kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli
1,8 % kiçilib.
Hesabat dövründə kredit ittifaqlarının
öhdəlikləri 20,6 % azalaraq 2,7 milyon manata
düşüb, balans kapitalı isə 6,5 % artaraq 9,8 milyon
manata çatıb.
“Xalq Cəbhəsi” kredit ittifaqlarının zərərinin
səbəbini və bunun biznes mühitinə necə təsir
edəcəyini iqtisadçı ekspertlərdən öyrənməyə
çalışıb.
“Daha zəif təşkilatlardır”
İqtisadçı eskpert Ruslan Atakişiyev kredit
ittifaqlarının maliyyə təşkilatlarının
içərisində daha zəif təşkilatlar
sayıldığını söyləyib: “Yəni
onların maliyyələşməsi, fəaliyyəti və
s. Son dövrlərdə də Mərkəzi Bank tərəfindən
ümumiyyətlə, mikromaliyyələşmə sahəsində
tərəflər gücləndirilir, artır. Bu da istər-istəməz
onların fəaliyyətinə də təsir göstərir.
Bu baxımdan həm də kredit ittifaqlarının son
dövrlərdə sayları da azalıb və gələcək
dövrlərdə hesab olunur ki, ümumiyyətlə, onlarla
bağlı günün tələbləri daha da artacaq”.
“Bu, faiz gəlirlərinin azalması faiz xərclərinin
artması ilə əlaqədardır”
İqtisadçı eskpert Emin Qəribli qeyd edib ki, əsas
səbəblərdən biri kredit ittifaqlarında faiz gəlirlərinin
azalması faiz xərclərinin artması ilə əlaqədardır:
“Həmçinin əməliyyat mənfəətinin
azalması ilə əlaqəlidir. Bu vəziyyətdə təbii
ki, mütəmadi olaraq kredit ittifaqlarının vəziyyətinin
yaxşılaşdırılması üçün
müvafiq qanunvericiliyə dəyişikliklər edilir. Hər
hansı problemlər varsa həmin ittifaqlar öz sahələrinin
təkmilləşdirilməsinə dair təkliflərini verə
bilərlər. Hesab edirəm ki, Azərbaycan hökuməti bu
sahədə problemləri dinləyib və müvafiq dəyişikliklər
edir”.
“Öz fəaliyyətlərinə yenidən
baxmalıdırlar”
Eskpert əlavə edib ki, bu təşkilatlar fəaliyyətlərinə
yenidən baxmalıdırlar: “Yəni bir növ rəqabət
qabiliyyətinin artırılması üçün öz fəaliyyətini
müasir dövrün tələblərinə uyğun fəaliyyətlə
təkmilləşdirməlidirlər. Mən prosesin nə
müsbət, nə mənfi tərəfini dəyərləndirmirəm.
Amma yenə də daha detallı
araşdırılmalıdır və obyektiv səbəblər
varsa müvafiq təkliflər verə bilərlər. Bir daha
qeyd edirəm ki, bu gün bu ittifaqlar, təşkilatlar daha
çox öz fəaliyyətini müasir dövrə
uyğunlaşdıraraq fəaliyyət göstərməlidir.
Faiz dərəcələrini endirə bilərlər, miqyas
baxımından birləşərək öz məsrəflərini
aşağı sala bilərlər. Kiçik formada fəaliyyət
göstərirlərsə, təbii ki, məsrəflər
yüksək olacaq. Biznes mühitinə təsirinə gəldikdə
isə müəyyən dərəcədə təsir edə
bilər. Bu problemin həlli yolları var.
Düşünürəm ki, müvafiq təşkilatlar buna
uyğun qərar qəbul edərək həm öz işlərində
düzəlişlər edərlər, həm də hökumətə
təkliflərlə çıxış edərlər”.
“Əsas səbəb problemli kreditlərdir”
İqtisadçı ekspert Akif Nəsirli bildirib ki, əslində
bu elə biznes mühitinin aşağı səviyyədə
olmasının göstəricisidir: “Kredit ittifaqlarının
zərərə səbəb olmasının əsas səbəbi
problemli kreditlərdir. Problemli kreditlər isə kreditlərin
əsas qaynağı əhalinin gəlirlərinin kifayət qədər
aşağı olmasıdır. Əhalinin gəlirləri
aşağı olduğuna görə onlar kreditləri ödəyə
bilmir və ya çətinliklə ödəyir.
İnsanların həyatında hər hansı bir fors-major
şərait yaranan kimi problemli kreditə çevrilir. Əsas
səbəb budur”.
Röya İsrafilova
Xalq Cəbhəsi .- 2025.-1 may(¹16).- S.13.