Pezeşkianın Azərbaycan səfəri: önəmli
mesajlar və strateji hədəflər
İran İslam Respublikasının Prezidenti Məsud
Pezeşkian aprelin 28-də Azərbaycan Respublikasına rəsmi
səfər edib. Bu, 44 günlük Vətən müharibəsindən
sonra İran Prezidentinin Bakıya ilk səfəridir. Prezident
İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə
məhdud və geniş tərkibdə görüşü
olub. Görüşdə bir çox məsələlər
müzakirə edilib. Prezidentlər Birgə Bəyanat
imzalayıblar. Bundan sonra onların iştirakı ilə iki
ölkə arasında bir sıra sahələrə dair sənədlərin
imzalanması mərasimi olub. Görüşdən sonra
prezidentlər mətbuata bəyanatlarla çıxış
ediblər.
Həmçinin Heydər Əliyev Mərkəzində
Azərbaycan-İran biznes-forumu keçirilib. Prezident İlham
Əliyev və İran Prezidenti Məsud Pezeşkian tədbirdə
iştirak ediblər. Hər iki ölkə prezidenti
biznes-forumda çıxış ediblər.
İran Prezidentinin Azərbaycana səfəri haqqında
millət vəkilləri fikirlərini “Xalq Cəbhəsi” ilə
bölüşüb.
“Ölkələrimiz arasında əməkdaşlığın
genişləndirilməsi ruhu yüksəkdir”
Milli Məclisin deputatı Azər Badamov söyləyib
ki, “İran Prezidenti Məsud Pezeşkianın ölkəmizə
səfəri Azərbaycan İran münasibətlərində
yeni səhifə açır: “Belə ki, səfər çərçivəsində
dövlət başçılarımız arasında
aparılan müzakirələr, geniş tərkibdə
keçirilmiş görüşdə səsləndirilmiş
fikirlər, imzalanmış sənədlər və biznes
forumun keçirilməsi əməkdaşlığımızda
yeni dövrün başlanğıcı olduğunu hesab edirəm.
Çünki Azərbaycanla İran arasında məlum məsələlərdən
sonra bir soyuqluq hökm sürürdü. Amma İran
Prezidentinin ölkəmizə rəsmi səfər etməsi ilə
bir çox məsələlərə aydınlıq gətirildi
və ölkələrimiz arasında əməkdaşlığın
genişləndirilməsi ruhunun yüksək olduğu bəyan
olundu”.
“Yüksək nəticələrə nail olmaq
mümkündür”
A.Badamov vurğulayıb ki, dövlət
başçılarının biznes forumda səsləndirdiyi
fikirlər gələcəkdə ölkələrimiz
arası əməkdaşlığın genişləndirilməsində
böyük rol oynayacaq: “Çünki Azərbaycanla İran
arasındakı ticari-iqtisadi dövriyyə bu günün
ruhuna uyğun gəlmir. Ölkələrimiz arası iqtisadi əməkdaşlığın
dərinləşdirilməsində istifadə olunmamış
potensial çox böyükdür. Şimal-Cənub, Qərb-Şərq
nəqliyyat dəhlizləri və Araz dəhlizində əməkdaşlıq
qurmaqla qarşılıqlı fayda və hörmət əsasında
daha da yüksək nəticələrə nail olmaq
mümkündür. Ölkə başçımızın
Cənub-Şimal nəqliyyat dəhlizi boyunca yeni müəssisələrin
yaradılması ilə bağlı ifadə etdiyi fikir gələcək
əməkdaşlığımızın şaxələndirilməsinə,
qarşılıqlı investisiyaların
yatırılmasına və biznes strukturları arasında əməkdaşlığın
genişlənməsinə yol açacaq. Araz dəhlizi vasitəsilə
avtomobil və dəmir yollarının çəkilməsi
ölkələrimizə yeni imkanlar qazandıracaq”.
Deputatın sözlərinə görə, Azərbaycanla
İran yaxın qonşu və yaxın tarixi, dini, mədəni,
adət-ənənələrə malik ölkələrdir:
“Müəyyən səbəblərdən ölkələrimiz
arasında münasibətlər heç də istəklərimizə
uyğun olmayıb. Amma Məsud Pezeşkianın ölkəmizə
rəsmi səfərindən sonra Azərbaycan İran
münasibətlərində yeni bir səhifənin
başlanacağını hesab edirəm”.
“Bu münasibətləri inkişaf etdirmək
üçün çox böyük potensial var”
Milli Məclisin deputatı Naqif Həmzəyev
vurğulayıb ki, İran İslam Respublikasının
Prezidenti Məsud Pezeşkianın Azərbaycan Respublikasına
rəsmi səfərinin baş tutması İran Azərbaycan
münasibətlərində yeni səhifənin
başlanğıcı kimi dəyərləndirilməlidir:
“Cənab Prezident İlham Əliyevlə İran Prezidentinin
çox səmimi görüşü və
qarşılıqlı çıxışları zamanı
ölkələr arasında münasibətlərin yüksək
səviyyəyə çatdırılmasına dair müsbət
yanaşmanın hiss olunması onu deməyə imkan verir ki, bu
münasibətləri inkişaf etdirmək üçün
çox böyük potensial var. Xüsusilə də mədəni,
dini və soykök baxımından da qohumluq əlaqələrinin
olması bu işi daha da asanlaşdıra bilər. Həmçinin
hər iki ölkənin çox strateji ərazidə yerləşməsi
də imkan verir ki, qarşılıqlı maraqlar təmin
edilmək şərti ilə çox böyük iqtisadi layihələr
də həyata keçirilsin”.
Depuatat əlavə edib ki, imzalanmış sənədlər,
daha sonra keçirilmiş biznes forumda çıxışlar
zamanı da çox maraqlı fikirlər səsləndirildi:
“Əsasən də Cənab Prezident İlham Əliyevin Araz dəhlizi
layihəsi haqqında söylədiyi fikirlərdən belə
bir qənaətə gəlmək olar ki, tezliklə Azərbaycanın
qərb bölgələri ilə Naxçıvan arasında
istifadəyə veriləcək avtomobil və dəmir
yolları həm sərnişin daşımasında, eyni
zamanda, yüklərin daşınmasında tək Azərbaycan
və İran üçün yox, region dövlətlər
üçün çox böyük önəm
daşıyacaq bir layihə halına gələcək”.
“Yeni qurulan dostluq və qardaşlıq münasibətləri
hər iki ölkə üçün çox böyük
fayda verəcək”
N.Həmzəyevin sözlərinə görə, həmçinin
İran və Azərbaycanda mədəniyyət günlərinin
keçirilməsi ilə bağlı razılığın əldə
olunması onu deməyə imkan verir ki, tezliklə həm Azərbaycanda,
həm İranda qarşılıqlı olaraq mədəniyyət
günlərinin keçirilməsi bərpa ediləcək: “Bu
da münasibətlərin irəliyə aparılmasına və
mədəni layihələrin çoxaldılmasına
çox böyük təkan olacaq. Bir sözlə, bu,
başlanğıc kimi dəyərləndirilməlidir. Tezliklə
İran Prezidentinin Azərbaycana növbəti səfəri
planlaşdırılır və böyük ehtimalla yaxın
gələcəkdə Cənab Prezident İlham Əliyevin də
İrana səfəri baş tutacaq. Bununla münasibətlərimizin
daha da irəli aparılması, inkişaf etdirilməsi
mümkün olacaq. Bu yeni səhifə əvvəlki dövrdə
baş tutmuş müəyyən xoşagəlməz hadisələrin
təkrarlanmaması və daha möhkəm əlaqələrin
qurulması üçün əla bir fürsət kimi dəyərləndirilməlidir.
Biz də bu səfərin, yeni qurulan dostluq və
qardaşlıq münasibətlərinin nəticə
etibarı ilə hər iki ölkə, hər iki ölkənin
xalqları üçün çox böyük fayda verəcəyinə
ümidliyik”.
“Azərbaycan rəhbərliyi gərəkən dəstəyi
verməyə hazırdır”
Milli Məclisin deputatı Sahib Alıyev qeyd edib ki,
İran Prezidenti Məsud Pezeşkian özünün də
vurğuladığı kimi, burada Təbriz və Ərdəbil
doğmalığı gördü: “Niyə gördü? Bunu
o da bilir, biz də bilirik, Eynəli dağı da, uca Savalan da.
Əlbəttə, bir səfərlə ölkələrimiz
arasındakı bəzi problem və fikir
ayrılıqlarının tam aradan qaldırılması
mümkün deyil. Amma ortada xoş niyyət və səmimiyyət
olarsa, verilən sözə əməl edilərsə, Azərbaycan-İran
əlaqələri bəlli bir vaxtdan sonra hər iki tərəfin
maraqlarına uyğun şəkildə genişlənə və
dərinləşə də bilər...”.
Deputatın sözlərinə görə, hər iki
ölkəyə həm iqtisadi, elə həm də geosiyasi
mövqelərini gücləndirmək baxımından
dövlət başçımızın mətbuata bəyanatında
da vurğulandığı kimi ən çox səmərə
verəcək layihələrdən biri Şimal-Cənub nəqliyyat
dəhlizinin bütün gücü ilə işləməsi
üçün gərəkən addımların
atılmasıdır: “Azərbaycan burada nə
lazımdırsa edib, amma Moskvanın da səylərinə
baxmayaraq İran hələ də öz ərazisindən
keçəcək dəmir yolu xəttinin çəkilişinə
başlamayıb. Və Arazın adının ayrılıq rəmzi
kimi deyil, nur mənbəyi olaraq hallandırılması
üçün onun üzərində müştərək
su elektrik stansiyasının tikilməsinin tezləşdirilməsi
də, Zəngilanı Naxçıvanla birləşdirəcək
kommunikasiya dəhlizi kimi qarşı tərəfin
maraqlarına nə dərəcədə cavab verirsə, bir o
qədər də ondan asılıdır. Əminəm ki,
İran Prezidenti də bütün bunların yaxşı fərqindədir,
amma həmin layihələrin sürətləndirilməsi
üçün ortadakı əngəllərin aradan
qaldırılması gücündədirmi
baxacağıq...”.
“Bu, son 5 ilin ən mühüm diplomatik hadisəsi
hesab edilə bilər”
Milli Məclisin deputatı Müşfiq Cəfərov
vurğulayıb ki, Azərbaycan və İran prezidentlərinin
Bakıda bir araya gəlməsi son 5 ilin ən mühüm
diplomatik hadisəsi hesab edilə bilər: “Prezidentlərin
Bakı görüşü təkcə diplomatik protokol hadisəsi
deyil, həm də münasibətlərin gələcək
gedişatını müəyyənləşdirəcək
mühüm siyasi görüşdür. Xalqlarımız əsrlər
boyu mehribanlıq, qardaşlıq şəraitində
yaşayıb. Bu gün dövlətlərarası münasibətlərimiz
bu möhkəm təməl üzərində inkişaf edir.
İki ölkə başçısının birgə bəyanatı
zamanı cənab Prezident İlham Əliyevin də qeyd etdiyi
kimi İran Prezidentinin Azərbaycana rəsmi səfəri əlaqələrimizin
yüksək səviyyədə olmasının təzahürüdür.
Xüsusilə İran nümayəndə heyətinin geniş
tərkibdə Bakıya gəlməsi, rəsmi Tehranın
Bakı ilə münasibətlərdə yeni səhifə
açmağa marağının göstəricisidir.
Hazırda İran bir çox strateji səbəbə görə
Azərbaycanla münasibətləri normallaşdırmağa
çalışır”.
“Ciddi mesajlar verildi”
M.Cəfərov bildirib ki, İran Prezidenti
M.Pezeşkianın Bakıya səfəri zamanı iki ölkə
arasında münasibətlərin inkişafı və problemlərin
həlli istiqamətində ciddi mesajlar verildi: “İqtisadi layihələr,
xüsusilə nəqliyyat və enerji sahəsində əməkdaşlıq
mövzuları əsas müzakirə obyektidir. Tehran Azərbaycandan
elektrik enerjisi idxalında maraqlı görünür. Düşünürəm
ki, bu səfərdən sonra İranla Azərbaycan arasında
yeni bir əməkdaşlıq səhifəsi açılacaq
və bu da çox uğurlu olacaq”.
Deputat əlavə edib ki, İranla Azərbaycan
arasında çoxtərəfli əməkdaşlıq layihələri
reallaşdırılır ki, onların arasında təbii
olaraq Şimal-Cənub nəqliyyat dəhlizi xüsusi yer tutur:
“Ötən il Azərbaycan mühüm strateji əhəmiyyətə
və yüksək tranzit potensialına malik Şimal – Cənub
dəhlizinin inkişafı üçün qonşu ölkələr
və beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın
daha da genişləndirilməsi istiqamətində
mühüm addımlar atıb. Son illərdə Azərbaycan
və bir çox dövlətlər arasında Şimal – Cənub
dəhlizi ilə tranzit yük daşımaları, o cümlədən
dəmiryol daşımalarının inkişafı
üçün əməkdaşlığı nəzərdə
tutan mühüm sazişlər imzalanıb. Sazişin məqsədi
dəmiryol infrastrukturunun və tranzit
daşımalarının inkişafı üzrə əməkdaşlığın
şərtlərini müəyyən etmək və Şimal
– Cənub dəhlizinin Qərb marşrutunun potensialını
artırmaqdır. Sözügedən lahiyə
üçün beynəlxalq əməkdaşlıq sayəsində
dəmiryol nəqliyyatına yeni yüklərin cəlbi
stimullaşdırılır. Eyni zamanda, daşıma həcmlərinin
artımı və dəmiryol nəqliyyatı infrastrukturunun
inkişaf tempi balanslaşdırılır”.
Röya İsrafilova
Xalq Cəbhəsi .- 2025.-1 may(¹16).- S.4.