Milli Kitabxanada Azərbaycan
Milli Elmlər Akademiyasının 80 illik yubileyi qeyd olunub
Milli Kitabxanada Azərbaycan Milli Elmlər
Akademiyasının (AMEA) 80 illik yubileyinə həsr olunmuş
tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a kitabxanadan məlumat verilib.
Bildirilib ki, tədbirdə Azərbaycan Milli
Kitabxanasının direktoru, professor Kərim Tahirov
çıxış edərək AMEA ilə rəhbərlik
etdiyi kitabxana arasında çox sıx elmi və mədəni
əlaqələrin mövcud olduğunu söyləyib. O,
Milli Kitabxanada AMEA-nın yubileyi ilə əlaqədar bir
sıra tədbirlər və kitab təqdimatları
keçirildiyini və bugünkü tədbirin həmin silsilənin
yekunu olduğunu bildirib. Direktor əlavə edib ki, son illərdə
Milli Kitabxananın fonduna daxil olan kitabların 30 faizi AMEA tərəfindən
nəşr olunan çoxsaylı elmi əsərlərdir.
Kərim Tahirov Milli Kitabxananın hər il bir sıra
biblioqrafiyalar çap etdiyini və bu biblioqrafiyaların Azərbaycan
elminin inkişafında, AMEA alimlərinin tədqiqat fəaliyyətində
mühüm rol oynadığını söyləyib.
Sonra direktor yubiley münasibətilə klassik Azərbaycan
ədəbiyyatının görkəmli nümayəndəsi
Nizami Gəncəvinin 1378-ci ildə
köçürülmüş “Xəmsə”nin Türkiyənin
Topqapı Sarayı Muzeyində saxlanılan nadir nüsxəsinin
surətini AMEA-ya hədiyyə edib.
Azərbaycan Milli Elmlər Akademiyasının
prezidenti, akademik İsa Həbibbəyli qeyd edib ki, Prezident
İlham Əliyevin AMEA-nın 80 illik yubiley tədbirində
iştirakı və çıxışı Azərbaycan
elminin, milli ziyalıların və ictimai fikrin
qarşısına çox böyük vəzifələr
qoyur. Prezidentin çıxışında XXI əsrin
çağırışlarına uyğun olaraq süni
intellekt, rəqəmsal inkişaf, kibertəhlükəsizlik
kimi aktual məsələlərlə bağlı irəli
sürdüyü fikirlər alimlərimizin və yeni nəslin
diqqət mərkəzində olmalı, bu sahələr
müstəqil Azərbaycanın inkişafını təmin
edən əsas istiqamətlərə çevrilməlidir.
O, Azərbaycan Milli Kitabxanasını ölkəmizdə
“ikinci Akademiya” adlandırıb.
Tədbirdə çıxış edən Türkiyə
Elmlər Akademiyasının prezidenti, professor Muzaffer Şeker
və Gürcüstan Milli Elmlər Akademiyasının
prezidenti, akademik Roin Metreveli Azərbaycan Milli Elmlər
Akademiyasının 80 illik yubileyi münasibətilə
AMEA-nın prezidenti, akademik İsa Həbibbəylini təbrik
edərək, Akademiyanın gələcək fəaliyyətində
yeni uğurlar arzulayıblar.
Tədbir çərçivəsində Azərbaycan
Milli Kitabxanasının əməkdaşları tərəfindən
hazılanan “Azərbaycan Milli Elmlər Akademiyası- 80”
adlı elektron məlumat bazasının və virtual sərginin
təqdimatı olub.
Sonda qonaqlar “Azərbaycan Milli Elmlər Akademiyası-
80” adlı ənənəvi kitab sərgisi ilə
tanış olublar.
Xalq Cəbhəsi .- 2025.- 6 noyabr (¹41).- S.15.