Azərbaycan qonşuları ilə normal münasibətlərə
üstünlük verəcək
İran Prezidenti Məsud Pezeşkianın Bakı səfəri
həm ikitərəfli münasibətlərin möhkəmləndirilməsi,
həm də regional əməkdaşlığın
genişləndirilməsi baxımından yeni səhifə
açdı və bu münasibətlər regional təhlükəsizlik
baxımından vacibdir.
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Əlisahib Hüseynov qəzetimizə açıqlamasında
deyib ki, islahatçı yönümlü Pezeşkian ölkəsinin
Azərbaycanla bağlı ənənəvi, destruktiv
baxış bucağına nisbi də olsa dəyişiklik etməyi
və ölkəmizə səfərini gerçəkləşdirməyi
bacardı. Odur ki, bu səfər İranın bundan öncəki
prezidentlərinin səfərlərinə bənzəmir.
İranın sabiq prezidentləri Haşimi Rəfsəncani,
Məhəmməd Hatəmi, Mahmud Əhmədinejad və Həsən
Ruhaninin Azərbaycana səfərləri standart protokol xarakteri
daşıyıb və insanlarımızda heç bir
emosional hiss, rəğbət duyğusu doğurmayıb.
Çünki onlar tipik fars-molla zehniyyətinin
daşıyıcıları olub. Ancaq Pezeşkianın gəlişi
isə mühüm siyasi hadisə kimi yadda qaldı.
Çünki bu səfər iki ölkənin qonşuluq əlaqələri
çərçivəsini aşaraq eyni milli kimliyi
daşıyan, Azərbaycan türkü olan siyasi liderlərin
qardaşlıq görüşünə çevrildi. Bəli,
Məsud Pezeşkian türk olduğunu açıq bəyan
edən ilk İran lideridir. Prezident İlham Əliyev
Pezeşkianı əsl azərbaycanlı qonaqpərvərliyi
ilə isti qarşıladı. Məhz bu isti, səmimi
münasibətin nəticəsi olaraq Pezeşkian Bakıda
özünü yad kimi hiss etmədiyini dilə gətirdi:
"Özümü Ərdəbil və Təbrizdəki kimi
hiss edirəm. İnşallah, iqtisadi, siyasi, hərbi və digər
sahələrdə əlaqələrimiz inkişaf edəcək".
O, qeyd edib ki, Pezeşkianın milli kimliyi Azərbaycan-İran
münasibətlərindəki "buz"ların əriməsi
üçün olduqca önəmli amildir. Çünki əvvəlki
prezidentlərin fars kimiliyi, mühafizəkar mövqeləri və
sırf ali dini rəhbərin iradəsinə tabe olmaları
onların Azərbaycanla normal və səmərəli
münasibətlər qurmalarına mane olurdu. Baxmayaraq ki,
Prezident İlham Əliyev qonşu İran dövləti ilə
hər zaman sıx dostluq və əməkdaşlıq xəttinin
tərəfdarı kimi çıxış edib, lakin molla
rejimi istər 30 il davam edən işğal dönəmində,
istərsə də 44 günlük İkinci Qarabağ
müharibəsindən sonrakı dövrdə daim Ermənistanın
müttəfiqi kimi çıxış etməyə
üstünlük verib və Azərbaycana qarşı təxribatçı,
destruktiv mövqe sərgiləyib. Bir sözlə, molla
rejiminin günahı üzündən İran-Azərbaycan
münasibətlərində uzun illər ərzində
böhran vəziyyəti yaşanıb. Lakin Pezeşkianın
islahatçı mövqeyi İranın Azərbaycana
qarşı yanlış siyasətində ciddi
dönüş yarada bilər: “Tehran artıq başa
düşür ki, Azərbaycan Respublikası ilə
münasibətləri normallaşdırmağa ehtiyac var.
İlham Əliyevin uğurlu rəhbərliyi ilə regionun
lider və qalib ölkəsinə çevrilən Azərbaycanla
davamlı qarşıdurma mövqeyində olmağın
İranın gələcək mənafeləri
üçün zərərli olacağını dərk etməyə
başlayan Tehran rejimi mümkün risk və təhdidləri
önləmək üçün indi milliyətcə Azərbaycan
türkü olan Pezeşkianın siyasi kursuna ümid bəsləyir.
Pezeşkian isə hələ seçki kampaniyası dönəmində
qonşu dövlətlərlə, ilk növbədə isə
Türkiyə və Azərbaycanla münasibətləri
yaxşılaşdırmağın tərəfdarı kimi
çıxış etmişdi. Bu isə o deməkdir ki,
artıq İran-Azərbaycan münasibətlərinin
normallaşması üçün şərait yaranır.
Bu kontekstdə mən Pezeşkianın ölkəmizə
ilk səfərinin nəticələrini səmərəli
hesab edirəm. Azərbaycan Prezidenti İlham Əliyev İran
Prezidenti Məsud Pezeşkian ilə mətbuata bəyanatında
bildirdi ki, İran Prezidentinin Azərbaycana rəsmi səfəri
əlaqələrimizin yüksək səviyyədə olmasının
təzahürüdür: "Həm siyasi, həm iqtisadi, həm
də bütün başqa sahələrdə əməkdaşlığın
dərinləşməsi iki qardaş xalqın
marağındadır. Ümid edirəm ki, bu gün müzakirə
olunan və olunacaq məsələlər, verəcəyimiz
tapşırıqlar bizim əlaqələrimizi daha da gücləndirəcək".
Dövlətimizin başçısı onu da qeyd etdi ki, səfər
zamanı əldə edilmiş razılaşmalar,
imzalanmış sənədlər bir daha İran-Azərbaycan
dostluğunu, qardaşlığını təsdiqləyir.
Bir sözlə, bu rəsmi səfərin çox gözəl
siyasi nəticələri olacaq. Ümumən
götürdükdə isə, Azərbaycan ilə İran
arasında əməkdaşlığın dərinləşməsi
üçün çox gözəl imkanlar var.
Öz növbəsində Məsud Pezeşkian da mətbuata
bəyanatında Prezident İlham Əliyevə bütün
sahələrdə əməkdaşlığa hazır
olduqlarını bildirdiklərini açıqladı:
“İran və Azərbaycan Şərqi Qərbə,
Şimalı Cənuba birləşdirən dördyol ola bilər.
Biz elə bir coğrafi mövqedə yerləşirik ki, bu
kommunikasiyanı yarada bilərik. Biz sülh, təhlükəsizlik
və rifah dolu bir region yarada bilərik”. İran Prezidenti həmçinin
Qarabağın Azərbaycan ərazisinin ayrılmaz hissəsi
olduğunu bildirərək, onun səfərinin iki ölkə
arasında əlaqələri gücləndirmək, birlik və
həmrəyliyi gücləndirmək məqsədi
daşıdığını deyib.
Pezeşkianın bu bəyanatları şübhəsiz
ki, pozitiv bəyanatlardır. Ümid edək ki, o, öz bəyanatlarını
gerçəkləşdirmək istiqamətində real
addımlar ata biləcək. Düzdür, bizim bəzi ekspertlərimiz
İranın mühafizəkar kəsiminin Azərbaycanla siyasətində
müsbət istiqamətdə dəyişikliklər edəcəyinin
gözlənilmədiyini və İran-Azərbaycan münasibətlərində
müsbət sıçrayış gözləməyin
çətin olduğunu düşünürlər. Əlbəttə,
bu cür düşünənlər də müəyyən
mənada haqlıdırlar. Ancaq bütün hallarda proseslərin
gələcək inkişafına pozitiv
yanaşmağımız üçün artıq ilkin əsaslar
var. Əsas məqam budur ki, Pezeşkian təkcə İran
Prezidenti kimi yox, həm də bir azərbaycanlı olaraq iki
ölkə arasında ixtilafların aradan
qaldırılmasında və əlaqələrin inkişaf
etdirilməsində gerçəkdən maraqlıdır.
Prezident İlham Əliyevin Pezeskianı yüksək
hörmət və qonaqpərvərliklə qəbul etməsi
də ilk növbədə onun azərbaycanlı olması ilə
və ona səs verən milyonlarla Güney Azərbaycan
türkünün seçiminə sayğı ilə
yanaşmasıyla bağlı idi. Bu cür isti və səmimi
qarşılandığını görən Pezeşkian
molla rejiminin islahatçı qanadının rəhbəri
kimi bir daha real şəkildə əmin oldu ki, Azərbaycan həqiqətən
də İranın ən yaxşı, ən təhlükəsiz
qonşusudur və Azərbaycandan bundan sonra da İrana
qarşı hər hansı təhdid gözlənilmir.
Bakıdan bu əminliklə ayrılan Pezeşkian indi bu həqiqəti
Tehranda oturan mürtəce zehniyyətli hakim elitaya da
çatdırmalı, başa salmalıdır. Ümumən
isə, Pezeşkianın Azərbaycana 120 nəfərlik
böyük bir heyətlə gerçəkləşdirilən
səfəri iki ölkə arasında əlaqələrin
yeni mərhələyə qədəm qoymasının
göstəricisidir. Münasibətlərin normal məcraya
yönəlməsi, yaxşılaşması üçün
böyük imkanlar açılır. Ümid edək ki,
İranı toksik qonşudan yaxşı qonşuya çevirə
biləcəyik”.
Politoloq Məhəmməd Əsədullazadə isə
deyib ki, İran prezidenti M. Pezeşkianın Bakıya səfəri
iki ölkə arasında münasibətlərin yenidən
inkişafına stimul olacaq.
Onun fikrincə, İran prezidenti M. Pezeşkianın Azərbaycana
səfəri iki ölkə arasında regional yeni siyasi-təhlükəsizlik
çağırışları fonunda baş verir. İran
daima Azərbaycanla siyasi müstəvidə böhrana aparacaq
siyasət həyata keçirib. Bu səfər iki ölkə
arasında münasibətlərin inkişafı
baxımından həlledicidir. Amma, rəsmi Tehran Azərbaycanla
bağlı öz siyasətində ciddi korrektlərə getməlidir:
“İran prezidentinin bu səfərində iqtisadi və nəqliyyat
əlaqələrinin inkişafı, ortaq layihələrin
icrası razılaşdırılacaq. Amma, İran tərəfi
"Zəngəzur" dəhlizinin açılması
istiqamətində öz qeyri-konstruktiv mövqeyindən geri
çəkilməlidir. Prezident M. Pezeşkian səfər
öncəsi verdiyi açıqlamada Zəngəzur dəhlizi
ilə bağlı pozitiv açıqlama verdi. Amma, bu məsələdə
Ali dini rəhbər Ə. Xameneinin açıqlaması
Tehranın rəsmi mövqeyi kimi qəbul edilir. Bu səfərdən
sonra Tehran Zəngəzurla bağlı siyasətində
korrektlər edə bilər.
M. Pezeskianın bu səfərdən sonra bir müddət
münasibətlərin normal müstəvidə davam etməsi
gözlənilir. Amma, İranın mühafizəkar kəsimi
Azərbaycanla siyasətində müsbət istiqamətdə
dəyişikliklər edəcəyi gözlənilmir. Buna
baxmayaraq iki ölkə arasında münasibətlərin M.
Pezeşkianın prezidentliyi dönəmində böhranlı
vəziyyətə gəlməyəcək. Tehranda oturanlar
başa düşməlidir ki, Azərbaycandan İrana
qarşı hərhansı təhdid yoxdur.
Qeyd edim ki, İsrail Bas nazirinin Azərbaycana səfəri
gözlənilir. Bu səfərdən sonra İranda radikallar
Azərbaycana qarşı yenidən informasiya təxribatlarına
başlayacaq. Təbii ki, İsrail Baş naziri İran Azərbaycan
əməkdaşlığından narahatdır. İsrailin
Baş naziri B.Netanyahu regional ittifaqları və dövlətlər
arasında münasibətləri pozacaq fiqurdur. Amma, Azərbaycan
öz müstəqil siyasi gündəliyi var. Rəsmi Bakı
B. Netanyahuya Ağ Ev deyil. Azərbaycan qonşulari ilə normal
münasibətlərə üstünlük verəcək xəttə
sahibdir. Prezident İlham Əliyev İranla normal münasibətlərdə
maraqlıdır. Bunun üçün kifayət qədər
siyasi iradə ortaya qoyur. Top İran tərəfindədir”.
Cavid
Xalq Cəbhəsi .- 2025.-1 may(¹16).- S.8.