Qlobal Cənub QHT Platforması: Bakıda növbəti tarix
yazıldı
28-29 aprel tarixlərində Bakıda Qlobal Cənub QHT
Platformasının təsis konfransı keçirilib. Konfrans
dünya əhalisinin təxminən 80%-ə yaxın hissəsini
eləcə də 116 ölkədən nüfuzlu QHT rəhbərlərini
və vətəndaş cəmiyyəti təmsilçilərini
özündə birləşdirir. Tədbir Asiya, Afrika,
Latın Amerikası, Okeaniya bölgələrini - dünya
ölkələrinin üçdə iki hissəsini əhatə
edən Qlobal Cənubun vətəndaş cəmiyyətinin həyatında
əlamətdar hadisə hesab olunur. Qlobal Cənub QHT
Platforması bu strateji coğrafiyada ölkələrin üzləşdikləri
problemlərin beynəlxalq səviyyədə eşidilməsinə
güclü dəstək verməyi, BMT daxil olmaqla beynəlxalq
təşkilatlarda vahid mövqedən çıxış
etməyi, qlobal koordinasiyanı aparmağı nəzərdə
tutur. Bu, ölkələrin üzləşdiyi ədalətsizliyə
- yoxsulluq, iqlim dəyişmələrinin fəsadları,
müstəmləkəçilik keçmişi, rəqəmsal
uçurum, ticarət bərabərsizliyi və digər məsələlərə
qarşı birgə səylərlə mübarizə aparmaq
platformasıdır. O həmçinin Cənub-Cənub əməkdaşlığını
təşviq edir.
Konfransın ilk günündə Azərbaycan Prezidenti
İlham Əliyev Qlobal Cənub QHT Platformasının təsis
konfransının iştirakçılarına müraciət
ünvanlayıb. Müraciət mətnini Azərbaycan
Prezidentinin köməkçisi - Xarici siyasət məsələləri
şöbəsinin müdiri Hikmət Hacıyev oxuyub.
Qeyd edək ki, iki gün davam edən “Həmrəy fəaliyyət:
yeni və ədalətli dünya üçün Qlobal Cənub
QHT-lərinin gücləndirilməsi” adlı beynəlxalq
konfransda dünyanın aparıcı vətəndaş cəmiyyəti
institutlarının nümayəndələri
çıxış edib, qlobal diskussiyalar təşkil olunub,
70 il əvvəl İndoneziyada qəbul edilmiş tarixi “Bandunq
prinsipləri”nin əhəmiyyəti vurğulanıb. Bu
prinsiplər dövlətlərin daxili işlərinə
qarışmanı rədd edir, dinc, ədalətli dünya
nizamının yaradılmasını, ölkələrin
suverenliyinə, ərazi bütövlüyünə hörmət
bəslənilməsini, xalqların bərabərliyinin təmin
olunmasını təşviq edir, qarşılıqlı
maraq və əməkdaşlığın, iqtisadi rifahın
gücləndirilməsi üçün səfərbərliyə
çağırır.
Xatırladaq ki, platformanın yaradılması təşəbbüsü
ilə 2024-cü ilin noyabrında COP29 çərçivəsində
Azərbaycan Milli QHT Forumu çıxış edib. Təşəbbüs
qısa müddətdə beynəlxalq rezonans doğurub. Nəticədə
COP29 QHT Koalisiyası Azərbaycan Milli QHT Forumu
qarşısında bu platformanın təsisatlandırılmasına
dair məsələ qaldırıb. Azərbaycan QHT-lərinin
təşəbbüsü ilk dəfə dünya
miqyasında belə bir qlobal dəstək qazanıb.
Azərbaycan QHT rəhbərləri sözügedən
konfransla bağlı fikirlərini “Xalq Cəbhəsi”nə
bölüşüb.
“Bakıda növbəti tarix yazıldı”
“Orta Asiya və Güney Qafqaz Söz
Azadlığı Şəbəkəsi” İctimai Birliyinin
(CASCFEN) sədri, Əməkdar jurnalist Nadir Azəri qeyd edib
ki, Bakıda Qlobal Cənub Platformasının təsis edilməsi
Azərbaycanın QHT sektorunun növbəti uğuru kimi tarixə
düşəcək: “Çünki Bakıda sözün əsl
mənasında növbəti bir tarix yazılıb. Elə bir
tarix ki, məhz Bakıda Qlobal Cənub Platformasının təsis
edilməsi ilə dünyanın üçdə iki hissəsini
təşkil edən ölkələrin QHT təmsilçilərinin
Azərbaycanın paytaxtında bir araya gəlməsi ilə həm
də gələcək dünyada QHT-lərin rolunun necə
olacağı müəyyənləşib. Deməli, onun
müəyyən edilməsi üçün mərkəz
Bakı olacaq”.
“Azərbaycan QHT sektoru qlobal proseslərə
hazırdır”
N.Azəri vurğulayıb ki, gələcəkdə
bundan sonra cərəyan edən proseslərdə Qlobal Cənub
Platformasının əldə etdiyi hər bir uğurun
arxasında məhz Bakıda keçirilən təsis
konfransının durduğu bəyan ediləcək: “Bu, Azərbaycan
QHT-lərinin son vaxtlar daha mütəşəkkil və
uğurlu fəaliyyətinin bariz nümunəsidir.
Çünki məlumat üçün qeyd edim ki, Qlobal Cənub
Platformasının yaranması təşəbbüsü
2024-cü ilin noyabrında Bakıda keçirilən COP29
çərçivəsində özü də məhz Azərbaycan
tərəfindən səsləndirilib. Həmin vaxt Azərbaycan
Milli QHT Forumunun bu istiqamətdəki təklifi dünyanın
aparıcı QHT-ləri tərəfindən dəstəklənib
və o dəstək həmin platformanın Bakıda təsis
olunması ilə yeni mərhələyə qədəm
qoyacaq. Onu da qeyd edim ki, bu həm də Azərbaycan QHT
sektorunun qlobal proseslərə, çağırışlara
hazır olduğunu təsdiq edir. Digər tərəfdən
isə Azərbaycanın başqa məsələlərdə
olduğu kimi dünyada cərəyan edəcək QHT-lərlə
bağlı proseslərdə də mərkəz, istiqamətverici
rolunda çıxış edəcəyini nümayiş
etdirir”.
“Bu, Azərbaycan QHT-lərinin uğurudur”
“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə
İctimai Birliyinin sədri Elman Cəfərli Bakıda “Həmrəy
fəaliyyət: yeni və ədalətli dünya
üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi”
adlı beynəlxalq konfransın keçirildiyini deyərək
əlavə edib ki, konfransa 116 ölkədən 200 nəfərə
yaxın nümayəndə qatılıb: “İki gün davam
edən konfransda Qlobal Cənub QHT Platformasının təsis
olunub. Asiya, Afrika, Latın Amerikası, Okeaniya bölgələrini
əhatə edən nəhəng bir hərəkat Azərbaycan
QHT-lərinin təşəbbüsü ilə
yaradılıb. Son illər Azərbaycan Milli QHT Forumunun təşəbbüsü
və öncüllüyü ilə Azərbaycan QHT-lərinin
ciddi beynəlxalq əlaqələri yaranıb. Azərbaycan vətəndaş
cəmiyyətində keyfiyyət dəyişikliyi
müşahidə edilir. Peşəkar, ciddi xarici əlaqələri
olan, ümummili və qlobal problemləri beynəlxalq
platformalara daşıya bilən bir vətəndaş cəmiyyəti
formalaşmaqdadır. Qlobal Cənub QHT Platformasının da təsis
olunması Azərbaycan QHT-lərinin uğuru kimi qiymətləndirilə
bilər”.
“Beynəlxalq aləmdə tanınan QHT-lərimiz
yaranacaq”
E.Cəfərli qeyd edib ki, Azərbaycanın vətəndaş
cəmiyyəti BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının Tərəflər
Konfransında fəallığı ilə yadda qaldı, QHT-lərimiz
qlobal iqlim dəyişikliyinin yumşaldılması ilə
bağlı beynəlxalq müzakirələrə
qatıldı: “Əslində Qlobal Cənub QHT
Platformasının yaradılması ideyası da COP29 çərçivəsində
keçirilən toplantılarda ortaya
çıxmışdı. Bu niyyət 2024-cü il
noyabrın 15-də COP29 çərçivəsində
keçirilən Qoşulmama Hərəkatı regionu QHT-lərin
“Cənub-Cənub əməkdaşlığı vasitəsilə
iqlim fəaliyyətinin inkişafı: QHT-lərin rolu”
adlı beynəlxalq konfransda bəyan olunmuşdu. O zaman bu
ideya beynəlxalq təşkilatlar tərəfindən dəstək
qazandı, 140-a yaxın ölkənin QHT-ləri ideyanı müdafiə
etdi. “Həmrəy fəaliyyət: yeni və ədalətli
dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi”
konfransı Azərbaycan QHT-ləri üçün yeni bir mərhələnin
başlanğıcıdır. Bu, ilk addımdır. Yəqin
ki, yaxın gələcəkdə beynəlxalq aləmdə
tanınan, sözü eşidilən QHT-lərimiz ortaya
çıxacaq”.
“Üzv təşkilatlar arasında təcrübə
və məlumat mübadiləsi asanlaşacaq”
Hüquqi-Sosial Yardım və Maarifləndirmə
İctimai Birliyin sədri Fariz Əkbərov vurğulayıb
ki, Bakıda 110-dan artıq ölkənin nüfuzlu
qeyri-hökumət təşkilatlarının, vətəndaş
cəmiyyəti təmsilçilərinin iştirakı ilə
ilk dəfə Qlobal Cənub QHT Platforması təsis olunub:
“Qlobal Cənub QHT Platformasının əsas məqsədi
Qlobal Cənub ölkələrindən olan qeyri-hökumət
təşkilatlarını (QHT-ləri) bir araya gətirmək,
onların beynəlxalq səviyyədə səsini daha
güclü çatdırmaq və qlobal qərarvermə
mexanizmlərində iştirak imkanlarını artırmaqdır”.
F.Əkbərov əlavə edib ki, bu Platforma, Cənub
ölkələrinin QHT-lərinin öz maraqlarını və
problemlərini daha fəal şəkildə müdafiə etməsi
üçün imkan yaradacaq, üzv təşkilatlar
arasında təcrübə və məlumat mübadiləsi
asanlaşacaq: “Eyni zamanda, əsas qlobal məsələlərdə,
məsələn, iqlim dəyişikliyi, insan hüquqları,
inkişaf yardımları və digər sahələrdə
ortaq mövqelərlə çıxış ediləcək.
Qlobal Cənub QHT Platforması isə Latın Amerikası,
Afrika, Asiya və Sakit Okean bölgəsi ölkələrinin
qeyri-hökumət təşkilatlarının birgə səsini
beynəlxalq platformalarda daha güclü eşitdirməyə
çalışır. Bu platforma vasitəsilə müxtəlif
ölkələrin və regionların QHT-ləri öz təcrübələrini,
bacarıqlarını və resurslarını paylaşır,
bir-birindən öyrənir, daha effektiv fəaliyyət
göstərə bilirlər”.
Röya İsrafilova
Xalq Cəbhəsi .- 2025.-1 may(¹16).- S.7.