“Azərbaycan regional və qlobal siyasi arenada
mühüm aktora çevrilib”
Dünya liderlərinin bir-birinin ardınca Azərbaycana
səfəri ölkəmizin regional roluna və artan
nüfuzuna bir daha diqqət çəkir. Aprelin 28-də
İran Prezidenti Məsud Pezeşkianın səfəri bir
çox detalla yadda qaldı.
Həmçinin may ayının 8-də İsrailin
Baş naziri Benyamin Netanyahunun da Bakıya gələcəyi
bildirilir. Maraqlıdır ki, eyni ayda Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğanın da Azərbaycana səfəri gözlənilir,
lakin onun dəqiq tarixi açıqlanmayıb.
Mayın 9-da isə Azərbaycan Prezidenti İlham
Əliyevin Rusiyaya yola düşəcəyi, faşizm üzərində
Qələbənin 80 illik yubileyinin qeyd edilməsi məqsədilə
Qızıl Meydanda keçiriləcək hərbi parada
qatılacağı açıqlanıb. Ekspertlərin fikrincə,
artan geosiyasi müzakirələr və nəzərdə
tutulan regional iqtisadi layihələrin həyata keçirilməsi
planı fonunda Rusiya Prezidenti Vladimir Putinin yaxın aylarda
ölkəmizə səfəri mümkündür.
Globalinfo.az-a danışan Ədalət, Hüquq,
Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin
üzvü, siyasi şərhçi Əli
Zülfüqaroğlu deyib ki, Azərbaycan istər regional, istərsə
də qlobal siyasi arenada mühüm aktora çevrilib: “O da
aydındır ki, bu uğurlar Azərbaycanın diplomatik fəaliyyətinin
nəticəsidir. Bilirsiniz ki, Bakı ilə Tehran arasında
bir müddət münasibətlərdə gərginlik
yaşanırdı. Lakin Azərbaycan uğurlu və məqsədyönlü
diplomatiya sayəsində bu münasibətləri
normallaşdırmağa və inkişaf etdirməyə nail
oldu. Təbii ki, münasibətlərin müsbət yöndə
inkişafı həm Azərbaycanın, həm də
İranın maraqlarına uyğundur.
Diqqətçəkən digər məqam isə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və
İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana gözlənilən
səfərləri ilə bağlıdır. Azərbaycan və
Türkiyə qardaş ölkələrdir və Prezident
İlham Əliyevlə Prezident Rəcəb Tayyib
Ərdoğan arasındakı sıx dostluq əlaqələri
və siyasi iradə nəticəsində iki ölkə
arasında münasibətlər tarixdə görünməmiş
səviyyəyə yüksəlib”.
Ə.Zülfüqaroğlu bildirib ki, Azərbaycan-İran
münasibətləri də hazırda müsbət istiqamətdə
inkişaf edir: “Eyni zamanda Azərbaycanın İsraillə də
yaxın və fəal əlaqələri mövcuddur. Bu
siyahıya Rusiya, Ukrayna, ABŞ, Böyük Britaniya, Çin
və digər ölkələri də əlavə etmək
olar – baxmayaraq ki, adı çəkilən ölkələr
arasında münasibətlər çox zaman gərgin xarakter
daşıyır. Məsələn, Rusiya-Ukrayna,
ABŞ-Ukrayna, ABŞ-Britaniya, Rusiya-Britaniya, ABŞ-Çin
münasibətləri bu gün ciddi ziddiyyətlər fonunda
davam edir.
İran və İsrail düşmən münasibətindədir.
Ankara ilə Təl-Əviv arasında isə son zamanlar gərginlik
yaşanır və bu, qarşıdurma riski yaradır. Eyni
zamanda, Türkiyə ilə İran arasında da münasibətlər
soyuqdur və xüsusilə Yaxın Şərq mövzusunda
ciddi fikir ayrılıqları var. Bütün bu çətin
geosiyasi mənzərəyə baxmayaraq, Azərbaycanın
üç ölkə – İran, İsrail və Türkiyə
ilə münasibətləri yüksək səviyyədə
inkişaf edir. İran prezidentindən sonra Türkiyə və
İsrail liderlərinin də Bakıya səfərləri
gözlənilir. Bu isə Azərbaycanın güclü və
balanslı diplomatiyasının göstəricisidir”.
Siyasi şərhçi əlavə edib ki, diplomatik
güc ölkənin strateji mövqelərinin möhkəmlənməsində
əsas faktorlardan biridir: “Azərbaycan kiçik ölkə
olsa da, uğurlu xarici siyasəti nəticəsində beynəlxalq
miqyasda əhəmiyyətli aktora çevrilib. Qlobal problemlərin
həllində körpü rolunu oynamaq potensialına malikdir.
Bu da Azərbaycanın etibarlı dost və strateji tərəfdaş
kimi qəbul edilməsinə zəmin yaradır. Hazırda
dünyanın məhz bu cür vasitəçilərə
ehtiyacı var”.
Xalq Cəbhəsi .- 2025.-1 may(¹16).- S.5.