Ərdoğanın Bakı səfəri: türk
dünyasının güc nümayişi
8 Noyabr – Zəfər Günü Azərbaycan
xalqının tarixində qürur, şərəf və
milli yenilməzliyin ən ali təcəssümüdür. Bu
gün yalnız torpaqlarımızın işğaldan azad
edilməsinin anılması deyil, həm də əsrlərlə
formalaşan milli iradənin, azadlıq idealına sadiqliyin və
dövlətçilik ənənəsinin parlaq qələbəsidir.
44 günlük Vətən müharibəsində qazanılan
zəfər xalqın birliyinin, Ali Baş Komandanın
müdrik liderliyinin, ordumuzun güc və peşəkarlığının,
Azərbaycan xalqının öz tarixi ədalətini bərpa
etmək əzminin simvoluna çevrildi.
Bu qələbə ilə Azərbaycan təkcə ərazi
bütövlüyünü bərpa etmədi, həm də
illərlə davam edən siyasi və hərbi təzyiqlərə
son qoyaraq regionda tamamilə yeni strateji reallıq yaratdı.
Qarabağda keçirilən antiterror tədbirləri ilə
ölkəmizin suverenliyi tam təmin olundu və tarixi ədalət
birmənalı şəkildə bərpa edildi.
Bu tarixi günün fonunda Türkiyə ilə strateji
müttəfiqliyin xüsusi yeri var. Əldə olunan Zəfər
Azərbaycan–Türkiyə birliyinin
sarsılmazlığını bir daha nümayiş etdirdi.
Türkiyə Prezidenti Ərdoğanın məhz Zəfər
Günündə Bakıya səfəri də bu birliyin zaman və
məkan anlayışından kənar, dərin tarixi və
strateji mahiyyət daşıdığını göstərir.
Bu mənzərə fonunda ekspertlər hesab edirlər
ki, 8 Noyabr təkcə keçmiş qələbənin deyil,
həm də gələcək strateji hədəflərin
başlanğıcıdır. Qazanılan zəfər Azərbaycanın
regionda aparıcı rolunu daha da gücləndirir və
ölkəmizə uzunmüddətli inkişaf trayektoriyası
təqdim edir.
Milli Məclisin deputatı Elnarə Akimova qeyd edib ki,
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 8
Noyabr – Zəfər Günü münasibətilə Bakıya
səfəri həm simvolik, həm də siyasi baxımdan
mühüm əhəmiyyət daşıyır. Bu səfər
təkcə iki qardaş ölkə arasındakı
münasibətlərin yüksək səviyyəsini
nümayiş etdirmir, həm də regionda formalaşan yeni
siyasi düzənə dair ciddi mesajlar verir.
Onun fikrincə, Ərdoğanın Zəfər
Günü Bakıya gəlişi Türkiyənin Azərbaycanın
suverenliyinə və ərazi bütövlüyünə
sarsılmaz dəstəyinin növbəti dəfə təsdiqidir:
“Bu səfər bir millət, iki dövlət prinsipinin formal
şüar olmadığını, əksinə real siyasi məzmun
daşıdığını göstərir. Türkiyə
lideri bu addımı ilə həm Azərbaycan xalqının
qələbə sevincini bölüşür, həm də
Türk dünyasının birliyinin sarsılmaz olduğunu
nümayiş etdirir. Zəfər Günü Azərbaycanın
dövlətçilik tarixində milli kimliyin və siyasi iradənin
bərpası kimi xüsusi yer tutur. Ərdoğanın həmin
gün Bakıda olması bu böyük tarixi hadisəyə həm
mənəvi, həm də siyasi dəyər qazandırır.
Bu, həm də Türk dünyasına açıq
mesajdır ki, regionun gələcəyi türk dövlətlərinin
koordinasiyası və həmrəyliyi üzərində
qurulur. Cənubi Qafqazda yeni geosiyasi reallıq formalaşıb.
Qarabağ müharibəsindən sonra Azərbaycan və
Türkiyə bölgədə yeni güc balansı
yaradıb. Rusiya və İran təsir imkanlarını itirir,
Qərb isə proseslərə daha passiv yanaşır. Belə
şəraitdə Bakı və Ankara regional sabitliyin və təhlükəsizliyin
əsas dayağıdır”.
Deputat əlavə edib ki, Zəngəzur dəhlizi və
Orta Dəhliz kimi layihələr təkcə nəqliyyat xətlərini
deyil, Türk dünyasının iqtisadi və strateji
inteqrasiyasını təmin edən mühüm elementlərdir:
“Türk Dövlətləri Təşkilatı da artıq
ideoloji platformadan real iqtisadi-strateji bloka çevrilir. Bu səfər
həmin prosesi daha da gücləndirir. Ərdoğanın
Bakıya səfəri təkcə Zəfər Gününə
ehtiram deyil, həm də yeni regional siyasi dövrün
başlanğıcını ifadə edir. Azərbaycan və
Türkiyə artıq paralel inkişaf edən iki dövlət
deyil, ortaq güc mərkəzi kimi çıxış edir.
Bu gün Zəfər Günü bütövlükdə
Türk dünyasının gələcəyə
addımının rəmzidir”.
Günel Elxan
Xalq Cəbhəsi .- 2025.- 6 noyabr (¹41).- S.7.