Əsl yazıçı həyatı yaşayan
xanım...
XX əsrədək Azərbaycanın qadın
şairləri olsa da, nədənsə
yazıçıları olmayıb. Məsələn, o
dövrün qadın şairlərdən- XII əsrdə
yaşayan farsdilli ədəbiyyatın ən görkəmli
qadın nümayəndəsi Məshəti Gəncəvini,
XII-XIII əsrlərdə yaşadığı güman edilən
Rəziyyə Gəncəvini, XIV əsrdə yaşayan Sahib
Sultan Dünbülini, XVII əsrin şairi Gülgəzi, XIX əsrdə
yazıb yaradan Güllər Pərisini, eləcə də
Xurşudbanu Natəvanı nümunə göstərmək
olar. Fəqət qadın
yazıçılarımızın nəsr meydanda
görünməsi XX əsrdən başlayır. Güman
edirəm ki, həmin yazıçı qadınların
yaradıcılığından çoxunuzun məlumatı
var. Bu dəfə sizə qadın nasirlərimizdən biri-
Narıngül Nadir, Narıngül Babayeva imzası ilə
tanınan bir yazıçı xanım barəsində
söhbət açmaq istəyirəm. Gəlin əvvəlcə
onun ömür tarixçəsinə, bədii
yaradıcılıq yoluna işıq tutaq. Narıngül
xanım Oğuz rayonunda anadan olub. Təfəkkür
Universitetinin Filologiya fakültəsində “Azərbaycan dili və
ədəbiyyatı” ixtisası üzrə ali təhsilə
yiyələnib. İlk olaraq “İşıqda adiləşmək
qorxusu” şeirlər kitabı 2007-ci ildə işıq
üzü görüb. Sonradan onun “Qadın da ağac kimidir”
şeirlər və “Güzgüdəki qadın”, “Qar
çiçəyi”, “Günəş üzlü qadın”
adlı nəsr kitabları nəşr olunub.
Yaradıcılığı haqqında Fikrət Qoca, Sabir
Rüstəmxanlı, Elçin Hüseynbəyli, Seyran Səxavət,
Vaqif Yusifli, Oqtay Rza, Günel Natiq, Mina Rəşid, Vəfa
Mürsəlqızı, Vahid Məhərrəmli və s.
yazarlar müxtəlif mətbu orqanlarında məqalələrlə
öz fikirlərini bildiriblər. O, Türk ədəbiyyatından
bəzi ədəbi nümunələri, o cümlədən
professor doktor Mustafa İsenin “Tezkireden Biyoqrafiye”
kitabını Azərbaycan türkcəsinə çevirib.
Yeni Yazarlar və Sənətçilər Qurumu tərəfindən
“2005-ci ilin tərcüməçi-şairi”, “Şahmar
Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat
Mükafatı”, “Rəsul Rza Mükafatı”, “Cəsarətli
qələm” və s. mükafatlara layiq görülüb. Azərbaycan
Yazıçılar Birliyinin(AYB) üzvüdür. 2010-cu ildə
Prezident təqaüdü alıb. Hazırda AYB-nin “Qobustan”
jurnalında çalışır...
Deyir ki- “Qadın olduğum üçün hər
halda qadın psixologiyasını yaxşı bilirəm.
Yazdığım hekayələr də mənim daxili
dünyamın məhsuludur. Mənə elə gəlir ki, elə
mövzular var, onları ancaq qadınlar yaza bilər.
Çünki bu hislər qadınlara tanışdır.
Aldatmalar, xəyanətlər, əzablar, məğlubiyyətlər,
peşmançılıq və s.. Bu hisləri kişilər
olduğu kimi təsvir edə bilməz. Qadın daha çox
hiss edir. Bəzən sevgi də, xoşbəxtlik də insana əzab
verə bilir. Xoşbəxtlikdə itirilmək, tənhalıq
qorxusu var. Və bu qorxuları qadınlar öz içində
keçirir. Bu hiss də mənə çox
tanışdır. Ümumiyyətlə, mən bir az melanxolik
insanam. Daha çox əzaba yıxılıram, pozitiv şeylərə
meyllənmirəm. Melanxoliklərin öz dünyası olur. Mən
yazaraq o melanxolik, qaranlıq dünyada özümü
çözürəm və ordan çıxmağa
çalışıram. Özümü o dünyada çox
saxlamıram. Mən çox həssas biriyəm. Küçədə
dilənən kimsəyə dəhşətli
yazığım gəlir. Cəmiyyətdə kiminsə təhqir
olunmağına dözə bilmirəm. İndi də
alçaldılmış və təhqir olunmuş insanlar
çoxdur. Bunlar mənə ağır gəlir...”
Mətbuata 90-cı illərdə gəlib. Bədii
yaradıcılığa isə şeirlə başlayıb.
Bir müddət şeir yazıb, şair kimi tanınıb...
“Mən ədəbiyyata çox gec gəldim. Necə
deyərlər, özüm üçün yazırdım,
çapa vermirdim. Bəyənmirdim yazdıqlarımı.
90-cı illərə qədər bir kitab da
hazırlamışdım. Hər şeyi yerindəydi.
Aparıb verdim nəşriyyata. Sonra isə anladım ki, o
kitab mənlik deyil. Və nə yaxşı ki o kitabı
üzə çıxartmadım, yandırdım. Qəribədir
ki, sonra peşman oldum. Dedim, gərək yandırmazdım,
xatirə idi, qalardı mənimlə...”- söyləyir.
Dostoyevskini, daha doğrusu, onun həyatını
yaradıcılığından çox sevir. Xəyanəti
faciə kimi qəbul etmir. Düşünür ki, insanın
ruhu, zövqü, fikirləri dəyişə bilər.
Heç kim özünü kodlaşdıra bilməz. Zaman dəyişdikcə,
hansısa kişinin başqa bir qadından xoşu gələr
və fikri dəyişər, eləcə də
qadının. Sadəcə, kişiləri xəyanətdə
qadınlara nisbətən daha cəsarətli hesab edir.
Deyir ki:- “Qadınlar istəklərini cəsarətlə
deyə bilmədiyi üçün anlaşılmazdırlar.
Öz içlərində özlərini çözməyə
çalışırlar. Qadınlar özlərini ifadə
edə bilmirlər, içlərindəkiləri izah etmək
onlar üçün çətindir. İzah etsələr,
bəlkə də dünyanın sonu olar. Qadın maraqlı və
çətin varlıqdır...”
Bütün əsərləri müşahidələri
üzərində qurulub. O, sanki mətndə özünü
öldürür, ölməyə çalışır. Xəyanəti
təsvir edəndə neytral mövqedə durmağı
bacarır. Heç zaman təbliğat aparmır ki, xəyanət
edən alçaq adamdır. Necə deyərlər, tənqidə
açıq xanımdır. Heç vaxt bundan incimir. İstəyir
ki, əsərləri müzakirə obyektinə çevrilsin.
Kimsə əsərlərini tərifləyəndə elə
bilir ki, borclu qalır, azadlığı əlindən
alınır. Özünə çox müxalifdir...
“Açığını deyim ki, yazıçı
kimi öz yazdıqlarımı bəyənirəm. Ən
azından nə yazdığımı bilirəm. Şair kimi
isə özümü bəyənmirəm. Şeirlərim
bütöv deyil, fraqmentaldır. Düzdür, modern şeiri
bilirəm, istəsəm bir şeir yazıb dərhal oxucunu
tuta bilərəm. O üsulu yaxşı bilirəm. Amma nəsrdəki
qədər özümü rahat hiss etmirəm.”-söyləyir.
Xülasə, bu xanım təkcə
yazıçı kimi əsərlər yaratmır, həm də
əsl yazıçı həyatı yaşayır. Söhbətimin
sonunda rusiyalı sovet yazıçısı, dramaturq, teatr
rejissoru və aktyoru Mixail Bulqakovla bağlı bir hadisəni
sizə xatırlatmaq istəyirəm: Bulqakov öz həyatını
nizama salmaq üçün bir neçə dəfə cəhd
edib, amma heç biri də baş tutmayıb. O, hər cür
təzyiqlərə məruz qalan biri idi. Gah kitabları nəşr
edilir, tamaşaları səhnələşdirilir,
yaxşı para qazanırdı. Gah da teatrlardan, nəşriyyatlardan
qovulur, gününü ehtiyac içində keçirirdi. O
dövrün hər bir sənət adamı kimi onu da hər
an sürgün, ölüm gözləyirdi. Nə isə,
Moskvada yaşayan Bulqakovun da evinə telefon xətti çəkilmişdi.
Bu telefon o dövrün çox qiymətli əşyası
olaraq yazıçının iş otağında
quraşdılmışdı. Həyat yoldaşı istədiyi
vaxt bu otağa girib telefonda qohum-əqrabası,
tanış-tunuşu ilə danışıb
gülürdü. Bulqakov isə, masa arxasında oturub
yorulmadan yazırdı. Bir gün başını
qaldırıb arvadına yazıq-yazıq deyir: “Lena, mən
belə işləyə bilmirəm, axı fikrim
dağılır.” Lena isə əlini dəstəyin
mikrafonuna qoyub kinayə ilə cavab verir: “Bir şey olmaz əzizim,
sən ki Dostoyevski deyilsən...”
...Narıngül xanıma sevdiyi Dostoyevskinin həyatını
yox, Dostoyevskinin şöhrətini arzulayıram...
Elman Eldaroğlu
Xalq Cəbhəsi .- 2025.- 15 may(¹18).- S.15.