İlk azərbaycanlı...
Zaman beyində işləyir…
İntervensional nevrologiya tibbin ən həssas sahələrindən
biridir. Ölkəmizdə bu sahə üzrə demək olar
ki, ixtisaslaşmış həkim yoxdur. Bildiyiniz kimi bədəndəki
digər damar sistemlərindən fərqli olaraq, beyin
damarları olduqca nazik strukturlardır, diametri cəmi bir
neçə millimetr, hətta bəzi nahiyələrdə bir
millimetrdən də az olur. İnsult zamanı laxtanın
çıxarılması, həmin nahiyəyə stent yerləşdirilməsi
və ya anevrizmanın bağlanması kimi həyati əhəmiyyətli
müdaxilələrin kateterlə bu damarlarda hərəkət
etməklə aparılması həkimdən yüksək
qayğı, qabaqcıl texniki bacarıqlar və lazımi
avadanlıq tələb edir. Haqqında söhbət
açmaq istədiyim Vüqar Cəfər məhz tibbin bu sahəsi
üzrə uzmandır. Zarafat deyil, o, İstinye Universitetində
bu sahədə ixtisasartırma təhsili alan ilk azərbaycanlı
və Türkiyədə yalnız 40 nevroloqdan biridir…
“Sol tərəfim tamamilə iflic olmuş halda onun
yanına getdim və sağalacağıma heç bir
ümidim yox idi. Onun sayəsində indi əllərimi və
ayaqlarımı hiss edirəm. Çox şanslıyam ki,
işini mükəmməl bilən uzman doktor Vüqar Cəfər
kimi birinə rast gəldim. O, çox nadir hallarda
rastlaşdığım azsaylı uzmanlardan biridir. Mən deyərdim
ki, o, təkcə həkim deyil, ürəyinizi asanlıqla
aça biləcəyiniz gözəl insanlardan biridir. Allah ona
uzun ömür versin!”- bu kəlmələr onun şəfa
verdiyi insanlardan birinə məxsusdur…
Vüqar Gülhüseyn oğlu Cəfər 1991-ci ilin
may ayının 13-də anadan olub. Elmə və insan
sağlamlığına olan dərin marağı, onu Azərbaycan
Tibb Universitetinə gətirib. Universitetin
üçüncü kursunda oxuyarkən Prezident təqaüdünə
layiq görülüb və Türkiyəyə göndərilib.
Orada o, təhsilini Ondoqquz Mayıs Universitetinin Tibb Fakültəsində
davam etdirərək 2015-ci ildə məzun olub. Daha sonra Dicle
Universitetinin Nevrologiya kafedrasında ixtisas təhsilini başa
vurub və 2020-ci ildə Nevrologiya Mütəxəssisi
adına layiq görülüb. Lakin, o yalnız klassik
nevrologiya ilə məhdudlaşmayıb. Nevrologiyanın ən
qabaqcıl və nadir hallarda tətbiq olunan sahələrindən
biri olan İnvaziv Nevrologiyaya üzrə uzman kimi yetişib…
Deyir ki, “təsəvvür edin ki, apardığım əməliyyatlar
heç bir kəsik olmadan, hətta bir millimetr
ölçülü damarlar üzərində olur. Buna
görə də, intervensional nevroloq radioloq kimi damar
girişini izləyir, cərrah kimi əməliyyat aparır və
nevroloq kimi beyin funksiyasını qoruyuram. Bu sahə ən
yüksək risk, bacarıq və texnologiya səviyyəsini
birləşdirir…”.
O, 2022-ci ildə Türkiyənin İstanbul şəhərində
qapalı prosedur texnikalarına malik “Medicana Beynəlxalq Xəstəxanası”nda
VGR İnsult Bölməsini quraraq, öz komandası ilə fəaliyyətə
başlayıb. Və dünyada nevrologiyanın ən sürətlə
inkişaf edən sahələrindən biri olan invaziv insult
müalicəsini tətbiq edən ilk həkimlərdən
biridir. Onun rəhbərliyi altında qurulan VGR İnsult
Bölməsi, çoxsahəli yanaşması ilə bu sahədə
aparıcı mərkəzlərdən biridir. Bu müalicələrə
aşağıdakılar daxildir: Beyin arteriyasının
tıxanması üçün angioplastika (trombektomiya),
karotid arteriya stenozu üçün stent yerləşdirilməsi
və beyin anevrizmalarının qapalı dövr müalicəsi
(spiral və ya axın yönləndiricisi tətbiqi.
Dünyada yalnız bir neçə mərkəzdə istifadə
edilən bir texnika olan karotid arteriya vasitəsilə kök
hüceyrə terapiyası üzərində işləyən
Doktor Cəfər bu texnikanı Türkiyədə tətbiq
edən ilk nevroloqlardan biridir. Bu müalicə, insultdan sonra zədələnmiş
beyin toxumasının bərpasına töhfə verməyi hədəfləyən
gələcəyin tibbi texnologiyalarından biridir…
Vüqar Cəfər yalnız insult müalicəsində
mövcud metodlara diqqət yetirmir, həm də regenerativ tibb
sahəsində tədqiqatlar aparır. Onun bu sahədəki
vizyonu, insultdan sonrakı reabilitasiyadan kənara çıxmaq
və beyin hüceyrələrinin canlandığı bir
dövrün başlanğıcıdır. O, təkcə
öz sahəsini mükəmməl bilən uzman deyil, həm
də elmi biliklər yaradan bir akademikdir. Ümumdünya
İnsult Təşkilatının və Avropa İnsult Təşkilatının
fəal üzvü olaraq, qlobal elmi ictimaiyyətlə daim
qarşılıqlı əlaqədədir. O, müntəzəm
olaraq dünyada və Türkiyədə keçirilən
insult konqreslərində çıxış edir və milli
və beynəlxalq ekspert rəyi almış tibbi jurnallarda dərc
olunan məqalələri ilə elmi ictimaiyyətə töhfə
verir. Bütün bunlara görə də, haqqında
qürurla bəhs etdiyim uzman doktor Vüqar Cəfər həm
işlədiyi klinikada, həm də akademik sahədə
"məhsuldar və aparıcı nevroloq" kimi
seçilir. O, həmçinin Türkiyədəki Azərbaycan
Həkimlər Assosiasiyasının təsisçisi və
prezidentidir. Bu assosiasiya vasitəsilə o, iki ölkə
arasında tibbi əməkdaşlığı gücləndirir
və gənc Azərbaycan həkimlərinə mentorluq edir,
onların peşəkar inkişafına töhfə verir.
İnsult müalicəsində hər saniyənin bir həyat
demək olduğunu bilən Vüqar həkim nevrologiyanı təkcə
bir ixtisas kimi deyil, həm də həyat xilas etməyin ən
incə forması kimi görür. Onun uzaqgörənliyi
beynin mürəkkəb damar yollarında həyatı yenidən
canlandırmaq və bu möcüzəni hər bir xəstədə
yenidən yazmaqdır.
Axı, zaman beyində işləyir…
Elman Eldaroğlu
Xalq Cəbhəsi .- 2025.- 8 noyabr (¹42).- S.15.