Pezeşkianın səfəri
böyük siyasi hadisədir
Ədalət, Hüquq və Demokratiya (ƏHD)
Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev
Xalqcəbhəsi.az-a müsahibə verib.
Publika.az həmin müsahibəni təqdim edir:
- Qüdrət bəy, Pezeşkianın Bakıya səfəri
öncəsi İran Ədliyyə Orqanı
açıqladı ki, Azərbaycan səfirliyinə hücum
etmiş qatilin edam olunması üçün hazırlıq
işləri başa çatıb. İndiyə kimi edamın
həyata keçirilməməsi zərəçəkmiş
tərəfin bunun üçün rəsmən müraciət
etməməsi olub. Bu məsələni şərh etmənizi
istərdik...
- Öncə onu söyləyim ki, əgər biz bir
xalq və dövlət olaraq ölüm hökmündən
imtina etmişiksə, başqa dövlətdən bunu tələb
etmək elan etdiyimiz dəyərlərə sadiq
olmamağımız kimi qiymətləndirilə bilər.
İkincisi, zərərçəkmiş şəxslər də
bunda maraqlı olmamalıdırlar. Cinayət hadisəsinin necə
baş verməsini əks etdirən video kadrlardan görsənir
ki, polis cinayətin baş verməsinin qarşısını
almır. Düşünmürəm ki, bu iş üzrə ədalətli
və obyektiv araşdırma aparılıb. Ona görə
onun öldürülməsi gələcəkdə həqiqətin
üzə çıxarılmasını çətinləşdirəcək.
- Pezeşkianın səfərinin nəticələrini
necə qiymətləndirmək olar?
- Səfərin nəticələrini yüksək qiymətləndirirəm.
Pezeşkianın gəlişi belə böyük siyasi hadisədir.
Bu səfər qardaşlıq əlaqələrinin genişlənməsinə
böyük imkanlar açır. Gələcəkdə nə
baş verəcəyini isə zaman göstərər. İran
həm də bir türk dövlətidir, orada yaşayan əhalinin
yarıya qədəri Azərbaycan türkləridir. Bizim ortaq
tariximiz, dinimiz, mədəniyyətimiz, adət-ənənələrimiz
var. İran Türkiyə və digər türk dövlətləri
qədər bizə yaxın olmalıdır. Səfər
öncəsi Pezeşkianın Az.TV-yə verdiyi
açıqlamada işğalçı Ermənistanla bizə
eyni yanaşma sərgiləməsi və türk dilində
danışmaması məni xeyli üzdü. Çünki
beynəlxalq təcrübədə səfər etdiyin ölkənin
xalqının dilini bilirsənsə, xüsusilə, həmin
xalqın nümayəndəsisənsə, öz dilində ona
müraciət etmək xalqına və səfər etdiyin
ölkəyə böyük ehtiram və hörmət əlaməti
hesab olunur. Amma onu da nəzərə almalıyıq ki, o
farsca danışmağa müəyyən mənada məcburdur.
Yoxsa ciddi problemlərlə üzləşə bilər. Ola
bilsin öncədən ona bu barədə xəbərdarlıq
ediblər. Gördük ki, İranda Azərbaycan türkcəsində
şeir dediyinə görə hansı təzyiqlərlə
üzləşdi. Əlaqələrimiz bütün istiqamətlərdə
daha da dərinləşməlidir. İran üzərindən
Naxçıvana maneəsiz (gömrük və sərhəd
yoxlamalarından kənar) gediş-gəliş təmin edilsə,
bu əlaqələrin inkişafına xüsusi töhfə
verərdi. İran vətəndaşları üçün
viza rejimi aradan qaldırılmalı, xüsusilə, Cənubi
Azərbaycandan olan gənclərin, İranda mümkün
olmadığı üçün, Azərbaycan
Respublikasında öz ana dillərində güzəştli
şərtlərlə təhsil almalarına imkan
yaradılmalıdır. Bu məqsədlə tələbələrin
sayı barədə kvota müəyyən olunmalı,
büdcədən vəsait ayrılmalıdır.
Xalq Cəbhəsi .- 2025.-1 may(№16).- S.3.