Əsl müəllim örnəyi
Mən uşaq olanda, ondan əfsanə kimi
danışırdılar. O, hər kəsin xoş
danışdığı və qəlbində
yaşatdığı bir obraz idi. Xəyalımda hər zaman
onu mərd, sadə, el insanı və mübarizədən
geri qalmayan ideya adamı kimi canlandırıram. Çünki
onun adı bir bölgənin deyil, bir nəslin yaddaşına
yazılmışdı: hər kəsin dilində bir ad
vardı-Yardımlının Elçibəyi. Bu ad təkcə
hörmətin yox, həm də inamın rəmzi idi. O, həm
də müəllimlik peşəsini ləyaqətli edən
dürüst insanlardandı. Özü ilə sözü eyni
idi. Söz verdimi, yerinə yetirirdi. Əqidəsinə sadiq, mənəviyyatına
təmiz idi.
Mirdaməd bəy kimi insanlar müəllim
adını ucaldan, o ada mənəvi dəyər qazandıranlardır.
Soydaşına sevgi, məhəbbət və gəncliyə gələcəyin
kapitalı, idarəçisi kimi yanaşırdı-bir
övlad yox, millətin gələcəyi kimi baxırdı.
O, hər bir gəncdə millətin sabahını
görürdü, hər bir şagirddə bir ümid payı
axtarırdı. O, əsl vətənpərvər, əsl Azərbaycanlı
idi. Azadlığı qram-qram istəmədi, gəncliyini,
sağlamlığını bu millətin azadlığı
uğrunda verdi, fəqət bir an belə “yetər” demədi.
Mirdaməd bəy belə insan olub, onu xatırlayanların,
tanıyanların yaddaşında belə qalıb və
qalacaq.
Dağ adamı saf olur, çünki ucalıqda olmaq
insanın özünü də ucaldır. Bu ucalıq onun mənəviyyatında,
baxışında, susqunluğunda öz əksini
tapırdı. Onun duruşunda bir dağ təmkinliyi, səsində
bir yurd nisgili vardı.
Kəndlərdə, dağ yollarında, məktəb
otaqlarında onun adı hörmətlə çəkilirdi.
İnsanlar Mirdaməd bəydən danışanda səsi
alçalır, baxışları dərinləşirdi.
Çünki bu adın arxasında yalnız bir insan yox, bir
dövrün vicdanı və mübarizə ruhu
dayanırdı. O, sükutun içində də söz deyə
bilən adam idi. Onun sükutu bəzən nitqdən daha güclü
olurdu, çünki o, həqiqəti susaraq da simasında ifadə
edə bilirdi.
Onun haqqında deyilənlər elə bil bir məktəb
kimi yadda qalıb. Hər kəsin xatirəsində o, müəllim,
ziyalı, mərd və təvazökar bir bəy kimi
yaşayır. Sadə geyimi, sakit danışığı,
amma dərin mənalı sözləri ilə yadda qalıb.
Deyirdilər ki, o, dərs dediyi hər yerdə yalnız bilik
yox, insanlıq, dürüstlük və ədalət öyrədirdi.
Onun üçün müəllimlik peşə yox, mənəvi
borc, bir ömürlük xidmət idi. O, insanlara sadəcə
oxumağı deyil, düşünməyi, vicdanla
davranmağı öyrədirdi. Mirdaməd Seyfili əsl
müəllim, vətəndaş və insan idi.
Mirdaməd bəyin adı çəkiləndə
insanlar onun həm millət, vətən sevgisi, həm də təmənnasızlığı
haqqında danışır. O, nə şöhrət, nə
vəzifə axtardı. Xalq hərəkatı illərində
ön sıralarda olsa da, özünü heç vaxt önə
çıxarmadı. Ədalət, azadlıq və milli
düşüncə onun üçün sadəcə
şüar deyildi-bu, həyat tərzi idi. Haqqın tərəfində
dayanmağı bacardı, hətta bu, ona çətinlik gətirsə
belə. O, inandığı dəyərləri dəyişən
zamana qurban vermədi. Onun üçün mübarizə təkcə
meydanda yox, vicdanda aparılan savaş idi.
Onun haqqında ən çox deyilən cümlə
sadə, amma dərin məna daşıyır: “Dürüst
adam idi.” Eynən Elçibəy kimi…
Bu cümlə bir insanın ömrünü izah etməyə
bəs edir. Dürüstlük onun ən böyük sərvəti,
vicdanı isə həyatının istiqaməti idi. O,
heç vaxt yaltaqlığın, riyakarlığın yoluna
düşmədi. Xalqın içindən çıxan, xalq
üçün düşünən, xalqla yaşayan
ziyalı idi. Belə adamlar çox danışmır, amma
onların haqqında illərlə danışılır.
Çünki onların ömrü sözlə deyil, əməl
ilə yazılır.
Mirdaməd bəyin ömrü göstərdi ki,
insanın böyüklüyü tutduğu vəzifə ilə
deyil, dayandığı mövqeylə
ölçülür. O, bu mövqeni ömrü boyu qorudu və
təvazökarlıqla, səssiz fədakarlıqla,
sarsılmaz vicdanla. O, həyatını səssiz bir
mübarizə, müəllimliyini isə bir vətəndaş
missiyası kimi yaşadı. Onun həyatı bir dərs
idi-susqunluqla da fədakarlıq etmək mümkündür.
Bu gün onun haqqında danışanlar təkcə
bir müəllimi deyil, həm də bir ideyanı-təmiz,
vicdanlı və vətəndaş mövqeyini
xatırlayırlar.
O, sadə yaşadı və yaddaşlarda uca
qaldı.
Çünki o, yaşadığı kimi
danışdı, düşündüyü kimi
yaşadı.
Və bəlkə də elə bu, insan
ömrünün ən böyük qələbəsidir.
O, arxasında səs-küy yox, iz qoydu və bu iz millətin
yaddaşında qalacaq!
Samir Əsədli
Xalq Cəbhəsi .- 2025.- 6 noyabr (¹41).- S.15.