Azərbaycan-Macarıstan münasibətləri: qətiyyət,
cəsarət və müstəqillik
keyfiyyətləri
Mayın 20-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor
Orbanın dəvəti ilə Macarıstana işgüzar səfərə
gedib. Səfər çərçivəsində Budapeştdə
Prezident İlham Əliyevin Macarıstanın Baş naziri
Viktor Orban ilə məhdud tərkibdə və geniş tərkibdə
görüşləri olub. Daha sonra liderlər mətbuata bəyanatlarla
çıxış ediblər.
Prezident İlham Əliyev səfəri zamanı Viktor
Orban haqqında müsbət fikirlər səsləndirərək
Avropa İttifaqına daxil olan ölkənin öz milli
maraqlarını qətiyyətlə qorumasını əsl qəhrəmanlıq
adlandırıb.
Prezident İlham Əliyevin Macarıstana səfəri
haqqında millət vəkilləri, politoloqlar fikirlərini
“Xalq Cəbhəsi” ilə bölüşüb.
“Cənab Orban müstəqil davranmağı
bacarır”
Milli Məclisin deputatı Hikmət Babaoğlu
vurğulayıb ki, Azərbaycan Prezidenti cənab İlham
Əliyev Macarıstana səfəri zamanı həm də
Macarıstanın bugünkü dünya siyasətində,
xüsusilə Avropa İttifaqında mövqeyini qiymətləndirməsilə
yadda qaldı və bu kontekstdə Macarıstanın Baş
naziri cənab Viktor Orbanın qətiyyət, cəsarət,
müstəqillik kimi keyfiyyətlərini önə çəkdi:
“Prezident qeyd etdi ki, bu gün qarşılıqlı öhdəliklər
içərisində mövcud olan və hətta hüquqi
baxımdan bu öhdəliklərin tələblərini yerinə
yetirməli olan bir ölkənin Avropa İttifaqı daxilində
müstəqil siyasət aparması çox çətindir,
ancaq buna baxmayaraq cənab Viktor Orban müstəqil
davranmağı bacarır. Çünki o, Macarıstanın
maraqlarını qoruyur, Macarıstanın mövqeyindən
çıxış edir və öz xalqının mənəvi,
milli, siyasi dəyərlərini, iqtisadi maraqlarını və
ailə dəyərlərini qorumağı bacarır. Bu,
doğrudan da çox çətindir”.
“Bu münasibətlər ortaq köklər və dəyərlər
üzərində bərqərar olur”
Deputatın sözlərinə görə,
şübhəsiz ki, səsləndirilən fikirlər obyektiv
gerçəkliyin təsviridir: “Bu yaxınlarda Avropa Sülh
Fondunun yenidən Ermənistana silah almaq məqsədilə
ayırdığı büdcəyə məhz
Macarıstanın veto qoyması bir daha cəsarət, dəyərlərə
sadiqlik, kökünə bağlılıq nümunəsidir.
Həmçinin dostluqda, tərəfdaşlıqda etibarlı
olmaq nümunəsidir. Ona görə də hazırda dünya
siyasətində bu cür davranan liderlər çox azdır,
amma nə yaxşı ki var. Dost və qardaş ölkənin
Baş naziri Viktor Orban da belə siyasətçilərdəndir.
Qardaş ölkə ona görə deyirik ki, Azərbaycan
Prezidenti öz çıxışında bizim macarlarla ortaq
kökümüzdən danışdı və bu gün Azərbaycan-Macarıstan
münasibətləri ortaq köklər və ortaq dəyərlər
üzərində bərqərar olan münasibətlərdir”.
“Atillanın yurdunda…”
Milli Məclisin deputatı Sahib Alıyev diqqətə
çatdırıb ki, Macarıstanda səfərdə olan Azərbaycan
Prezidenti cənab İlham Əliyevin Atillanın yurdunda bu
reallığı xatırlatması məncə, bir başqa
təsir bağışlayırdı: “Cənab Prezident bəyanatında
bildirdi: “Siz müharibə aparan bir ölkə ilə, biz isə
digəri ilə həmsərhədik. Yəni, bu
oxşarlıqlar təbii olaraq qarşılıqlı
anlaşma üçün də gözəl zəmin
yaradır. Çünki biz demək olar ki, eyni
çağırışlarla üz-üzəyik. Azərbaycan,
eyni zamanda, dörd il yarım əvvəl müharibə aparan
ölkə olmuşdur. Biz öz ərazimizdə müharibə
aparmışdıq. Ermənistanın 30 illik
işğalına son qoymuşduq. Düzdür, bizim
müharibəmiz Rusiya-Ukrayna müharibəsi kimi 3 ildən
çox yox, cəmi 44 gün ərzində
aparılmışdır. Hər gün biz irəliyə
gedirdik, bir addım geri atmamışdıq, ordumuzda bir dənə
də olsun fərari olmamışdır. Ermənistan ordusunda
isə onların özlərinin etirafına görə 12 min
fərari olmuşdur”. Bəli, tarix dəyişir, amma tarixi dəyişənlər,
tarix yaradanlar necə vardı, elə də qalmaqdadırlar. Cənab
İlham Əliyev ona toxunmasa da, macarlara sirr deyil ki, biz bu qələbəni
qərbdəki əksər böyük dövlətlərin
istəməmələrinə, işğalçıya
çeşidli dəstək göstərmələrinə rəğmən
əldə etdik”.
“Bu, Atilla faktoru ilə bağlıdır”
Deputat vurğulayıb ki, mətbuata bəyanatında
dövlət başçımız dost Macarıstana rəğbətimizin
səbəblərindən daha birini, yəni Avropa Birliyinin tərkibində
ola-ola Azərbaycan kimi müstəqil siyasət yeritdiyini də
diqqətə çatdırdı ki, fikrimcə, bu da Atilla
faktoru ilə bağlıdır: “Ancaq elə güclü genin
daşıyıcıları Brüsselin, ilk növbədə
də Birliyin yaradıcıları, onun Almaniya və Fransa kimi
nəhəng üzvlərinin təzyiqlərinə boyun əyməyərək
öz milli maraqlarından çıxış edə bilər.
Necəki Macarıstan çıxış edir”.
“Münasibətlərimiz bütün dövrlərdə
ağır sınaqlardan üzüağ çıxıb”
Siyasi elmlər üzrə fəlsəfə doktoru,
politoloq Şəbnəm Həsənova qeyd edib ki, Azərbaycan-Macarıstan
münasibətləri bütün dövrlərdə
ağır sınaqlardan üzüağ çıxıb:
“İki ölkə dost və strateji tərəfdaşdır.
Prezident, parlament sədri, partiyalar səviyyəsində olan
davamlı görüşlər hər iki tərəfin
münasibətləri dərinləşdirməkdə
maraqlı və əzmli olduğunu göstərir. Deməli,
müəyyənləşdirilən ümumi hədəflərə
doğru olduqca ciddi və koordinasiyalı iş
aparılır. Azərbaycanla Macarıstanın münasibətləri
öz yerində, lakin önəmli olan bir digər məsələ
də odur ki, iki ölkənin beynəlxalq gündəlik
üzrə baxışları da paralellik təşkil edir.
Rusiya-Ukrayna müharibəsi kontekstində Macarıstan praqmatik
xarici siyasəti ilə fərqlənir. Bu fərqlilik Baş
nazir Viktor Orbanın "Əgər nə baş verəcəyini
başqalarından daha tez başa düşsəniz, ilk
reaksiya verə bilərsiniz və siz qalib gələ bilərsiniz",-fikrində
gizlidir”.
Mühüm əhəmiyyət kəsb edən səfər
Politoloqun bildirdiyinə görə, Macarıstanın
xarici siyasəti tez-tez hökumətin qərarlarının
arxasında milli maraqların dayandığı praqmatizm olaraq
təyin olunur: “Bu ölkənin prinsipial siyasəti öz milli
maraqları və təhlükəsizliyi çərçivəsində
hərəkət etməyə kömək edir. Eyni zamanda,
öz dəyər və prinsiplərini qoruyaraq realist bir xarici
siyasət yanaşması təqdim edir. Macarıstan
iqtisadiyyatı Asiyaya doğru “Şərq
Açılış Strategiyası”nın yaradılması
ilə bu yeni istiqamətin əsas məqsədi kimi yeni
bazarlara açılaraq xarici kapital investisiyalarının və
Macarıstanın ixracının gücləndirilməsinə
yönəlib. Bu yeni xarici siyasət strategiyası "qədim
macar tayfalarının gəldiyi yerdən" Şərqə
istiqamətlənməni təmin edir. Hər halda Viktor Orban
kimi düşüncələrini əməllərində əks
etdirən bir siyasi fiqurun 2015-ci ildə Qazaxıstana səfəri
zamanı bildirdiyi "Biz Brüsselə gedəndə orada
heç bir qohumumuz yoxdur. Amma Qazaxıstana gələndə
burada yaxın adamlarımız olur",- fikri təsadüf
deyil. Bu özünü həm də Macarıstanın
müşahidəçi statusda olsa belə Türk Dövlətləri
Təşkilatının Avropada olan əsas və guşə
daşı rolunu oynamasında göstərir. Macarıstanla
tarixi bağların dərinliyi də münasibətlərimizə
xüsusi impetus verməklə yanaşı, daha səmimi tellər
üzərində qurulmasını təmin edir. Türk
Dövlətləri Təşkilatı güc
coğrafiyasını genişləndirir, bu məsələdə
Macarıstan açar amillərdən biridir. Viktor Orbanla cənab
Prezident İlham Əliyev arasında olan səmimi münasibətlər
həm iki ölkə münasibətlərinə, həm də
kölgəli siyasət çətiri altına
salınmağa çalışılan Avropadan Mərkəzi
Asiyaya qədər uzanan geniş coğrafiyaya işıq
tutur. Cənab Prezident İlham Əliyevin Macarıstana
mövcud səfəri hadisələrin mövcud durumunda və
inkişaf edəcək istənilən ssenaridə
mühüm əhəmiyyət kəsb edir”.
Röya İsrafilova
Xalq Cəbhəsi .- 2025.- 22 may(¹19).- S.4.