Azərbaycan dili: yeni çağırışlar və
milli məsuliyyət
Azərbaycan dilinin saflığının
qorunması, onun inkişafı və dövlətçilik
düşüncəsinin əsas dayaqlarından biri kimi milli
kimliyin mühüm atributu kimi yaşadılması bu gün
daha böyük aktuallıq kəsb edir. Qloballaşma proseslərinin
sürətləndiyi, dillərin təbii mühitdə təzyiqə
məruz qaldığı bir zamanda Azərbaycan dövləti
milli dilin qorunmasını strateji prioritet kimi müəyyənləşdirib.
Prezident İlham Əliyevin noyabrın 3-də Azərbaycan
Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr
olunmuş yığıncaqda səsləndirdiyi fikirlər də
bu istiqamətdə dövlətimizin qətiyyətini bir daha
nümayiş etdirdi. Dövlət başçısı qeyd
etdi ki, dil milli mənəvi sərvətimiz, dövlətçilik
əsasımızdır və onun saflığının
qorunması hər kəsin, xüsusilə də
ziyalıların üzərinə ciddi məsuliyyət qoyur.
Bu çağırış fonunda ziyalı təbəqəsinin,
eləcə də ictimai institutların dilin inkişafı, təmizliyinin
təmin edilməsi və orfoqrafiya mədəniyyətinin
qorunması istiqamətində fəaliyyəti xüsusi əhəmiyyət
daşıyır. Dil məsələsi təkcə elmi
problem deyil, həm də milli kimlik, mədəni təhlükəsizlik
və ideoloji davamlılıq məsələsidir. Məhz
buna görə son illərdə həm dövlət səviyyəsində,
həm də ictimai təşəbbüslər çərçivəsində
dilimizin qorunması və təbliği məqsədilə bir
sıra sistemli tədbirlər həyata keçirilir.
Dilin saflığı — milli kimlik və dövlətçilik
məsələsi
Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzinin
sədr müavini Gülyaz Əliyeva bildirib ki, Azərbaycan
dilinin qorunması istiqamətində illərdir aparılan
mübarizə həm ziyalıların fədakar fəaliyyəti,
həm də ictimai təşəbbüslərin nəticəsidir.
Onun sözlərinə görə, bu istiqamətdə
daim önəmli işlər görmüş
ziyalılarımız olub: “Dilin qorunması məsələsində
Nəriman Qasımoğlu, Qulu Məhərrəmli, Vasif
Sadiqli, Səadət Şıxıyeva, İradə Musayeva
kimi ziyalıların adlarını çəkmək yerinə
düşər. Onlar daim dilin qorunması üçün
çalışmış, müxtəlif vaxtlarda bu məsələyə
toxunmuş, ziyalıları bir nöqtədə birləşdirməyə
çalışmış və bir neçə dəfə
bu mövzuda Prezidentə, Milli Məclisə müraciət
etmişlər. Dilin küçə məkanında təhrif
olunması ilə bağlı dafələrlə rəsmi
qurumlara müraciət edilib. Bakı küçələrində
əcnəbi dildə reklamların yayılması və
orfoqrafiya normalarının pozulması ilə bağlı həm
Milli Məclisə, həm Bakı Şəhər İcra
Hakimiyyətinə, həm də tanınmış
ziyalılara, deputatlara müraciətlər olunub. 2020-ci ildə
Vasif Sadiqlinin rəhbərliyi ilə “Dil Monitorinq Mərkəzi”
yaradıldı. Həmin mərkəz mütəmadi olaraq
Bakı mərkəz küçələrində olan səhvləri
faktlarla toplayıb aidiyyəti orqanlara göndərib. Mən də
o qrupun sədr müavini idim.
Həmin il paytaxtın əsas mərkəz
küçələrində geniş linqvistik monitorinq
aparılıb.Azərbaycan prospekti, Fəvvarələr
meydanı, Şıxəli Qurbanov, Bəxtiyar Vahabzadə,
Füzuli küçələrində bütün obyektlərin
şəkilləri çəkilib, dilçilik
baxımından təhlil olunub. Müstəqillik
dövründə dövlət səviyyəsində dilə
xüsusi qayğı göstərilib və bu istiqamətdə
mühüm sənədlər imzalanıb.
2002-ci ildə “Dövlət dili haqqında Qanun”,
2012-ci ildə dövlət proqramı, 2018-ci ildə Azərbaycan
dilinin saflığının qorunması ilə bağlı
fərman imzalanıb. 165 ziyalının imzaladığı
müraciət nəticəsində “qoşa y” problemi ilə
bağlı yanlış adımların qarşısı
alındı. Bu da Dil Araşdırmalar və Dil Monitorinq Mərkəzinin
təşəbbüsü idi.
Buna baxmayaraq, cəmiyyətdə dilə məsuliyyətsizlik
hələ də qalır.Təəssüflər olsun ki,
monitorinqlər göstərir ki, Bakıda reklam lövhələrində
daha çox əcnəbi dillərdən istifadə olunur. Azərbaycan
dilində yazılanlarda isə ciddi orfoqrafiya pozuntuları
mövcuddur. Rəsmi şəxslərin, məmurların
tribunada dilimizi təhrif etməsi isə başqa bir problemdir”.
Dilçilərin passivliyi
Gülyaz Əliyeva bir qisim ziyalıların da məsuliyyətsizliyini
qeyd edib: “Ən böyük məsuliyyətsizlik bəzən
dilçilər və ədəbiyyat adamları tərəfindən
olur. Dilçilərin passivliyi adamı sarsıdır.
Yazıçılar və şairlər də dilin bədii-estetik
simasını zədələyir, dili süni şəkildə
yad sözlərlə yükləyirlər.Mərkəz rəsmisi
xaricdə yaşayan azərbaycanlılar arasında ana dilinə
münasibətlə bağlı araşdırmaları da diqqətə
çatdırıb.2021-ci ildə xarici ölkələrdə
yaşayan soydaşlarımızla müsahibələr
apardıq. Kanada, Latviya, Sankt-Peterburq, Macarıstan, Almaniya,
Türkiyə və digər ölkələrdə. Bir
çox ölkələrdə həftəsonu məktəbləri
fəaliyyət göstərsə də, bəzilərində
kadr çatışmazlığı və valideynlərin
laqeydliyi səbəbindən bağlanıb”.
O, bəzi soydaşlarımızın bu sahədə
xüsusi xidmətlərini qeyd edib: “Kanadada, Niderland, Türkiyə,
Latviyada bu sahədə müəyyən işlər
görürlür. Diaspor mühitində Azərbaycan dilinin
yaşadılması üçün
çalışılır və hətta digər millətlərin
uşaqlarını belə bu prosesə cəlb edilir”.
G.Əliyeva sonda Azərbaycan dilinin zənginləşdirilməsinin
əsas yolunu vurğulayıb: “Xarici sözlər gətirməkdənsə,
dialekt və arxaik sözlərimizdən istifadə edilməlidir.
Vasif Sadiqli və Atena Darmanbayın dialektoloji lüğətləri
bu baxımdan mühüm mənbədir. Cənab Prezident
İlham Əliyev də bildirib ki, dilin saflığının
qorunması hər bir vətəndaşın borcudur. Biz də
bu istiqamətdə çalışmağa davam edəcəyik”.
“Dilin gücü – millətin gücü”
AMEA-nın aparıcı elmi işçisi, filologiya
elmləri üzrə fəlsəfə doktoru, dosent Təranə
Şükürlü diqqətə çatdırıb ki, Azərbaycan
dilinin saflığının qorunması, onun inkişafı
və zənginləşdirilməsi daim dövlətin diqqət
mərkəzindədir.
Onun sözlərinə görə, Prezident İlham
Əliyevin AMEA-nın 80 illik yubileyindəki
çıxışı da milli-mənəvi dəyərlərin
və ana dilinin qorunmasına dövlətin yüksək
önəm verdiyini bir daha təsdiqləyir: “Prezident İlham
Əliyevin həyata keçirdiyi ardıcıl dil siyasəti
ana dilimizin qorunması, təbliği və zənginləşdirilməsi
istiqamətində mühüm mərhələlər
yaradıb. Dövlət başçısının Azərbaycan
dili ilə bağlı fərman və sərəncamları,
çıxışları dilimizin inkişafı
üçün möhkəm hüquqi və mənəvi
baza formalaşdırır”.
Dosent vurğulayıb ki, hər bir dilin zənginləşməsində
daxili imkanların rolunu artırmaq başlıca məsələdir:
“Bu prosesdə əcnəbi sözlərin yersiz şəkildə
dilə daxil edilməsi ciddi narahatlıq doğurur. Azərbaycan
dili minilliklər boyu inkişaf edib, formalaşıb və
bugünkü səviyyəsinə gəlib çatıb. Bu səbəbdən
dilimizin təmizliyini qorumaq hər bir vətəndaşın
həm mənəvi borcu, həm də vətəndaşlıq
mövqeyidir. Ailədə uşaqlara ana dilinin sevdirilməsi
mühüm şərtlərdəndir: “Əgər biz
övladlarımıza kiçik yaşlarından
nağıllar, şeirlər, xalq ədəbiyyatı
nümunələri ilə dilimizin gözəlliyini
aşılasaq, onlar bu mühitdə böyüyəcək və
dilimizin möcüzəsini duyacaqlar.Dilin qorunması
üçün düzgün danışıq qaydalarına əməl
olunmalı, şifahi və yazılı dil normaları dəqiqliklə
gözlənilməlidir. Xalqımız folkloru ilə dilin bədii
imkanlarını ortaya çıxarıb, ədiblərimiz isə
yazılı dilin gücünü dünyaya tanıdıb.
Buna görə də bu xəzinəni yad ifadələrlə
korlamaq olmaz”.
“Dilimizin inkişafı üçün geniş
imkanlar var”
Təranə Şükürlü qeyd edib ki, bəzi
kütləvi informasiya vasitələrində əsassız
yeni sözlərin işlədilməsi narahatlıq
doğurur: “İzah əvəzinə açıqlama, cəmiyyət
əvəzinə toplum, qadağa əvəzinə yasaq , məşhur
yerinə ünlü və digər bu kimi ifadələrin məcburi
şəkildə tətbiqi dilimizin təbii ahənginə
uyğun gəlmir. Dilin zənginləşməsinin əsas
yolu onun daxili imkanlarından, dialekt və şivələrindən
istifadədir. Qloballaşma dövründə dilimizin
inkişafı üçün geniş imkanlar var. Amma bunu yad
təsirlər hesabına yox, dilimizin öz gücü ilə
etməliyik. Prezidentin bu istiqamətdə imzaladığı
sənədlər də məhz ana dilimizin təmizliyinin
qorunmasına xidmət edir və hər bir vətəndaşa
məsuliyyət yükləyir”.
Günel Elxan
Xalq Cəbhəsi .- 2025.- 6 noyabr (¹41).- S.4.