Faşizm üzərində qələbənin
80 ili
Mayın 9-u faşizm üzərində qələbənin
80-ci ildönümüdür.
Bildirək ki, Azərbaycan xalqı İkinci Dünya
müharibəsində həm ön, həm də arxa cəbhədə
çox böyük qəhrəmanlıq və şücaət
göstərib. Qısa müddətdə respublikada 87
qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi
yaradılıb. 1941–1945-ci illərdə Azərbaycanın 700
mindən çox igid oğlu və qızı cəbhəyə
yollanıb. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər
şərəfli döyüş yolu keçib. Həmvətənlərimizin
təqribən 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı
adına layiq görülüb, 30 nəfəri
"Şöhrət" ordeninin hər üç dərəcəsi
ilə təltif edilib. Azərbaycandan olan 170 min əsgər və
zabit SSRİ-nin müxtəlif orden və medalları ilə təltif
olunub.
Müharibə zamanı Bakı qısa müddətdə
döyüşən ordu üçün silah-sursat cəbbəxanasına
çevrilib. Akademik Yusif Məmmədəliyevin rəhbərliyi
altında aviasiya benzini alınmasının yeni
texnologiyası yaradılıb. Azərbaycan neftçilərinin
fədakar əməyi sayəsində Azərbaycan tarixində
neft hasilatı üzrə rekord göstərici əldə
edilib. 1941-ci ildə 23,5 milyon ton "qara qızıl"
çıxarılıb. Bu, SSRİ-də
çıxarılan bütün neftin 71,4 faizini təşkil
edib. Bakı nefti faşizm üzərində qələbənin
əsas amillərindən biri olub.
Qeyd edək ki, Azərbaycanda Qələbə
Günü münasibətilə Bakı, Neftçala, Lənkəran
və digər şəhərində parklar, abidələr və
s. salınıb.
Xalqımız hər il 9 May – Qələbə
Günündə İkinci Dünya müharibəsində
iştirak etmiş həmvətənlərimizi yad edir, sağ
qalanlara can sağlığı diləyir, dünyadan
köçənləri isə minnətdarlıqla anır.
İkinci Dünya müharibəsində azərbaycanlıların
iştirakı, göstərdikləri qəhrəmanlıqlar,
bundan əlavə, Ermənistanın isə faşist niyyəti
və satqın Qaregin Njdeyə abidə ucaltmaları və s.
haqqında millət vəkilləri, politoloqlar fikirlərini
“Xalq Cəbhəsi”nə bölüşüblər.
“Bu müharibədə Azərbaycan xalqının da
töhfə verməsi tarixi hadisədir”
Milli Məclisin deputatı Tural Gəncəliyev qeyd
edib ki, bizim Ermənistan üzərində qələbə
qazanmağımız, Ermənistan faşizminin məhv edilməsilə
biz İkinci Dünya müharibəsində alman faşizminin məhv
edilməsi məsələləri arasında bağlantı
qura bilərik: “Çünki həm erməni-daşnaq
faşizminin, həm də alman faşizminin əsas məqsədi
digər xalqların məhv edilməsi, onlara qarşı
müharibə açılması kimi təhlükəli
ideoloji xətlərə söykənirdi. Ona görə də
bizim 9 May – Qələbə Gününü qeyd etməyimiz
300 min azərbaycanlının məhz faşizm üzərində
mübarizədə öz həyatlarını itirməsi ilə
əlaqədardır”.
Deputat bildirib ki, XX əsrin ən böyük, təhlükəli
ideologiyası olan, bəşəriyyətə, insaniyyətə
qarşı böyük təhlükələri özündə
daşıyan alman faşizminin kökünün kəsilməsindən
ötrü Azərbaycan xalqının da töhfə verməsi
tarixi bir hadisədir: “Bizim vətəndaşlarımız,
soydaşlarımız arasında İkinci Dünya müharibəsinin
iştirakçısı olmuş şəxslər var. Hər
il 9 Mayda biz faşizm üzərində qələbəyə
onların verdiyi töhfələr, qəhrəmanlıqlar
haqqında danışırıq, həm də
keçmiş faşizm ideologiyasının təhlükələri
və onun risklərini bir daha xatırlayırıq ki,
dünya bir də belə böyük fəlakətlə
üz-üzə qalmasın”.
“Tarixdən bütün bəşəriyyət dərs
götürməlidir”
T.Gəncəliyevin sözlərinə görə,
amma təəssüflər olsun ki, belə faşist
ideologiyalar yenidən baş qaldırır ki, bu, Azərbaycan
xalqının 1991-ci ildə müstəqillik əldə
etdikdən sonra üzləşdiyi erməni faşizmidir: “Ona
görə də hesab edirəm ki, biz 9 Mayı həm tarixi əhəmiyyət
baxımından bir daha xatırlamalı, həm belə fəlakətli,
dəhşətli ideologiyaların saçdığı
böyük riskləri göz önünə gətirməli,
eyni zamanda, yeni ideologiyaların da, məsələn, erməni-daşnaq
ideologiyasının baş qaldırmasına icazə verməməliyik.
Tarixdən bütün bəşəriyyət dərs
götürməlidir. Düzdür, bəşəriyyəti
bürüyən bu bəlanın səbəb olduğu
müharibələr yenə də təəssüflər
olsun ki, insaniyyətə dərs olmur. Biz dəfələrlə
bu hadisələrlə üzləşirik və üzləşməkdə
davam edirik. Məhz bu baxımdan biz Azərbaycan xalqının
həm alman faşizmi üzərində, həm də erməni
faşizmi üzərində qələbəsini qeyd edirik.
Xatırlayırsınız, biz əvvəllər 9 Mayı
qeyd edərkən 1 gün öncə Şuşanın
işğalı gününü ürək
ağrısı ilə anırdıq. Ancaq bu gün 9 May Qələbə
Gününü qeyd edərkən ondan əvvəlki gün -
Şuşanın işğal edilməsi gününü
artıq tarixin başqa səhifələrinə göndərmişik.
Biz artıq böyük xalq olaraq həm faşizm üzərində
qələbəni, həm də erməni-daşnaq faşizmi
üzərində qələbəni qürur hissi ilə qeyd
edirik”.
“Azərbaycanlıların faşizmə qarşı
mübarizədə rolu...”
Siyasi elmlər üzrə fəlsəfə doktoru,
politoloq Züriyə Ruslanqızı İkinci Dünya
müharibəsinin bəşər tarixinin ən qanlı və
genişmiqyaslı müharibələrindən biri kimi tarixə
düşmüş bir savaşı olduğuna diqqət
çəkərək bildirib ki, belə bir müharibədə
Azərbaycanın oynadığı rol həqiqətən də
danılmaz və böyükmiqyaslıdır: “O zaman Azərbaycan
Sovet Sosialist Respublikaları İttifaqı çərçivəsində
bu müharibəyə qatılmışdı. Azərbaycanlılar
faşizmə qarşı mübarizədə ciddi rolu ilə
seçilən xalqlardan olub. Bilirik ki, təkcə əsgərimizlə
verdiyimiz dəstək deyil, eyni zamanda, Bakı nefti və hərbi
texnika dəstəyi ilə Azərbaycan bu müharibədə
iştirak edib, faşizmə qarşı mübarizə
aparıb”.
Faşizm ideologiyası və Ermənistan
Politoloq bildirib ki, Sovet imperiyasının İkinci
Dünya müharibəsi dövründə istehsal etdiyi neftin
70 faizi Bakının payına düşürdü: “Təkcə
bu fakt özü özlüyündə Azərbaycanın bu
mübarizədə və qələbədə
oynadığı rolun hansı miqyasda olduğunu deməyimizə
əsas verir. Azərbaycanın faşizmə qarşı
mübarizədə bu cür böyük imkanlarını
ortaya qoyduğu bir vaxtda buna paralel olaraq Ermənistan faşist
Qaregin Njdenin heykəlini ucaldan bir dövlət kimi də tarixə
düşmüşdü. Düşünürəm ki, bu məsələləri
qeyd edərkən elə bu fakt üzərindən iki dövlət
arasında müqayisə aparıb faşizm
ideologiyasının Ermənistanda bu gün də davam etdiyini
deməyimizə əsas verir. Yəni Qaregin Njdenin Ermənistanda
heykəlinin qoyulması elə bu gün də faşizm
ideologiyasının Ermənistanda hakim olduğunun göstəricisidir”.
Bakı nefti
Politoloq İlyas Hüseynov qeyd edib ki, Azərbaycan
İkinci Dünya müharibəsində qələbənin əldə
olunmasında böyük töhfələr verib: “İlk
növbədə qəhrəman oğul və
qızlarımız həm ön, həm də arxa cəbhədə
faşizmin qarşısının alınmasında
böyük fədakarlıq nümayiş etdiriblər.
Xüsusilə Sovet ittifaqı qəhrəmanlarının
xatırladılması önəmlidir. Həzi Aslanov, Mehdi
Hüseynzadə, Rixard Zorge kimi fədakar igidlərimiz
bütün Sovet ittifaqı miqyasında şöhrət
qazanıblar. Akademik Yusif Məmmədəliyevin yüksək
oktanlı benzini kəşf etməsi Sovet aviasiyasına
böyük üstünlüklər qazandırıb və səmada
Sovet qırıcılarının,
bombardmançılarının böyük
üstünlüyünü təmin edib”.
İ.Hüseynov vurğulayıb ki, bütün bu
önəmli hadisələr fonunda Bakıya "Qəhrəman
şəhər" adının verilməməsi
böyük təəssüf doğurur: “Sovet rəhbərliyi
bu məsələni bu cür izah edirdi ki, hərbi əməliyyatlar
Bakı şəhərində keçirilmədi və qəhrəman
şəhər məhz hərbi əməliyyatların
olduğu şəhərlərə verilir. Amma nəzərə
almaq lazımdır ki, Sovet tankları, aviasiya, artilleriyası
məhz Bakı nefti hesabına ayaqda qalırdı. Azərbaycan
həmin dövrdə rekord həcmdə cəbhəyə
neft, yanacaq-sürtkü materialları göndərmişdi”.
“Bu, tamamilə yolverilməzdir”
Politoloq təəssüflə qeyd edib ki, faşizm
üzərində tarixi qələbədən sonra faşizmin
ardıcılları tapılır: “Qaregin Njde, Drastamat Kanayan
və digər faşizmin təbliğ olunmasında yer alan
üçüncü reyxin əlaltıları bu gün Ermənistanda
qəhrəman şəkildə təqdim olunur, onlara abidələr,
büstlər ucaldılır, onların adına küçə
və prospektlər verilir. Bu da tamamilə yolverilməzdir. Ermənistanın
hazırkı siyasi esteblişment Qaregin Njdenin abidəsinin
sökülməməsini bu cür izah edir ki, onun
dövründə bu abidə qoyulmamışdı. Lakin onun
ideallaşdırılmasının qarşısını Ermənistanın
indiki siyasi rəhbərliyi ala bilər. Təəssüflər
olsun ki, buna da nəinki, mane olur, əksinə, rəvac verir,
stimullaşdırır”.
“Azərbaycan xalqı qəhrəman xalqdır”
Onun sözlərinə görə, Azərbaycan öz
ərazilərini düşmən işğalından azad edib
və böyük tarixi Zəfəri qazanıb: “Bütün
ölkə ərazisində suverenlik Müzəffər Ali
Baş Komandan cənab İlhm Əliyev və qəhrəman
Ordumuz sayəsində mümkün olub. Biz ölkəmizdə
həm də “Konstitusiya və Suverenlik İli”ni qeyd edirik.
Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan
xalqı qəhrəman xalqdır. Həm vaxtıkən
mövcud olmuş quruluşun müdafiəsində fəal
iştirak edib, eyni zamanda, öz doğma tarixi
torpaqlarımızın azad olunmasında da böyük fədakarlıq
nümayiş etdirib”.
Röya İsrafilova
Xalq Cəbhəsi .- 2025.- 8 may(¹17).- S.13.