İraq türkmanları və Azərbaycan dili
Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin AMEA-nın 80 illik yubileyi münasibətilə
keçirilən tədbirdə Azərbaycan dili haqqında
çox vacib və incə məqamlara toxunması
soydaşlarımız olan İraq türkmanlarını bir
daha gündəmə gətirir. Cənab Prezidentin qeyd etdiyi 50
milyonluq azərbaycanlıların 3 milyondan çoxu İraqda
yaşayır və Azərbaycan türkcəsində
danışır. Lakin yığıncaqda da deyildiyi kimi, Azərbaycan
dili bir çox yerlərdə olduğu kimi Türkmanelidə
məişət səviyyəsindən yuxarı qalxa bilmir. Ədəbi
dilləri Türkiyə türkcəsi olan türkmanlar
danışıq dili olaraq Azərbaycan türkcəsindən
istifadə edirlər. İraqın rəsmi dövlət
dilinin ərəb dili olmasını və türkmanlarla, demək
olar ki, iç-içə yaşayan kürdlərin hər
yerdə öz dillərindən istifadə etməsini nəzərə
alsaq, türkmanların ana dili üçün kifayət qədər
təhlükənin yarandığını görməmək
qeyri-mümkündür.
Tarixin müxtəlif dövrlərində Azərbaycan
köçərək İraqda məskunlaşan
soydaşlarımız bu ərazilərdə zəngin ədəbi-mədəni
irs yaratmağa nail olmuşlar. Onların folkloru Azərbaycan
folklorunun önəmli bir hissəsidir. Zamanla meydana gələn
və bölgə xüsusiyyətləri kimi xarakterizə
olunan cüzi fərqləri nəzərə almasaq,
İraq-Türkman şifahi xalq ədəbiyyatı, onun
müxtəlif janrları Azərbaycan folkloru ilə tam şəkildə
eyniyyət təşkil edir. Doğma Azərbaycan türkcəsində
yaranan xoyratlar bizim bayatılar kimi xalqın həsrət
duyğularını, ana vətənə
bağlılığını və yurd sevgisini ehtiva edir:
Əslim Qarabağlıdır,
Sinəm çarpaz dağlıdır.
Kəsilib gələn gedən
Yoxsa yollar bağlıdır?
Hər aylar,
Hər həftələr, hər aylar.
Qul qardaşım Bağdaddan
Gəncə deyib haraylar.
Bağdad yolu Gəncədi,
Yolu pəncə, pəncədi.
Demə sizdən irağam
Bu sevda ölüncədi və s.
Onlarla bu cür misallar göstərmək olar ki,
İraq türkmanları doğma ana dilində Azərbaycan
olan sevgilərini xoyratlarında hansı şəkildə əks
etdiriblər. Təbii ki, bütün bunlar qan
yaddaşından, genetik bağlılıqdan və ortaq tarixi
keçmişdən xəbər verir. Təkcə xoyratlar
deyil, şirin Kərkük ləhcəsində yaranan
nağıllar, lətifələr, dastanlar da Azərbaycan
xalqının təfəkkürünün qədim
Mesapotamiya torpaqlarında yaranan ən qiymətli məhsullarıdır.
“Evlərinin önü yonca”, “Bu gələn yar olaydı”, “O
yana döndər məni”, “Bu qala daşlı qala” və s.
xalq mahnılarını eşidərkən hər bir
naxçıvanlıda, qarabağlıda, bakılıda
hansı hisslər yaranırsa, kərküklüdə, ərbillidə,
telafərlidə də eyni duyğular baş qaldırır.
“Kitabi-Dədə Qorqud”, “Koroğlu” dastanı bizi nə qədər
cuşa gətirirsə, türkman soydaşlarımızın
da qanını bir o qədər coşdurur.
Dahi Məhəmməd Füzuli də öz əsərlərini
İraqda məhz Azərbaycan türkcəsində yazıb
yaradırdı. Onun təsiri təkcə XVI əsr Bağdad ədəbi
mühitinə deyil, bu gün də şeiriyyatla məşğul
olan hər bir türkman şairinin
yaradıcılığında hiss olunur. Türkmanlar Azərbaycan
ədəbiyyatının görkəmli nümayəndələri
olan İmadəddin Nəsimini, Cahanşah Həqiqini, Qazi
Bürhanəddini, Əbdülqədir Marağayini, Şah
İsmayıl Xətayini, Əhdi Bağdadini, Ruhi Bağdadini
və digərlərini öz sənətkarları hesab edirlər
və bunda yerdən göyə qədər haqlıdırlar.
Sözsüz ki, bunun başlıca səbəbi dildir.
Adını çəkdiyimiz şairlərin İraq
türkmanları tərəfindən özününkü
kimi qəbul edilməsi ilk növbədə dil amili ilə
bağlıdır. Təsadüfi deyil ki, İraq
türkmanlarının böyük alimi Əta Tərzibaşı
bütün türk dünyası üçün ortaq dilin məhz
Azərbaycan türkcəsində “Dədə Qorqud”
dastanının dili ola biləcəyini xüsusi şəkildə
vurğulayırdı.
Böyük bir coğrafi ərazidə yayılan Azərbaycan
türkcəsi Kərkükdə, Mosulda, Ərbildə,
Tuzxurmatuda, Kifridə, Diyalədə yaşayan hər bir
türkmanın doğma dilidir. Ana laylasından ata nəsihətinə
qədər hər kəlməni onlar bu dildə eşidir, bu
dildə dil açır, Füzulini bu dildə oxuyub əzbərləyirlər.
Əsirlərdir yad təsirlərə baxmayaraq türkmanlar
öz dillərini, Azərbaycan dilinin Kərkük şivəsini
qoruyub saxlamağı bacarıblar. Bütün çətinliklərə
və məhrumiyyətlərə baxmayaraq Azərbaycan dili hələ
də İraqda eşidilməkdədir. Lakin bu nə qədər
çəkəcək? Bu qədər ciddi təsirlərə
davam gətirmək mümkün olacaqmı? Əslində bu
sualların cavabı var. Cavab odur ki, müstəqil və
güclü Azərbaycan dövləti həm İraqda
yaşayan soydaşlarına, həm də doğma dilinə
sahib çıxmalıdır. Əslində, cənab Prezident
də öz çıxışında bu məsələni
Azərbaycan alimləri qarşısında prioritet kimi qoydu.
İraq-türkman ləhcəsi, folkloru, ədəbiyyatı,
tarixi və s. bağlı elmi müstəvidə müəyyən
işlər görülür, tədqiqatlar aparılır.
Lakin bunlar kifayət edirmi? Azərbaycanda bu istiqamətdə
aparılan elmi işlərin nəticələri İraq
türkmanlarına da təqdim olunmalı, Türkmanelidə
real işlər görülməldir. Fikrimizcə, İraqda
Azərbaycan dilini yaşatmaq üçün bir sıra
işlər görmək, ən azından dilimizlə
bağlı dərc olunmuş dərslikləri İraq
türkmanları arasında yaymaq, ədəbiyyatımızı
və mədəniyyətimizi təbliğ etmək və s.
bu kimi önəmli layihələri həyata keçirməklə
qədim Mesapotamiya torpaqlarında əsrlərdən bəri
mövcud olan zəngin Azərbaycan ədəbi-mədəni
irsini dirçəltmək və yaşatmaq olar.
Orxan İsayev
filologiya üzrə fəlsəfə doktoru,
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun böyük elmi işçisi
Xalq Cəbhəsi .- 2025.- 8 noyabr (¹42).- S.13.