Qarabağda geoloji kəşfiyyat və bərpa olunan
enerji layihələri
İşğaldan azad olunmuş ərazilərdə
geoloji kəşfiyyat işləri Azərbaycan
üçün strateji və iqtisadi baxımdan böyük əhəmiyyət
daşıyır. Bu ərazilər uzun illər ərzində
nəzarətsiz qaldığından, oradakı təbii resurs
potensialı, yeraltı sərvətlər və ümumilikdə
geoloji vəziyyət barədə məlumatlar məhdud idi.
2020-ci ildən sonra Azərbaycan dövləti həmin bölgələrdə
genişmiqyaslı geoloji tədqiqat və kəşfiyyat
proqramları həyata keçirməyə başlayıb.
Məqsəd ərazilərin geoloji xəritələrinin
yenilənməsi və geoloji strukturunun öyrənilməsi,
faydalı qazıntı yataqlarının (metal, qeyri-metal,
tikinti materialları, termal sular və s.) yenidən qiymətləndirilməsidir.
Bununla yanaşı, ətraf mühitin geoloji və ekoloji vəziyyətinin
öyrənilməsi, torpaq və su resurslarının bərpasına
dəstək, regionun iqtisadi inkişaf planlarına uyğun
olaraq mineral-xammal bazasının formalaşdırılması
nəzərdə tutulur.
Əsas fəaliyyət istiqamətləri geoloji xəritəçəkmə
və aerogeofiziki tədqiqatlar (dron, peyk və aviasiya
üsulları ilə), yer səthi və dərinlik nümunələrinin
götürülməsi, laborator analizlər (kimyəvi,
petrografik, radiometrik), metal filizləri və qeyri-metal
faydalı qazıntı yataqlarının (qızıl, mis, mərmər,
bazalt, gil, qum-çınqıl və s.) öyrənilməsidir.
Yeraltı suların və hidrogeoloji şəraitin tədqiqi
— xüsusilə içməli və termal suların
ehtiyatlarının müəyyənləşdirilməsi,
geotexniki və mühəndis-geoloji tədqiqatlar — infrastruktur
və tikinti layihələri üçün zəruri baza məlumatların
hazırlanması istqiqamətində işlər həyata
keçirilir.
İşğaldan azad edilmiş ərazilər zəngin
təbbi resurslara malikdir. Xüsusən də Kəlbəcər
və Laçın – qızıl, civə, mis və digər
metal yataqları ilə zəngindir (Zod, Soyudlu,
Qızılbulaq və s.). Zəngilan və Qubadlı tikinti
materialları və mərmər yataqları, həmçinin
yeraltı su ehtiyatlarına malikdir. Füzuli, Cəbrayıl,
Ağdam və Tərtər – əsasən tikinti
materialları (gil, qum, çınqıl) və torpaq
resursları baxımından öyrənilir. Şuşa –
karbonat süxurlar (daş, mərmər), həmçinin
mineral sular (İstisu) ilə tanınır.
Bu işlərlə Ekologiya və Təbii Sərvətlər
Nazirliyi (Xüsusilə “Milli Geoloji Kəşfiyyat Xidməti”),
Azərbaycan Geologiya və Geofizika İnstitutu məşğuldur.
“AzerGold” QSC qiymətli metal yataqlarının bərpası və
istismarı, Dövlət Mineral Xammal Ehtiyatları Komitəsi
resursların qeydiyyatı və təsdiqini həyata
keçirir.
Əldə olunan məlumatlar əsasında yeni mədənlərin
istismarına başlanması (məsələn,
Qızılbulaq və Vejnəli yataqları), sənaye və
tikinti sektoruna xammal təminatı, regionda dayanıqlı
iqtisadi zonaların inkişafı yaradılması (məsələn,
“Şərqi Zəngəzur” və “Qarabağ” iqtisadi
zonaları) baxımından əlverişlidir. Ekoloji
reabilitasiya və ətraf mühitin monitorinq sistemlərinin
qurulması da mümkündür.
Qarabağ faydalı qazıntılarla çox zəngindir.
Burada 160-dan çox faydalı qazıntı yataqlarına, o
cümlədən qızıl, gümüş, mis, əlvan
metallar, dəmir, sink, qranit, mərmər, qiymətli
daşlar, odadavamlı gil və s. rast gəlinir. Bu yataqlar
işğal dövründə ermənilər tərəfindən
talan edilsə də, indi həmin təbii resurslar Azərbaycan
dövləti tərəfindən istimar ediləcək.
Ölkə sənayesini uzun illər təmin edə və
iqtisadiyyatımızı möhkəmləndirmək
üçün satışa çıxarıla bilən
mineral-xammal bazamız var. Mütəxəssislərin təqribi
hesablamalarına görə, ölkəmizin potensial
mineral-xammal ehtiyatlarının (28 əsas faydalı
qazıntı növü üzrə) ümumi dəyəri
dünya bazarı qiymətləri ilə 35-40 mlrd. ABŞ
dolları civarındadır. Kəşf olunmuş faydalı
qazıntı yataqlarının yalnız 40%-i istismara cəlb
olunub. “AzerGold” tərəfindən 2035-ci ilədək əlvan
və qara metal yataqlarının səmərəli
istismarı ilə ölkənin məcmu ÜDM-nə 21,9
milyard manat həcmində töhfənin verilməsi
proqnozlaşdırılır.
Bunlarla yanaşı “AzerGold” QSC xarici əlaqələrini
də genişləndirir. 2025-ci il sentyabrın 23-də
Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq
İnvestisiya Forumu (“AIIF 2025”) çərçivəsində
“Daşkəsən Dəmir Filiz” (DDF) MMC və
Qazaxıstanın “Fonte GreenMet Investments Fund OEIC Limited” şirkəti
arasında birgə müəssisə müqaviləsi
imzalanıb. Sazişə əsasən, tərəflərin
yaratdığı birgə müəssisə – “Azerbaijan Metal
Company” MMC-nin idarə edilməsi və fəaliyyət istiqamətləri
təsdiqlənib. Müqaviləni “AzerGold” QSC-nin törəmə
şirkəti DDF MMC-nin Baş direktoru Ceyhun Əliyev və
“Fonte Capital Ltd” investisiya şirkətinin Baş direktoru Yerjan
Musin imzalayıb. Qeyd edək ki, adıçəkilən
şirkət Qazaxıstanın geniş şaxələndirilmiş
investisiya portfelinə malik “Fonte Capital Ltd” investisiya şirkətininin
idarəetməsində olan müəsissələrdən
biridir. Yeni təsis edilmiş birgə müəssisə illik
2 milyon ton istehsal gücünə malik isti briketlənmiş dəmir
(İBD) zavodunun maliyyələşdirilməsi, layihələndirilməsi,
qurulması və istismarı ilə məşğul olacaq.
Şəmkir rayonu ərazisində tikilməsi
planlaşdırılan zavodun 2029-cu ilin əvvəlində
istismara verilməsi, burada müasir, ekoloji cəhətdən təhlükəsiz
texnologiyalardan istifadə olunması nəzərdə tutulub.
Dünya bazarında tarixən qızıl həmişə
özünəməxsus yerə malik olub, bu gün də
çox qiymətli əmtəədir. Son illər sənayedə
İKT texnologiyalarının tədbiqi, elektrik avtomobillərinə
keçidin sürətlənməsi nəticəsində mis
də qiymətli metala çevrilib. Hətta XXI əsrdə
onun nefti əvəz edə biləcəyi qədər əhəmiyyəti
qeyd olunur. Azərbaycan da son illər bu sahəyə xüsusi
diqqət yetirir. Ölkədə zəngin qızıl və
mis yataqlarının olması və dövlətin xüsusi
marağı isə bu sahənin perspektiv inkişaf
imkanlarından xəbər verir.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə
genişmiqyaslı bərpa və quruculuq, iqtisadi reinteqtasiya tədbirləri
aparılmaqdadır və bu istiqamətdə nəzərdə
tutulmuş strateji baxışlardan biri də bu ərazilərdə
yaşıl enerji zonasının yaradılmasıdır.
Yaşıl enerji zonası - enerji tələbatı
yaşıl enerjidən (bərpa olunan enerji mənbələrindən)
maksimum istifadə edilməklə təmin edilən və
enerji dəyər zəncirində ekoloji təmiz və enerji
baxımından səmərəli "yaşıl"
texnologiyalardan istifadə edilən ərazidir. Azərbaycanda gələcək
iqtisadi inkişafın ekoloji təmiz texnologiyaların tətbiqi,
təmiz enerji mənbələrindən istifadə,
tullantıların təkrar emalı və çirklənmiş
ərazilərin bərpası sahəsində işlərin
artırılması ilə sıx bağlı
olacağını deməyə əsas verir.
Azərbaycan Prezidentinin işğaldan azad edilmiş ərazilərlə
bağlı müəyyən etdiyi iqtisadi inkişaf kursunda bu
ərazilərin “yaşıl enerji" zonasına çevrilməsi
əsas istiqamətlərdən biri hesab olunur. 44 günlük
Vətən müharibəsindən sonra 2020-ci ilin iqtisadi
yekunlarına dair 6 yanvar 2021-ci il tarixli müşavirədə
Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyev tərəfindən işğaldan azad edilmiş ərazilərdə
Yaşıl Enerji Zonasının yaradılmasına dair
strateji baxış irəli sürülmüş və bunun
üçün həmin ərazilərdə kifayət qədər
bərpa olunan enerji potensialının olması
bildirilmişdir.
“Azərbaycan Respublikasının işğaldan azad
edilmiş ərazilərində “yaşıl enerji”
zonasının yaradılması ilə bağlı tədbirlər
haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 may 2021-ci il
tarixli 2620 nömrəli Sərəncamı ilə beynəlxalq
məsləhətçi şirkətin cəlb edilməsi nəzərdə
tutulmuşdur. Sərəncamın icrası istiqamətində
Yaponiyanın TEPSCO şirkəti ilə əməkdaşlığa
başlanılmış və müvafiq konsepsiya sənədi
hazırlanmışdır. Konsepsiyanın məqsədi
işğaldan azad edilmiş ərazilərdə mövcud olan
yüksək bərpa olunan enerji potensialından istifadə etməklə
ərazini ekoloji cəhətdən təmiz yaşıl enerji
ilə təmin etmək və ekoloji cəhətdən təmiz
və enerji səmərəliliyinə malik yaşıl
texnologiyaların tətbiqi perspektivlərini araşdıraraq
təkliflər formalaşdırmaqdır. Bunun
üçün müxtəlif ssenarilər tətbiq edilməklə
ərazilərin enerji tələbatı modelləri
hazırlanmışdır.
Yaşıl Enerji Zonasının yaradılması
çərçivəsində işğaldan azad edilmiş ərazilərdə
bərpa olunan enerji mənbələrindən elektrik enerjisi
istehsalı, enerji səmərəliliyi tədbirləri,
elektrik nəqliyyat vasitələrindən istifadə, tikililərin
damlarında bərpa olunan enerji qurğularının
(xüsusən günəş panellərinin) qurulması, həmçinin
küçələrin və yolların
işıqlandırılmasında günəş enerjisi əsaslı
LED lampalardan istifadə, istilik, soyutma və isti su təchizatında
bərpa olunan enerji texnologiyalarından istifadə,
ağıllı enerji idarəetmə
texnologiyalarıının tətbiqi, tullantıların enerji
məqsədli idarə edilməsi kimi tədbirlər nəzərdə
tutulmuşdur. İşğaldan azad edilmiş ərazilərin
bərpası prosesinin mühüm tərkib hissəsi kimi
enerji infrastrukturunun qurulması və enerji təhlükəsizliyinin
təmin edilməsinə xüsusi əhəmiyyət verilir.
Mahir Həmzəoğlu
Xalq Cəbhəsi .- 2025.- 6 noyabr (¹41).- S.12.