Azərbaycan elminin yeni dövrü: qarşıda
dayanan ən vacib vəzifələr müəyyənləşdirilir
Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər
Akademiyasının 80 illik yubileyinə həsr edilmiş tədbirdə
çıxışı zamanı bir çox məsələlərə
toxunub. Toxunduğu məsələlər sırasında
müasir dövrdə elmi-akademik dairələrin
qarşısında duran vəzifələr, elmin töhfə
verəcəyi sahələr də yer alıb. Prezident
İlham Əliyev çıxışı zamanı Azərbaycan
tarixinin tədqiqi və təbliği, ermənilərin
saxtalaşdırmalarına qarşı mübarizə, Qərbi
Azərbaycanda toponimlərimiz, onların saxtalaşdırma və
erməniləşdirilməsi problemi haqqında
danışıb.
Dövlət başçısının
çıxışında toxunduğu bir çox məsələlərlə
bağlı “Xalq Cəbhəsi” millət vəkillərinin
fikirlərini öyrənib.
“Prezidentin nitqində Akademiyamızın keçdiyi
yol təhlil edilir”
Milli Məclis sədrinin müavini Musa Qasımlı
bildirib ki, cənab Prezident İlham Əliyevin Azərbaycan
Milli Elmlər Akademiyasının 80 illiyinə həsr
edilmiş toplantıdakı nitqi böyük əhəmiyyət
daşıyır: “Bu nitqdə Akademiyamızın keçdiyi
yol təhlil edilir, müasir şəraitin nədən ibarət
olduğu diqqətə çatdırılır və yeni
şəraitdə elmimizin qarşısında dayanan ən
vacib vəzifələr müəyyənləşdirilir.
Akademiya 80 ildə böyük bir yol keçib. Cənab
Prezidentin söylədiyi kimi, hansı sistemdə mövcud
olmasından aslı olmayaraq Azərbaycan elminə diqqət
göstərilib. Həm Ulu Öndər Heydər Əliyev, həm
də cənab Prezident İlham Əliyev Azərbaycan elminə,
Akademiyaya lazımi qiymət veriblər”.
Müasir şəraitin təhlili
M.Qasımlı bildirib ki, digər bir məsələ
müasir şəraitin təhlili idi: “Cənab Prezident nitqində
müasir dövrdə dünyada baş verən bütün
prosesləri prinsipial olaraq təhlil etdi və ondan
çıxış edərək elmimizin
qarşısında dayanan vəzifələri konkret olaraq
müəyyənləşdirdi. Hər şeydən əvvəl,
ölkəmizdə yeni texnologiyaların tətbiqini, süni
intellektə ayrılan diqqəti, tükənən neft
kapitalının tükənməyən insan kapitalına
çevrilməsini, informasiya təhlükəsizliyini önə
çıxardı. Bildirdi ki, informasiya təhlükəsizliyi
sadəcə virtual məkanda, informasiya məkanında təhlükəsizlik
deyil, bu, eyni zamanda, hər hansı bir ölkənin, dövlətin
fiziki mövcudluğu məsələsidir. Ona görə də
kibertəhlükəsizlik mərkəzinin
yaradılmasının nə qədər böyük əhəmiyyət
daşıdığı cəmiyyətimizə bildirildi”.
Elmin nailiyyətlərinin istehsalata tətbiqi
Deputatın sözlərinə görə, Prezidentin
nitqində vurğulanan ən vacib məsələlərdən
biri elmin nailiyyətlərinin istehsalata tətbiq olunması,
müdafiə sənayesinə xüsusi diqqətin yetirilməsi,
dövlət orqanlarının alimlərlə birgə işləməsinin
zəruriliyi idi: “İndi dünyada elə bir şərait
yaranıb ki, həmin sahəyə xüsusi diqqət yetirilməsində
fayda var. Milləti ayaqda saxlayan onun tarixi və dilidir. Nitqində
cənab Prezident tariximizin tədqiqini, təbliğini önə
çəkdi və eyni zamanda, bizə qarşı xaricdəki
erməni diasporu və Ermənistanda olanlar tərəfindən
aparılan uydurma təbliğata cavab verilməsinin vacibliyini
bildirdi. Xüsusi vurğuladı ki, bu məsələdə
çarizm dövründə olan xəritələrdəki
toponimlər böyük mənbədir, bu, ərazinin mənsubiyyəti
məsələsini, etnomədəni kimliyini təsdiq edir.
Bununla cənab Prezident toponimika sahəsində məşğul
olan alimlərin, tarixçilərin,
coğrafiyaçıların və digərlərinin
qarşısında mühüm vəzifələr qoydu”.
Milli dövlətçilik tarixi
O əlavə edib ki, məsələnin digər
çox zəruri tərəfi cənab Prezidentin nitqində
milli dövlətçilik tariximizin yazılmasıdır:
“Müstəqillik tarixinin dərindən yazılması, onun
müxtəlif tərəflərinin
araşdırılması vətəndaşlarda milli dövlətçilik
hislərinin artırılmasında müstəsna rol oynayır
və cənab Prezidentimiz bu məsələni önə
çəkdi. Nitqdə Azərbaycan dili ilə bağlı məsələnin
irəli sürülməsi, dilimizin saflığının
qorunması ən ümdə məsələ kimi diqqətə
çatdırıldı. Bizi bir millət olaraq ayaqda saxlayan əgər
bir tərəfdə milli tariximizdirsə, o biri tərəfdə
Ana dilimizdir, dövlətimizin dilidir və bu dilin qorunması
çox vacibdir. Dili zibilləmək olmaz, zaman-zaman dilin
lüğət tərkibi daim zənginləşər. Ona
görə də cənab Prezidentimiz bu nitqində dilçi
alimlər qarşısında da çox prinsipial məsələlərin
həllini qoydu. Hesab edirəm ki, Akademiyanın 80 illik yubiley
toplantısında cənab Prezident İlham Əliyevin nitqi Azərbaycan
elmininin inkişafında, ən vacib məsələlərin
həllində yeni səhifə açır”.
Çoxsaylı dövlət proqramları
Milli Məclisin deputatı Aydın Mirzəzadə
bildirib ki, cənab Prezidentin Milli Elmlər Akademiyasının
80 illik yubiley tədbirində iştirakı Azərbaycan
dövlətinin elmə, elmin inkişafına diqqətinin
yüksək nümunəsi oldu: “Eyni zamanda, Prezidentin hərtərəfli,
dərin çıxışı ölkə Prezidentinin elm,
təhsil məsələlərini daim diqqətdə
saxlaması, onun problemlərinin həll edilməsinə
qayğı göstərməsinin nümunəsi oldu və bu
zaman Ulu Öndər Heydər Əliyevin vaxtilə elmin
inkişafına göstərdiyi qayğını
vurğulaması onu göstərir ki, o xətt, o münasibət
bundan sonra da davam edəcək. Cənab Prezident elmin və onun
ayrı-ayrı sahələrinin inkişafı ilə
bağlı çoxsaylı dövlət proqramları, fərman
və sərəncamlar verib. Elmin inkişafına dövlət
büdcəsindən hər il daha çox vəsaitlər
ayrılıb. Elmi təşkilatların maddi-texniki
bazasının möhkəmləndirilməsi, bina və
laboratoriyaların təmiri də bu qəbildən olan məsələlərdir”.
Gənc alimlərin yetişdirilməsi
Deputat deyib ki, elmi tədqiqatlar dövlətin diqqətində
olub və həqiqətən də maraq doğuran, Azərbaycanda
elmin inkişafına dəstək olan sahələr dövlət
tərəfindən müdafiə olunur: “Həmçinin gənc
alimlərin yetişdirilməsi Azərbaycan dövlətinin əsas
inkişaf sahələrindən olub. Gənc
istedadlarımızın nüfuzlu xarici universitetlərdə
təhsil alması da bu qəbildən olan məsələlərdəndir.
Cənab Prezident Elmlər Akademiyasında dəfələrlə
çıxış edib, alimlərin fəaliyyəti ilə
tanış olub, onlar qarşısında dövlət
adından müəyyən vəzifələr qoyub. Bu,
göstərir ki, Elmlər Akademiyası dövlətin
qayğısındadır, dövlət
başçısının diqqətindədir və bundan
sonra da dövlət milli elmimizin inkişafına daim
qayğı göstərəcək. Əsas vəzifələr
cənab Prezidentin çıxışında öz əksini
tapdı. Müasir elmin inkişafı ilə ayaqlaşmaq, Azərbaycan
dövlətinin tarixininin, ədəbiyyatının öyrənilməsinə
diqqət yetirmək, onun inkişafına töhfə vermək,
eyni zamanda, elmi nailiyyətlərdə Azərbaycan alimlərinin
də töhfə verməsinə şərait
yaradılması, işğaldan azad olunmuş torpaqlarımızın
bərpası, orada elm və təhsilin inkişafı, eləcə
də Qərbi Azərbaycan mövzusunun daim diqqətdə
saxlanması, bu məsələdə Azərbaycan elminin də
iştirakı arzu olunandır və bundan sonra da olacaq”.
Röya İsrafilova
Xalq Cəbhəsi .- 2025.- 6 noyabr (¹41).- S.3.