Zəngəzur dəhlizi:
türk dünyasının strateji birlik xəritəsi
Zəngəzur dəhlizində tikinti işləri
sürətlə irəliləyir. Qeyd edilir ki, işlərin
çox hissəsi artıq görülüb.
Elə Türkiyənin Azərbaycandakı səfiri
Birol Akgün Avrasiya Gənc İş Adamları Forumunda
Türkiyə və Azərbaycan əlaqələrindən
danışarkən Zəngəzur dəhlizi məsələsinə
də toxunub. Səfir deyib ki, türk dünyası ilk dəfə
yeni bir yüksəliş dinamikasını yaşayır,
yaxın zamanda Zəngəzur dəhlizi açılacaq və
bununla da 10 il ərzində bu coğrafiyada böyük ticarət
əlaqələri formalaşacaq.
Zəngəzur dəhlizində görülən
tikinti işləri, dəhlizin türk dünyasının
inkişafına verəcəyi töhfələr istiqamətində
millət vəkilləri, iqtisadçılar “Xalq Cəbhəsi”nə
danışıb.
Mühüm iqtisadi və geosiyasi körpü
Milli Məclisin deputatı Aydın Hüseynov qeyd edib
ki, Zəngəzur dəhlizi artıq təkcə regional nəqliyyat
layihəsi deyil, bütövlükdə türk
dünyasının strateji birləşmə xəritəsini
yenidən formalaşdıran tarixi təşəbbüs kimi dəyərləndirilir:
“Bu dəhliz, Şuşa Bəyannaməsinin ruhuna uyğun
olaraq Türkiyə və Azərbaycanın ortaq
maraqlarını birləşdirən, eyni zamanda, bütün
Türk Dövlətləri Təşkilatının (TDT) gələcək
inteqrasiyasına xidmət edən mühüm bir iqtisadi və
geosiyasi körpüdür. Zəngəzur dəhlizinin
açılması ilə Orta Dəhliz tam mənada
reallaşacaq, yəni Çin – Mərkəzi Asiya – Xəzər
– Azərbaycan – Türkiyə xətti üzərindən
Avropaya qədər uzanan vahid ticarət və logistika şəbəkəsi
formalaşacaq. Bu, regionun iqtisadi xəritəsini dəyişməklə
yanaşı, həm də türk dünyasının siyasi və
mədəni birliyini möhkəmləndirəcək”.
Türk dövlətlərinin fiziki birliyinə gedən
yol
Deputat vurğulayıb ki, Azərbaycan bu layihədə
həm coğrafi, həm də siyasi baxımdan əsas mərkəz
rolunu oynayır: “Prezident İlham Əliyev dəfələrlə
vurğulayıb ki, bu dəhliz yalnız ölkələrin
deyil, bütöv bir regionun inkişafına xidmət edəcək.
Hazırda Azərbaycanın tərəfdaş ölkələrlə
apardığı danışıqlar və infrastruktur
hazırlıqları onu göstərir ki, texniki və iqtisadi
baxımdan bu layihənin həyata keçirilməsi
üçün əsas baza artıq formalaşıb. Zəngəzur
dəhlizinin iqtisadi əhəmiyyəti ilə yanaşı,
onun strateji və mənəvi tərəfi də var. Bu,
türk dövlətlərinin onilliklər ərzində həsrətində
olduqları fiziki birliyə gedən yolun açılması
deməkdir. Bu yolla təkcə mallar və xidmətlər
deyil, həm də ideyalar, əməkdaşlıq ruhu, ortaq gələcək
vizyonu hərəkət edəcək. Beləliklə, Zəngəzur
dəhlizi XXI əsrdə türk dünyasının yüksəliş
dinamikasının simvoluna çevrilir. O, həm iqtisadi
inkişafın, həm regional sabitliyin, həm də siyasi
müstəqilliyin mühüm dayağı olacaq. Bu layihə
reallaşdıqca, türk coğrafiyası bir ideya ətrafında
— birlik və tərəqqi ideyası ətrafında — daha
sıx birləşəcək”.
Əlverişli imkanlar
Milli Məclisin deputatı Müşfiq Cəfərov
söyləyib ki, Zəngəzur dəhlizi vasitəsilə Azərbaycandan
Türkiyəyə və Türkiyədən Azərbaycana, eləcə
də, Azərbaycan ərazisindən üçüncü bir
ölkəyə yüklərin daşınması
üçün yeni əlverişli imkanlar yaranacaq: “Məlumdur
ki, Zəngəzur dəhlizinin reallaşması türk
dünyasının quru nəqliyyatı ilə birləşməsinə
də imkan yaradacaq. Bu səbəbdən də Zəngəzur
dəhlizi türk dünyasının birləşməsində
də əhəmiyyətli rola malikdir. Orta Dəhlizin səmərəliliyinin
artması ilə Xəzər dənizində Azərbaycanla həyata
keçirilə biləcək layihələr, o cümlədən
Naxçıvan və Rusiya ilə nəqliyyat, enerji əməkdaşlığı
sahəsində Türkiyənin regiondakı strateji
mövqeyinin əhəmiyyəti artacaq. Zəngəzur dəhlizinin
açılması ilə Orta Dəhlizin dəmir yolu və
avtomobil yolu ilə yükdaşıma qabiliyyəti artacaq ki,
bu da Şərq-Qərb ticarətinin artmasına müsbət
töhfə verəcək”.
“Azərbaycan dünya ticarətinin mərkəzinə
çevriləcək”
Deputat həmçinin deyib ki, bu dəhliz vasitəsilə
Avropadan gələn mal və sərnişinlər şərq
ölkələrinə çatdırılacaq: “Beləliklə,
Azərbaycan yeni logistik məkan kimi dünya ticarəti və
iqtisadiyyatının mərkəzinə çevriləcək.
Təbii ki, Zəngəzur dəhlizinin açılması
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə
yük daşımalarını da sürətləndirəcək.
Azərbaycanda böyük Şərq-Qərb və Şimal-Cənub
beynəlxalq dəhlizləri kəsişir. Zəngəzur dəhlizinin
mövcudluğu Cənubi Qafqazda regional əməkdaşlığa
və iqtisadi inkişafa transformativ təsir göstərməyə
qadirdir”.
M.Cəfərovun bildirdiyinə görə, bu dəhlizin
açılması regionda uzun müddətdir davam edən gərginliyi
potensial olaraq yumşaldaraq yeni əlaqə və əməkdaşlıq
dövrünün simvolu olacaq: “Dəhlizin inkişafı təkcə
Azərbaycan və Ermənistan üçün əhəmiyyətli
deyil, həm də beynəlxalq ticarət və geosiyasi
uyğunlaşmalar üçün daha geniş təsirlərə
malikdir”.
Strateji önəm
Liberal İqtisadçılar Mərkəzinin sədri
Akif Nəsirli deyib ki, Zəngəzur dəhlizi həm regional,
həm də qlobal iqtisadi-siyasi sistem üçün strateji
önəm daşıyır: “Bu dəhliz Naxçıvan
Muxtar Respublikasını Azərbaycanın əsas hissəsi ilə
birləşdirən, eyni zamanda, Türkiyəni birbaşa Mərkəzi
Asiya ilə bağlayan nəqliyyat və logistika marşrutudur.
Dəhlizin açılması ilə
Bakı-Naxçıvan-Qars xətti tam quru
bağlantısına çevriləcək, Türk Dövlətləri
Təşkilatına (TDT) üzv ölkələr arasında
fasiləsiz ticarət xətti formalaşacaq, Qafqaz regionu Şərq–Qərb
və Şimal–Cənub nəqliyyat arteriyalarının kəsişmə
nöqtəsinə çevriləcək”.
“Ticarət dövriyyəsi artacaq”
O əlavə edib ki, Zəngəzur dəhlizi
yalnız Azərbaycan üçün deyil, Türkiyə,
Gürcüstan, Orta Asiya ölkələri və hətta
Avropa üçün mühüm iqtisadi imkanlar yaradır:
“Ticarət dövriyyəsi artacaq: Türkiyə–Azərbaycan–Mərkəzi
Asiya xətti üzrə malların daşınma məsafəsi
və vaxtı azalacaq. Alternativ enerji və logistika marşrutu:
Bu, Rusiya və İran üzərindən keçən ənənəvi
xətlərin alternativi olacaq. İnvestisiya axını:
Naxçıvan və Zəngilan bölgələrində
logistika mərkəzləri, sənaye zonaları və
gömrük infrastrukturunun formalaşması yeni iqtisadi
dinamika yaradacaq. Zəngəzur dəhlizi Türk
dünyasının birləşdirici elementi kimi qəbul
olunur. Bu TDT-nin praktik inteqrasiyasını gücləndirəcək,
Azərbaycan–Türkiyə hərbi-siyasi əməkdaşlığını
strateji səviyyədə möhkəmləndirəcək,
regionda sülh və sabitlik üçün
qarşılıqlı asılılıq mühiti yaradacaq”.
“Yeni bir türk yüksəlişi” başlaya bilər”
A.Nəsirlinin sözlərinə görə,
hazırda Azərbaycan tərəfi Zəngilan istiqamətində
avtomobil və dəmir yolu infrastrukturunu sürətlə
tamamlayır, Naxçıvanda logistika və sərhəd
keçid məntəqələrinin yenilənməsi prosesi
gedir, Türkiyə bu layihəni “Orta Dəhliz” (Middle Corridor)
təşəbbüsü ilə birləşdirərək
Çin–Avropa ticarət xəttinə inteqrasiya etməyi
planlaşdırır: “Ermənistanın prosesə
yanaşması isə hələlik qeyri-müəyyəndir,
lakin regional və beynəlxalq təzyiqlər nəticəsində
bu dəhlizin müəyyən mərhələdə
açılacağı ehtimalı güclənir. Zəngəzur
dəhlizi təkcə bir yol deyil — bu, Türk
dünyasının iqtisadi birliyinin və geosiyasi təsirinin
real təməlidir. Türkiyənin Azərbaycandakı səfiri
Birol Akgünün qeyd etdiyi kimi yaxın 10 ildə bu xətt
üzərində ticarət, sənaye, enerji və mədəni
inteqrasiya baxımından yeni bir “Türk yüksəlişi”
başlaya bilər”.
Röya İsrafilova
Xalq Cəbhəsi .- 2025.- 6 noyabr (¹41).- S.6.